adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Bulmuzam yanmaqda bir hal..."

7660 | 2012-10-31 09:42
Yuxu gördüm. Yenə Beyləqandakı evimizin həmişə taybatay açıq qalan darvazası... Atamın hay-küylü məclisləri. Zakirdən, Füzulidən, Seyid Əzimdən dediyi şeirlər. Arada bizi "ev dustağı" edib Zakirin, Seyid Əzimin kitablarındakı "nöqtələrin" yerini "doldurması". Şeirlərdəki mənanı dərk edib fikrə gedən, diqqətlə qulaq asan professorlar, ziyalılar, "nöqtələrin" yerindəki sözlərə şaqqanaq çəkib gülən yekəqarın polis rəisləri, idarə müdirləri, "bazarkom"lar... Bu zaman darvazadan içəri girən hündür boylu, buxara papaqlı yaraşıqlı Şahmalı Kürdoğlu... Məclisə çökən sükut. Atamın "bay-bay-bay, bəh-bəh-bəh, kim gəlib, kim gəlib, ay qağa xoş gəldin, əşi haralarda qalmısan" deyib kişiylə qucaqlaşıb görüşməsi, məclis əhlinin ayağa qalxıb xanəndə ilə hal-əhval tutması...
   
   Hər şey yadımdadır, hər şey. Həyatda necə olurdusa, hər şey ən xırda detallarına qədər yuxularıma gəlir. Ərik ağaclarının altı, məclislər, qonaqlar, sağlıqlar, Şahmalı əminin gəlişinin toy-bayrama çevrilməsi... Real həyatdan yuxulara köçən hadisələr heç vaxt yaşa dolmur, köhnəlmir. Heç bu yuxuları görən adam da qocalmır, həmin hadisələrdə hansı yaşda olubsa, elə o yaşda da qalır. Necə ki, mən böyüyə bilmirəm... Lap Lev Qumilyovun dediyi kimi: "Təqvim mənim yaşımı nə qədər göstərsə də fərqi yoxdu, həmişə 13 yaşındayam".
   
   ***
   
   Orda balaca ayaqlarımın izləri qalıb. Bəlkə də həmin izlərin yerində qan ləkəsi var, al-qırmızı lalələr belə o qan ləkəsini gizlədə bilmir... Bir də xatirələrimin ruhu dolaşır o yerlərdə. Şuşadan-Cıdır düzündən, Topxanadan, Daşaltıdan; Ağdamdan-Xındırıstandan, Qiyaslıdan-Şahmalı Kürdoğlunun "Gülüstani-İrəm"indən danışıram.
   
   Hə... Söz vaxtına çəkər. 1992-ci ilin payızı idi. Yağış göz yaşlarıma qarışıb əlimdə tutduğum qəzetə axırdı. Su, həmişə aydınlıq olmur... Bilmirəm, nə qəzeti idi. Qara haşiyəyə alınmış iri cüssəli, buxara papaqlı adamın fotosunun yuxarısına yazılmışdı: "Xanəndə Şahmalı Kürdoğlu şəhid oldu." Elə ağlayırdım, elə ağlayırdım ki... Qəzet əlimdə qaça-qaça evə getdim. Hamı sarsılmışdı... Həyatın bütün sürprizlərinə ən böyük ideyalarını gerçəkləşdirmək üçün hazırlaşdığın kimi hazır olmalısan.
   
   Bu dəhşətli hadisə mənim uşaqlıq illərimin ən kədərli xatirəsinə çevrildi.
   
   ***
   
   "Ay qağa, uşaqlar sizdə qalacaq. Vəziyyət yaxşı döyül. Mən qayıdıram. El-ova dəər ki, Şahmalı qorxdu, qaçdı", -dedi və həyat yoldaşı Şəfiqə xanımla 5 yaşlı oğlu, öz adını verdiyi balaca Şahmalısını bizə əmanət edib getdi. Atama bir də onu deyibmiş ki, mən ailəmi yalnız sənə etibar edə bilərəm. Xeyli vaxt qaldılar bizdə. Bəlkə də 1 ilə yaxın, dəqiq yadımda deyil. Arada özü də gəlirdi.
   
