HEÇ KİM BİRDƏN ÖLMÜR

FAİQ QİSMƏTOĞLU
78022 | 2015-09-05 02:07
Ölüm haqdır. Və Allah-Təalanın bu əmrindən heç kəs çıxa bilməz. Çünki insan dünyaya gəlməmişdən əvvəl onun alın yazısı olur və bu alın yazısına uyğun da günlərin birində ömrünü tamamlayır. Bir qədər kədərli və pessimist ovqatda olsa da bu məsələlərə bir az dərindən və ətraflı yanaşmaq istəyirik. Ölümünü fikirləşməyən adam çox dayaz və dar düşüncəli insandır. Dünyanın harasında olsan belə və günlərin birində Əzrayıl sənin yaxandan mütləq yapışacaq. Ancaq Əzrayıl yapışana qədər sən Allah-Təalanın verdiyi ömrü elə yaşamalısan ki, sorğu-sual ediləndə cəhənnəm əzabına düçar olmayasan.
Biz heç vaxt bir çox mətləblər haqqında dərindən düşünmürük. Deyirlər ki, filankəs qəflətən dünyasını dəyişib və hamı da məəttəl qalır ki, balam, filankəs top kimi adam idi, ona nə oldu birdən-birə yıxılıb öldü. Amma heç kəs fikirləşmir ki, o filankəsin ürəyinin dərinliyində, qəlbinin içində hansı dərd, hansı kədər illərlə yığılıb qalır. İllərlə yığılıb qalan o dərd, o kədər günlərin birində götürüb insanı düz aparır Allahın dərgahına.
Biri toyda oynayanda, biri şənlənəndə, biri də sükanın arxasında bir də görürsən ki, qəfil ürəyi dayanır. Təəccüblüdür, axı bayaq dediyimiz kimi, o adamların çoxunun yanağından qan damır və ağlına belə gəlmir ki, xəstələnib dünyasını qəfil dəyişə bilər. Amma ağlımıza gəlməyən çox vaxt da başımıza gəlir. Burda biz insanların hər birimizin səhhətimizə laqeydliyi də var. Normal insan heç olmasa ildə bir dəfə müayinədən keçməlidir. Biz nəinki ildə bir dəfə, heç üç ildə, beş ildə bir kərə zəhmət çəkib özümüzü müayinə elətdirmirik. Onda ayılırıq ki, iş işdən keçib, ya infarkt olmuşuq, ya da daxili orqanlarımız sıradan çıxıb.
Mənim bir həkim dostum vardı, Allah rəhmət eləsin, dünyasını dəyişib, o adam yox idi ki, onun xəstəliyinə əlac tapmasın və kömək eləməsin. Amma özü bir dəfə ürəyi ağrıya-ağrıya nə kardeoqramma elətdirdi, nə də digər müayinələrdən keçdi. Səhər yuxudan ayılanda yoldaşı görüb ki, onun rəngi sapsarıdı. Deyib həkim çağırım, sənə baxsın. O başını bulayıb və susub. Həyat yoldaşı təcili yardıma zəng edib, onu Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya gətiriblər. Vəziyyəti ağır olduğundan xəstəxana da qəbul etmirmiş. Kimlərinsə zəngindən sonra onu qəbul edirlər və ağır infarktdan sonra ürəyinə stendlər qoyurlar. Bu stendi qoyandan sonra cəmi 4-5 saat yaşayır və dünyasını dəyişir.
Sumqayıtda da bir həkim tanışımız vardı. O da hamıya əl tutardı və kömək eləyərdi. Bu yaxınlarda qohumlardan biri onun yanına getmək istəyib. Müalicə almağa çalışıb, ancaq eşidib ki, mədə-bağırsaq üzrə gözəl mütəxəssis olan həkim ürəyindən qəfildən dünyasını dəyişib. Görün ha, həkim olasan öz səhhətinə bu qədər biganə qalasan. Bəs onda adi insanlar öz səhhətinə biganə qalanda vəziyyət necə olur?! O da çox pis. Bəziləri savadsızlığından, bəziləri də maddi imkansızlığından uzun illər ağrı-acılar yaşasalar da müayinəyə getmirlər. Deyirlər ki, Allahın verdiyi ömürdü, harda bitdi-bitdi. Mənim bir dostum var, həmişə də ürəyindən şikayətlənir. Deyirəm ki, Allah köməyin olsun, bir dəfə həkimə get, müayinə ol, gör dərdin nədi. O isə əlin yelləyib deyir:
- Ölsəm də həkimə gedən deyiləm. Allah-Təala hansı ömrü yazıbsa, onu da yaşayacam. Həkimə getsəm, müayinədən keçsəm yüz xəstəlik tapacaqlar. Pulum da yoxdur ki, özümü müalicə elətdirim. Elə fikir-xəyaldan birtəhər olacam. Yaxşısı budur heç nədən xəbərim yoxdur və öz ömrümü yaşayıram.
İstedadlı şair Əlisəmid Kürün bir şeiri var: "Adam cibindən üşüyür". İnsan doğrudan da pulu olmayanda, imkanı çatışmayanda canını qoymağa yer tapmır. Pulu və imkanlı adamın dərdi də tez əriyib gedir. Vaxtilə bizim kənddə bir imkanlı kişinin cavan oğlunu "tok" vurmuşdu. Ağır dərd idi, buna hər adam dözməzdi. Həmin kişi oğlunun yeddisini verəndən sonra üzünü qırxdırdı və qohum-əqrəbasına da dedi ki, Allahın işiə qarışa bilmərik, onun ömrü bura qədərmiş. Sonra da həyat yoldaşını oğlunun qırxından sonra götürüb getdi Yesentukiyə. Müalicə olunub qayıtdılar və oğlundan sonra həmin kişi uzun müddət yaşadı. Yoldaşı bu gün də yaşayır.
Sözümün canı ondan ibarətdir ki, insan ağır gündə, ağır anlarda istər varlı olsun, istər kasıb gərək səbrini basıb Allahın verdiyi o dərdə dözəsən. Səbr elədin yaşaya biləcəksən, səbr eləmədin tay o özündən asılıdır. İndi bizim də sağlamlığımız özüumüzlə bağlıdır. Əgər ağrıyıb-acıyırıqsa, imkanı olub-olmamasından asılı olmayaraq mütləq vaxtında həkimə üz tutmalıyıq. Yoxsa əks təqdirdə, hər birimizi daha çətin anlar və daha çətin məqamlar gözləyə bilər...

TƏQVİM / ARXİV