Napoleon. Özü də "Alman mazını" kimi...

ETİBAR CƏBRAYILOĞLU
28967 | 2012-11-03 00:35
Sumqayıt səhnəsində Ağa Məhəmməd Şah Qacar, Müsyo Yordan, Akademik Milli Dram Teatrında Napoleon, "Yuğ"da Kebot , Lopaxin... Gənc aktyor Oktay Mehdiyev rol oynamaq sarıdan gileylənə bilməz. Vaxt azlığından isə şikayətlənməyə haqqı var. Məhz bu üzdən istedadlı aktyorun zamanını çox almaq istəmədik. Bu günlərdə Napoleon obrazı ilə Akademik Milli Dram Teatrında debüt edən Oktay Mehdiyevlə çaparaq alınan söhbətimizdə aktyoru daha yaxından tanıtmaq istədik.
   
   - Tamaşaçılar bu günlərdə səni Ferdinand Bruknerin "Napoleon" əsərində baş rolda gördülər. Napoleonu tanımayan yoxdu. Bəs bu tarixi şəxsiyyəti səhnədə canlandıran Oktay Mehdiyevi yaxından necə tanıyaq?
   
   - Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Çox xoşbəxtəm ki, xalq artisti Həsənağa Turabov, əməkdar artist Vidadi Həsənov kimi müəllimlərdən dərs almışam. Səhnədə debütüm Sumqayıt Dövlət Musiqili Dram Teatrında olub. Çünki Universiteti bitirəndə hərbi xidmətə çağırıldım. Hərbi xidmətdən sonra Sumqayıt teatrında işə qəbul olundum.
   
   - Sənət müəllimlərindən öyrəndiklərini Sumqayıt səhnəsində həyata keçirmək çətin olmadı ki?
   
   - Heç bir çətinlik hiss etməmişəm. İlk gündən mənə yaradıcı kollektivin bir üzvü kimi münasibət göstəriblər. Sumqayıt teatrında Vəliqulu (Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Bəhruz (Tamara Vəliyeva "Mənim ağ göyərçinim"), Qozbel (Əli Əmirli "Varlı qadın") rollarını oynamışam, festivallarda iştirak etmişəm. Yeni teatr mövsümünü Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşası ilə açdıq. Teatrımızın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovun quruluşunda hazırlanan həmin tamaşada Müsyo Jordanı oynayıram. Ötən mövsüm Firudin müəllim xalq yazıçısı Elçinin "Qatil" əsərinə quruluş verərkən Oğlan obrazını mənə tapşırdı. Bu tamaşanı yaxın günlərdə paytaxt teatrsevərlərinin qarşısında da oynayacağıq. "Qatil"in Bakıda da maraqla qarşılanacağına inanıram.
   
   - Bu sənin paytaxtdakı teatr ictimaiyyəti qarşısında ilk çıxışın olmayacaq. Ən azından "Yuğ" teatrındakı fəaliyyətin ortadadı. Öz dəsti-xətti olan "Yuğ"a gəlişin necə alındı?
   
   - Gənc rejissor Tural Mustafayev Sumqayıt teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" əsəri əsasında "Şah" tamaşası hazırlayanda Qacarı mənə həvalə etmişdi. Görkəmli rejissorumuz Vaqif İbrahimoğlu tələbəsinin quruluş verdiyi tamaşaya baxanda mənim ifamı bəyəndi və öz teatrına dəvət etdi. Rəhmətlik Vaqif müəllimlə bir neçə tamaşada, o cümlədən "Birinci akt"da birgə çalışmaq mənə nəsib oldu. Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanan bu tamaşada Lopaxini oynadım. Tamaşa bu gün də "Yuğ"un repertuarındadı.
   
   - "Yuğ" Akademik Mili Dram Teatrının qonşuluğundadı. "Yuğ"un səhnəsində pıçıltı ilə danışanda qonşu teatrdakılar eşidir. Yəqin sənin də səsin Akademik Teatra tez çatıb. Napoleon obrazı ilə bu teatrda debüt etmək hər aktyora nəsib olan xoşbəxtlik deyil...
   
   - Sözün açığı, həmin rola dəvət almaq mənim üçün gözlənilməz oldu. Sumqayıtda evdə oturduğum yerdə Akademik Milli Dram Teatrının truppa müdiri Elnur bəy zəng elədi. Dedi ki, teatrda "Napoleon" əsəri hazırlanır, baş rolda da səni sınamaq istəyirlər. Gəldim Akademik Milli Dram Teatrına, tamaşanın quruluşçu rejissoru Namiq Ağayevlə görüşdüm. Namiq bəy Napoleon obrazı, ümumiyyətlə tamaşa barədə fikirlərini açıqladı.
   
