adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QAPININ GETDiYi YOL

SEYFƏDDİN ALTAYLI
47670 | 2012-10-20 01:09
"Çiynimdən düşməyir dərdi-sər yükü
   
   Həmişə kədərim, qəmim oyaqdır.
   
   Qayğılar qapımı elə döyür ki,
   
   Qayğılar ömürlük mənə qonaqdır".
   
   M. Araz
   
   
   
   Uşaq vaxtdan kəndimizdə həmişə ahıl kişilərin məclisində oturmağı xoşlayardım. Evimizin yeganə övladı olduğuma görə hamı xətrimi çox istəyirdi. Kəndimizdə o vaxtlar çayxana-filan yoxdu, kişilər hər məhəllədə olan bir-iki dükanda yığışırdı, ancaq cavanların yeri ayrı idi, onlara ahılların dükanında yer yoxdu, daha düzü onları o dükanlarda oturmağa qoymazdılar. Qocalar deyirdi ki, "Siz hələ böyüməyibsiniz, subay-soluqsunuz və beyniniz qanla doludur, yekələndən sonra aramıza daxil ola bilərsiniz". Kimin ixtiyarı vardı ki, onların sözünün üstünə söz desin!.. Toylarımız da indiki kimi bir neçə saat yox, düz üç gün üç gecə çəkirdi. Ümumiyyətlə Qars tərəflərdən gətirdilən aşıqlar, üç gün müddətində xalq dastanlarını çalıb-oxuyardılar və hər cümlələri ya atalar sözü və ya bir deyimlə qurtarardı. Allah, onlar nə gözəl illər imiş. Ahıllar aşıq məclislərinə də cavanları qoymazdılar, gənclərin də toyda oynamaqdan, dostları ilə söhbət etməkdən, özlərini qızlara göstərməkdən macalları olmazdı ki, gedib aşığa qulaq assınlar. Bu, sanki kəndimizin yazılmamış qanunu idi. Hər yaşdakı insanın getmək məcburiyyətində olduğu yolu ayrıydı, etika xatirinə həç kəs cızığını aşa bilməzdi; ancaq bu qanuna mən əməl etməzdim. Daha düzü ərköyünlük eləyib həddimi ötürdüm. Toyda həmişə aşığın çalıb-oxuduğu otağa gedər və düz qapının yanındakı küncə qısılıb axıra kimi ona qulaq asardım. Mənim aşığa və onun söhbətinə olan aludəliyimi görən qoca əmilər də heç nə deməzdilər, hamıya çay paylananda mənə də gətizdirərdilər. Düzünü deyim onda özümü azı on yaş böyümüş gözündə görərdim, ürəyim sinəmə sığmaz olardı. Durub evə gedəndə də yaddaşıma həkk etdiyim dastanı, hətta şeirlərinə kimi sərrast şəkildə anama, evimizdə onunla söhbətə gələn qonşu qadınlara gecənin bir vaxtına kimi danışardım. İndi o günlər ancaq xatirələrdə qalıb, sanki üstlərindən əsrlər keçib. Bəzən o anları xatırlayıb, ustad Şəhriyar demişkən,
   
   "Heydər baba, Quru gölün qazları
   
   Gədiklərin sazax çalan sazları
   
   Kənd-kövşənin payızları, yazları,
   
   Bir sinəma pərdəsidir gözümdə
   
   Tək oturub, seyr edərəm özümdə."
   
   Tək başıma onları seyr edirəm.
   
