adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

çörək xırçıltısı

15095 | 2012-10-20 01:09
Bu gün Elnur anasına hədiyyə almaqdan ötrü səhər tezdən yuxudan durmuşdu.Yuxuda çox qarmaqarışıq şeylər görmüşdü. Müharibə, tankların, topların uğultusu, şəhid olan silahdaşlarının qışqırıqları bu gün səhərəcən onu rahat buraxmamışdı. Dəhşətli yuxunun təsiri, bu günün həyəcanı ona bərk sirayət etmuşdi. Qəribə əzgin görkəmi haldaydı. Hündürboy və yaraşıqlı görkəmindən yorğunluq yağırdı. Bu gün illərlə gözlədiyi günlərdən biri idi. Hələ həbsxanada olduğu günlərdən əlinin pula çatacağı günü gözləyirdi. Gözləyirdi ki, o həbs olunanda anasının satdığı sevimli boyunbağısını geri qaytarsın. Nəhayət ki, bu gün onu narahat edən şeylərdən biri ilə birdəfəlik üzüləşəcəkdi...
   
   ...Gəncədə adi günlərdən biri idi. Artıq ağrı-acılı illər arxada qalmışdı. Gəncədəki "iyun çevrilişi" çoxdan yatırılmışdı. Camaat çayxanalarda sərbəst oturub çay içir, domino oynayırdı. Elnur həbsxanadan yenicə gəlmişdi. Hərdən tanışları gəlir, dərdləşir, yaxın tarixin çətin günlərindən danışırdılar. Yenədə tanışları ilə çayxanada çay içir, söhbət edirdi. Gözlənilənlərin əksinə Elnur həbsxanada narkoman, tüfeyli kimi yox, imanlı, dindar bir insan kimi gəlmişdi. Küçəliləri buna inanmaq belə istəmirdilər. Qonşuların pıçapıçı onu hövsələdən çıxarsada yaşadığı kədərli və çətin həyatı bir daha yaşamamaq üçün səbir edir, düşdüyü bu vəziyyətdən çıxış yollları axtarırdı. I Qarabağ müharibəsinindən əvvəl yetimliyini, necə pul qazandığını xatırlardı. Moskvadan göndərilən "minlik palto" alverində qazandığı pulları necə sağa-sola xərclədiyini fikirləşirdi.
   
   Eh... birdə yeniyetməlik illərində bu günləri fikirləşmək iqtidarında deyildi ki... Çayxanada hərə bir şeydən danışsada Elnur yalnız və yalnız necə pul qazanacağını, necə həyat quracağını fikirləşirdi. Söhbət fırlanıb Moskvada, MDB-nin digər şəhərlərində, ölkə xaricində pul qazanmağın üstünə gələndə, uşaqlıq dostu Vüsal dilləndi:
   
   - Elnur, bəlkə gedək mənimlə Kiyevə?
   
   - Nə bilim, Vüsal. Səncə pul qazanmaq olar?
   
   - Olar.
   
   - Bilirsən, mənim ciyərlərim heç sözümə baxmır, "içəridə" yığdığım xəstəlik məni təmiz əldən salıb, yəqin ki, mən gedib Kiyevdə fəhləlik edə, araba çəkə bilməyəcəm.
   
   - Elə niyə fikirləşirsən, sən ki, alveri yaxşı bacarırsan. O bir anlıq "Dəllal bazarını" fikirləşdi. Sözün əsil mənasında alverdə onun bəxti gətirirdi. Yetim olsa da fağır böyüməmişdi. Əksər gəncəli uşaqlar kimi, fərasətli və çevik idi. Məktəbdə riyaziyyatı yaxşı öyrəndiyindən çevik hesablama aparmağı, nəticəni öz xeyrinə dəyişməyi, qarşısındakını inandırmağı bacarırdı. Vüsalın alver söhbəti ürəyinə yatdı.
   
    - Vüsal mən razı, gedək. Ancaq gərək bir az da fikirləşəm.
   
   - Fikirləş, onsuzda Gəncə bataqlıq kimi bir yerdir. Qazansanda nə isə artırmaq çətindir.
   
