adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QRAF "ÖLüM"

BABƏK YUSİFOĞLU
36120 | 2012-11-06 00:44
Hər kəs təsdiq edər ki, insanlar keçmişlə müqayisədə gələcəyə daha çox maraq göstərir, həmişə qarşıda onları nələrin gözlədiyini bilmək istəyirlər. Bu istək ən sadə insanlardan tutmuş böyük iş adamlarınadək, siyəsətçilər, sərkərdələr, dövlət başçılarınadək... hər kəsdə vardır. Bunlarla bağlı saysız-hesabsız faktlar sadalamaq mümkündür.
   
   Maraqlıdır, insanlardakı bu bitməyən arzunun ödənilməsində ən başlıca rolu gələcəkdən xəbər verənlər, öncə görənlər, falçılar... iştirak ediblər. Gələcəkdən xəbər vermənin tarixinə nəzər salanda onun qədimliyi və populyarlığı ilə bağlı inanılmaz faktların şahidi olmaq mümkündü. Hətta insanlıq tarixinin ilkin dövrlərindən başlayaraq bu belə olub. Qədim dövrlərdə bu missiyanı kahinlər, dərvişlər, maqlar, münəccimlər, sehrbazlar, qəbilə, tayfa başçıları... həyata keçiriblər. (Qədim Romada, Yunanıstanda, Çində, İspaniyada, Misirdə... bu daha geniş yayılmışdı). Özü də öncəgörmələr ən müxtəlif üsullarla, ən müxtəlif vasitələrlə həyata keçirilib. Əlbəttə, zaman keçdikcə bunların həm icraçıları, həm vasitələri, həm də üsulları dəyişib. Bu da təbii bir prosesdi. Çünki hər şey zamana və məkana uyğunlaşmaq zorundadır. Amma bunun elə növləri var ki, min illərdir öz formasını, üsulunu itirmədən mövcuddur. Elə əlin içərisindəki cizgilərə görə şəxsin gələcəyindən xəbər vermək formasının yaşını indi təyin etmək çox çətindir.
   
   Belə üsulla gələcəkdən xəbər verən insanlar tarixin bütün dövrlərində olub. Amma belələrinin çox böyük əksəriyyəti zamanın tozlu, dərin qatlarında itib-batıb. Bununla belə qeyri-adi bacarıqları ilə adlarını tarixin səhifələrinə yaza bilənlər də az olmayıb. Və onlardan biri də məşhur hiromant Çeyroydu. Kim idi Çeyro?..
   
   Öncədən qeyd edim ki, onun haqqında fərqli fikirlər mövcuddur. Amma hər şeyə rəğmən, bu hiromant çox böyük istedad sahibi, qəribə bir adam olub... Necə?..
   
   (Əvvəli qəzetin 30 oktyabr sayında)
   
   Bu sırada yalnız dünya şöhrətli yazıçı Mark Tven haqqında proqnozları onun dediyi vaxt baş verməmişdi. Buna görə də sonralar yazıçı ona göndərdiyi məktubunda ironiya ilə yazmışdı: "O dünyadan salamlar..."
   
   Qeyd edim ki, Mark Tven Çeyronun dediyi tarixdən 7 il sonra dünyasını dəyişmişdi...
   
   "TİTANİK"İN FACİƏSİ
   
   1911-ci il idi. Onda bir çoxlarının məlumatı var idi ki, dünyanın ən nəhəng gəmisinin - "Titanik"in düzəldilməsinə başlanıb. Və hiromantın qeyri-adi öncəgörmələrdən biri məhz həmin zamana təsadüf edir. Vorner gəminin faciələr yaşayacağını xəbər vermişdi. Amma onda məşhur "Tutanik"in müəlliflərindən sayılan Uilyam Pirri bu deyilənlərə əhəmiyyət verməmişdi. Axı, onun nəzərində belə bir su nəhənginin batması necə ola bilərdi? Dörd il öncə hansısa faciənin baş verəcəyinə onun kimi bir adamın inanması əslində elə də asan deyildi. Hətta məşhur ingilis jurnalisti Uilyam Sted hiromantla görüşündə Qraf "Ölüm" ona demişdi:
   
   "Sizin də oken sularında həyatınızı xilas etmək üçün göstərdiyiniz çabalar mənasız olacaq". Həmin vaxt Stedin də sərnişini olacaq "Titanik"in okean sularına çıxmasına təxminən bir il qalırdı...
   
