adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Şəbnəm Karslı: "Bədən tərbiyəsi dərsindən rüzvət vermizəm"

25090 | 2012-10-17 00:36
"Ədalət" qəzeti yeni bir layihəyə start verir. Bir az nostalji, bir az hüznlü xatirələr çözüləcək bu layihədə... Hər kəsin həyatında ən maraqlı dönəm olan tələbəlik illərini, bu illərin acılı- şirinli xatirələrini mənimlə - Cəlil Cavanşirlə xatırlayacaqsınız. Bu layihədə müəllim də, həkim də, şair də, yazıçı da, deputat da iştirak edəcək və müxtəlif statuslu insanları yalnız bir şey birləşdirəcək: Tələbəlik illərinin həzin xatirəsi...
   
   Məncə artıq anladınız. Yeni layihəmiz "Tələbəlik illəri" adlanır. Ümid edirəm ki, bu xatirələr, bu nostalji hisslər hər bir oxucumuz üçün maraqlı olacaq...
   
   İlk qonağım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Çağırışa qədər Hərbi Hazırlıq Fakültəsinin məzunu, yazar və siyasətçi Şəbnəm Karslıdır.
   
   -Ali məktəbə necə hazırlaşırdınız? Repetitor yanına gedirdiniz yoxsa təkbaşına hazırlaşırdınız?
   
   -Təkbaşına hazırlaşmışam. O zaman dörd fənn üzrə imtahan verməli idik. Ən böyük çətinliyim İngilis dili üzrə idi. Bu günə qədər də ingilis dilini öyrənməyə cəhdlərimi davam etdirirəm. Çox çətin idi məktəbin son illəri. Şükürlər olsun, əyani və dövlət hesabına qəbul oldum. Cəmi on altı yaşım vardı, patokun ən kiçiyi mən idim. Amma çox sevilən və hörmət görən tələbə oldum.
   
   -İmtahan həyəcanı necə yadınızda qalıb? Kəsilməkdən qorxurdunuzmu?
   
   Həyəcan yox idi. Qəbul olacağıma əmin idim. Qəti şəkildə kəsilə bilmə təhlükəsi hiss etmirdim. Ona görə də rahat idim. Hətta yanımda oturan gənc xanıma riyaziyyat fənnindən kömək də elədim. Üç saatı tam şəkildə özümə xərcləsəydim daha yaxşı nəticə göstərə bilərdim məncə.
   
   -Ali məktəbə qəbul olunmaq xəbərini kimdən aldınız və necə qarşıladınız?
   
   -Cavablar jurnalda çap olunurdu. Anam səhər tezdən durub getmişdi TQDK-dan jurnal almağa. Təsəvvür edin, o qədər rahat idim ki, anam jurnalla evə qayıdanda mən hələ yatırdım. On beş yer yazmışdım və on üçüncüyə qəbul olmuşdum. Ona görədə bir elə sevinmədim.
   
   -Hansı Ali məktəbdə təhsil almısınız və ilk dərs günü necə yadınızda qalıb?
   
   - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Çağırışa qədər Hərbi Hazırlıq Fakültəsində bakalavr təhsili almışam. İlk gün anamla getmişdim. İlk dərsimiz Geologiya idi. Mühazirəmizi şair, dosent Oktay Rza oxuyurdu. Gözəl pedaqoq və insan idi. Rüşvətin r-sini yaxınına buraxmazdı. Ona görə də tələbələrin ona xüsusi münasibəti var idi. Oxumayan tələbələr ona dəli kimi, oxuyanlar isə dahi kimi yanaşırdılar.
   
   -Ali məktəbdə ən çox sevdiyiniz müəllim kim idi? Hansı dərsləri sevirdiniz?
   
   - Ən çox sevdiyim müəllimim elmlər namizədi Nurəddin Uluxanlı idi. Hal-hazırda universitetimizin Əcnəbi Tələbələrlə İş üzrə Dekanıdır. İndiyə qədər yolum düşəndə ona baş çəkirəm.
   
   Dərs olaraq isə psixologiya, yaş psixologiyası, pedaqogika və hidrologiya dərslərini daha çox sevirdim. Fiziki coğrafiyaya marağım daha böyük idi. Ona görə də magistr təhsilimi Fiziki Cögrafiya kafedrasında aldım.
   
   -İmtahanları özünüz verirdiniz yoxsa....
   
   - Hər zaman özüm vermişəm, təkcə Bədən tərbiyəsi dərsindən rüşvət vermişəm. O vaxtın pulu ilə "3 şirvan". Normalar anormal idi, təsəvvür edin, kafi qiymət ala bilmək üçün iki metrədən çox tullanmaq lazım idi. Mən hələ də başa düşmürəm ki, bunlar pedaqoq yetişdirirdilər, ya ərəbdovşanı? Daha sonra 100 metrə qaçmaq üçün də az zaman verilmişdi. Qısacası, mənim kimi şəhər qızı üçün keçilməz hədd idi. Nəticədə rüşvət verməli oldum.
   
   - Tələbəlik illəri ilə bağlı ən yaddaqalan xatirənizi bölüşə bilərsinizmi?
   
