adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İŞIĞIN RƏNGİ

MƏMMƏD DƏMİRÇİOĞLU
22678 | 2015-09-05 02:15
... Məclisə gələn çaylar piyalələrin içindəcə soyumuşdu. Məclis əhli sirlər aləmindəydi. Mürşidlərin kəlamları o qədər kamil, söhbətlər o qədər maraqlı idi ki, çay içməyi unutmuşdular.
Müridlər də bu sehrli aləmə varid olduqlarından suallar verməyi belə unutmuşdular. Məclisə sükut çökmüşdü. Mahmudu xəyalları bir anlıq uzaqlara apardı ...
Mahmud Qərani, ilk təhsilini atası Veysəl Qəranidən almış, elə atasının tövsiyəsi ilə Şəkinin Kiçik Dənə kəndindəki irşadçılıq fəaliyyəti göstərən ruhanilik camiəsində ilk təhsilinə başlamışdı. Eşqin uca məqamına qədəm qoyaraq, mürşid axtarışına çıxmış, Mir Həmzə Nigarı həzrətlərini deyib, Cecimli kəndinə gəlmişdi. Camalından və amalından xoşlanan Pir həzrətləri, onu bir neçə kəlmə ilə imtahan etmiş, ədəbindən və ərkanından xoşu gəlmişdi. Oğlu Siracəddinlə həmyaşıd olan Mahmudu oğlundan seçməmiş, fəhminə və fərasitinə aşiq olmuşdu.
Bu gün, Mürşidinin, - Pir həzrətlərinin müxtəlif diyarlardan gəlmiş dostlarının cəm olduğu bu Ariflər məclisi onu heyran etmişdi. Hər mürşid öz nurlu camalıyla, türlü kəlamlarıyla könülləri işıq selinə qərq edir, ruhları cezvə gətirəcək qəzəlləriylə könülləri oxşayırdılar.
Müxtəlif bölgələrdən elmi-kamal olmağa gəlmiş yeniyetmə müridlər, xalılar döşənmiş geniş otağın orta hissəsində dövrə quraraq oturmuşdular. Mürşidlərlə üzbəüz oturmuş yeniyetmə müridlər Ariflərin hər kəlməsini su kimi içirdilər.
Mahmud araya çökmüş sükut ərzində atası Veysəl Qəraninin, onu yola salmazdan öncə söylədiyi nəsihətləri xatırladı:
"Ey oğlum Mahmud, qarşında geniş səmalar açılır, mübarək yollar uzanır. Mən səni öz canımdan, qanımdan bəhrələndirdim, könlümün nurunu axıtdım könlünə, Dinimizin əxlaqımızın tükənməz ümmanlarından zərrələr bəxş edib, göndərirəm özün baş vuracağın yeni dəryaların, ümmanların qoynuna. Unutma ki, Uca Allahımız buyurub:

Fani göz cəlalı tanıya bilməz,
Kor ol ki, cəlalım görünər sənə.
Lal ol, Məni dinlə, Zahid olarsan,
Kar ol ki, avazım bürünər sənə.

Bir gözünü yum ki, Tamaha uyma,
Gül üstdə bülbülün amalını gör.
Səmavi göylərdə əbədiyaşar
Cananın müqəddəs camalını gör.

Yüz min mənəvi dil bir sözü səslər,
O sözlə min məna açılar sənə
Məşuqun o yara salavat çevir
Məkansızlıq açar qapılar sənə.

Güvənlik içində lalə bağrı ol
Pöhrələn bir eşqin ahıllığında.
Səməndər quşu tək dolanacaqsan
Səmavi cənnətin yaxınlığında.

Məni sevməlisiz mən sevən kimi,
Mənim sevdiyimi pisləmək olmaz.
Allah istəmirsə siz istəyəni,
Allahdan hər şeyi istəmək olmaz.

Gəlin eyləməyin munuisi məyyus,
Xətadan-bəladan ötə bilərsiz.
Tövhid kəlməsini dilə gətirin,
Müqəddəs məqama yetə bilərsiz.

Allahı sevməsə güvənə bilməz,
O eşqin sultanı pür kamalına.
Əsib kül ələyər fani küləklər,
Ruhani Qulamın gül camalını.


Sidq ilə arzula, olar məkanın
Sidrətül-Müntahda Hürrün hücrəsi.
Əgər vəfan yoxsa görünməz sənə,
Camali -Vəfanın zümrüd zirvəsi.

Dürüst adamlarla ünsiyyət eylə
Könlün pasdan çıxar, dəmin artırar.
Allahın dostuyla ibadət eylə,
Şər adam söhbəti qəmi artırar.