   - Mən mütləq evimizə kömək eləməliyəm, bilirsən. Qardaşım xəstə, anam da qocalır, daha bazarda işləməsini istəmirəm. Bacıma da gərək elə baxam ki, yetimliyini hiss eləməsin. Səkkiz il boynubükük qoyduqlarımın da sevinməyə haqqı var. Mən harda olsa bütün qüvvəmlə çalışmalıyam.
   
   - Danışdıq, mən ayın sonunda getməyə hazırlaşıram, sənə görə bir həftə də qalaram, sənədlərini hazırla.
   
   - Yaxşı, axşam bizə gəl. Anamla danışıb onu inandırmaq lazımdır. Elnur səhər evdən çıxanda alnını dik, başını uca tutdu, bacardığı qədər dərindən nəfəs aldı. Günəş şüalarını doya-doya uddu. Qarşısına çıxan dostlarını qəribə və ürəyə yatan təbəssümlə salamladı, əllərini sıxdı. Artıq nə etmək istədiyini dəqiq müəyyənləşdirmişdi. Məqsədinə doğru gedəcəyi yol artıq özünə məlum idi. Evdən bir az uzaqlaşmışdı ki, əmisi ilə rastlaşdı. Əmisinin qeyri-adi qabiliyyətlərinin olduğuna əmin idi. Bilirdi ki, əmisi risk etməyi, planlaşdırılmış addımlar atmağı bacarır. Sakitcə salamlaşdılar. Əmisi xeyli nəşəli görünürdü:
   
   - Hə, qardaşoğlu, məni təbrik eliyə bilərsən. Məni Ədliyyə Nazirliyi "..." qəzetinin baş redaktoru təyin edib. O Ədliyyə Nazirliyi haqqında eşidəndə əsəbləşirdi. Həbsxana illərindən ondan bu sistemə nifrət yaranmışdı. Təbii və içdən gələn nifrətini gizlədərək əmisini təbrik etdi: - Çox mübarək, uğurlar arzulayıram.
   
   - Sağ ol qardaşoğlu. Eşitdim Kiyevə gedirsən.
   
   - Elədir, o haqda fikirləşirəm. Sənədlərimdə demək olar ki, hazırdır.
   
   - Qardaşoğlu, orda nə qazancaqsan? Həm uzaq, həm də qürbət. Gəl əmiylə ver əl-ələ qəzet işində yaxşı pul var. Yaxşı pul qazanacaqsan. Həm evi dolandır, həm də toyun üçün pul yığ. - Əmi, inanmıram ki, qəzetlə o qədər pul qazanam.
   
   - Qazanarsan, qazanarsan sən işində ol, mən ananla danışacam. Həftənin sonunda Vüsal Kiyevə, Elnur isə abunə kampaniyasını aparmaq üçün məktəblərə yollandı. Beləliklədə Elnurun jurnalist karyerası başlandı. Günləri rayonlarda, kəndlərdə, idarə və müəssisələrdə keçirdi. Rahat pul qazanmaq onu da cəlb eləmişdi. Hamı rahat pul qazanmağın çətinliyindən danışdığı bir vaxtda bir həftəyə bəzilərinin bir aylıq maaşını qazanan bu çalışqan "jurnalistlər", getdikcə daha çox pul qazanmaq mübarizəsinə qalxırdılar. Elə öz aralarında da ciddi mübarizə başlamışdı. Pulun insanlıqdan üstün tutulduğu bütün cəmiyyətlərə xarakterik xüsusiyyətlər bu kollektiv üçün də adi hal idi. Çalışdığı kollektiv o qədər riyakar və ürəkbulandırıcı idi ki, hətta Elnurun doğma əmisi ilə də münasibətləri korlanmağa başlamışdı. Ortada o qədər söz gəzdirən var idi ki, əmisi Elnuru görmək istəmirdi. Artıq o hərdən Moskvaya gedib-gəlir, yaxşı pul qazanırdı. Jurnalistika onunüçün əyləncəyə çevrilmişdi. İndi Elnur Gəncəbasarın ən həyasız jurnalisti "Qurd" ləqəbli Vüqarla işləyirdi. "Qurd"un riskli oyunları, utanmadan bütün variantlara əl atmağı onu bu sahədə xeyli irəli aparmışdı. İndi onun jurnal açmaq arzusu vardı. Özünün olacaq hər şey daha şirin gəlirdi. Bilirdi ki, çoxları başına yığışacaq.
   
