adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

STADiON

MƏZAHİR ƏHMƏDZADƏ
34623 | 2012-10-18 00:44
Son üç ayda məni saxlamaq mümkün deyil. Məkan və imkan yaranan kimi, türkün sözü, yürüyürəm. Adicə və təbii yeriş qaydası ilə. Bu, həkimlərin tapşırığıdır, əməl etməsəm olmaz.
   
   Bakıda evin qarşısında bir 400 metrlik sakit yol var, məni səhər və ya axşam burada o baş-bu başa yeriyən, dartınan görənlər də daha təəccüblənmirlər. Bilirlər ki, öz xoşuma kef-damaqdan gəzmirəm, nəsə bir məcburiyyət var.
   
   İşimlə bağlı getdiyim rayonlarda da piyada gəzmək üçün daim fürsət axtarıram. Utanıb sıxılsam da həkimlərin mənə gündəlik cızdığı qrafik normanı - ən azı 5-6 kilometr məsafəni yığmalıyam. Bax, o gün Gürcüstan sərhədinin yaxınlığında müəyyən bir tədbirlə əlaqədar Aqil Abbası gözləyirdim. Vaxtım var deyə, magistrala çıxmışdım. Sürücü maşında musiqiyə qulaq asırdı, mən isə yol kənarındakı akasiyaların kölgəsində "yetmiş addım o yana, yetmiş addım bu yana...", ancaq siqaretsiz...
   
   Aqil Abbas gəlib çatana kimi 1450 addım məsafə qət etmişdim. Bu da mənim addımımla eləyir 1150 metr. Maşın dayandı və Aqil Abbas bahalı və şık idman paltarında, mən isə qalstuklu rəsmi geyimdə yolumuza davam etdik. Hansı paltarda olur-olsun görüş yerinə tez getməyin mənə xeyri var. Üstəlik dövlət tərəfindən qəzetlərə verilən 10 min manatdan mənim payıma düşən mükafatı da gətirmişdi.
   
   Öz rayonumuzda olanda isə məsələ əməlli-başlı çətinləşir. Mən piyada gəzmək istəyirəm, qoymurlar. Biri piyada yol gələrkən məni saxlayıb əhvalımı soruşur, başqa məsələlərdən söz salır, maşınsız hara getməyimlə maraqlanır və sairə. Mən bütün bunlara cavab vermək üçün həm əlavə vaxt itirməli, həm də gəzinti ritmini pozmalıyam. Başqa birisi məni görüb keçib getsə də geri qayıdıb (təbii ki, bu dəfə maşınla), məni piyada yeriməkdən zorla ayırmaq istəyir. Əl çəkmir ki, mütləq məni mənzil başına öz maşını ilə aparsın. Sözsüz, bütün bunlar hörmət-izzətlə bağlı məsələlərdir. Ancaq mən tapşırığı yerinə yetirmək əvəzinə sevimli həkimlərim Rafiq Yusifliyə və Seymur Musayevə bu əhvalatları danışmağımın nə mənası olacaq ki? Normadan yüzcə metr də çıxmayacaqlar. Marşrutu dalda küçələrə dəyişməyin də xeyiri yoxdur. Allah bilir, oralarda səni hansı sürprizlər gözləyir.
   
   Belədə əlac qalır stadiona. Buraya gərək ya səhər tezdən, ya da axşam gələsən. Başqa vaxtlarda gün təpənə döyüb səni "sərxoş" edər, ləngər vurub yıxılarsan. Axşamlar daha maraqlı olur. Stadionun yaşıl meydanında 12-14 yaşlı uşaqlardan tutmuş 35-40, hətta 45-50 yaşlı həmyerlilərim böyük həvəs və səs-küylə futbol oynayırlar. Mən də kənardakı qaçış meydanında yavaş-yavaş yeriyib "öz normativimi" doldururam. Zarafatsız, sovet hökuməti vaxtı belə bir şey var idi: Ə M H O. Abbreviaturanın qəribə səslənməsi kimi, oxunuşu da tam anlaşılmırdı - Əməyin Müdafiəsinə Hazır Ol! Bəlkə də ruscadan uğursuz tərcümə olduğu üçün. Dərəcəli "QTO" nişanlarını xatırlayırsınızmı? Bir sualım da var, ancaq bu sual yalnız həmyerlilərim üçündür. "Əmho" müəllimi unutmadınız?
   
