USTAD

VAQİF YUSİFLİ
30362 | 2015-09-05 02:50
Miladdan qabaq, IV əsrdə Afina şəhəri yaxınlığındakı bağların birində yunan filosofu Platon bir məktəb təsis edir və onun adını AKADEMİYA qoyur. Sonralar bu ad öz ilkin mənasını daha da genişləndirir, elm və sənətləri inkişaf etdirmək məqsədilə yaradılan müəssisələr, yüksək ali təhsil verən məktəblər də akademiya adlandırılır. Bir sözlə, indiki anlamda Akademiya elm və sənət adamlarının ən yüksək səviyyəsini, ali dərəcəsini, cəmiyyətin idrak, zəka poliqonunu təşkil edən birlikdir. Yəni Akademiyaya seçilən insanlar adi adamlar deyillər, elmin ən yüksək zirvəsini fəth edən insanlardır.
Mətləbi çox uzatmıram və yaxından tanıdığım bir insanın - Bəkir Nəbiyevin - elmimizin ağsaqqallarından birinin həyatı və yaradıcılığı timsalında AKADEMİK obrazı ilə sizi tanış etmək istəyirəm.
Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəlib. Onun həyatında uşaqlıq və gənclik illəri heç də şən və fərəhli keçməyib. Bir tərəfdən atasının müharibədən əvvəl həbs olunması, repressiya qurbanına çevrilməsi, bir tərəfdən də ağır müharibə illəri B.Nəbiyevin həyatında acı xatirələr oyadıb.
"1937-ci ildə atamı və əmimi həbs etdilər və atamın mənimlə lap təzəcə başladığı Quran təlimi yarımçıq qaldı. Arxangelskdə, Komidə "cəzasını" çəkən atam taleyinə düşən işgəncələrə dözməyib 1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olmuşdur. Repressiya qurbanı olmuş əmim də 10 il Uzaq Şərqdə "cəzasını" çəkəndən sonra 1947-ci ildə əldən düşmüş halda vətənə qayıtmış, bir müddət sonra kəndimizdə vəfat etmişdir".
Atasının "xalq düşməni" kimi "Gedər-gəlməzə" göndərilməsi cavan Bəkirin həyatının ən vacib anlarında peşman vəziyyətində qoyur. Orta məktəbdə əla oxuyan, kamal attestatı imtahanlarında da "əla" qiymətlər alan Bəkir "xalq düşməni"nin oğlu olduğuna görə qızıl medaldan məhrum olunur, ADU-da filologiya fakültəsində oxuyarkən "Stalin təqaüdü" almalı ikən Xüsusi İdarədən göndərilən arayış nəticəsində bu məsələyə də veto qoyulur. 1954-cü ildə Universiteti bitirir, sevimli müəllimlərinin məsləhətilə aspiranturaya daxil olmaq üçün üç il cəhd göstərir, yalnız atasının bəraət kağızını alanda - 1957-ci ildə arzusuna çatır.
Bu insanda ən birinci məziyyət mən deyərdim, onun böyük zəhmətsevərliyidir. Təsəvvür edin, ata yox, müharibənin ağır illəri, gün-güzəran çox çətin, ailə təkcə ana umuduna qalmasın deyə, on beş yaşlı Bəkir Ağdaş radio şəbəkəsində diktor işləyir. Orta məktəbi bitirər-bitirməz Ağdaşın özündə müəllimlik edir (o zaman müəllim qıtlığı üzündən orta məktəbdə yuxarı siniflərdə oxuyan şagirdlər və məktəbi bitirən məzunlara müəllimlik etməyə icazə verirdilər), Tələbəlik illərində isə Bakıdakı orta məktəblərin birində ədəbiyyat müəllimi işləyir. Aspiranturaya daxil olana qədər də işsiz qalmır, "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi kimi fəaliyyət göstərir, aspiranturaya daxil olandan sonra da bir müddət "Kommunist" qəzetində mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışır. Və bu illər ərzində qəzet və jurnal səhifələrində resenziya, rəy, publisistik məqalələri ilə çıxış edir. Nəhayət, sevimli müəllimi M.A.Dadaşzadənin məsləhətilə redaksiyadakı işiylə vidalaşıb Nizami adına Ədəbiyyat İnstitutunda işə düzəlir.
Gələcək akademik Bəkir Nəbiyevin böyük uğurları da məhz bu müqəddəs ocaqdan-Ədəbiyyat İnstitutundan başlayır. O, bu elm ocağında "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alır. Bu institutda kiçik elmi işçi vəzifəsindən direktorluğa qədər böyük bir yol keçib Bəkir müəllim.