   Əlbəttə, cənab Sted də, cənab Pirri kimi deyilənləri diqqətə alsaydı bəlkə də hadisələr fərqli olardı. Amma onlar Çeyroya inanmayacaqdılar. Çünki inanmamlıydılar da. Yazı belə yazılmışdı. Bəli, "Titanik" qəzaya düşdü, sulara qərq olan çoxlu sayda insanın arasında jurnalist Uilyam Sted də var idi. Və çox yəqin ki, o, okean sularında həyatı üçün çarpışanda Qraf "Ölüm"ün dediklərinə qulaq asmadığı üçün özünü lənətləmişdi də...
   
   İKİ QƏRİBƏ ŞƏXS ÜZ-ÜZƏ VƏ...
   
   Səyahəti xoşlayan qraf Luis Hamon bir çox ölkələri gəzirdi. Və hər yerdə də özünə yaxın dostlar və tanışlar qazanırdı. Onun ən maraqlı səyahətlərindən biri də Rusiyaya oldu. Əslində demək olmazdı ki, bu, yalnız hiromatın şəxsi təşəbbüsü ilə baş verdi. Artıq adı Rusiyada da kifayət qədər tanınmağa başlayan Çeyro günlərin birində Sankt-Peterburqda yaşayan qrafinya İqnateyevadan dəvət aldı.
   
   1905-ci ilin qışında Rusiyaya gələn Çeyro qrafinya tərəfindən çox hörmətlə qarşılandı. Bir neçə gününü orada keçirdi. Və bu zamanlarda qrafın çox maraqlı, qeyri-adi bir görüşü baş verdi: hiromant Rusiyada böyük maraq kimi məşhur olan Qriqori Rasputinlə qarşılaşdı. Deyilənlərə görə, bu qarşılaşmanı qrafinya İqnatyevanın özü təşkil edibmiş. Tədbirə hörmətli qonaqlar qatılmışdılar. Salonda olanlar hiromantdan xahiş etdilər ki, rusiyalı maqın taleyindən xəbər versin. Bu iki şəxsin qarşılaşması, nələrin yaşanacağı, biri-birlərinə nə deyəcəkləri hər kəs üçün çox maraqlı idi.
   
   Luis Hamon qəribə nəzərlərlə ona baxan Rasputinin ovucundakı izləri nəzərdən keçirdi. Sonra mərhəmət dolu səslə rusiyalı falçıya bunları söylədi:
   
   -Mən bu saray divarları arasında sənə qarşı faciə ilə sonuclanan sui-qəsdi görürəm. Zəhər və güllələr sənə yönələcək. Lakin bütün bunlardan sonra daha bir dəhşət... Nevanın suları sənin üzərini örtəcək...
   
   Zal sükut içərisində idi. Bu dəhşətli xəbərdən sonra Rasputinin nə deyəcəyi maraqlı idi. Rus kahin kinayə ilə gülümsəyib soruşdu:
   
   -Bütün bunlardan sonra mən qəfil öləcəyəmmi?..
   
   Çar sarayında böyük hörmətə sahiblənmiş Maqın kinayəsi açıq-aydın görünürdü. Bu da onu sübut edirdi ki, Rasputin bu qeyri-adi hiromantın dediklərini boş sözlər hesab edir. Amma nahaq.
   