   Mən qaçış meydanında tək yürümürəm. Bir çox tanışlar da olur. Rayon məhkəməsinin sədri, hərbi komissar, YAP rayon təşkilatının sədri, həkimlər, müəllimlər, təxminən 10-15 nəfər. Onlar stadiona demək olar ki, hər gün gəlirlər. Mən isə rayonda olanda. Bəziləri həm yeriyir, həm də qaçır; bəziləri arıqlamaq üçün, bəziləri ... özləri daha yaxşı bilir. Hərdən dönüb yaşıl meydana da baxıram. Bir vaxtlar bu meydanda mən də futbol oynamışam, yarışlara çıxmışam, qaçışım iti, ayaqlarım fəndgir olub. İndi canımla əlləşirəm, ayaqda durmağımı, yeriyə bilməyimi Allahıma şükür edə-edə bunu sanki bir möcüzə sanıram. Mən artıq o meydana heç 3 dəqiqəlik də girə bilmərəm. Başım, əl-ayağım yerində, ancaq elə bil hər dəfə nəsə çatmır. Məndə sanki bir avtotomiya baş verib, bədənimin müəyyən hissəsini özüm üzüb atmışam, haralarasa uzaqlara...
   
   Eh, belə hisslər dilxorçuluq yaradır. Gəlin əsl həyatın özünə qayıdaq. Və uşaqlı-böyüklü futbol oyununa baxaq. Ancaq əvvəlcə 30-35 il bundan əvvəllərin futbol meydançalarına ekskurs edək. Şəhərlərdə, rayon mərkəzlərində, stadionu və ya meydançası olan bəzi kəndlərdə o vaxtlar da futbolu əsasən nömrəli köynəklə oynayırdılar. O vaxtlar da müəyyən əlamətlərlə özümüzü məşhur futbolçulara oxşatmaq həvəsimiz vardı. Kim 9 nömrəli köynək geyirdisə, deməli o, Banişevskiyə oxşamaq istəyirdi. 10 nömrə Markarov, 7 nömrə Tuayev, 8 nömrə Hacıyev və sairə. İllər ötdükcə Semiqlazov, Bruxti, Cavadov... hansı nömrələrlə oynayırdısa uşaqlar da öz seçimlərini edərdilər. Kimin kimə özünü bənzətmək istəməsi və pərəstişi yalnız əyinlərdəki futbolkaların nömrələrindən bilinərdi. Daha bu köynəklərdə Banişevski, Markarov, Mesxi, Xurtsilava, Streltsov, Netto, Bloxin, Pele, Bekkenbauer, Kroyff, Çarlton, Müller, Best... yazılmırdı. İndi budur, mənim hərdən nəfəs dərib seyr etdiyim futbol meydanında top-top oynayan həmyerlilərimin hər biri "öz köynəyini" geyib.
   
   Ronaldo, Messi, Lempard, Cerard, Tuncay, Robinyo, Ronaldinyo, Torres, Arda, Forlan, canım sənə desin Droqba, Et O (biz irqçiliyin əleyhinəyik!), Kaka və başqaları. Bu gözəl insanların, bu perspektivli idmançıların (bir çoxunun yaşı 35-i keçsə də) heç biri Azərbaycan futbolunun məşhurlarını bəyənib kürəklərinə, heç olmasa trusularının bir küncünə onların adlarını yazdırmırlar. Məşqçilərimizin yekə-yekə vədləri və iddiaları, Altayın "Kalaşnikov" şərhlərindəki "canlı əfsanələr" də bunları tərpətmir. Güman edirdim "Qarabağ"ın göstərdiyi kişilik heç olmasa Rəşad Sadıqovun adını bu köynəklərdən birində əks etdirə biləcək. Olmadı. Görünür hələ bir neçə il də beləcə ötüb keçməlidir.
   
   Ancaq pərəstişin başqa cür anormallığı lüt bir xəcalət yaradır. Bax, həmin bu meydanda eyni komandada iki "Arda" oynayır. Birinin 16 yaşı var, birinin isə 51!!! Messi İspaniyada oynayan 23 yaşlı balacaboy bir argentinalıdır. Bizim stadiondasa çəkisi 90-nı aşan 35 yaşlı yekəpər "onun köynəyini" geyib. Kiçik yaşlı uşaqların özlərini məşhurlara oxşatmaq istəyini, əlbəttə, başa düşmək çətin deyil. Ancaq özündən 10-15 yaş kiçik olan məşhur futbolçuya oxşamaq azarı sadəcə düşüklükdür. Və inanmıram ki, bu cür absurdlar bizdə olduğu kimi başqa ölkələrdə də yaşansın.
   
   İdman gözəl şeydir. Bunu yüz faiz əminliklə deyirəm. Futbol da gözəldir, idmanın şahıdır. Həvəskar olanda nə olar ki? Hər kəsin öz adı daha səmimi səslənir, özünün kiçik auditoriyasında, kiçik meydanında. Yoxsa ki, sənin adın Hətəm ola, Mehdi ola, Tofiq ola, ancaq sən meydana Ronaldo, Kaka, Lempard soyadıyla çıxasan və tez-tez də ayağın sürüşüb dombalaq aşasan...
   
   Avqust, 2009

TƏQVİM / ARXİV