Zaman hər şeyi öz yoluna qoyur. Bir vaxtlar "xalq düşməni"nin oğlu kimi sıxışdırılan Bəkir Əhməd oğlu Stalin rejimi çökəndən, ölkədə demokratik ab-hava bərpa edildikdən sonra öz zəhmətsevərliyi, elmə olan fanatik məhəbbəti sayəsində çox sürətlə bütün titulları qazanır-1970-ci ildə elə Nizami adına Ədəbiyyat İnstitutunda "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülür. O, 1971-1987-ci illərdə Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində çalışır, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilir. Bəkir müəllim 1987-ci ildən Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi vəzifəsində çalışır, nəhayət, 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olur.
Bu yazıda akademik Bəkir Nəbiyevin çoxcəhətli fəaliyyətini tam və dolğunluğu ilə əks etdirmək üçün çox geniş bir siyahı təqdim etmək lazım gələrdi. Onun istər sovet dövründə, istərsə də müstəqillik dönəmində layiq görüldüyü yüksək fəxri adlara, mükafatlara layiq görülməsini, ("Şöhrət" və "İstiqlal" ordenləri, iki dəfə Respublika Dövlət mükafatı laureatı ilk sırada), müxtəlif illərdə Azərbaycandan xaricdə elmimizi təmsil etməsini, beynəlxalq konfranslar və simpoziumlarda Azərbaycan humanitar elmlərini təmsil etməsini, Azərbaycanda keçirilən çoxsaylı yubiley təntənələrində və Yazıçılar İttifaqının qurultay və müşavirələrindəki sanballı çıxışlarını, Ədəbiyyat tarixi nəşrlərinin, klassiklərin əsərlərinin çapa hazırlanmasındakı səmərəli fəaliyyətini və təşkilatçılıq fəaliyyətini, ən başlıcası isə elmi kadrların yetişməsindəki daimi missiyasını olduğu kimi əks etdirsək, doğrudan da, bir alim ömrünə qibtə edərik.
Akademik Bəkir Nəbiyevin obrazı ilk növbədə, onun altmış il ərzində yazdığı, çap etdirdiyi yüzlərlə məqalələrində (onları janrına görə qruplaşdırsaq, yenə də çoxsaylı bir mənzərə ilə qarşılaşarıq: resenziya, rəy, məqalə, çıxış, açıq məktub, ədəbi portret, məruzə, icmal, problem məqalə, oçerk, polemik yazı, yubiley məqaləsi, yol qeydləri, monoqrafiya.
O, hərtərəfli alim idi, yəni məşğul olduğu elm sahəsinin yalnız bir sahəsi, bir dövrü ilə deyil, bütün sahələri və inkişaf mərhələləri ilə maraqlanır və bu maraq dairəsi onu göstərir ki, ədəbiyyat elmi təkcə klassikadan və təkcə müasir dövrdən ibarət deyil. Bəkir Nəbiyev əxlaqi və estetik məziyyətlər xəzinəsi olan "Kitabi-Dədə Qorqud"dan da eyni məhəbbətlə yazır, müasir nəsrimizin istedadlı nümayəndələrindən biri olan Elçinin yaradıcılığından da. O, şeirimizin müdrik babası dahi Füzulinin "Hədiqətüs-süəda"sından, aşiqanə qəzəllərindən, təxmislərindən söz açır, Aşıq Ələsgərdən, Şuşa ədəbi mühitindən, Azərbaycan ədəbiyyatında qürbət lirikasından bəhs edən məqalələr çap etdirir, eyni zamanda bədii tərcümənin problemlərindən danışır. O, "Cənubdan səslər" silsiləsində M.Şəhriyarın, Həbib Sahirin, Əlirza Oqtayın yaradıcılığını tədqiq edir, eyni zamanda, Fikrət Qoca, Hüseyn Kürdoğlu, Zəlimxan Yaqub, Çingiz Əlioğlu kimi müasir şairlərin poeziyasına münasibətini bildirir. Bəkir Nəbiyevin F.Köçərli, Ə.Cavad, A.Yıldırım, X.Rza Ulutürk yaradıcılığı haqqında monoqrafiyaları var, ümumiyyətlə Azərbaycan ədəbiyyatının elə görkəmli bir şəxsiyyəti yoxdur ki, B.Nəbiyev onun haqqında nəsə yazmasın. Belə deyək ki, Nizamidən tutmuş müasir Azərbaycanın gənc şairlərinə qədər. Və məndə belə bir qənaət yarandı ki, Bəkir Nəbiyevin bütün məqalələri və monoqrafiyaları bir yerə cəm olsa, bəzi istisnalarla bir neçə cildlik "Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" yaranmış olar.
