adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GETMƏ, DURNAM, VURACAQLAR...

VƏSİLƏ USUBOVA
29917 | 2012-11-03 00:35
Gözünü qamaşdırar, kürəyini qızdırar, ancaq ürəyini isidə bilməz payız günəşi. Qəlbi soyuq, ruhu ölgün insanların sevgisi kimi. Canınla, qanınla hiss edərsən hər şeyin soyuğa, soyumağa, soyuqluğa getdiyini. İsti otaq, isti yataq özünə çəkər səni yavaş-yavaş... Özünə, içinə qapanan adamların arasında bir az da artar canının soyuğu. İlan soyuqluğu dolaşar vücudunda... Nə bir isti baxışa tuşlanarsan, nə bir şirin sözə. Çarən nədir?! Dadsız-duzsuz söhbətlərdən bezmiş qulaqlarını qapayıb yaşamaqdan başqa...
   
   İstinin yerini soyuq tutanda təbiətin öz qoynu da qüssəynən dolar. Baharnan birgə gələnlər qışın hənirini duyan kimi tərk edərlər pənah gətirdikləri məkanı. Ayrılıq həmişə acıdı, göynədəndi. Bilmirsən, qınayasan, yoxsa, haqq qazandırasan. Niyə birdəfəlik öyrəşmirlər bu dünyanın istisinə, soyuğuna bir yerdə?! Şair demişkən, özlərinə öyrəşdirirlər bizi, sonra da atıb gedirlər. Özümüzə gəlməyə macal tapmamış təzədən dönürlər bu yerlərə. Bəlkə özləri bizdən də çox əzab çəkirlər?! Kim bilir... Amma başqa çarələri yoxdu. Hər nə isə... Etibarsızlığı bizə də öyrətdilər. Unutmağı, unudulmağı pay gətirdilər qismətimizə. Gözlərimizə yol çəkməyi, köksümüzə ahlardan qabarmağı, boğazımıza qəhərdən göynəməyi vərdiş etdirdilər.
   
   Üzüdönüklər...
   
   ***
   
   Gözlərim qaralıb, başım hərlənincə baxıram dalınca. Təzədən bu yerlərə sağ-salamat dönə biləcəksənmi, durnam?! Dönsən, əvvəlki ola biləcəksənmi? Baxışın, tövrün dəyişib yadlaşsa, necə olacaq mənim halım?! Ya mən? Birdən... mən də dəyişdim?! Yollarına göz dikməkdən bezib başqalaşdım?! Ya sənin yerini tutacaq birini bulsam? Etibarsız deyərsənmi sən də mənə? Haqqın çatarmı buna? Özün qoyub gedirsən... Qüssədən dolan gözlərimə, yaşdan göynəyən bəbəklərimə arxa çevirib atırsan sənsizliyin qoynuna. Bir də qayıdanda üzüsoyuq görsən, qınarsanmı məni?! Haqqın varmı buna? Yoxsa, daşdan-dəmirsən sanırsan bizləri?!.
   
   İnsafsız olma bu qədər. Canını rahat, ürəyini isti istəyirsən. Elə bilirsən, biz hərarət istəmirik?! Həm də çox istəyirik. Amma dözürük - soyuğa da, istiyə də. Ona görə dözürük ki, əlimizdə olanın qədrini bilək. Daha itirəndən sonra qan-yaş tökməyək...
   
   Mən heç bilmirəm, sən haralarda yaşayır, haralarda yuva qurursan. Günün xoş keçəndə yerini nişan vermirsən, indi necə, səssizcə köçüb gedə bilməzsənmi?! Gəlişini bilmədik, gedəndə niyə çığrışıb oyadırsız bizləri?! Sizsiz də qüssədən çatlayan bağrımızı yuxunun qoynunda ovutmaq istəyirik. Ayrılıqdan, itkidən çat-çat olmuş ürəyimizə acımadan təmtəraqnan köç edirsiz. Özü də tərtəmiz göylərin lap dərinliyində qanad çalırsız. Bu qədər hündürdən uçmağınız nəyə görədir?!.
   
   Qorxmayın, əlimiz çatsa da, tutan deyilik sizi. Üzünüz o yanadırsa, nəyə gərəkdir bu?! Qəlbimizə daş bağlayarıq, etibarsızdan, vəfasızdan sevgi ummarıq...
   
   Geridə qalanlardan kimsə sizi unutdurmağı bacardı bəlkə...
   
   Son təsəllimiz hələlik budur bizim...
   
   ***
   
   İsti yorğan-döşəkdə daha qınamırıq sizi. İsti həmişə xoşdur, çəkicidir. Ürəyimiz isti olmasa da, dözmək olar... Dözmək olar?! Yox! Yox! Bir də yox! Yanıldım, səhv elədim mən. Özümü tox tutmaq istədim qarşınızda. Ürəyimdən süzülən qanları görməyəsiz deyə bir qürur sərgiləmək istədim. İnanmayın mənə! Dediklərim mənlik deyil. Sizi lap uşaqlıqdan sevmişəm. Göy üzünü bürüyən çığırtılarınızla birgə. Gətirdiyiniz sevinclə, qoyub getdiyiniz həsrətlə qoşa girmisiz qəlbimə...
   
   Bir poema oxumuşdum məktəb illərində. "Durnalar cənuba uçur"... Nəriman Həsənzadənin poemasıydı. Onda mən də uçmaq istəyirdim. Evimizdən, kəndimizdən... Elə bilirdim hər şey uzaqlarda gözəldir. Canımı sıxan hər şeyi doğulduğum şoran torpaqda qoyub gedəcəyimi düşünürdüm. Bir gün uçdum o kənddən. Ancaq daha qayıda bilmədim. Özgə yerlərin istisinə (istisi oldumu heç?) də dözdüm, soyuğuna da...
   
   Özüm etibarsız ola-ola sizləri qınayıram...
   
   Görünür, həmişə haqlı olmaq mümkün deyil...
   
   Hə... o poemadan bir bəndi əzbərləmişdim. Hələ də unutmamışam... Qəlbimə doldurduğu qüssə də hələ yerindədir...
   
   Göylərin yolçusu
   
   qərib durnalar
   
   Çığrışıb son dəfə
   
   dedi: "Əlvida!"
   
   Quşların dilini
   
   anlayanmı var?!
   
   Bir həsrət səsiydi
   
   bəlkə bu nida...
   
   Həmin gün "əlvida" dediyim kimləri, nələri bir də qaytara bilmədim mən də...
   
   Quşların dilini anlamaq?!.
   
   Biz heç insan dilini anlayırıq ki?!.
   
   ***
   
   Başım çəkib... Gözüm qorxub... İndi sizə yalvarmaq istəyirəm... Uzaqlarda qaranlıqdı, məchulluqdu... Gülüşlər də, göz yaşları da saxtadı... Sevgiləri buz kimi kəsər, təsəlliləri ovundurmaz. Nələr olacağı bilinməz... Getmə... Getmə... Getmə...
   
   Getmə, durnam,
   
   vuracaqlar,
   
   Qanadını qıracaqlar,
   
   Səni yarsız
   
   qoyacaqlar...
   
    Ən betəri də elə bu deyilmi?!.
   
   Yarsız sevda
   
   sürülürmü?!.
   
   Dur gəl,
   
   Allahı sevərsən...

TƏQVİM / ARXİV