adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YUXU

MƏZAHİR ƏHMƏDZADƏ
37624 | 2012-10-20 01:09
Uzun illərdir nadir hallarda yuxu görürəm. Az qala elə oyanana qədər unudulan qırıq-qırıq qısa yuxular. Çünki mən çox az yatıram, gün ərzində maksimum 3-4 saat. "Nə yatdım ki, nə yuxu gördüm..." misallı kimi çıxmasın, əsl yuxu, yəni röya başqa şeydir, siz də bunu gözəl bilirsiniz.
   
   Eyni yuxunun tamam təkrarı da mümkün olmayan bir şeydir, çox adamdan soruşmuşam. Ancaq mənim ildə 1-2 dəfə gördüyüm qəribə bir yuxu ki var, 30 ilə yaxındır qısametrajlı film kimi təkrarlanır. Hər il beləcə... Oyaq deyilsən ki, "kanalı dəyişib" futbola-filana baxasan, bu, kölgə kimi bir şeydir, nəsə. Kölgə demiş, bu qatmaqarışıqlıqda dost şairin "Kölgən" şeri yadıma düşdü. O şerdən bircə bəndi xatırlasam dünya dəyişərdimi?...
   
   Görəsən, bir azca səni unudub
   
   Birtəhər başımı qatarammı heç?
   
   Görəsən kölgənin ucundan tutub
   
   Gəlsəm, gəlsəm sənə çatarammı heç?
   
   ... Qətiyyən o fikirdə də deyiləm ki, o yuxuyla bu şerin müəyyən bir bağlılığı və ya əvəzləməsi, ötürücülüyü var. Sadəcə mən bu yuxuya hər dəfə eyni ssenaridə və quruluşda və təbii ki, ağ-qara görüntüdə baxmalı oluram. Bunu rəngli yuxuların olmadığını mən də bildiyim üçün demədim.
   
   Bizim ilk gənclik illərimizdə, yəni keçən əsrin yetmişinci illərində universitetin jurnalistika fakültəsi o vaxtkı Yefim Saratov, səhv etmirəmsə indiki Rəsul Rza küçəsində ikimərtəbəli sarı bir binada yerləşirdi. Dərslərimizi isə çox vaxt 150-200 metr aşağı düşüb şərqşünaslıq və hüquq fakültələrinin tələbələriylə birlikdə keçmiş Ali Sovetin binasına bitişik "üçmərtəbəli küncdə" keçirdik. Burada hər yer darısqal idi, Əminənin bufeti də darısqal idi, lap darısqal idi. Ancaq çox qəribədir ki, bu darısqal bufet 3 fakültənin tələbələrini və müəyyən qism müəllimlərini yola verirdi. Hər üç fakültənin əksər uşaqları bir-birini tanıyır, salamlaşır, ümumi hörmət anlayışları ilə münasibət qururdular. Fərqli düşüncəli və yovuşmazlar da vardı. Ancaq onlar o qədər az idi ki, heç diqqəti də cəlb etmirdilər.
   
   ... Mən ağsaqqal, tanınmış müəllimlərimlə yanaşı, nisbətən cavan müəllimlərin, xüsusilə Cahangir Məmmədlinin, Akif Rüstəmovun, Nəsir Əhmədlinin... xətrini çox istəyirdim. Bəlkə bu həm də ondan irəli gəlirdi ki, onlar mənə həm də bir böyük qardaş, dost münasibəti də göstərir, lazımi məsləhətlər verirdilər.
   
   Sonralar, doğma müəllimlərimdən başqa, xatirələri yaşamaq üçün məkan anlayışlı heç nə qalmadı. Hər halda bizim nəsil üçün.
   
   Mən əvvəllər həmin o yuxunu görəndə ayılıb 1-2 saat özümə gələ bilmirdim. Gülməyin, sənədlərimi töküşdürüb ali təhsilli jurnalist olmağımı təsdiqləyən diplomumu əlimə götürməyincə özümü hələ yuxudaymış kimi hiss edirdim.
   