Əlbəttə, bu yazıda Bəkir Nəbiyevin çoxcəhətli elmi-tənqidi yaradıcılığı haqqında təfərrüatı ilə söz açmağın qeyri-mümkünlüyünü duyuram. Ancaq bir tənqidçi və ədəbiyyatşünas kimi Bəkir Nəbiyevi səciyyələndirən bəzi məqamlar üzərində dayanmaq istəyirəm.
1.Bəkir Nəbiyev - ədəbiyyat tarixçisi kimi. Mən burada "ədəbiyyat tarixçisi" yerinə "ədəbiyyatşünas" yazmaq istədim. Ancaq hər ədəbiyyatşünas ədəbiyyat tarixçisi olmur. Bu, yalnız ədəbiyyatı dərindən düşünən, ədəbiyyatı bütün aspektlərdə tədqiq etməyi bacaran alimlərə xas olan keyfiyyətdir Ədəbiyyat tarixçisində isə bir çox keyfiyyətlər birləşir. Deyək ki, F.B.Köçərliyə, Y.V.Çəmənzəminliyə, Həmid Araslıya, M.Arifə, Məmməd Cəfərə, Feyzulla Qasımzadəyə, Mir Cəlala, M.Quluzadəyə, K.Talıbzadəyə, Ə.Mirəhmədova, Y.Qarayevə biz ilk növbədə, ədəbiyyat tarixçisi kimi qiymət verməliyik. Bəkir Nəbiyev də bu sırada özünəməxsus yer tutur. Öncə qeyd etdik ki, onun bütün əsərlərini bir yerə cəm etsək, bir neçə cildlik "Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" hasil olar. Yəni Bəkir müəllimin elə məqalələri var ki, onlardan ədəbiyyat tariximizin ayrı-ayrı fəsilləri kimi istifadə etmək olar. Səbəbini təkcə bununla izah etmək olmaz ki, Bəkir müəllimin bu yazılarında ədəbiyyatımızın bütün dövrləri və ədəbi şəxsiyyətləri öz əksini tapıb, həm də bu, onunla əlaqədardır ki, B.Nəbiyev ədəbiyyat tarixçiliyi kontekstində düşünür. Bu isə o deməkdir ki, o, ədəbiyyat tarixinin keçmişi ilə bu günü arasında qırılmaz bir əlaqə və bağlılıq görür, ədəbiyyatımızı yalnız milli-regional müstəvidə deyil, həm də Şərq və dünya ədəbiyyatı kontekstində qiymətləndirməyə çalışır. Ədəbiyyat tarixçisi faktlara, məxəzlərə, qaynaqlara nüfuz etməyə çalışır, arxivlərdə işləməyi bacarır və s. Bəkir müəllim bu sırada ilk təşəbbüsü ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" olubdur, o, bu kitabın əsas redaktorlarından və bir neçə oçerkin müəlliflərindən biridir. Sovet dövründə yazılmasına və bir sıra ideoloji təsirlərə uyğunlaşmasına baxmayaraq bu ikicildlik indi də öz elmi sanbalı ilə seçilir. Bəkir Nəbiyevin "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasının birinci hissəsini elə indinin özündə də heç bir düzəlişə və təshihə ehtiyac duymadan XX əsr sovet dövrü ədəbiyyat tariximizin 1941-1945-ci illər bölməsinə daxil etmək olar.
2.Bəkir Nəbiyev - klassik ədəbi irsimizin tədqiqatçısı kimi. Bəkir Nəbiyevin ilk monoqrafik tədqiqatı görkəmli Azərbaycan tənqidçisi F.Köçərlinin həyat və yaradıcılığına həsr olunmuşdur. O Köçərlinin ki, ədəbiyyat tarixçiliyimizin sözün əsl mənasında təməlini o qoymuşdur. O Köçərlinin ki, M.F.Axundovdan sonrakı ədəbi tənqidimizin və ədəbiyyatşünaslığımızın ən görkəmli nümayəndəsidir. Elə bir tənqidçinin ki, müasiri olan yazıçılar öz əsərləri barədə ilkin rəyi ondan eşitmək, öyrənmək istəmişlər. Elə bir Azərbaycan ziyalısının ki, o, Qori müəllimlər seminariyasının ilk müdavimlərindən biri olmuş, öz elmi-pedaqoji fəaliyyətilə müasirlərinin xatirində dərin izlər buraxmışdı. Sonralar Qoridən ayrılan Azərbaycan bölməsini o, Qazaxda ayrıca bir seminariyaya çevirmişdi. Və o Köçərlinin ki, 1920-ci ildə erməni daşnakları tərəfindən Gəncədə qətlə yetirilmişdi.
