adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Belə düzünürəm, belə yazaya bilmirəm

CEYHUN MUSAOĞLU
22274 | 2012-10-20 01:09
Düzdü biz çörəyi qulağımıza yemirik, amma qulağımızı çörək əvəzinə bizə yedizdirirlər.
   
   ***
   
   Ən böyük arzum bilirsiz nədi? Vətən mənim olsun, mənim də vətənim olsun. Deyəcəksiz ki, var. Hanı? Niyə mən onu görmürəm? Niyə mən onu tanımıram? Tanıya bilmirəm!
   
   ***
   
   Şair olmayın, heç vaxt olmayın. Amma şeir yazın, həmişə yazın!
   
   ***
   
   Heç kimi bağışlamayın. Robot olun. Sevməyin. Sevilmək təhlükəsi hiss etdinizsə, arxanıza baxmadan qaçın. Diri olun. Əbədi yaşamağın yolu robot olmaqdan keçir. Robot olun. Xahiş edirəm. Yalvara da bilərəm. Təki cəmiyyətimiz peşəkar olsun.
   
   ***
   
   Əvvəllər qapıları üzümə adamlar bağlayırdı, onları kənara itələyə bildim. İndi külək bağlayır.
   
   ***
   
   Buralarda əvvəllər salam Allahdan çox Əzrayılın adı kimi məşhur idi. Kimə salam verirdin, elə bilirdi ondan qorxursan, kimin salamını almırdın səndən qorxurdu. Hiss edirəm ki, səmimiyyətə yoluxan xərçəngin müalicəsi tapılıb. Sevinək, Allahın adi özünə qayıdır.
   
   ***
   
   Əlindəki qələmdən mikrofon kimi istifadə etmə.
   
   ***
   
   Xəyalındaki olum, yanındaki yox.
   
   ***
   
   Dilində feili az olan xalqıq. Sifəti bildirən sözlərdən boluq. Hərəkətdən qaçıb, necəlikdə gizlənmişik. "Nə düşünür" yox, "necə görünür" daha aktualdı buralarda.
   
   ***
   
   Məqsədli olan bütün hisslər pisdi.
   
   ***
   
   Hami öz ürəyində yaşayır, sadəcə başqalarının ürəyinə gedib-gəlir.
   
   ***
   
   37 ildir həyatda olub-olmadığımı dəqiqləşdirməklə məşğulam. Davam edir 37...
   
   ***
   
   15 yaşım olanda da yaşım çox idi.
   
   ***
   
   Vətəndən üzr istəyirəm, onu Tünzalə Ağayeva kimi sevə bilmədim.
   
   ***
   
   Valideynləri və vətəni seçə bilməmək ən böyük bədbəxtlikdi.
   
   ***
   
   Vətəni orda doğulduğum üçün yox, orda yaşadığım üçün sevirəm.
   
   ***
   
   Mən vətənimi anamdan çox sevirəm, elə atamdan da. Ancaq ona kömək etməyə gücüm çatmır. 20 faizi işğal olan vətən adamı utandırır. Azərbaycanlı olduğumu bilənlər başıma qapaz vurub xatırladir: hansı azərbaycanlıdı Şuşani düşmənə verib, 20 ildir çalıb, oxuyan? Nə cavab verim. Bütün cavablarım həyasızlıqdan başqa bir şey olmayacaq.
   
   ***
   
   Qoy başqaları daha yaxşı yaşasın. Onda görəcəksən ki, sənin heç bir problemin qalmayıb.
   
   ***
   
   Dünən yoxdu, bu gün olmayacaq, sabah həmişə var.
   
   ***
   
   Kaş adam həmişə dünənki kimi qalsın, amma dünəndə qalmasın!
   
   ***
   
   Çox məsuliyyətli olmaq bədbəxtlik, az məsuliyyətli olmaq avaralıq, məsuliyyətsiz olmaq əclaflıqdı.
   
