adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

KARDiOQRAM

OQTAY SALAMOV
296900 | 2012-10-20 01:09
Di gəl təzə orfoqrafiya lüğəti ilə bu sözün sonuncu "M"-sını cüt qoy, "A"-sını da götür...
   
   Mənim bəxtim elə gətirib ki, son vaxtlar məcbur olmadığım toya da gedə bilmirəm. İnanırsınız ki,"Memar Əcəmi" metro-stansiyasından sonrakı stansiyaları görməmişəm. Heç "Əzizbəyov"un adını "Koroğlu" qoyan vaxtdan bəri gedib Alı kişin oğlunu təbrik də eləməmişəm. Amma bir dənə xəstəxananın, poliklinikanın, hospitalın vaxtını keçirmirəm. Öz poliklinikamızın, vaxtaşırı yatdığım xəstəxanaların həkimləri xasiyyətimə bələddilər, zarafatlarımı bilirlər. Bu yaxınlarda bir özəl poliklikanın müştərisi (onlar pasiyent deyir) oldum. Tibbi baxışdan (onlar medosmotr deyirlər) keçməli oldum. Təfərrüatını gələn yazıların birin də yazaram, hələlik kardioqram məsələsində başıma gələni danışım.
   
   Növbəmi gözləməyin əməlli xeyiri oldu. Yemək yedim, üç partiya nərd oynadım. Yeri gəlmişkən, iki partiyanı uddum, hətta birini "domaşnı" ilə. Məxləs, girdim kardioqram otağına.
   
   Kardioqramla iki qadın məşğul olurdu, yəqin ki, biri həkim olardı, o biri də assisent rejimində işləyən, cins şalvarda və çox, belə lap çox daram, elə bil anatomik baxışdan ürəyin yerinin harada olmasını əyani göstərmək üçün futbolka geyinmişdi. Həkim mənə yaxınlaşdı və soruşdu:
   
   - Xroniki xəstəliyiniz var?
   
   - Var.
   
   - Müalicə edirsiniz?
   
   - Özü keçər.
   
   - Xəstəliyiniz nədir? - elə bil səsində canıyananlıq sezildi.
   
   - Həyatım xəstəlikdig
   
   - Aydındır, onda soyunun, mən sizə qulaq asım.
   
   - Həkim belə də olar, axı mən ağzımla danışıram.
   
   Ağ xalatlı qadın deyəsən eşitdiyi sözü udmaq istədi, amma təşəxxüsünə sığışdırmadı, nəhayət soruşdu:
   
   - Özünü ağıllı sayırsan?
   
   - Əşi yox ee, siz hələ o biriləri ilə danışmamısınız.
   
   - Sizə psixiatr baxıb?
   
   - Əlbəttə.
   
   - Nə dedi?
   
   - Dedi ki, onun yanına on dəqiqə heç kim girməsin...
   
   Nəfəsimə qulaq asandan sonra mənə təklif etdilər ki, kuşetkaya uzanım. Deyəsən həm də qan təzyiqimi, nəbzimin tezliyini ölçmək və kardioqram eləmək istəyirdilər. Bütün bu manipulyasiyaları mənim bədənimdə futbolkasının içərisindəki ilə ətraf mühiti tam bağlayan asistent xanım eləyirdi.
   
   Birdən xanım elə bir söz işlətdi ki, o vaxt Materrasi Zidana söyəndə heç belə söz işlətməmişdi:
   
   -Sizin sinəniz heç xoşuma gəlmir. Heeç xoşuma gəlmir......
   
   Desəm ki, çaşdım, elə bilin ki, heç nə demədim. Nə desəydin eşidərdim, amma bunu yox. Hər halda mən Elton Con deyiləm axı. Qız öz sözlərindən mənim şoka düşməyimi, həm də döşlərini sifətimə elə dirəmişdi ki, bütün üfüq xəttini bağlamasına baxmayaraq qan təzyiqimi ölçmək istəyirdi.
   
   - Amma mənim sizinkindən xoşum gəlir...
   
   - Nə xoşunuza gəlir?- asisstent üstünə qaynar su tökülmüş kimi tullandı.
   
   - Sinəniz!
   
   - Qanacaqsız, sizin nəbziniz də yoxdur!
   
   Şirmanın arxasında olan qışqırığa həkim də boylandı ki, görəsən belə qısa müddət ərzində biz orada nə əməldən çıxırıq. Nəbzim doğrudan da yox idi. Təzyiq vardı, yuxarısı da vardı, aşağısı da, amma alət nəbzi göstərmirdi. Heç sıfırı da göstərmirdi.
   
   Həkim qaşqabaq tökərək deyəsən baxışı tez başa vurmaq üçün soruşdu:
   
   - Nə haqda düşünürsünüz?
   
   Bilmirəm onun gözünəmi, döşünəmi baxaraq səmimi cavab verdim:
   
   - Döşlər haqda...
   
   Əslində başqa şey haqda düşünə də bilmirdim...
   
   Bir neçə dəqiqə ərzində özüm haqda, ümumiyyətlə kişi və qadın arasındakı münasibətlər haqda o qədər sözlər eşitdim ki, rəhmətlik Ziqmund Freyd də eşitsəydi, bu sözləri öz hikmətlərində qeyd etmək üçün qəbirdən qalxardı.
   
   Axır ki, nəbzim tapıldı. Özü də heç də pis deyildi. Hətta kardioqram da göstərdi ki, hələ mövcud ola bilərəm. Amma sinəm məni yaman pərt elədi. Bir neçə dəfə sensorları yapışdırmaq istədilərsə də, gəl dərimi örtən tük qatından keçmirdi. Nəhayət qadınlar birləşib özləri deyən kimi, mənim qırxılmamış sinəmə öz sensorlarını yapışdıra bildilər. Özü də bu zaman öz aralarında kişilərin meymundan çox da irəli getmədiklərini müzakirə edirdilər...
   
   Bəlkə də onlar haqlıdılar. Hər halda həkimdirlər axı. Amma məlum oldu ki, biz bir neçə müddət nəbzsiz də yaşaya bilərikmiş. Heç bəzi qadınların bizim sinəmizi bəyənməməsindən dilxor olmağa da dəyməz. Onlar bizi başqa şeyə görə sevirlər axı. Bizim yaxşılığımıza, xeyirxahlığımza görə sevirlər. Onda gəlin sağlam olaq!..

TƏQVİM / ARXİV