   O vaxtlar kəndimizin ağsaqqalları Azərbaycanın güneyindən, qüzeyindən söhbət salardılar. Ermənilərin, rus ordusunun yardımıyla kəndimizə etdikləri basqından və min iki yüz ailəlik kənddən ancaq 235 nəfərin xilas olduğundan bəhs edib ruslara nifrin edərdilər. Deyərdilər ki, "ruslar olmasaydı ermənilər kəndimizə basqın verməyə cəsarət edə bilməzdi". Həmin basqında camaatı kəndin ortasındakı məscidin həyətinə necə yığdıqlarından, uşaqlı-böyüklü, qadınlı-kişili yaradılan vəhşicəsinə soyqırımdan, gecənin oğlan çağında xalqı məscidə silah gücüylə basa-basa doldurub qapını bağlamalarından, sonra od vurub yandırmalarından, minarənin başına çıxarıb ora yığışanların naləsinə baxmayaraq başlarını kəsdikləri meyitləri yerə tullayıb qəhqəhə çəkmələrindən danışdıqca əsəbiləşər, əsəbiləşdikcə də rusa söyər, lənətlər yağdırardılar. Bəzən də qanlı Arazın o vaxt yarla bir ləmaləm axmasından və o taya adlamağa, İrəvana, Zəngibasara, Vediyə getməyə imkan verməməsindən, onun da kəndimizə qənim kəsilməsindən, bəxtin yatmasından bəhs açıb dərindən köks ötürərək danışardılar. O soyqırımın ardınca yaranan qaçhaqaç hadisəsindən, Xoy tərəfə nə cür getdiklərindən, güneylilərin onları o qış boyu saxlamalarından, yazda qayıdıb kəndə gəlmələrindən, o yaz-yayı, əkin əkməyə fürsət tapmadan qaçaqaç düşdüyündən çətinliklə yola saldıqlarından, Xoyda da, Təbrizdə də eynilə kəndimizin dili ilə danışıldığından, rusların və ingilislərin oyunu ilə Azərbaycanın parçalanmasından danışardılar.
   
   Ermənilər təkcə bizim kəndimizdə soyqırım törətmişdi?! Qaraqoyunlu, Göycəli, Oba, Haxməmməd və digər kəndlərdə, eynilə Xocalıda, Daşaltında, Malıbəylidə, Amasiyada, Hamamlıda, Zəngibasarda, Salmasda, Urumiyədə və digər yerlərdə törətdikləri kimi...g
   
   Uşaqlığım, cavanlığım aşıqların dastanlarını və ağsaqqallarımızın rus-erməni birləşmələrinin törətdiyi soyqırımı və qaçhaqaçı dinləməklə keçdi. Kəndimizdəki yeni nəsillərin tamamı bu əhvalatları dinləyə-dinləyə millətçi və təbii olaraq rusa düşmən hisslərilə silahlanıb böyüdü, boya-başa çatdı.
   
   Aylar ötdü, illər dolandı və bir gün gəldi rusun tifaqı dağıldı. Tökdüyü nahaq qanlar, ağlar qoyduğu yetim uşaqlar, kama çatmağa qoymadığı nişanlılar, ömürlük yasa bürüdüyü gənc gəlinlərin qarqışı ilə, dünyanın ikinci böyük gücü kimi yaratdıqları imperiyaları darmadağın oldu. Gün gələcək federasiyaları da dağılacaqdı, çünki babalar demişkən zülm ilə abad olanın axırı bərbad olar. İmperiyalarının dağıldığını gördüm, inşallah federasiyalarının da dağılmasının şahidi olacağam.
   
   Şükür olsun Allaha, iyirmi ildir ki, əvvəllər yaratdığımız cümhuriyyətlərimiz öz müstəqilliklərini təkrar əldə etdilər. Bu gün Türk dünyasının əhali sayı üç yüz milyona çatır.
   
