adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Təbiətdən bir yarpaq ...

13487 | 2012-11-03 00:35
Hərdən özümüzdən ayrılıb başqa bir səmtə üz tutmaq istəyirik. Texnolojilərdən uzaq bir yer olsun, deyərik. Beynimizi, ürəyimizi, ruhumuzu sükuta etibar etməliyik bu zaman. Elə bir sükut ki... Orda yalnız meh, suların səsi, ağacların pıçıltısı eşidilsin. Salxım söyüdün budaqlarının bir-birinə dəli-divanə sevgililər kimi sarılıb sevgilərini izhar etməsinin; baharda təbiətin utancaq simasının simvolu olan al-qırmızı lalələrin çəmənlərə necə yaraşdığının; qışda ağ rübəndlə, gəlinliklə necə gözəl göründüyünün; payızda hüznünü, kədərini çəkib necə ağır addımlarla uzaqlaşmasının şahidi olmaq istəməzmisiniz? Ruhunuz bu gözəlliklərdən zövq almazmı? Alar, təbii ki...
   
   Bu yazını təbiətin əsrarəngiz qoynunda qələmə alıram. Hə, düz oxudunuz, qələmə... Elə darıxmışdım qələmlə bloknota yazı yazmaq üçün. Texnolojilər bizi qələm-kağız sevgisindən uzaqlaşdırmaqda... Xəbərimiz yox. Etiraf edim ki, az qala, hərflər yadımdan çıxıb. Xəttim dəyişib. Monitorda yazmaq robot adam olmağımızın əlifbası olsa, gərək. Ayılmalıyıq. Əlimizi qələmdən, ruhumuzu təbiətdən ayırmamalıyıq... Ətrafımda sıx ağaclar, kollar var. Ailə üzvlərimdən kənara çəkilmişəm. Onlar şərqlilərin təbiət qoynuna çıxmaq fəlsəfəsinin kulminasiya nöqtəsindədirlər - kabab çəkirlər. Ətrafa baxıram. İlahi, bu nə gözəlliklərdir belə? Cəfər Cabbarlıya rəhmət oxuyuram: "Mənim Tanrım gözəllikdir..." Oktyabrın sonunun kədəri var hər yerdə. Kölgəsində bardaş qurub oturduğum çinar ağacının budaqlarının arasından günəşin solğun işığı üzümə düşmək üçün mücadilə verir. Həbsxanada bu işığa həsrət adamlar düşür yadıma. Azadlıqda qədrini bilmədiyimiz, əlindən qaçıb kölgə axtardığımız bu bir zeh işığa nə qədər təşnə olanlar var. Günəş, bənizi solanda daha gözəl olurmuş. İndi də edam ayağında olan Nəsimi düşdü yadıma... Sonra bir yarpaq oynaya-oynaya dizimin üstünə qonur. Möcüzədi vallah. Xatırlayıram... Uşaq vaxtı Şuşada, Agdərənin Umudlu kəndində, Ağdamda, Laçında herbari albomları düzəltmişdim. Dərib qurutduğum yarpaqların, çiçəklərin altında anamın köməkliyi ilə adlarını yazmışdım. Sonra böyüdüm. Bir gün o albomlarımı biologiya müəllimimizə göstərdim. Apardı və qaytarmadı. Demək ki, təbətin gözəlliklərini hər kəs qısqanırmış. Müqəddəs bildiyimiz müəllimlərimiz də. Nədənsə hələ də yuxularıma gələn yaşıl üzlü o albomları xatırlayıram. Hə, bir də beşinci sinifdə evdə apardığım fotosintez təcrübəsini. Bir yarpağa dağ çəkmişdim. ))) Niyə xatırladım bunları? Yəqin ki, xəzələ çox diqqətlə baxdığım üçün. İnsan da belədi, əvvəl uşaq olar, sonra gənc, daha sonra qoca. Bir zamanların yaşıl yarpağı indi adını dəyişib "xəzəl" olub. Sonra torpağa qarışacaq. Kamyu nə ağıllı imiş: "Cəmiyyətdən qaçın, təbiətə üz tutun." Sartrı heç anlaya bilmirəm. Bu adam niyə bu gözəlliklərin əleyhinə gedirmiş görəsən? Nəsə, boş verək bu qərbliləri. Musa Yaqubun evinin qarşısında göyərən "bu dünyanın qara daşı"nı görəndən sonra Sartrı-filanı xatırlamağın yeri yoxdu. Burda şeir yazmaq üçün münbit şərait var. Adam istəyir elə bu çinarın altındaca, təbiətin bu vaxtındaca ölüb, qalsın burda. Xəzəl örtər üstünü, buludlar ağlayar səni... Təbiət şəhidi desinlər adama.
   
   
   
   ***
   
   Anam məni çağırır. Şeiri, yazını lənətləyə-lənətləyə çağırır. Ali savadlı, ədəbiyyatı sevən anamın məni ədəbiyyatdan uzaqlaşdırmasını son zamanlar başa düşmüşəm. Saatlarla, günlərlə özümə qapanıb iş-gücdən, ailə-məişət qayğılarından get-gedə daha da uzaqlaşdıqca qadını dərk edirəm... İlk dəfə yazılarım qəzetlərdə dərc olunanda universitetdə 1-ci kursda oxuyurdum. Anam məni ruhdan salmaq, yazı-pozudan uzaqlaşdırmaq üçün gəlib deyirdi ki, bazarda pomidor yeşiyinin üstündə bir qəzet gördüm. Şəkilin vardı. Altından yazılmışdı ki, Xuraman Hüseynzadə. Ya da yazılarım, şeirlərim çap olunan qəzetlərin üstündə kartof-soğan soyur, göyərti təmizləyir, sonra da büküb atırdı zibil vedrəsinə. Mən ədəbiyyata, yazı-pozuya bazarlardan, bostanlardan keçib gəlmişəm, zarafat deyil. ))) Təbii, məğlubiyyət mənə yaddı. Ona görə də həftədə bir dəfə burda imzama rastlamaq zorundasınız. ))) Biz gedər olduq... Ustad Məmməd Arazın ürəyindən su içən misralarla təbiətə vida deyirəm:
   
   
   
   Bəlkə bu yerlərə bir də gəlmədim,
   
   Duman, salamat qal, dağ salamat qal.
   
   Dalımca su səpir yoxsa buludlar,-
   
   Leysan, salamat qal, yağ, salamat qal...

TƏQVİM / ARXİV