adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Beyniylə yazıb, qəlbi ilə sevən qadın

276027 | 2012-11-09 01:19
Məşhur fransız yazıçısı ekzistensialist cərəyanın görkəmli nümayəndələrindən biri olan Simona de Bovuar 1908-ci il sentyabrın 1-də anadan olub. Parisdə Cours Desir adlı qızlar pansionunda ağır katolik təhsil alır.
   
   On yaşı olarkən siniflərinə yeni gələn Zaza adlı qızı çox sevən Simona ona qarşı fanatik bir bağlılıq duyur. Evdə ata-anasıyla yaranan gərgin münasibətlərində onu başa düşən yeganə dostu Zaza olur.
   
   Həmin zamanlar Simona təkbaşına heç bir yerə gedə bilmir, məktubları anası tərəfindən oxunur, ciddi qadağalara məruz qalır.
   
   Ona qarşı qoyulan sərt qanunlar Simonanın dünyagörüşündə ciddi dəyişikliklər edir.
   
   Əvvəllər allaha inanan Simona artıq inancından imtina etməyə başlayır.
   
   1925-ci ildə filologiya və riyaziyyat təhsili alır. Sonrakı il Sorbonno universitetinin fəlsəfə fakültəsinə daxil olur.
   
   Lakin yenə də ev qızı olmağa davam edir. Maddi baxımdan hələ də ailəsindən asılı olur. Geyinəcəyi paltarlara, gedəcəyi yerlərə onun əvəzindən anası qərar verir.
   
   1929-cu il onun üçün çox önəmli il olur. Universiteti ikinci yeri qazanmaqla bitirir. İyirmi bir yaşında fəlsəfə diplomu alır və əlli ildən artıq birgə yaşayacağı həmkarı Jan Pol Sartrla tanış olur.
   
   Təəssüf ki, həyatda ən yaxın dostu olan Zaza həmin ərəfədə bilinməyən xəstəlikdən rəhmətə gedir. Bu itki onun həyatında dərin iz buraxır.
   
   1931-ci ildən 1943-cu ilə qədər fəlsəfə müəllimi olaraq əvvəl Marsilyada, sonra Rouen və Parisdə işləyir.
   
   1943-cü ildən isə o, Sartr ilə birlikdə yaşamağa başlayır. De Bovuarın Sartrla olan münasibəti fərqliliyə, eyni zamanda sağlam bağlılığa əsaslanır. Çünki bu cütlük ənənəvi ailə modelindən fərqli yaşayış tərzi yaratmağı bacara bilirlər. Onların bir-birinə olan münasibətini iki anlayışla ifadə etsək daha düzgün olar: azadlıq və bağlılıq. Hər ikisi azadlıq və bağlılıq arasında tarazlıq yaradırlar.
   
   Evlilikləri elə bir məzmuna əsaslanır ki, bu münasibət onların azadlığına toxunmamağı məqsəd tutur. Əlaqələrinin başladığı zamandan etibarən onlar öz aralarında iki illik müqavilələr bağlayırlar.
   
   Simona de Bovuar və Sartr cütlüyünün uzun zaman ortaq evləri olmur. Eyni zamanda onlar dünyaya uşaq gətirməkdən də imtina edirlər. Onlar yazdıqlarını birlikdə təhlil edib, dəyərləndirmədən oxucuların ixtiyarına vermirlər.
   
   1943-cü ildə Simona de Bovuarın "Qonaq qız" adlı ilk romanı işıq üzü görür. Daha sonra ard-arda yazıçının "Başqalarının qanı", "Faydasız ağıllar" əsərləri də çap olunur.
   
   II Dünya müharibəsindən sonra isə o, Sartrın dostları ilə birgə yaratdığı "Müasir Zamanlar" adlı siyasi qəzetdə işləməyə başlayır, həmçinin əsərlərini də yazmaqda davam edir.
   
   Bir intellektual qadın olaraq, o, siyasi fəaliyyətlə də məşğul olur.
   
   Simona de Bovuar qadınların hüquqlarının bərpa olunması üçün bir çox işlər görür, elmi-fəlsəfi əsərlər yazıb, hazırlayır. Onun qadınlarla bağlı gerçək vəziyyətini təsvir edən, eyni zamanda bu durumdan xilas olmanın yollarını göstərən, yaradıcılığının zirvəsi sayılan "İkinci cins" əsəri 1951-ci ildə nəşr olunur. Feminizmin "İncil"i kimi xatırlanan bu kitab böyük uğur qazanır.
   
   Qadınların kişilərlə eyni hüquqlara malik olmasını tələb etdiyi bu əsərində o "insan qadın olaraq doğulmur, sonradan qadın halına gətirilir" düşüncə tərzini əsas götürür. Və bu fikri ilə də Simona de Bovuar müasir feminizmin nəzəri təməllərinin əsasını qoyur.
   
   1947-ci ildə Amerika səfərində Simona Nelson Algrenlə tanış olub, onunla güclü eşq məcərası yaşayır.
   
   1953-cü ildə de Bovuar Marksizmi qəbul edir. Sartrın Marksist fikrini mənimsədikdən sonra, onun üçün çox hərəkətli bir dövr başlayır. İkisi də, bir çox sosialist ölkələrə səfər edirlər.
   
   1974 - cü ildə qadın hüquqları birliyinə rəhbər seçilir.
   
   1980-ci ildə Sartr dünyasını dəyişdikdən sonar Simona de Bovuarın da səhhəti pisləşməyə başlayır. 1981-ci ildə Sartrın xatirəsinə yazdığı əsər onun sonuncu əsəri olur.
   
   Həyatda hər zaman beyniylə yazıb, qəlbi ilə sevən qadın 1986-cı il aprelin 14-də gözlərini əbədi olaraq yumur və Parisdə "Montparnasse" qəbiristanlığında Sartrın yanında dəfn edilir.

TƏQVİM / ARXİV