   Bu qəribə yuxunun motivi isə belədir. İldə 1 və ya 2 dəfə yuxuda mənə universitetdən, jurnalistika fakültəsinin dekanlığından xəbərdarlıq məktubu gəlir. Təxminən belə bir məzmunda: "Əgər 3 gün ərzində gəlib kəsiriniz olan fənnən imtahan verməsəniz, kursda qalacaqsınız...". Mən də, baxmayaraq elə yuxudaca universiteti çoxdan müvəffəqiyyətlə bitirdiyimi bilə-bilə, tələsik fakültəyə gedir, guya kəsirim olan müəllimin adına göndəriş alıb aşağı binadakı keçmiş tarix (?) fakültəsinin yarımqaranlıq otaqlarının birində bilet çəkirəm. Müəllim yoxdur. Mənsə sualların, olduqca asan sualların cavablarını vərəqlərə yazıb otaqdan çıxıram. Qaranəfəs Yefim Saratovdakı sarı binaya qaçıram. Bina yoxdur. Binanın yerində səliqəsiz boşluq bozarır. Aşağı qaçıram, susuzluqdan dilim-boğazım quruyub. Su köşkünə yaxınlaşıb əlimdəki 5 qəpikliyi gonbul erməni arvada uzadıram. Yadıma "Beş qəpiklik motosikl" düşür. Elçinin çoxdan unudulmuş hekayəsi. Siroplu və qazlı su püskürən stəkanı götürüb içə-içə küçənin o vaxtkı "narxoz" və "Baksovet" aralığına tərəf baxıram. 10-15 dəqiqə əvvəl o aralıqdan çıxıb qan-tər içində yuxarı qaçmağımı da unutmuşam. Qarşıdakı səkiylə o tərəf-bu tərəfə addımlayan adamların arasından qıvrım saçları çiyninə tökülən, son modalı enlibalaq şalvar geyinmiş Aqili görürəm. O məni görmür, yoxsa əl yelləyərdi. Sanki ara küçələrlə Yefim Saratovdakı həmin o sarı binanı gəzir çılğın baxışlarıyla. Hər halda bir anlıq mənə belə gəlir. İkinci stəkanı içərkən iki cavan adam - yazıçı Elçin və o vaxtlar komsomolun Mərkəzi Komitəsində məsul vəzifədə işləyən Fəqan Əliyev yavaş addımlarla Aqilin qarşısından keçirlər. Bir də baxanda daha onu dayandığı yerdə görmürəm.
   
   Yuxunun özündə yavaş-yavaş bəzi şeyləri anlayıram.
   
   Sonra oyanıb daha dərindən anlayıram.
   
   Sonra hər il həmin yuxu...
   
   Ancaq bəzən yalnız imtahanla bağlı epizodlar.
   
   İşıqlar söndümü?
   
   Eh, mənim hansısa bir fənn mənasında kəsirim qalmayıb, yoxsa mənə diplom verməzdilər. Ancaq çox güman ki, o illərin ən təmiz, ən şərəfli, ən müqəddəs fakültəsi olan jurnalistika məbədimiz bizlərdən həmişə narahatdır. Bəlkə belə yuxuları təkcə mən görmürəm. Məsələ yuxunun yozumundan gedirsə, mən o gözəl, o müqəddəs fakültəmə, doğma müəllimlərimə, dünyadan köçənlərin ruhuna çox borcluyam, lap çox...
   
   Ancaq indi mən nə edim ki, Vaqif Bayatlı Odər demiş, "Dəlləklər gəzirlər karetalarda..."
   
   Həm də belə baxanda mənim o müqəddəs fakültəmə nəsə bir borcum qaldığını da hiss edirəm.
   
   Avqust, 2010

TƏQVİM / ARXİV