adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Sevan Nizanyan: "Axmaqlıq bir millətə məxsus problem deyil"

14661 | 2012-10-31 09:42
Sevan Nişanyan erməni əsilli Türkiyə vətəndaşıdır və Türkiyədə tanınmış yazarlardan biridir.
   
   Öldürülən erməni jurnalist Hrant Dinkin baş redaktoru olduğu "Agos" qəzetində və "Tərəf" qəzetlərində yazır. Şəxsən mənim özümə bir erməni əsilli yazarın dünya görüşü, yaşantıları, fikirləri çox maraqlı idi. Onunla virtual tanışlığımız təxminən iki il əvvəl baş tutub. Erməni millətçiliyinə, erməni iddialarına özünəməxsus yanaşması var. Hər zaman maraqlı söhbətləri ilə seçilən erməni əsilli yazar Sevan Nişanyanla virtual məkanda maraqlı bir söhbətimiz çox olub. Oxuyacağınız bu müsahibə isə bizim uzunmüddətli yazışmalarımızın cəmidir. Onunla hər şeydən, şeirdən, fəlsəfədən, mətbəxdən danışmaq mümkündür. Amma biz uydurma "erməni soyqırımı"ndan, Qarabağ savaşından, Xocalı qətliamından, şəxsi həyatından, dünya görüşündən, Türkiyədəki "açılımlar"dan və bir çox digər mətləblərdən danışmışıq.
   
   Bir erməni yazarın fikirləri ilə tanış olmaq mənim üçün də maraqlı oldu.
   
   - Azərbaycan oxucularına özünüzü necə təqdim edərdiniz?
   
   - Müxtəlif mövzularda kitablar yazan, araşdırmalar aparan Türkiyə vətəndaşıyam. Modern Türkcənin ilk etimoloji lüğətini, "Sözlərin Soyağacı" kitabının müəllifiyəm. Eyni zamanda Atatürk və kemalizm haqqında sistemli tənqidi əsər olan "Yanlış Cümhuriyyət" əsəri ilə çox populyarlaşdım. Kitablarımdan əlavə Türkiyədə alternativ, insani boyutlu turizmin inkişafı üçün xeyli əmək sərf eləmişəm.
   
   - "Adını unudan ölkə" adlı əsərinizdə Türkiyədə dəyişdirilən yer adları ilə bağlı tənqidi fikirləriniz yer alır. Ermənistan Azərbaycan türklərini Qərbi Azərbaycandan deportasiya etdikdən və Qarabağ işğalından sonra bizə məxsus yer adlarını dəyişməklə məşğuldur. Buna münasibətiniz necədir?
   
   - Mən buna da qarşıyam. Bildirmək istəyirəm ki, axmaqlıq bir millətə məxsus problem deyil.
   
   - Ermənilərin Qarabağı işğal etməsinə, günahsız insanları yurd-yuvasından didərgin salmasına, erməni zülmünə bir erməni əsilli qəzetçi kimi necə baxırsınız?
   
   - Müharibənin və zülmün hər çeşidinə qarşı çıxmalıyıq. Bu bizim insani vəzifəmizdir. Mən bu hadisələrə lap əvvəldən narazıyam. Ancaq Qarabağ məsələsində sadəcə Ermənistanı günahkar görmək yanlış yanaşmadır. Qarabağ sorunu təməli Stalin tərəfindən qoyulmuş, Andropov və Qorbaçov dönəmində fitili yandırılmış bombadır.
   
   - Xaçatur Abovyan və digər erməni ziyalıları türk dilinin erməni mədəniyyətinə qarışdığını deyirlər. Xaçatur Abovyan nə qədər türk düşməni olsa da onun yazdığı "Ermənistan yaraları" romanında 1000-dən artıq türk sözü işlənir. Sizcə türk dilinin erməni mədəniyyətinə təsiri varmı?
   
   - Erməni mədəniyyətinə türk dilinin təsiri danılmazdır. Ermənilər bir toplum olaraq 1000 ildən artıq türklərin hakimiyyəti altında yaşayıblar. Erməni mədəniyyətinin türk mədəniyyətindən qidalanması, təsirlənməsi normaldır. Türklərin hakimiyyəti altında yaşayan ermənilərin çoxusu türkcə-ermənicə, yəni ikidilli danışıb. Erməni hərfləri ilə, ancaq türkcə yazılmış böyük bir erməni ədəbiyyatı var. İlk türkcə romanı 1850-ci ildə əslən erməni olan Vartanyan Paşa yazmışdır.
   
   - Türkiyə gündəmindən danışaq. Türkiyənin "Star" qəzetində yazdığınız bir yazıda iddia edirsiniz ki, köklü dəyişik olmasa "Kürd açılımı" mənasızdır. Türkiyə hökumətinin "açılımlar"la bağlı siyasətini necə şərh edə bilərsiniz?
   
   - Türkiyə hökuməti "açılımlara" çox qorxaq yanaşır. "Kürd məsələsi" ilə bağlı təcili olaraq radikal addımlar atılmalıdır. Məncə hökumət bu mövzuda çox gecikir. Eyni zamanda Ermənistanla münasibətlərdə də, hökumətimizin çox cəsur addımlar atmasını gözləyirəm.
   
   - Türkiyədə "erməni soyqırımı" olmasını qəbul edirsinizmi? İllərdir "ermənilər soyqırımı" haqqında iddialar irəli sürən ermənilərin 1993-cü ilin 26 fevralında Xocalıdakı cinayətlərinə necə qiymət verirsiniz?
   