   ***
   
   Oxuduğum bütün kitablar mənimlə müzakirə açmırlar, mübahisə yaratmırlar deyə, gözəldirlər.
   
   ***
   
   Yazara dini kitablardan sitat gətirməyin. Yazar özü düşüncə peyğəmbəridi, kitabı da müqəddəsdi!
   
   ***
   
   Söz Allah boydadi, çünki "Allah" özü də sözdü.
   
   ***
   
   Allahın özü söz olsa da, adı məntiqdi.
   
   ***
   
   Hər şeyin ölçü vahidi sözdü.
   
   ***
   
   Özümü Allah məni tanıyan qədər tanıyıram. Dəqiq deyirəm, cənnətə düşəcəm.
   
   ***
   
   Əsas yazmaq deyil, pozmaqdı.
   
   ***
   
   Heç vaxt təəssüflənmə. Artıq hissdi. Onsuz da həyat onu redaktəsiylə siləcək!
   
   ***
   
   Tövbə qapıları bütün qapılar kimi bağlanmalıdır. Qapı açıq qalmaz ki...
   
   ***
   
   Yazıqlar, hələ də elə bilirlər ensiklopedik bilik savaddı...
   
   ***
   
   Cəlil Məmmədquluzadəni oxuyan intellektual əcnəbi vətəndaş onun soyadındaki informasiyanı qulaqlarına ötürə bilsə, böyük yazıçımızı riyakar adlandırar!
   
   ***
   
   Yaddaş bütün səhvləri silir. Yanlış olan heç nə orda əbədi qalmır. Siz riyaziyyatdan hansisa tərifi səhv formada yadda saxladızmı? Mümkün deyil. Yaddaş yanlışları qəbul etmir. Və möcüzə: heç kim yaddaşın harda və necə olduğunu bilmir.
   
   ***
   
   İnsan həyatdan qiymətlidi. Özünüzü həyata qurban verməyin!
   
   ***
   
   Hər addımda bir-birinin azadlığını işğal edənlərin məskunlaşdığı icmada operator xanımların "lütfən bir az sonra zəng edin" xatırlatması ən kəskin söyüş və bu söyüşü eşidəni barmağına sarımaqdır.
   
   ***
   
   Qadın paltarı vücudunu göstərmək üçün yox, ruhunu göstərmək üçün seçməlidir.
   
   ***
   
   Yalan səni heç vaxt tək qoymaz. Həqiqət isə adami itlə də düşmən edər, qurdla da və aradan çıxar. Həqiqət daha çox şeytan əməlidi, yalansa müqəddəsdi, and içməlidi, dadlıdi, yeməlidi.
   
   ***
   
   Xilasımız bir sehrli sözə bağli: əcəb eləmişəm!
   
   ***
   
   Həyata həmişə etinasız ol, o sənə yalvaracaq.
   
   ***
   
   Həmişə belə olur: adam özünü anlamayanda başqası onu anlayır, özünü anlayanda isə başqasının onu anlamasına ehtiyac qalmır. bu məntiqlə sizi heç kim anlamasa buna sevinin!
   
   ***
   
   Çox da xoşbəxt olmaq lazım deyil. Adam gərək iblisi kədərləndirməsin. Sonda Allah onunla təkbətək qalacaq. Nə bilirik, bəlkə iblisə kədər bəxş etdiyimiz üçün bizi bağışlamadı.
   
   ***
   
   İstərdim başımın tacı olasan. Qorxuram məni şah bilib üsyana qalxalar.
   
   ***
   
   Ən böyük din azadlıq, ən adil peyğəmbər sevgidi!
   
   ***
   
   Bizim hər şeyimiz var, pulumuzdan başqa. Bizdə olan həmin hər şeyə isə pul verən yoxdu. Çünki ona qiymət qoya bilmirlər.
   
   ***
   
   İmkan vermə sənə tapşırılan məsələni həyat həll etsin, nəticə ziyanına olacaq.

TƏQVİM / ARXİV