adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"üçüNCü"NüN TƏHLüKƏSi BÖYüYüR...

BABƏK YUSİFOĞLU
37358 | 2012-10-17 00:36
Dünya ya istəyərək, ya da istəmədən çox təhlükəli mərhələyə yaxınlaşmaqdadır. Əlbəttə, söhbət beynəlxalq aləmdəki hərbi-siyasi gərginlikdən gedir. İndi nüfuzlu politoloqların böyük əksəriyyəti III Dünya Müharibəsinin məhz İslam dünyasından - Suriya və ya İran üzərindən başlaya biləcəyi ilə bağlı açıqlamalar verməkdədirlər. Yəni artıq situasiyanın gizli qalan məqamları belə yoxdur: Suriya konflikti ilə bağlı dünya gücləri artıq iki cəbhəyə bölünərək daha radikal mövqe nümayiş etdirməkdədirlər. Rəsmi Dəməşqi birbaşa müdafiə edən Rusiya, İran və digərləri artıq Əsəd rejiminə son qoyulmasını tələb edən ABŞ-a, Türkiyəyə və Avropa Birliyi ölkələrinə qarşı fəaliyyətə başlayıblar.
   
   Rusiya Cənub sərhədlərinə əlavə əsgəri qüvvə, raket qurğuları cəmləşdirib. Hətta Ermənistandakı hərbi kontingenti də artırıb. Bu günlərdə Rusiyadan Suriyaya uçan mülki təyyarədə qadağan olunmuş yüklərin türklər tərəfindən aşkarlanması və müsadirə edilməsi Moskvanın məsələ ilə bağlı Ankaraya sərt tövr ortaya qoyması, Tehranın da Suriyaya yönəlik siyasətinə görə Türkiyəyə xəbərdarlıqlar göndərməsi situasiyanın son dərəcə mürəkkəbliyindən xəbər verir. Çünki bütün bunların ardınca NATO, eləcə də Vaşinqton Türkiyənin tərəfindən açıqlamalarla çıxış etdilər. Bu da o deməkdir ki, bu nəhəng və təhlükəli oyunun içərisinə Türkiyə də daxil edilib.
   
   Situasiyanın mürəkkəbliyi həm də Tehrana qarşı Qərbin davamlı təzyiqləridir. Belə ki, tətbiq edilən son sanksiyalardan sonra İranda sosial-iqtisadi vəziyyət sürətlə pisləşməkdədir. Avropa Birliyi tərəfindən maliyyə sferasında da qadağalar işə düşüb. Və Avropa banklarına İranın maliyyə qurumları ilə heç bir pul-köçümə əməliyyatlar (humanitar yardımlar, dərman təchizatı və ərzaq daşınmaları istisna olmaqla) aparmasına icazə verilmir. Bundan başqa, İslam Respublikasına maliyyə yardımları göstərən daha 34 İran qurumunun adı da "qara siyahı"ya əlavə edilib.
   
   Gözlənilir ki, yaxın vaxtlarda neftə təlabatının üçdəbirini ödəyən Türkiyə də İran neftindən imtina etsin. Əvəzində Ankaranın Səudiyyə Ərəbistanından neft ala biləcəyi istiqamətində işlər aparılır. Amma Qərbin iqtisadi təzyiqlərinin siyahısı bunlarla da bitmir. Tehranın əksər "oksigen yolları" arda-arda qapanmaqdadır. Və belə gedərsə, çox yəqin ki, ölkə daxilində çox kəskin sosial partlayışlar qaçılmaz olacaq. Artıq bunların təzahürləri özünü büruzə verməkdədir. İran hakimiyyətinin nikbin bəyanatlarına baxmayaraq Cənub qonşumuzda inflyasiya sürətlə artır. Milli valyuta - rial kəskin şəkildə dəyərdən düşməyə başlayıb. Təkcə oktyabrın 1-də rialın dollara nisbətən məzənnəsində 17 faiz ucuzlaşma müşahidə olunub. Mütəxəssislər bu rəqəmi antirekord adlandırırlar. İndi İranbda 1 dollar 35.000 riala bərabərdir ki, bu da ilin əvvəlki göstəricələrindən üç dəfə çoxdur. Və belə hesab edilir ki, ilin sonunadək vəziyyət daha da mürəkkəbləşəcək.
   
   Məhz bu üzdən də politoloqlar hesab edirlər ki, rejim özünü xilas etmək, cəmiyyətin diqqətini daha ağır mexanizmə yönəltmək üçün müharibə bəhanəsini reallığa çevirə bilər. Və bunun üçün "münbit" şərait Suriya problemindədir. Özü də İran çox gözəl anlayır ki, Suriya məsələsində Rusiya kimi nəhəng dövlətlə oxşar mövqeləri paylaşırlar. Bu amil onlar üçün istinad nöqtəsi rolunu oynayır. Üstəlik Çinin də bu məsələdə Qərb siyasətinə qarşı, xüsusilə ABŞ-a qarşı tövrləri Tehrana əlavə stimul verir. Onsuz da bu günlərdə Uzaq Şərqdəki problemlər üzündən Pekin-Vaşinqton münasibətləri ultimativ xarakter almaqdadır. Çin hakimiyyəti Ağ Evə xəbərdarıq edib ki, regiondakı məsələlərə müdaxilə etməsin.
   
   İranın nüvə silahı istehsal etməsinin qarşısını son məqamda müharibə vasitəsi ilə almağa qərarlı olan Vaşinqton və Qərb əraziyə inanılmaz dərəcədə güc yerləşdirdiyi artıq məlumdur. Son məlumatlara görə, hazırda İsraillə ABŞ-ın İslam Respublikasına hücumu üçün bir neçə varinat hazır şəkildə hərbçilərin masası üzərindədir. Sadəcə əmr gözləyirlər. Ekspertlər bu qarşıdurmanı da böyük müharibə üçün digər nöqtə adlandırırlar.
   
   Bütün bunlardan başqa, Bəşər Əsəd təhlükəsini də nəzərdən qaçırmaq olmaz. Belə ki, gün keçdikcə Əsədin də xilas yolları daraldığı üçün o da son variantın işə düşməsi üçün əlindən gələni etməyə çalışacaq. Elə kimyəvi silahlarla bağlı edilən təhdidlər, Türkiyə ərazisinə atılan top mərmiləri və dinc sakinlərin öldürülməsi məhz hadisələrin qloballaşmasına xidmət edir. Bu günlərdə Birləşmiş Ştatlar tərəfindən Suriyaya qonşu ölkələrin, o cümlədən Türkiyə və Qətərin sərhədlərinə xüsusi döyüş qrupları yerləşdirməsi, digər müttəfiq dövlətlər ilə danışıqlar üçün yüksək çinli məmurların səfərləri heç də sıradan hadisələr sayıla bilməz. Belə görünür ki, dünyanın yeni düzəni üçün tərəflər siyasi-ideoloji mübarizəni daha sərt varinatla əvəzləməkdə israrlıdırlar. Bu da istər-istəməz III dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər.
   
   Hələlik meydanda ən çox görünən siyasilər, diplomatlardır. Çox yaxşı olardı ki, məhz onlar getdikcə daha çox böyüyən təhlükəni yoluna qoya biləydilər. Əks halda dövrəyə hərbçilərin girəcəyi qaçılmazdır. Və bu da yer üzünə daha dəhşətli fəlakətlərin, faciələrin, qorxunc nəticələrin gəlməsi deməkdir.

TƏQVİM / ARXİV