   ...Divarları nəm çəkmiş, kif iyi verən kamerda, Elnurla bərabər Gəncədən "Qaqaş" adlı birisi də var idi. İçəri düşməyinin səbəbindən asılı olmayaraq burda demək olar ki, hamı eynidir. Üst-başları bir-birindən fərqlənməyən bu insanları əksəriyyəti eyni şeyi iddia edirdi. Maraqlı cəhət də məhz bundadır ki, hamının iddiasının da əsaslı arqumenti və sübutları var. Hər kəsin günahsız olduğunu iddia etdiyi bu yerdə hamı günahkar kimi cəza çəkir. Bura insanlıqdan kəsilib atılmış, Robinzonların yaşadığı, daha doğrusu cəza çəkdiyi bir yerdir. Robinzondan Elnurun fərqi onda idi ki, onu əhatə edənlər çox idi. Robinzon əgər insan görmək arzusuyla yaşayırdısa, burdakıların əksəriyyətini görməməmək daha yaxşı idi. Bir kamerada uzun illər bir yerdə yaşadığı dostunu satanlardansa tənha adada yaşamaq daha doğru deyilmi? Nə isə, artıq onun günlərini saydığı bu kamerada hərənin bir məşğuliyyəti vardı. Ebonitdən düzəltdiyi yumru kürəni uzun müddət ipək parçaya sürtən manyakdan tutmuş, çörəkdən təsbeh düzəldənlərə qədər. Qara çörəyin içini uzun müddət barmaqları arasında oynadıb bərkidən Qaqaşın da belə bir təsbehi vardı. Çox qəribə insan mənzərəsi yaşanan bu yerin adı nə qədər dəhşətli səslənsə də, insanı qorxmağa məcbur eləsə də, buranın bir adı var-məhbəs! Onun da illəri, xüsusən gəncliyinin çılğın illəri burda ərimişdi. Günlərlə bir tikə çörəyin paylaşıldığı bu yerdə ən qəbulolunmaz iş, oğurluqdur. Bu "günahsız" günahkarların ən çox nifrətini qazanan iş, kamera yoldaşından oğurluq etmək, yoldaşının payına göz dikmək idi. Hətta oğurluq üstündə kamera küncünə atılanlarda oğurluqdan, "krısalıq"dan nifrət edirdilər. Günlərlə eyni divarlar arasında yaşamaq, eyni üzləri görmək insanı dözülməz həddə qədər bezdirir. Kimi bu intəhasız boşluqdan qumara, nərdə və sair mənasız məşğuliyyətlərə qurşanır. Səhvini dərk edənlərin isə yeganə məşğuliyyəti oxumaq və nə isə düzəltməkdir. Elnur da kluba gətirilən bütün kinofilimlərə baxmış, kitabxanadakı kitabları bu illər ərzində dəfələrlə oxumuşdu. Oxuduqca, filimlərə baxdıqca divarların o üzündə onu gözləyən həyatın cazibəsinə daha çox qapılmışdı. Yaşamaq, ailəsinə və qohumlarına olan mənəvi borcunu qaytarmaq, yeni həyat qurmaq arzusu ilə alışıb yanırdı. Hərdən yerliləri ilə söhbətləşər, gələcək planlarından danışardı. Ən çox Qaqaşla söhbətləşir, divarların o tayındakı həyatın təlatümlərindən, haqsızlıqdan və hər şeydən danışırdılar. Hər ikisinin yeganə arzusu azadlıq idi. Elnur artıq kameranın alaqaranlıq mühitindən yorulmuşdu. Gənc və enerjili günlərini xəstəliyə, ağrılara, həsrətə dəyişmişdi. Bu həyatın bütün iyrəncliklərini görür, dustaq yoldaşlarına mənən acıyır, bu mühitin insanı çox şeylərə sürüklədiyinin şahidi olurdu. Evdən gələn pul qurtaranda axırıncı konserv bankasını da "mala" dəyişib xumarlananların iniltisi, qumarda uduzub verə bilməyənlərə yağdırılan söyüş və hədyanların səsi bütün günü qulaqlarında uğuldayırdı. Qaqaşın qara çörəkdən düzəltdiyi