   11 ildən sonra Qriqori Rasputinlə hər şey Luis Hamonun dediyi kimi baş verdi. Ona sui-qəsd hazırlayanlar Rasputini qonaq çağırdılar və onu çianist-kaliumla qarışdırılmış şəraba və şirniyata qonaq edərək zəhərlədilər. Amma qəsdçilər o zaman məəttəl qalmışdılar. Rasputin zəhərdən ölmürdü. Hətta bəziləri xoflanmışdı da. Amma qəsdi yarımçıq saxlamaq mümkün deyildı. Onlar məcbur qalıb rus maqını güllələmişdilər. Sonra ölümünə əmin olmaq üçün onu möhkəm bağlayıb çaya atmışdılar. Hər şey məhz Qraf "Ölüm"ün söylədiyi kimi olmuşdu: Rasputin həqiqətən də suya düşəndə ölməmişdi. O, hələ sonuncu nəfəsini verməmiş Nevanın suları üzünü örtmüşdü...
   
   Luis Hamonun Rusiya "turu" heç də bununla bitmədi. Deyilənlərə görə, həmin hadisədən sonra onun çarla görüşü də planlaşdırılıbmış. Amma rəsmilərə bu görüşü reallaşdırmaq müəssər olmamışdı. Və yalnız çarın ovucunun əksini Con Vornerin yanına gətirmişdilər. Və hiromantın cavabı çox qısa, proqnozları dəhşətli olmuşdu: "1918-ci ildə çar Nikolay ailəsindən və həyatından məhrum olacaq".
   
   13 ildən sonra bu deyilənlər də təsdiqini tapdı...
   
   "YENİ DÜNYADA"... VƏ YENİ HƏYAT AXTARIŞINDA
   
   Qəribə idi. Öz şəxsi həyatı haqqında nələri gördüyü haqda ətraflı nəsə yazmamışdı. Amma bilirdi ki, onun Avropadakı populyarlığı həmişə davam etməyəcək və uğursuzluqları dərinləşəcək. Və bu, Luisi çox mütəssir edirdi. Həqiqətən də 1918-ci ildən sonra hiromantın işləri son dərəcə zəiflədi. O, müəyyən yazıları, müxtəlif işləri ilə əvvəki populyarlığı bərpa etməyə çalışsa da heç nə mümkün olmadı. İndi onun yanına gələnlər əsasən həyatından xəbər bilmək istəyən qadınlar idi.
   
   Luis Hamon taleyində baş verəcək uğursuzluqları, yəni qisməti dəyişməyi sınamaq istədi. Məhz buna görə də 1920-ci ildə okeanın o tayına - ABŞ-a üz tutdu. Necə olmasa oradakılar üçün maraqlı nəsə etmək mümkün idi. Lakin amerikalılar heç də onu ilk andaca qucaqlayıb bağırlarına basmadılar. Çeyronu, necə deyərlər, elə ilk gündəcə "test"dən keçirdilər. Belə ki, görüşə gələn jurnalistlər özləri ilə bir neçə ovucun əksini gətirirərək hiromantdan xahiş etdilər ki, bu izlər vasitəsi ilə anonim şəxslərin taleyindən xəbər versin.
   
   Bir neçə il sonra Çeyro həmin hadisə haqqında bunları yazacaqdı: "Mən yalançı ciddiyyət olmadan deyilən şərtlərə əməl etməyə girişdim. Qarşıma çox qəribə bir ovuc əksini qoydular. Mən tələsmədən, diqqətlə oradakı xətləri, işarələri öyrənəndən sonra jurnalistlərə bunları söylədim - bu ovucdakı xətlərə görə, onun sahibi dindar bir adam olub. Gənclik illərində mümkündü ki, məktəbdə dərs deyib. Sonralar elmlə, daha doğrusu tiblə yaxından maraqlanmağa başlayıb. Lakin bu əlin sahibi öz nəfsinin ucbatından qatilə çevrilib. 44 yaşına çatarkən həmin adamın törətdiyi əməllər üzə çıxıb, o, həbs olunub, mühakimədən sonra isə edam edilib.
   
   Bunları eşidənlərin hamısının ağzı açıq qalmışdı. Çünki dediklərimin düz olduğunu görürdülər. Ovuc izlərinin sahibi Çikaqodan olan doktor Mayer idi. Həqiqətən də o, bir sıra varlı posientlərin bilərəkdən zəhərlənməsində günahkar bilinərək həbs edilmişdi. Bir müddət əvvəl isə məhkəmənin qərarı ilə elektrik stulu vasitəsi ilə edam olunmuşdu".
   
