adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Təbiət Ana intihar etdi!

FƏRHAD ŞABANOV
28771 | 2012-11-09 01:19
2078-ci il Bakı.
   
   Akademiyanın öndə gələn alimlərini çox gizli bir bunkerə yığmışdılar. Bunker yerin 300 metr dərinliyində yerləşirdi. Ciddi iş prosesi gedirdi. Əvvəlcə toplaşıb diskussiyalar edirlər, daha sonra danışdıqları üzərində təcrübələr aparırdılar.
   
   Alimlərdən biri irəli çıxıb etiraz etdi:
   
   - Bizdə heç nə alınan deyil! Boş yerə bu qədər əziyyət verirlər bizə. Bu nə bəladı düşmüşük axı. Vaxtında düşünmək lazım idi bunları. İndi qorxunun əcələ faydası yox!
   
   Bu sözləri eşidən qara kostyumlu iki yekəpər gədə otağa daxil oldu. Üsyan edən alimi qolundan tutub sürüyə-sürüyə çölə apardılar. 5 dəqiqədən sonra tapança səsi eşidildi.
   
   Hər şey aydın idi. İndi heç kimin səsi çıxmırdı. Hamı guya nə isə bir iş görürdü, ancaq əslində heç kim heç bir işlə məşğul olmurdu.
   
   Hər axşam günün hesabatı verilirdi. Alimləri iclas salonuna yığdılar. Məsul şəxs sual verdi:
   
   - Bu gün hansı irəliləyişlər əldə etmisiniz?
   
    Baş alim dizləri əsə-əsə qabağa çıxdı və titrək səslə:
   
   - Bu gün münbit torpaq əldə etmək üçün çox çalışdıq, ancaq təəssüflər olsun ki, heç nə əldə edə bilmədik. Münbit torpağı əldə etmək üçün təbii olmayan yolların hamısını təcrübədən keçirtdik, ancaq nə fayda! Hər təcrübədən sonra anlayırıq ki, təbiəti təbii yollarla qorumaq lazım idi. İnsanlar isə şüursuz şəkildə təbiətin sonuna çıxdı.
   
   Məsul şəxs əsəbi formada iclas otağını tərk etdi.
   
   Daha sonra alimləri bir otağa doldurdular. İstirahət saatı başlamışdı. 12 kvadrat metrdə 10 alim "istirahət" edirdi. Bütün həyatları boyu elmlə məşğul olan bu insanlar indi səfil həyatı yaşayırdılar. Vəziyyət çox acınacaqlı idi. Gecələri ağlayanlar olurdu. Özünü öldürmək istəyənlər olurdu. Ancaq şərait elə qurulmuşdu ki, intihar üçün heç bir variant yox idi. Alimlərdən biri aciz bir səslə:
   
   - Biz həyatımızda addımlar atarkən özümüzdən başqa heç kimi fikirləşmirdik. Hərə öz xeyrini güdürdü. Ən yekə maşınları alıb sürürdük. Biz fikirləşmirdik ki, ondan çıxan zəhərli qazlar təbiətə ziyan verir. Biz fikirləşmirdik ki, içməli su bir gün qurtara bilər. Bizim heç ağlımıza da gəlməzdi ki, artıq bitki yetişdirə biləcəyimiz münbit torpaq qalmayacaq. Bizim bütün əməllərimiz təbiətə ziyan verdi. Arılar küsdü və artıq bitkilərin mayalanmasında iştirak etmirlər. Təbiətdə bitki bitmir. Başa düşürsünüz, təbiətdə artıq bitki bitmir!
   
   Alimlərdən biri istehza ilə gülərək:
   
   - Təbiət? Hansı təbiət? Təbiət qalıb bəyəm?
   
   Digər alim sözə qoşuldu:
   
   - Bu artıq dünyanın sonudur mənim əzizlərim. Təəssüf ki, biz insanları təbiətin qorunması barədə düzgün maarifləndirə bilmədik. Heç kim gələcək nəsilləri düşünmədi. Hamı üçün öz qarnı, öz bağının həyəti və öz rahatlığı. İndi isə bizi bir otağa yığıb bizdən süni yollarla bitki əldə etməyi tələb edirlər. Artıq bitdi, bitki üçün vaxt bitdi...
   
   Bu söhbət gecənin ən qaranlıq olduğu vaxta kimi davam etdi. Sonra bir-bir yuxuya getdilər. Ən qaranlıq anda yuxuya getdilər. Çünki onların qaldığı otağa qaz doldurub onların həyatına təbii olmayan yolla son qoymuşdular. İnsanların təbiətə etdiyi kimi... Qaranlıq və əbədi yuxu...

TƏQVİM / ARXİV