   Fərqindəydik - get-gedə ruh düşkünlüyü yaranırdı kişidə. Ermənilərin Ağdamı da işğal edəcəyindən, cavan uşaqların şəhid olmasından çox narahat idi. Əsəbi olurdu yaman. Yoldaşı və oğlu bizim ailənin bir üzvünə çevrilmişdilər. Daha evə kənar adam ayaq qoya bilməzdi. Atam məclisləri-filanı yığışdırmışdı. Günlərin bir günü Şahmalı əmi yenə gəldi və Şəfiqə xanımla balaca Şahmalını aparacağını dedi. Atam nə qədər "əşi, Allaha-bəndəyə bax, uşaqları od-yalonun içinə aparma", -dedisə də, xeyri olmadı. Nə illah elədilər, əməl yemədi. 92-nin yazında onlar Qiyaslıya döndülər. Darıxırdıq. Atamın zəhləsini tökdük ki, bizi apar balaca Şahmalının yanına. Aprelin sonu yollandıq Qiyaslıya. İndiki kimi yadımdadı, Ağdama girəndə dəhşətə gəldik. Yanıb qaralmış evlər, ara-sıra eşidilən atışma səsləri, hər addımda qarşımıza çıxan hərbçilər atamı bizi gətirdiyinə görə əməlli-başlı peşman etmişdi. "Bu kişi bu ailəni burda bada verəcək", -dedi, -nahaq buraxdım onları, sağ-salamat onları da götürüb qayıda bilsəydim... Düzünü deyim, yaman qorxmuşduq. Şəhər xarabalığa oxşayırdı. Hələ də "cəhənnəm" deyiləndə yadıma həmin vaxt gördüyüm Ağdam düşür... Qiyaslıya çatdıq. Cəhənnmədən cənnətə düşdük deyim dəə. Azərbaycanda daha bir cənnətməkan Qiyaslıda Şahmalı Kürdoğlunun bağ-bağçasıymış... Dəqiq yadımda deyil, deyəsən səkkiz limon istixanası vardı. Həyətdəki çiyələk kolları hələ yeni çiçəkləsə də, istixanalardakı çiyələklər yetişmişdi. Hər tərəf gül-çiçəyə qərq olmuşdu. İnsan əllərinin yaratdığı möcüzəyə heyrətlənməmək mümkünsüzdür. Özü qarşıladı bizi. Həmişəki kimi köynəyinin qolunu bir az çirməmişdi. Yenə həmişəki kimi, Şəfiqə xala atamı görən kimi kələğayısı ilə üzünə yaşmaq çəkdi. Balaca Şahmalı bizi görəndə elə sevindi ki. Kim deyir ki, xoşbəxtlik daimidi? Həyatın müəyyən anlarıdı xoşbəxtlik. Bax, həmin vaxt mən o cür xoşbəxt idim. "İstədim dərdimi pünhan edim, səndən nə pünhan, ey təbib..." -yenə Şahmalı Kürdoğlunun səsi havalandı... Yenə böyük Füzuli, yenə "Rast". Muğam oxuya-oxuya çöldə ocaq qaladı, bizə tərəkəmə bozartması bişirdi. Arada atama üzünü tutub canından çox istədiyi balaca Şahmalısını tərifləyirdi: "Əmisi, bilirsən nə oğul olajax bu?" Düşmənin həmin an başının üstünü kəsdirəcəyini belə düşünə bilmədiyin andı xoşbəxtlik...
   
   Günəş, yaranmışlardan üz döndərəndə biz də geri döndük. Nə illah elədik, ailəsini bizimlə gəlməyə qoymadı. "Kənddə dəəjəklər ki, Şahmalı qorxaxdı", -arqumenti bu oldu... Maşına mindik. Aynadan geri baxdım-gözlərini ovuşdura-ovuşdura anasına sığınmış balaca Şahmalı, gözləri dolmuş Şəfiqə xala və ağır-ağır bizə əl edən ustad... Düşmənin ümidinə qoyub qayıtdığımız bir ailədən ayrılmağımızın faciəsini, hüznünü yaşaya-yaşaya gəlib evə çatdıq. Elə acı təəssürat idi ki, nə yanmış evlər, nə hərbçilər, nə də ara-sıra eşitdiyimiz-gah uzaqdan, gah yaxından gələn atəş səsləri vecimizə deyildi... Bir də o yadımdan çıxmır: atam yolda əmməlli-başlı ağladı. "Kişi özünü də şəhid edəcək, uşaqları da..." -dedi.
   
   ***
   
   Həmin ilin elə bu zamanları idi. Bayaq dedim axı, söz vaxtına çəkər, -deyiblər. Açıq darvazadan içəri bir hərbçi girdi, evin qapısını döydü. Atam çıxdı çölə. Hərbçi, əlindəki bağlamanı yerə qoydu. "Bu sovqat sizə çatacaq. Şahmalı müəllim göndərib. Amma halal edin, bir az üstündən yemişik", -deyib uzaqlaşdı. Yadımdadı: acı bibər tutması, meşə alması mürəbbəsi, mer-meyvə, xeyli limon idi. Bilməyənlərin nəzərinə çatdırım ki, Şahmalı Kürdoğlu gözəl aşpaz, dərzi idi. Bu adamın bilmədiyi, bacarmadığı heç nə yox idi. Mürəbbəni də, tutmanı da özü hazırlamışdı. Şəfiqə xanım nə bişirirdisə, deyirdi kişi öyrədib. Həəə. Şahmalı Kürdoğlu ilə bizi bağlayan son xatirə, dadı hələ də yadımda qalan, hərbçilərin də daddığı yarımçıq balondakı acı bibər tutması, şipşirin meşə alması mürəbbəsi və sanki ətri də bir başqa olan sarı, iri turş limonlar oldu. Bəlkə də həyatın acılığına, turşluğuna şirinlik qatıb göndərmişdi xanəndə...
   
   ***
   
   Və bir payız günü təbiət ağladı... Dumanı qova bilmədi başından... İstedadlı xanəndə, hamımızın əzizi, ipək xasiyyətli Şahmalı Kürdoğlu balaca Şahmalısı ilə erməni mərmisinə tuş gəldi. Məmməd Aslan o vaxt Şəfiqə xanıma bir yazı ünvanlamışdı: "Simsarsız yetim..." Evimizdə payız yarpağı kimi saralmaqdadı həmin qəzet...
   
   ***
   
   Yuxularım yaşantılarımdı. Yenə yuxuma gəlmişdi: köynəyinin qolunu bir az yuxarı çirməyib gəlir. Atamla qucaqlaşıb-görüşür. Stolun yuxarı başına keçir. Bəlalı başını dərd-qəmdən ayazıdır, ruhunu Füzuli havasına kökləyir:
   
   "Şəm-i şam-i firqətəm, sübhi vüsalı neylərəm,
   
   Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm?"

TƏQVİM / ARXİV