adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

izğal altındakı müstəqillik... Ya da Rogerin inamı...

FƏRHAD ŞABANOV
18136 | 2012-10-20 01:09
Müstəqillik siyasi, tarixi bir hadisədir. Hər ölkə öz müstəqillik tarixi ilə öyünür, xalq tərəfindən nəsildən nəsilə çox böyük həvəslə ötürülür. Boyunduruq altında olmamaq üçün insanlar cəbhəyə gedib vuruşur. Müstəqillik uğrunda qan tökülür, can verilir. Müstəqillik müqəddəsdir.
   
   Bizim müstəqillik tariximiz də qanlıdır. Həm daxili düşmənlərə qarşı, həm xarici düşmənlərə qarşı vuruşaraq, çarpışaraq, meydanlara axışaraq əldə edilən bir müstəqillikdir.
   
   Müstəqillik müqəddəsliyi baxımından həm də nisbidir. Fərqli düşüncədəki alimlər və filosoflar müstəqilliyə qarşı bir mənalı yanaşmır. Albert Kamyu üçün müstəqillik elə də əhəmiyyət kəsb etmir. Belə ki, o azadlığı od və yemək cəhətdən qıtlıq çəkən bir insan üçün vaxtından əvvəl əldə edilmiş bir "lüks" olaraq təqdim edir. Səid Nursi isə; çörəksiz yaşayaram, hürriyyətsiz yaşaya bilmərəm deyirdi.
   
   Müstəqillik həm də ciddi bir psixoloji mübarizənin, inamın nəticəsində əldə edilir. Xalq doğurdan da müstəqil olmağı istəməlidir. Buna inanmalıdır.
   
   Psixoloji hazırlıqla bağlı oxuduğum və mənə ən çox təsir edən aşağıdakı faktı sizinlə paylaşmaq istəyirəm...
   
   ***
   
   1950-ci illərdə ictimaiyyətdə -alimlərin araşdırmalarına istinadən- "bir mili 4 dəqiqədən daha az bir müddətdə qaçmaq mümkün deyil, çünki bu insan fiziologiyasına ziddir" anlayışı varıydı. Bu anlayış həmin illərdə qaçış idmanı ilə məşğul olan idmançıları və idmana marağı olan insanlara ciddi psixoloji təsir göstərirdi. Heç bir atlet artıq yarışlarda bir mili 4 dəqiqədən daha az bir müddətdə qaçmağı hədəf olaraq qarşısına qoymurdu. Yeganə istəkləri yarışda birinci olmaq idi, rekord qırmaq yox.
   
   Roger adlı atlet 1954-cü ildə keçiriləcək yarışa hazırlaşırdı. Hələ qarşıda bir ili varıydı. Özünə məqsəd qoydu ki, bir mili 4 dəqiqədən daha az bir müddətdə qaçacaq. Yarışa bilməsi üçün lazımlı bütün fiziki məşqləri edirdi, ancaq o bilirdi ki, fiziki məşqlər yetərli deyil. O həm də mənəvi olaraq bu yarışa hazırlaşırdı. Beynini ancaq 4 dəqiqədən daha az bir müddətdə finiş xəttini keçməyə proqramlayırdı. Bunu bacarmaq üçün bütün yollardan istifadə edirdi. Özünə inanırdı. Bu rekordu qıra biləcəyinə dair özünə güvəni tam idi.
   
   Yarış başlarkən Rogerin ağlında ancaq bir düşüncə varıydı: "Finiş xəttinə 4 dəqiqədən daha az bir vaxtda çatmaq". Bütün atletlər finişi birinci keçməyi düşünürdü, Roger isə rekorda doğru qaçırdı. Düşüncələrində heç bir şübhəyə yer yoxuydu.
   
   Finiş xəttinə birinci çatdı. Bunun heç bir əhəmiyyəti yoxuydu. Başını arxaya çevirdi və tabloya baxdı. Orada 3.59 yazılmışdı.
   
   Bəli, Roger bacarmışdı. Bir il boyu sərf etdiyi əməyin qarşılığını almışdı. Fiziki olaraq yaxşı hazırlaşsa da, onun qələbəsinin əsas səbəbi zehni olaraq yarışa hazırlanması və beynini buna proqramlaşdırması idi. Roger bir ilki bacarmışdı. Ondan sonra gələn idmançılar da zehnin nələrə qadir olduğunu görüb özlərini zehni cəhətdən inkişaf etdirdilər və heç vaxt inanılmayan rekordlar əldə etdilər. Həmin il 300 atlet Rogerin rekordunu təzələdi. Artıq idmançılar inanırdılar ki, qələbə üçün fiziki hazırlıq yetərsizdir. Bu dövrdən sonra idmançılar artıq psixoloji hazırlığa daha çox önəm verməyə başladı.
   
   ***
   
   Hal-hazırda Azərbaycan xalqının qarşısında çox böyük bir problem dayanır. Bu Qarabağ problemidir. Həm siyasi, həm iqtisadi cəhətdən çox böyük çətinliklər yaradır. Siyasi cəhətdən dövlət əli-qolu bağlı qalır, bütün məsələlərdə Qarabağ prioritet mövqe tutur və çox vaxt kompromisə gedən tərəf biz oluruq. İqtisadi cəhətdən; ölkə müharibə vəziyyətində olduğu üçün milli müdafiə sənayesinə ciddi məbləğlər ayrılır, hansı ki, həmin məbləğlər ölkənin inkişafı və xalqın rifahı üçün yetəri qədər ciddi miqdarlardır.
   
   Dövlət xarici siyasətini ölkənin mənafelərinə uyğun olaraq yürüdür. Ölkənin mənafelərini dövləti idarə edənlər müəyyənləşdirir. Ancaq bəzi dövrlər olur ki, xalqın istəkləri ön plana çıxır və dövləti məhz xalqın arzuladığı minvalda siyasət yürütməyə sövq edir. Yəni ki, dövlət arxasında xalq gücünü hiss etdiyi anda daha cəsur qərarlar verir, daha sərt addımlar atır.
   
   Bizim xalqın çox ciddi psixoloji problemləri olduğu üçün Qarabağ problemi xalqı elə də narahat etmir. Çünki xalq Qarabağı qaytarmaq üçün heç nə etmir. Xalqda bu inam da yoxdur. Bəlkə kimlərinsə içində Qarabağ yanıb alışır, ancaq üzə vuranlar üzdə yoxdu. Elə bil hamı gözləyir ki, Şaxta baba bir gün gələcək və Qarabağı bizə hədiyyə edəcək. Xatırlatmaqda fayda var - bizim əlimizdən Qarabağı Şaxta baba almayıb.
   
   Biz müstəqilik, ancaq bu müstəqillik natamamdır. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bizə nə bayram yaraşır, nə seyran. Qarabağı qaytarmaq üçün bütün imkanlarımız var, sadəcə xalqda inam yoxdur. Bir balaca inam... Bizim xalqın Rogerdən nəyi əskikdir.

TƏQVİM / ARXİV