təsbehi əlində aramla çevirir, döyüşdə itirdiyi yoldaşlarını, məhkəməsində göz yaşı tökən anasını, onu əsgərlikdən qurtarmaq üçün bir maqintofonu satmayan qardaşını, üzünə oxunan saxta ittihamı, Surət Hüseynovun mühafizə dəstəsində keçən günləri xatırlayırdı. Bu gənc ömründə taleyinə yalnız ağrı-acılar düşdüyündən həyata baxışları tamam dəyişmişdi. Həyatını ağrı-acı içində keçırən iki gəncəlinin söhbəti xeyli uzanmışdı və Qaqaş yatmağa gedəndə çörək təsbeh yadından çıxıb onda qalmışdı. Gecə yarısına qədər evlərini. Anasını, bacısını, qardaşını fikirləşən Elnur, yatanda təsbehi dəmir çarpayının ayaq hissəsindən, döşəməyə yaxın bir yerdən asmışdı. Uzun gecələrin sıxıntısı, yuxusuzluq əzabı və narahat həyat dustağın alın yazısıdır. Onun da narahatlığı, əsəb gərginliyi çox idi. Sayıq yatdığından hər kiçik səs onu yuxudan oyadırdı. Bu gecənin də narahatçılığı, üzücü bir boşluğu vardı. Kamerada iydən baş gicəllənsə də müharibədə kontuziya almış Elnurun bu iydən xəbəri olmurdu. Müxtəlif xəstəliklərdən əzab çəkən dustaqların, natəmiz və rütubətli kameranın iyrənc qoxusu onu narahat eləmirdi. Bütün problemi xorultu və onu sakit buraxmayan hardan gəldiyi məlum olmayan səs-küy idi. Bütün gecələrdə oyanmaq onda artıq adət halını almışdı. Yenə də gecənin bir aləmi ayılmışdı. Qulağına gələn səsdən əvvəlcə narahat olmuş, sonra nəyi isə fikirləşərək utanmışdı. Gecənin bir aləmi onu utandıran səs ÇÖRƏK XIRÇILTISI idi. Bu isə o demək idi ki, illərlə bir tikəni bölüşdüyü kamera yoldaşlarından hansısa biri oğurluq eləyib, ümumi "katyola" əl uzadıb. Kamera yoldaşlarından hansısa birinin oğru olduğunu düşünmək ona ağır gəlir, onu utandırırdı. Gözlərini açıb hansısa kamera yoldaşını quru çörək xırçıldadan, "krısalıq" eləyən görməmək üçün gözlərini açmırdı. Bərk-bərk gözlərini yumub xırçıltının dayanacağını gözləyirdi. Yazılmamış qanunlara görə o oğrunu ifşa eləməli, ümumi qaba əl uzadan kamera yoldaşını cəzalandırmalı, bunu da hamıya bildirməli idi. Ancaq o inadla gözlərini yumurdu. Kamera yoldaşını utandırmamaq üçün gözlərini açmaq istəmirdi. Çünki bu iyrənc mühitdə hərə bir şeyin yoxluğunu hiss edirdi. Azadlığın məhdudiyyəti ən çox istəklərin məhdudluğunda hiss olunurdu. Onun məhbus taleyi də başqalarının taleyində heç nə ilə fərqlənmirdi. Onunda hamı kimi məhdud istəkləri, məhbəsdə boğulan arzuları vardı. Çoxusu bir qarın yeməyin və qadın təmasının arzusuyla qıvrılırdı. O isə azdlığı istəyirdi. Anlayırdı ki, bütün arzuları məhz onun azad həyatında gerçək olacaq. İnandla gözlərini yumur, bütün bu məhdudiyyətlər içində abrını itirə biləcək kamera yoldaşı haqqında fikirləşirdi. İnadla gözlərini yumurdu. Bir müddətdən sonra xırçıltı dayandı, o sakitcə gözləri açdı və ətrafı müşahidə elədi. Hamı sakitcə yatıdı. Bircə Qocanın- gəncəli Ərətunun xorultusu gəlirdi. Hamıya sakitcə nəzər salaraq yenidən dustaq yatağını başına çəkdi. Ancaq oğru deyəsən hələ doymamışdı. Xırçıltı əvvəlki kimi əsəblərinə