   - Söz zamanını çəkər deyirlər. On yeddi oktyabr günü idi. Prezident seçkilərindən iki gün sonra. Məlum hadisələr bütün universitetlərdə ajiotaj yaratmışdı. On yeddi oktyabr cümə günü ilk mühazirəmiz Loğman Nəsiblidən idi (Nəsib Nəsiblinin atası). Loğman müəllim auditoriyaya daxil olan kimi başladı Meydanda baş vermiş hadisələri pisləməyə. Dinç əhalinin üzərinə sərt üsullarla müdaxilə edən, seçkini saxtakarlaşdıran tərəfi tənqid edirdi. On beşi gecəsi və on altısı günü hadisələrin mərkəzində olan bir tələbə kimi çox təsirləndim. Müəllimim gözümdə bir anda yüksəldi. Tam bu sırada dekanımız Yavər Əliyev daxil oldu. Universitetin ən aktiv müxalifətçisi mən idim. Gözümün içinə baxa-baxa müxalifətçiləri tənqid, hətta bəzən təhqir edirdi. Ciddi depressiya keçirirdim o zaman. Müəllimimin üzünə baxdım, ondan mədət umurdum o an. Loğman müəllim dekanımı təsdiqləyirdi, düz deyirsiz, düz deyirsiz, deyirdi. Bir anda əsəblərim gərildi, dözə bilmədim. Ayılanda təcili yardım çağırıldığını gördüm. Daha sonra uzun müddət müalicə aldım. 2003-cü ilin hadisələrinin zədəsini dörd il sərasər yaşadım. Hər dəfə həmin müəllimin ikiüzlülüyünü xatırlayanda əsəbləşirəm.
   
   -Hansı dərslərdən qaçırdınız?
   
   - İlk iki il heç dərsdən qaçmamışam. Üçüncü kursda on səkkiz yaşım tamam oldu və siyasi fəaliyyətə başladım. Həmin ildən üçüncü dərslərdən qaçırdım. Sağ olsun müəllimlərim, rektorluqdan yoxlama gəlməsəydi qayıb yazmırdılar. Hamının hörmətini görmüşəm o illərdə.
   
   Bir də məni demaqoq kimi tanıyırdılar. Rüşvətlə ciddi mübarizə aparırdım. Lakin müəllimlərim gizlin dəstək verirdilər mənə. Hamını o zaman rektorun yaratdığı sistem bezdirmişdi.
   
   -Tələbəlik illərinizdə ən çox sevdiyiniz kitab, ən çox sevdiyiniz mahnı, ən çox sevdiyiniz film yadınızda qalıbmı?
   
   - Birinci kursda oxuyanda qrup yoldaşım Sənan Orucov mənə Hikmət Hacızadənin "Demokratiya-Gediləsi uzun bir yol" kitabını hədiyyə etmişdi. Ən çox təsirləndiyim kitab o oldu. Avraam Russonun "Znayu" mahnısı və "A Beautiful Mind" filminin təsiri olub mənə illərdə.
   
   -Tələbəlik illərinizdə sevgi macərası olubmu? O illərin xatirəsini bölüşmək istərdinizmi?
   
   - Çox sevilmişəm, amma universitetdən heç kimi sevməmişəm. Bir xatirə danışım. Birinci kurs iki ay idi başlamışdı. Seminara hazırlaşacaqdım. Çantamdan mühazirə dəftərimi götürüb otağa keçəcəkdim ki, bir cəhrayı vərəqə düşdü arasından. Dayım bizdə idi, vərəqəni o görüb götürdü. Təbii ki, üstündəki kiçik mətni oxudu da. Sonra mənə uzatdı və otaqdan çıxdı. Universitetdə ilk aldığım sevgi məktubu o oldu və məndən öncə dayım oxuduğu üçün bir müddət ondan qaçdım, utanırdım. Məktub müəllifi ilə isə bir neçə gün soyuq davrandım, amma sonra ən yaxşı dostum oldu. Üçüncü kursda başqa qızı sevirdi artıq.
   
   -Sizin üçün seminarlar, yoxsa mühazirələr maraqlı olub?
   
   - Baxır müəllimə. Mühazirə və ya seminar arasında fərq qoymamışam. Müəllimlərim daha önəmli idi.
   
   -Tələbə yoldaşlarınız üçün darıxırsınızmı?
   
   - Çoxu ilə əlaqələrim davam edir. Facebookda danışırıq, zəngləşirik. Darıxmaq üçün səbəbim yoxdur.
   
   - O illəri xatırlayanda ən çox ovqatınızı pozan nə olur?
   
   - Adını çəkməyəcəyim bir xanım müəlliməm vardı, çox sevirdim onu. 2003-cü il prezident seçkilərindən sonra gəlib yaxınlaşdı mənə. Bildirdi ki, müxalifətin namizədinə səs verib. O zamanlar gizli kamera ilə kimin kimə səs verəcəyini çəkəcəklər kimi ajiotaj yaratmışdılar. Xanım müəlliməm dedi ki, ətəyini qaldırıb altında səs verib və kağızı da ətəyinin altında qatlayıb. Bunu eşidəndə xanım-xatınlığı ilə dəyər verdiyim bir qadının bu hala düşməsi məni pərişan etmişdi. O qadını hər gördüyümdə, hər xatırlayanda utanıram.
   
   -Tələbəliyin sonuncu günü xatirinizdə qalıbmı?
   
   - Bakalavrın sonuncu günü diplom müdafiəsi idi. Çoxmaraqlı və həssas anlar yaşayırdıq. Ayrılıq kədərli prosesdir, amma praqmatik adamam. Bu tip hadisələri sentimentallaşdırmıram.
   
   -Yenidən o günlərə qayıtmaq istərdinizmi?
   
   - İstədim, iki il sonra magistraturaya sənəd verdim, qəbul oldum. Amma universitet dəyişmişdi. Daha doğrusu, rektor dəyişmiş və rüşvətlə mübarizə başlamışdı. Çox sakit və səssiz keçirdi imtahanlar. Fərqlənmə diplomu ilə bitirdim və maraqsız gəldi. Qaynar və mübarizə dolu bakalavr illərindən sonra belə bir magistratura illəri dözülməz idi.

TƏQVİM / ARXİV