Mömin ol, ölməzlik badələrini
Əbədiyyət adlı saqidən dilə.
Uçun pərvanə tək, dolanmaq üçün
Ruhil-Qüds feyzində yanan qəndilə.

Tanrı hüzurunda yoxdu sirrimiz,
Aşgarın ol Lövhi-Məhvuzundasız.
Bütün günahlara, savaba görə,
Zəbərcədilövhün hüzurundasız.

Gözəl söz söylə ki, hikmət nuru tək
Saçıl könüllərin gül cəlalına.
Məhbub hüzurunda təmiz əməl tək
Hörmət qazananın nə xoş halına.

Tanrıya sadiq ol, məkanın olar
Zamanın mübarək məqbərələri
Səni süfrəsinə dəvət eyləyər,
Bəqa şəhərinin əshabələri.

Tanrı dostusansa səmalardasan,
Qəflət hicabını üzündən götür.
Ürəyin yandısa, dirlik suyunu
Zəmzəm bulağının gözündən götür.

Bu kəlamları söyləyən atasının səsi hələ də qulaqlarından getməmiş, xəyallarda bulunarkən təkrar-təkrar qulaqlarında səslənərdi...
Araya çökmüş ani sükut pozuldu. Bütün nəzərlərin ona dikildiyini hiss edən Pir həzrətləri, yarıyumulu gözlərini açmadan əllərini ipək qədər yumşaq saqqalına çəkərək Hz. Peyğəmbərimizin (s.ə.s) gül camalına bir salavat çevirdi. Sakit və həlim bir səslə söhbətə başlamazdan öncə, hər kəlməsinin başında Allahı zikr edən Pir həzrətləri, "Allah, Allah, Allah - deyərək, bu beyti söylədi:

Həmdi-Mövla Sirati-Müstəqimdir məsləyim,
Kim təriqi-Mustafa, rahi-Xudadır mənzilimg
(M,H. Nigari)

-Öz varlığımızı haqqın varlığında yox etmədən haqqın varlığını dərk edə bilmərik, - deyərək hədislər söyləməyə başladı. - Haqqın kitabına, Uca Allahı qəlbdəcə, səssizcə zikr etməklə varid olar, bəşəri istəklərdən qurtulmaqla, fani olan hər dünya malından imtina etməklə İlahi qüdrətə və gözəlliyə yön ala bilərik. İlahi hidayətə, kəramətə sahib olmaq üçün gerçək bir Qul olmağı bacarmalısan ki, Allahın təqdiri ilə hikmət xəzinəsindən damlalara sahib olasan. Bununçün nəinki Haqqın dostu olmalı, eyni zamanda insanlığın dostuna çevrilməlisən. Hz.Mövlanənin sözü ilə desək, "Haqqın nuru ilə baxan insan zərrədə əbədiyyət, sonsuzluq günəşini görər, bir damlada bütün dənizi seyr edərg"
Aramla danışan Higari, nəfəsini dərirmiş kimi azacıq fasilə etdi. "Ancaq Allahın zikrilə qəlblər rahatlıq tapar" - deyərək, aşağıdakı beytləri söylədi:

Avarə gəzər gönlüm, gönlümə nə çarəm var?
Bağrımı əzər gönlüm, gönlümə nə çarəm var.

Aram eyləməz bir dəm, aşüftə gəzər hər dəm
Canımı üzər gönlüm, gönlümə ne çarəm var?

Ey Mir Nigari gər pinhan iderem amma
Dildari sezər gönlüm, gönlüme ne çarəm var?
(M.H.S. Nigari)

-Eşq, bizi Alla doğru qanadlandıran səmavi quşdur. Bu səmavi quşun yuvası mübarək könüllərdir. Eşq qoxusu gəlməyən könüllərdə gülşənlər bitə, qəlblərdə ilahi feyzin bərəkət nəqşi ola bilməz. Eşqin qanadlarında uça bilməyələr ol haqqın dərgahına yetişə bilməz, öz aləmi olmayanlar öz ruhlarının dərinliklərinə, bu dərinliklərdəki hikmətlərin qapısından içəri daxil olmağı bacarmazlar.

Bəxtim bana üz verdi, şərabdarə yetişdim,
Öpdüm ayağın, kaseyi-sərşarə yetişdim.

Hər şamü səhər kaseyi-sərşar ilə ömrüm
Sərməst keçib, badeyi-əsrarə yetişdim.

Nəqqaşi-əzəl çəkdi bənim nəqşimi aşiq,
Bu rütbeyi-həq dad ilə didarə yetişdim.