   - Rejissorla ilk söhbət səndə hansı təəssürat oyatdı?
   
   - Sözün açığı, müəyyən tərəddüdlər var idi.
   
   - Kim tərəfdən?
   
   - Namiq bəy bir quruluşçu rejissor kimi tərəddüd edirdi ki, görən necə alınacaq... Mən də dedim, konkret heç nə vəd vermirəm, bir müddət çalışaq, sonra baxarıq. Bruknerin pyesini oxuyub tanış oldum və gördüm ki, bu obraz özünü səhnədə sübut etmək üçün aktyora geniş imkanlar yaradır, yetər ki, bir qədər əziyyət çəkəsən. Hələ mən məsuliyyət məsələsini demirəm. "Napoleon obrazını oynayıram"- demək asandı, bu məsuliyyəti dərk etmək, onu səhnədə sona qədər daşımaq əziyyət, zəhmət tələb edir. Özünü tərif kimi anlaşılmasın, mən öz işimə məsuliyyətlə yanaşan adamam. Etibar olunan epizodik rola belə məsuliyyətlə yanaşmağa çalışıram. Quruluşçu rejissorla Napoleon obrazı üzərində bir neçə ay gərgin çalışdıq. Teatrın direktoru İsrafil İsrafilov sağ olsun ki, bizə inandı və hər cür şərait yaratdı.
   
   - Namiq Ağayevdən "Ədalət" üçün müsahibə hazırlayanda demişdi ki, Oktay üzdən, boydan Napoleona oxşayır, həm də onun kimi çılğın birisidi. "Napoleon"un ictimai baxışında iştirak edəndə səhnədə neçə çılğın olduğunu gördüm. Amma öz aramızdı, həyatda çox sakit təbiətli adam təsiri bağışlayırsan...
   
   - Xarakter etibarı ilə həqiqətən də sakit təbiətliyəm. Lakin daxilimdə bir çılğınlıq var. Napoleon obrazını məşq edərkən tamaşanın rejissoru kimi Namiq bəy daxilimdəki çılğınlığı hiss edə bilirdi. Universitetdə müəllimlərimdən, çalışdığım teatrlarda Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Firudin Məhərrəmov kimi istedadlı rejissorlardan öyrəndiklərim hər halda köməyimə gəldi. Düşünürəm ki, "Napoleon"a baxan tamaşaçıları inandıra bildim.
   
   - Daxili baxışda tamaşaçı kimi bir qədər həyəcanlı olduğunu hiss etdim...
   
   - Təbii ki, həyəcan var idi. Tamaşaçı qarşısına çıxmaq, özü də belə bir obrazla səhnədə görünmək həyəcan yaradır.
   
   - Bildiyim qədər ilə sənin belə bir obraza təsdiq olunmağın teatrda birmənalı qarşılanmayıb. Ortada narazılıq-filan da olub...
   
   - Mən buna təbii baxıram. Akademik Milli Dram Teatrı böyük ənənələrə malik bir ocaqdı. Baş rola kənardan, xüsusi ilə o qədər də tanınmayan aktyorun dəvət olunması təbii ki, birmənalı qarşılanmır, kimlərsə tərəddüd edir, narazılığını bildirir. Bəlkə mənə qarşı ortada oyun-filan da qurulub. Üç teatrda çalışdığımdan belə məsələlər mənim üçün adiləşib. Ona görə çox da fikir vermirəm. Fikir verəsi olsam, gərək bütün işimi-gücümü atım, yaradıcılıq məsələsini keçirim ikinci plana. Bu isə xarakterimə yaddı. Mən bir işə başladımsa "Alman maşını" kimi çalışıram, digər məsələlər arxa plana keçir.
   
   - Napoleon rolunda dublyorunuz xalq artisti Ramiz Novruzdu. Ramiz bəy öz təcrübəsini bölüşdümü?
   
   - Ramiz müəllim sağ olsun ki, elə ilk günlərdən mənim kim gənclərə meydan verilməsinin tərəfdarı kimi çıxış etdi. Bunun özü elə mənəvi dayaqdı.
   
   - Necə düşünürsən, yenidən səni Akademik Milli Dram Teatrında görə biləcəyik?
   
   - İsrafil İsrafilov Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan sonra kollektivdə müsbətə doğru çox şey dəyişib. Xüsusən gənc rejissor və aktyorlara özlərini sübut etmək üçün hər bir şərait yaradılır. İstedadı, bacarığı, zövqü olan yaradıcı adamlar üçün teatrın qapıları taybatay açılıb, necə deyərlər, bu meydan, bu şeytan. Şəxsən mənimlə bağlı onu deyə bilərəm ki, müəyyən planlar var. Amma gəl bir qədər gözləyək, tələsməyə dəyməz.

TƏQVİM / ARXİV