   - 1915-ci ildə Türkiyədə gerçəkləşən erməni soyqırımını çox cahil və fanatik adamlar inkar etməkdədir. Osmanlının təməl ünsürlərindən olan, Osmanlı əhalisinin 15 %-ini təşkil edən bir toplum, 1915-ci ildən, 1923-cü ilə qədər aparılan səhv siyasət nəticəsində yox edilmişdir. Ancaq adi insani duyğulardan məhrum olan insanlar bu hadisəni inkar edib kiçildə bilər. Amma bu hadisələri Türkiyənin adına yazmaq cahillikdir.
   
   Xocalıda erməni ordusunun həyata keçirdiyi qətliam olduqca böyük bir faciədir. Bu həm də insanlıq adına da çox böyük bir cinayətdir. Ancaq 1915-1923-cü illərdə Türkiyədə 2 milyonluq tarixi bir ulusun yox edilməsi ilə heç cür müqayisə oluna bilməz. Xocalı, insanlığın faciəsidir.
   
   - Türkiyədə məşhur yazar və araşdırmaçı olaraq tanınırsınız. Eyni zamanda müəyyən nüfuz dairəniz və bilgiləriniz var. Sizcə Qarabağ probleminin çözümü necə gerçəkləşə bilər?
   
   - Bu problemin həll olunmasının bir yolu var. Düşünürəm ki, əgər Rusiya istəsə bu problem tez bir zamanda həll olunar.
   
   - Sizin sevdiyiniz, ilgiləndiyiniz bir Azərbaycan türkü ola bilərmi? Alim, şair, filosof, jurnalist....
   
   - Mən sevdiyim insanları irqinə və millətinə görə ayırmıram. Yazar, alim, şair olaraq, sevgili olaraq hər millətdən olan insanları sevdim və sevə bilərəm. Türklərlə ermənilər arasında mədəni və insani olaraq heç bir fərq görə bilmirəm.
   
   - Azərbaycana gəlmək istərdinizmi? Uzun illər ermənililər bizimlə bir məişəti paylaşıb, eyni quruluşda yaşamışıq. Əvvəlki yaşam tərzinə qayıtmaq mümkündürmü?
   
   - Əvvəllər ermənilərlə Azərbaycan türkləri daha mehriban idi. Ancaq o mehribanlığın yenidən bərpa oluna bilməsi bir az müşküldür. Mən 1990-cı ildə bir dəfə Azərbaycana gəlib bir həftə qalmışam. İnsanlardan çox gözəl münasibət, dostluq, mühribançılıq görmüşəm. Məni evində qonaq edənlər də olub. Yaddaqalan söhbətlərimiz olub. Yenidən Azərbaycana gəlməyi çox istərdim. 20 ildə nələrin dəyişməsini görmək çox maraqlı olardı.
   
   - Nə üçün erməni ədəbiyyatının vəziyyəti bu qədər acınacaqlıdır?
   
   - Mən bu suala cavab vermək istəməzdim.
   
   - Azərbaycan oxucularına hansı erməni yazarının əsərlərini oxumağı tövsiyyə edərdiniz?
   
   - Heç birini. Çünki mən də oxumuram.
   
   - Eşitdiyimə görə həbsxana həyatı da yaşamısınız və həbsxanada sizə "Gavur Hoca" ləqəbi veriblər. Bu barədə danışardınız...
   
   - Məhbus həyatı yaşadığım kamerada psixoloji problemləri olan bir yoldaş var idi. Ona əsəbləşdim və əgər düzgün qiymətləndirə bilsə həbsxananın məhrumiyyət yox, istəsə bir nemət ola biləcəyini başa saldım. O da məndən ona ərəb dilini öyrətməyimi istədi. Bir ay müddətində ona ərəbcə oxumağı və yazmağı öyrətdim. Daha sonra camidən gələn bir hocadan "Qurani-Kərim" tilavətini (düzgün oxunuşunu) öyrəndi. Mənə hələ də çox böyük sayğıyla yanaşır və tez-tez ziyarətimə gəlir. Həbsdə olduğum müddətdə etimoloji lüğət üzərində işləyirdim. Qalın-qalın Osmanlıca, ərəbcə, farsca, latınca lüğətlərlə işlədiyimi görüb mənə "Gavur Hoca" ləqəbini verdilər. Saqqalım da qurşağıma qədər uzanmışdı. Həqiqətən köhnə hocalara bənzəyirdim.
   
   - Hansı dili çox sevirsiniz? Bildiyiniz dillər haqqında danışardınız...
   
   - Bütün dillər gözəldir. Amma daha yaxşı bildiyim, ədəbiyyatını, tarixini, ləhcələrini, nüanslarını bildiyim dillər mənə daha gözəl gəlir. Ən yaxşı bildiyim Türk və İngilis dilləridir. Ən sevdiyim dillər də bunlardır. Klassik və modern erməni dilini, fransız və alman dillərini də yaxşı bilirəm, bu dillərdə də danışıram. Ərəb dili, fars dili, latın dili, köhnə və modern yunandili, ispan dili və italyan dili haqqında da yüksək səviyyədə bilgim var.
   
   - Türkiyədə müəllim və yazar kimi yaşamaq çətin deyil ki?Yaşamınız, həyat şəraitiniz necədir?
   
   - Yazar olaraq yaşamaq dünyanın heç bir yerində, xüsusilə Türkiyədə asan deyil. Yaşaya bilərsiniz ancaq özgürlüyünüzü və cəsarətinizi qoruya bilməzsiniz. Mən eyni zamanda Türkiyənin Ege bölgəsində köhnə daş evlərdən bir şəbəkə yaradaraq otel yaratmışam. Yaşamımı burdan gələn gəlir əsasında qururam.

TƏQVİM / ARXİV