adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

GÖZƏLLiYiN QƏDƏRi

VƏSİLƏ USUBOVA
25950 | 2012-10-20 01:09
"Bax belə... Üstündən cəmi səkkiz əsr keçməsinə baxmayaraq, hətta Efesin yerli sakinləri də bir vaxtlar burada dünyanın yeddi möcüzəsindən birinin-Efesli Artemidanın məbədinin yerləşdiyini xatırlamırdılar. Nə yaxşı ki, heç olmasa, tarix bu möhtəşəm tikiliyə biganə qalmamış, öz səhifələrində onun haqqında məlumatları qoruyub saxlamışdır..."
   
   Vəssalam?! Elə bu?! Ümiddən, inamdan çox təsəlli var bu sözlərdə. Həm də solğun, zəif bir təsəlli. Gözəllik ... və tarixin yaddaşı... Nə soyuq səslənir. Gözəllik həmişə diri, canlı, işvəkar, göz qabağında olması arzulanan bir şeydi, axı... Gözdən qaçırmaq istəmədiyin, ayaqlarını da baxışlarının dalınca sürükləyən bir sehrdi... Bu yerdə tarixin boynuna minnət qoymaq həm anlaşılan deyil, həm də insafsızlıqdı. Bir az da kədərlidi, desəm, cümlələrim, ən azından öz ürəyimdən tikan çıxarar ki, bu da hərdənbir qələm adamının payına düşən təskinlikdən başqa bir şey deyil....
   
   Qəzetlərin birində oxuduğum cümlələr xəyalımı oynatdı. Gözəl yaranmış hər şeyin bir gün yox olacağını bilmək ürəyimi sıxdı, canımı incitdi. Yadıma iş yoldaşlarımdan birinin söhbəti düşdü... Təsadüf elə gətirmişdi ki, o, gözəlliyi dillər əzbəri olan aktrisamızın xəstəxanada son günlərini görmüşdü. Komada olan gözəli təkcə almacıq sümüklərindən oxşatmışdı ağılları başdan alan çağlarına. Mən də çox təsirlənmişdim bu söhbətdən. Həmin gün həyatın etibarsızlığından çox danışdıq...
   
   Gözəlliyi tarixin səhifələrində axtarmaq istəmirəm. O çağlarına baş vurmaq istəyirəm ki, onda heç tarixin özü yox idi...
   
   Elə tarixin özü də gözəllikləri yaşatmaq istəyənlər yaratdı...
   
   Yaratdılar... və günlərin birində ayılıb gördülər ki, tarix özü elə get-gedə gözəllikdən üz çevirməyə başlayıb...
   
   ***
   
   İnsan ayağı dəyməmiş dünyamızda gözəllik ola bilməzdi. Çünki bu ecazı görən gözlərin, duyan ürəklərin sahibləri hələ Yer üzünə gəlməmişdilər. Başları yerin altındakı dünyaya - Cənnətə qarışmışdı... Həvva nənəmiz bizlərdən həm ağıllı, həm də məkrli idi. Öz kişisinin başını bir almaynan qatıb o gözəl məkandan qopara bildi. Elə buna görə, onu ilk gözəl kimi qəbul edə bilmirəm. Adəm babamızı cənnətdəki gözəllərə-huri-pərilərə qısqandığına görə, öz bildiyi yolnan yer üzünə çıxarmışdı, yəqin ki... (Deyəsən, axı, bu gün də ondan öyrənməyə ehtiyacımız var).
   
   Olan olmuşdu. Və artıq dünyanın bəxtəvər (təkcə bəxtəvərmi?) çağları başlayırdı. Gözəlliyi görməyi, duymağı, üstəlik yaratmağı bacaranlar ona sahib çıxmağa gəlmişdilər. Daha bundan sonra baş verənləri qiymətləndirməkçin münsiflərə ehtiyac qalmayacaqdı. Kim necə görürdüsə, anlayırdısa, o cür də qəbul edirdi. Ağnan qaranın, haqla nahaqqın, yaxşıynan yamanın sərhədi yavaş-yavaş aradan götürülürdü.
   
   Uduzan da, itirən də, tək qalan da gözəllik olurdu...
   
   Gözəlliyin özü də, sahibi də, ölçüsü də qadınlar idi. Ancaq çaşıb qalmışdılar. Özləri özlərinə necə qiymət verəcək, necə sahiblənəcək, tarazlığı necə qoruyacaqdılar?! Özündə olanın qiymətini necə bilmək olar?! Yox, onlara kömək lazımdı...
   
   Münsiflər əks cinsdən olmalıydı...
   
   Beyinlər qızdı... Ağıllar çaşdı... Zövqlər üstündə dava başladı... Özü gözəl olmayan hər şeyin əlasını istədi. Gözəl olan fikrə daldı: "Mən də gözəl axtarsam, bəs, bu biçarələrin halı necə olacaq?! Yaxşısı budu..." Heç nə alınmırdı. Hamı ağlını itirmişdi...
   
   ***
   
   Tanrı işə qarışmalı oldu: "Qoy, sabah bütün qadınlar meydana yığışsın. Onlara bəxt paylayacam! Qədər-qismətlərini verəcəm!"... Daha bundan gözəl, bundan artıq istənilən nə ola bilərdi?!. Ümidlə çırpınan zərif ürəklər incə ayaqların üstündə meydana axışdı. Bu gün hər şeyə son qoyulacaqdı. Hər kəs haqq elədiyi qədərinə sahiblənəcək, bir də kimsə taleyindən, qismətindən şikayətlənməyəcəkdi... Ağa ağ deyəcəklər, qaraya qara. Namuslu, ismətli olanlar əl üstündə tutulacaqlar. Sədaqəti, etibarı özünə cehiz seçənlərin yeri göz üstündə olacaq.
   
   Gözəlliyin qiyməti veriləcəkdi bu gün...
   
   Nə yaşamalı günlər vardı qabaqda...
   
   Səbirləri daşanda Tanrının sözçüləri eşitdirdilər: "Gedin, axşamüstü gələrsiniz. Hələ götür-qoy ediləsi işlərimiz var..." Geri döndülər. Ümidləri ürəklərində, gözləntiləri başlarında...
   
   Hava qaralanda meydanda bayaqkıların yarısı qədər qadın vardı. Gözəllərin heç biri axşamın bu vaxtında evdən çıxmaq istəməmişdi... Sahibsiz nə qədər bəxt meydanda tökülüb qalmışdı. Onları yığışdırıb mənimsəmək elə də vaxt aparmadı...
   
   Gözəlliyi gözü götürməyən dünya rahat nəfəs aldı. Ədalətli seçim idi. Bir nəfərə hər şeyi vermək olmazdı ki... Gözəlliyi də, bəxti də bir adama yükləsən, bəxtəvərlikdən havalanmazmı?!. Qoy, gözəllər tamaşa üçün qalsınlar. Hamı uzaqdan baxsın, vurulsun, həsrətini çəksin... İstəsə lap şeir yazsın, mahnı qoşsun, şəklini çəksin, heykəlini yaratsın. Zərəri nədi ki... Əsas odur ki, heç nəyin xeyri olmasın gözəllərə. Tanrı verən gözəllik payı bəsləridi...
   
   Hər şey yerdə qalanların olsun. Gözəllərlə yarışmaqçın nə lazımdısa, verin onlara. Yazıqdılar... Paxıllıqdan ölməsinlər...
   
   Bircə Gözəllik verməyin...
   
   Qədərini götürsələr də qiymətini heç zaman bilməsinlər...

TƏQVİM / ARXİV