B.Nəbiyev F.Köçərlinin ədəbi-tənqidi irsini, pedaqoji fəaliyyətini tədqiq edərkən onun yaradıcılığını çoxəsrlik Azərbaycan ədəbiyyatı ilə bağlayır, buna Köçərlinin "Azərbaycan ədəbiyyatı" tədqiqatı haqq verir. B.Nəbiyevin monoqrafiyasını oxuduqca biz sanki F.Köçərli ilə bərabər Tiflis, Gəncə və Bakı şəhərlərində gəzib dolanır, Azərbaycan ədəbiyyatına dair zəngin məlumatlar toplamaq üçün arxivlərə, kitabxanalara baş vurur, dövrün tanınmış ziyalıları ilə görüşür, məktublaşır, yeni nəşr edilən əsərlərə qiymət verir, onların bədii məziyyətləri haqqında söz açır, qüsurlarını çəkinmədən söyləyirik.
Klassik irsə məhrəm münasibətini biz Bəkir müəllimin "Nizami və Gəncə", "Möcüzənin bayramı" (Yunis İmrə), "Şeirimizin müdrik babası" (M.Füzuli), "Rus poeziyasının günəşi" (A.S.Puşkin), "F.M.Dostoyevskinin əsərləri Azərbaycan dilində", "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" və onlarla digər məqalələrində izləyə bilərik. Lap bu yaxınlarda Ədəbiyyat İnstitutunun Elmi Şurasında Bəkir Nəbiyev Nəsiminin bir qəzəli ilə əlaqədar ("Yanarəm eşqindən, axar gözlərimdən yaşlar...") otuz dəqiqə məruzə etməsi yadımdadır.
3.Bəkir Nəbiyev tənqidçi kimi çox fəal idi.
B.Nəbiyev də həmişə ədəbi həyatla, canlı ədəbi proseslə yaşayan tənqidçi olmuşdur. Son əlli ilin oxucu rəğbətini qazanan elə bir şeir, nəsr nümunəsi yoxdur ki, onun haqqında çox zaman ilkin sözü tənqidçi Bəkir Nəbiyev söyləməsin. Müasir ədəbi proses çox çətin və mürəkkəb bir sahədir - Bəkir müəllim isə həmişə öz ağlı, iradəsi və ən başlıcası, ədəbiyyatı, tədqiq etdiyi əsəri (və əsərləri) incəliyinə qədər duyması ilə bu mürəkkəblikdən baş çıxara bilir. Onun tənqid etdiyi yazıçılar da olub, tərif etdiyi də. Tənqidlərində həmişə çalışıb ki, söhbət açdığı yazıçının şəxsiyyətinə xələl gətirən bircə kəlmə də işlətməsin, tərif və təqdir etdiyi yazıçını da bəzi həmkarları kimi ərşi-əlaya qaldırmayıb. Tutaq ki, o, Süleyman Rəhimov kimi qüdrətli bir sənətkarın irihəcmli bir romanını tənqid edibsə, bütün bu tənqid və iradlar ədəbi etika daxilində söylənilib. Bəkir Nəbiyev elə tənqidçilərdəndir ki, onunla müəyyən bir ədəbi problemə münasibətdə polemikaya da girmək olar və o, bundan inciməz.
... Bu yazını başa çatdıranda "Akademik Bəkir Nəbiyev-80" soraq kitabına baxdım. Hörmətli akademik haqqında müxtəlif illərdə onun ustadlarının, əməl və məslək dostlarının fikirləri ilə tanış oldum. Ürəkdən söylənilən nə qədər təriflərlə qarşılaşdım. Halal ömrün halal tərifləridir, - dedim və o yazılardan ürəyimə yatan, fikirlərimlə həmahəng olan birini seçdim, Xalq yazıçısı Elçinin bu sözləriylə yazıma xitam verdim: "Bəkir Nəbiyev əllinci illərdən tutmuş bu günə qədər Azərbaycan ədəbi prosesinin ən fəal və aparıcı nümayəndələrindən biridir.
Bəkir Nəbiyevin yaradıcılığına xas olan o çoxcəhətlik, qəribədir, onun şəxsiyyəti, xasiyyəti üçün də səciyyəvidir: bir tərəfdən Azərbaycan ziyalılığının ənənələrini davam etdirən təmkinli, mötəbər bir qələm sahibi, o biri tərəfdən də yeri düşəndə xeyir işlərdə, toyda-düyündə (həmişə də bir cavanlıq şövqü ilə!) rəqs edən, yenə də yeri düşəndə duzlu zarafatından qalmayan nikbin bir adam, bəzən də hansı bir itkidənsə, bəd hadisədənsə kədərlənmiş, kövrəlmiş, bədbinləşmiş bir Allah bəndəsig
Bir sözlə, canlı bir insan".

TƏQVİM / ARXİV