   Xalqlarımız öz müstəqilliklərini əldə edərkən ürəyimdə o qədər böyük ideyalar bəsləyirdim ki, gəl görəsən. Ən başda dil birliyimizin yaranmasının vacib bir məsələ olduğunu və bunda bütün xalqlarımızın könüllü şəkildə iştirak edəcəyini fikirləşirdim. Axı dünya miqyasında bir güc kimi çıxış edəcəyiksə gərək ki, ən başda dil birliyimiz olsun. Nəyə görə altmış milyonluq İngilis milləti öz dilini dünyanın ortaq ünsiyyət dilinə çevirir, ruslar Sovetlər Birliyi vaxtında ruscanı iyirmi beş milyon kvadrat kilometrlik sahədə ortaq ünsiyyət dili edir, biz türklər üç yüz milyona çatan sayımız olduğu halda ortaq bir Türk ləhcəsini iyirmi ildir ünsiyyət dilinə çevirə bilmirik, bilməmişik?! Müstəqilliklər qazanıldığı vaxt ilkin illərdə Türk cümhuriyyətlərindən gələn dilçi nümayəndələr ayrı-ayrı yerlərdə ardıcıl təntənəli yığıncaqlar keçirdilər, ortaq Türk əlifbasını qəbul etdilər, ortaq Türk ünsiyyət dilinin yaranmasının vacib bir məsələ olduğunu təkidlə vurğuladılar, ancaq yığıncaqlar, qurultaylar, konfranslar, simpoziumlar qurtaran kimi hər şey unuduldu. Sanki yaddaşımız korşalıb. Bax bu dərd məni yandırır!.. Kəndimizdə ağsaqqallarımız bəzən yeri gələndə deyirdilər, "qapı ha cırıldasın, ömür boyu əlləşsə bir arpa boyu qədər də yol gedə bilməz, çünki o kandarının zəncirli quludur". Millət olaraq deyəsən bizimki də, elə qapının kandarının məngənəsindən xilas olub, heç olmasa bir arpa boyda yol getmək üçün etdiyimiz cəhdə oxşayır.
   
   Ortaq ünsiyyət dili, terminologiyadan başlanmalıdır. Daha düzü Türk dünyasının ortaq terminoloji lüğətinin yaranmasından asılıdır. Məsələn, Türkiyədə işlədilən bir alət var ona "tornavida", Azərbaycanda həmin alətə "vintaçar", güneydə isə "piç quşti" deyirlər. Nə tornavida bizimdir, nə vintaçar, nə də piç quşti. Biz üç yüz milyonluq qanbir, dilbir, canbir, vahid bir güc olsaq da, danışıq dilində başa düşdüyümüz təqribən yeddi yüz qədər sözü çıxmaqla hələ də bir-birimizin dilini terminlər sahəsində başa düşmürük, düşə bilmirik. Ondan sonra da yekə-yekə danışırıq, "biz dünyanın nəhəng bir xalqıyıq". Birimiz telefonun danışılan və qulaq asılan hissəsinə deyir "turubka", o biri deyir "dəstək", o biri deyir "quşi", digəri deyir "ahizə" və bu sözlərin heç biri də bizim dədə-baba sözümüz deyil. Atın, itin, qoyunun, keçinin anadan olmasından neçə yaşa dolmasına kimi ömrünün hər bir mərhələsinə ad qoyan müdrik babalarımız qəbirlərindən başlarını uzadıb dilimizdə işlətdiyimiz vintaçar, tornavida, piç quşti sözünə baxıb o alətə özümüzün yaratdığı ortaq bir söz tapa bilmədiyimizi görüb üzümüzə tüpürməz?!.
   
    Mənə görə bu dərddən ağır, bundan çətin, bunu həll etməkdən ülvi bir dərd yoxdur.
   
   "Hardasa qayğılar yol gedir hələ
   
   Sabahkı qayğıma qarışmaq üçün
   
   Hələ məndən qaçan çox dərdlərimlə
   
   Məqam axtarıram vuruşmaq üçün".
   
   Qəbrin nura qərq olsun ocağımızın sevimli əmisi Məmməd Araz, nə gözəl, nə əl çatmaz əqidən varmış. Kaş indi sağ olaydın və iyirmi ildir hələ də ortaq bir termin yarada bilməyən, ayaq üstə gedə-gedə yatan, quş südü çatışmayan sürfələrin başında yeyib içə-içə min ilin yuxusuna batan, bu üç yüz milyonluq milləti, Arazın qırağından götürdüyün bir çınqılı, şeir sapandına qoyub onun alnının düz ortasından yapışdırıb oyadaydın, düz qaşqasını deşib qanına bələyəydin. Duyuq salaydın ki, ay axmaqlar dünyanın imperiya siyasəti güdən dövlətləri ulduzlara yönəlib, bəs siz hardasınız deyə biləydin. Mən acizəm əmi bağışla, iyirmi ildə bir qapının getdiyi yol qədər mənzil ala bilməyən bu milləti oyatmağa gücüm çatışmır, neyləyim!!!

TƏQVİM / ARXİV