   Bundan sonra Luis Hamonun işləri düzəlməyə doğru irəliləmişdi. Hətta Hollivuda gələrək yaradıcı adamlarla iş qurmağa girişdi. Ssenarilər yazmağa, yenidən tanınmış müştərilər qəbul etməyə başladı. Görünən o idi ki, işləri düzəlməkdədir. Maraqlıydı, bu cür bacarıq sahibinə nə üçünsə elə gəlirdi ki, o, taleyi aldada bilib. Və ümidləri də artırdı...
   
   TALEYİ DƏYİŞMƏK MÜMKÜNMÜ?
   
   Amerikadkı həyatı 9 il beləcə davam etdi. Yəni, şikayətlənməyə əsas yox idi. Lakin mütləq həqiqət 1929-cu ildə özünü onun həyatında da doğrultdu. Milyonçu amerikalı haqqında, onun biznesinin gələcəyi barəsində dedikləri dəhşətli fiaskoya uğramışdı. Deyilənlərə görə, Vorner yaşayışındakı əskikləri aradan qaldırmaq, Avropada olduğu kımi həyatını yenidən qurmaq üçün imkanlı şəxslərdən böyük məbləğlər qəbul etməyə başlamışdı. Növbəti seans zamanı səhv söyləntilərinə görə, onu söyüb, üzünə qapını çırparaq getmişdilər. Həmin hadisə vaxtı yerində donub qalan Luis Hamon əvvəlcə heç nə anlamamışdı. Qeyri-ixtiyari öz əlinə nəzər salanda dəhşətə gəlmişdi. Nə baş verirdi?! İzlərin mənası yox idi. Yoxsa vaxtıyla hindli kahinin ona etdiyi xəbərdarlıq artıq həqiqətə dönmüşdü? Bəlkə də onda müəllimi məhz bu hadisələrin baş verəcəyini onun ovuclarında oxuduğu üçün Vornerə həmin nəsihəti vermişdi...
   
   Luis Hamon anladı ki, taleyi aldatmağa ümid etməklə böyük səhvə yol verib. Axı, belə bir şey nəinki ona, ümumiyyətlə heç kəsə nəsib olmayıb, olmayacaq da. Təəssüf ki, hər şey artıq arxada qalmışdı. 1930-cu ildə Vilyam Vorner Lena adlı bir qadınla evləndi.
   
   Və qalan həyatını əvvəlkindən fərqli olaraq, çətin, unudulmuş, problemlər içərisində yaşadı. Səhhəti də pisləmişdi. Dalbadal xəstələnirdi. Vəziyyəti sonuncu dəfə ağırlaşanda onu Qırmızı Xaç Cəmiyyəti yanında yoxsullar üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirdilər. Amma bunun da bir xeyri olmadı. Qeyri-adi hiromant, ekstrasens Çeyro - qraf Luis Hamon - Vilyam Con Vorner - Qraf "Ölüm" 1936-cı ilin oktyabrında xəstəxanadaca, tənhalıq içərisində dünyadan köçdü. Həmin vaxt palatada növbətçi olan tibb bacısının dedikləri də çox qəribə idi. Onun bildirdiyinə görə, hiromant ölən zaman palatadakı zəngli saat növbəti dəfə həmişə olduğu kimi bir yox, üç dəfə zəng çalıb...
   
   Onun tabutunun yanında olan az sayda adamın bəlkə də xəbəri yox idi ki, Çeyro özü üçün bu cür dəfn mərasiminin keçiriləcəyindən hələ sağ ikən xəbərdar idi.
   
   Beləcə hər şey bitdi. Onun yaşadığı yerdən çıxan çoxlu əlyazmalarını və əşyalarını yandırdılar. Bu qeyri-adi adamdan hiromantiyaya aid yazdığı bir neçə kitabı qaldı və bir də unudulmuş məzarı...

TƏQVİM / ARXİV