"Ateşi mihr-i ebed sineden eksik olmaz,
Çünki ferman-ı İlahi ile yanmış bu ocaq".
(M.H.S Nigari)

Pir həzrətlərinin xoş avazından, hikmətlərlə dolu kəlamlarından sərxoş olmuş Mahmud Qərani yoxluqların ağuşuna qərq olur, öz aləmində bulunurdu.
Seyid Nigarinin hər kəlməsi müridlərlə bərabər Arifı-Mürşüdləri də feyzə gətirirdi.

Hopurdu könüllərə Sevdalı nəğmələr tək
Dillərdə oxunurdu Nigarının kəlməsi.
Necəki oxuyurdu Əhədiyyət bülbülü
Qövsiyyə bağlarında Əbədiyyət nəğməsi,

Zikr edirdi Nigarı başdan-başa nuruydu,
Üzündə Allah eşqi təcalla eylərirdi.
Hər gözə görünməyən xəlvəti bir yoluydu
Göydən yerə enirdi, yerdən göyə dəyirdi.

Eşq ilə ol, eşq ilə! Haqqa varan yolları
Allah nurundan yarat Qəlbinin lövhəsində.
Bülbül ol vurul gülə, çiçək üstə ol arı,
Yoxluqlar aşkarlanar könüllərin səsində.

Yeddi yol ayrıcında haqqa varır yeddi yol
Qoşul irfan əhlinə, doğru yolu salamla .
Bir "Sübhan Allah" ilə, birdəki səbrinlə ol,
Yeddi yolu açarsan "Səbr" adlı kəlamla.

Eşq Allahın nurudu, hər zərrədə eşqi gəz
Eşqin nurundan gəlir zülmətləri yaran yol
Eşq ilə dindirməsən, könül rübabı dinməz,
Eşqin nurundan bular, könüllərə varan yol.

Bu dünya camalından gözün, könlün pay ummaz.
Fikrində, zikrindəsə Allah, Allah kəlməsi.
Bəsirət gözləriylə var olana baxılmaz,
Adi qulaq eşitməz qeyibdən gələn səsi.

Görünəndi bu fani, ömrü bir an, bir ani
Ey dost axtar özünü mənalar dünyasında.
Həqiqət nəğməsini oxuyur bir ruhani,
İrfanın səmasında, Rəhmanın səbasında.

Zikr edirdi Higari...

O, Nəqşibəndiliyə uzanan yolların məqamlarına işıq salaraq bu yola yön almış müridləri bu yolun ədəb qaydaları ilə tanış edirdi:
"Vukufi zamanı": Mənəvi yolçuluğa çıxmış müridin keçən zamanı həmişə dəyərləndirməsi, ona sahib çıxmasıdır. ..
"Vukufi ədədi": Mürid verilən dərsin sayından xəbərdar olmalıdır.
"Vukufi qəlbi" (qəlbi oyaq tutmaq): Zikr edərkən tamamilə Allaha bağlanmaqdır. ..
"Huş dər deləm" (nəfəs alarkən qəflətdə olmamaq): "Huş" ağıl, "deləm" isə nəfəs deməkdir...
"Nəzər bər qədəm" (ayağa baxmaq): Yeriyərkən önünə baxan adam dünya malına aludə olmaz, ətrafa baxıb dalmaq qəlbi pərdələyər

"Səfər dər vətən" (haqdan haqqa səfər): İnsanın pis əməllərdən, bəşəri sifətlərdən gözəl əməllərə, insani sifətlərdən məsləki sifətlərə səfər etməsi, əxlaqi kamilliyə qovuşmasıdır...
"Xəlvət dər əncüman": Cəmiyyət içərisində olsa belə özünü Allahın hüzurunda təkbətək hiss etməkdir... "Yadgerd" (zikr etmək): Səssiz şəkildə qəlb ilə Allahı zikr etməyə çalışmaqdır.
"Bazgeşt"(dönüş): Dili ilə Allahı zikr edərkən qəlbində "ilahi əntə maksudi və rızaukə mətlubi", yəni "Allahım, dilədiyim sənsən, istədiyim də sənin varlığın" cümləsinin mənasını düşünməkdir.
"Teqahdaşt" (mühafizə, qorunmaq): Zikr edənin qəlbinə sahib olub bu dünyaya aid şeyləri qəlbindən çıxarmağa çalışmasıdır.
"Yaddaşt" (yad etmək) : Bütün varlığı ilə Allahı düşünməyə çalışmaq, hafizədə dünyaya aid şeyləri unutmaqdır.
Əlvan xalının üstündə bardaş qurmuş Mir Həmzə Seyid Nigari həzrətləri nur içindəydi. Ətrafında bərq vuran haləsi ona heyranlıqla qulaq kəsilmiş müridlərinin könül dünyasını kah-kəşana döndərmişdi...




TƏQVİM / ARXİV