toxunmağa başladı. Gözlərini bərk-bərk yumdu, bir neçə minə qədər sayaraq yuxuya getdi. Yuxuda gördü ki, qonşu kameraların dustaqları, zonun bütün "yaxşı oğlanları" onları lağ hədəfinə çevirib. Katyoldan olan oğurluq bütün zonda söhbət mövzusu olub. Səsi eşidib heç kəsə demədiyinə, oğrunu tutmadığına görə onu qınayırdılar. Onu günahkar sayıb üz çevirənlərə də başa sala bilmədi ki, bu sizin içinizdən biri ola bilərdi və mənim onu utandırmağım, cəzalandımağım qonşu kameraların yanında bizi utandırardı. Qarmaqarışıq yuxunun təsirindən diksinib oyandı. Bir balaca qulağı səssizliyə alışan kimi, xırçıltı səsini yenidən eşitdi. Qəribə burasında idi ki, xırçıltı səsi onun çarpayısınnın ətrafından, o yatan istiqamətdən gəlirdi. Az qaldı ki özündən şübhələnsin. Sabahın alatoranında, barmaqlıqlardan süzülən işıqda hiss elədi ki, hamı yatır. İnadla quru çörəyi xırçıldadan isə gözünə dəymirdi. Fikirləşdi ki, kimdirsə çarpayıların altında bu iyrənc işi-oğurluğu həyata keçirir. Ehtiyatla aşağı əyiləndə gözlərinə inanmadı. Çörəyi xırçıldadan uzun illərdir onlarla bir kamerada yaşayan, bütün çətin günlərinin yeganə şahidi idi. Nifrətlə qara çörəkdən düzəldilmiş təsbehi gəmirib xırçıldadan, rütubətli kameranın daimi sakinlərindən biri olan həşərəta, TARAKANA baxdı. Baxdı və ikrahla tüpürdü. ... Qan, ölüm, məhbəs və bu kimi faciələr bir də görürsən ki insanı vəhşiləşdirir, ruhundakı sükunəti, səbri və sevgini oğurlayır. Gəncliyinin gözəl vaxtlarında ölümün və qanın içində yaşayan, günahsız olduğu halda həbsxanalarda həyat sürən Elnur kimi yüzlərlə gənc bütün yaşadıqlarından sonra daşlaşır və həyata qarşı daimi üsyan,qisas mövqeyində olurlar. Onda da ikili və təzadlı xarakter vardı. Heç kəsi itirməmək naminə hamı ilə dost idi. Əmisinin vəfatından sonra onun başı bəlalı kollektivinin çox hissəsi həmin riya və ikiüzlülüklə onun yanında idilər. Əmisinin sevimli yardımçısı, sadiq işçisi və özünündə dostu Kənan əmisinin vəfatından sonra onun şəriki idi. Bütün yoldaşlardan daha çox Kənan ona daha yaxın və sadiq idi. Bütün təzadların içində o xarici ölkədə çalışmış, ailə qurmuş və övlad sahibi olmuşdu. Ancaq rahat məşğuliyyətindən, jurnalistikadan əl çəkə bilmirdi. İndi onun təzə dotları, işçiləri, əməkdaşları vardı. Şəhərin bütün jurnalistləri ona qibtə edirdii. İndi jurnalist və mətbu vasitələrin sayı çoxalsa da onun öz bazarı vardı. Dostları, məhbəs yoldaşları ümumiyyətlə onu tanıyanlar yenə də ətrafında idilər. Onun liderlik keyfiyyəti, heç kimi itirməmək naminə hamıyla dostlaşması, incə siyasəti hətta ən mahir fırıldaqçı olan, bütün iyrənc vasitələrlə, bütün cildlərə girməklə pul qazanmağı bacaran insancıqların da həsəd yeri idi. O artıq məhbus deyildi. Anasının satdığı boyunbağının eynisini almışdı.Bacısına arzuladığı hər şeyi alırdı. Avtomobili, pulu və azadlığı vardı. Haqsız həbs olunduğunu unutmasa da həbsxana kamerasında gecənin bir aləmi eşitdiyi ÇÖRƏK XIRÇILTISINI unutmuşdu...

TƏQVİM / ARXİV