adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Nədənsə ilk eşqi unutmur insan

MƏMMƏD ARAZ
29654 | 2012-10-13 13:27
SƏNİ AXTARIRAM
   
   Gözümdən getməyir camalın sənin,
   
   Köçüb qonşuluqdan hayana getdin?
   
   Kəpəzmi, Qoşqarmı oldu məskənin
   
   Yoxsa onlardan da o yana getdin?
   
   
   
   Qoynunda dəfinə tapdığın zaman
   
   Ucaltdı dağ boyda hansı dağ səni?
   
   Nərgiz rəng aldımı yanaqlarından
   
   Öpəndə nərgizli bir yaylaq səni?
   
   
   
   Görəsən, bu soraq düşdümü elə:
   
   "Yamanca şöhrətli mühəndisdir o!"
   
   Eşqin hansı qəlbi gətirdi dilə?
   
   Kim dedi ilqara, əhdə düzdür o?
   
   
   
   Gözümdən getməyir camalın sənin,
   
   Köçüb qonşuluqdan hayana getdin?
   
   Kəpəzmi, Qoşqarmı oldu məskənin
   
   Yoxsa onlardan da o yana getdin?
   
   
   
   Səni axtarıram o gündən bəri,
   
   Axı açmamışdım sənə könlümü.
   
   Yaz gəldi, açıldı bahar gülləri,
   
   Mənsə açmamışam yenə könlümü.
   
   
   
   Bəzən tüfəng alıb çıxsam da düzə,
   
   Ceyran oylağından aralı gəzdim.
   
   Ovçu ov axtarar, ovçu ov gəzər,
   
   Mən məni ovlayan maralı gəzdim.
   
   
   
   Bəzən ac qayıtdım evə də, amma
   
   Bir tikə çörəyi yeyə bilmədim.
   
   Bütün sirlərimi bilən anama,
   
   Məhəbbət sirrimi deyə bilmədim...
   
   
   
   Bəli, axtarıram səni o gündən,
   
   Könlüm istəyəni görə bilmirəm.
   
   Qəlbimi özünlə aparmısan sən,
   
   Mən onu heç kəsə verə bilmirəm...
   
   
   
   1957
   
   
   
   QONŞU GƏLİNİ
   
   Qarşı pəncərənin önündə bəzən
   
   Durub sevgilini gözləyəndə sən,
   
   Alır qucağına xəyallar məni,
   
   Rahat buraxmayır suallar məni.
   
   
   
   İnsan da bu qədər cüt yaranarmış
   
   Həyatın nə incə sirləri varmış!
   
   Baxıram, elə bil üzü üzündür,
   
   Baxışı baxışın, gözü gözündür...
   
   
   
   Bəlkə görməmisən həmin qızı sən,
   
   Nə ola görəsən toyumuzu sən!
   
   Hörmətlə sıxaram onda əlini,
   
   Ay qonşu gəlini, qonşu gəlini..
   
   .
   
   Həyatın nə incə sirləri varmış,
   
   İnsan da bu qədər cüt yaranarmış...
   
   Lakin qısqanclığın üzü yamandır,
   
   Sevgilim küsməsin məndən, amandır...
   
   
   
   Mən sənə baxmıram gözəlsən,- deyə,
   
   Demirsən, bəs niyə baxıram, niyə?
   
   Ay qonşu gəlini, mən utanıram
   
   Deyəm sənə: - Baxıb onu anıram.
   
   
   
   1955.
   
   
   
   AYRILIQ
   
   De niyə dalğınsan, dərdin var kimi,
   
   Alıb qucağına fikirlər səni?
   
   Ötən tələbəlik illərinəmi
   
   Şirin xatirələr çəkirlər səni?
   
   
   
   Sevdiyin o qızmı düşür yadına?
   
   Nədənsə ilk eşqi unutmur insan.
   
   Utancaq bir səslə bəlkə də ona
   
   Könül açdığını xatırlayırsan?
   
   
   
   Söylə, ayrılığı duyurmu ürək?
   
   Axı biz ayrılmaz sirdaşlar idik.
   
   (Bir məslək yolunda birləşdirərək,
   
   Sən bizi dost etdin, ey tələbəlik!)
   
   
   
   Dostum, institutun pillələrində
   
   Mənim də, mənim də izlərim vardır.
   
   Gəzdiyin bu zalın lövhələrində
   
   Hələ silinməmiş sözlərim vardır.
   
   
   
   Bəzən mürgüləmiş gecənin özü,
   
   Mən sirdaş olmuşam öz xəyalıma.
   
   Ələyib seçmişəm neçə min sözü,
   
   Cavab tapmaq üçün bir sualıma.
   
   
   
   Hərdən düşündükcə çatılır qaşım,
   
   Təhsil illərinin başqadır dadı.
   
   Bu illər ərzində, ey qəlb yoldaşım,
   
   Bizim bir sözümüz ayrı olmadı.
   
   
   
   (Bəxtiyar olaram öz istedadım
   
   O gündən bir lövhə yarada bilsə.
   
   Toz-duman içində qoy itsin adım,
   
   İlhamım bir şerə qadir deyilsə.)
   
   
   
   Böldük duyğumuzu, şadlığı, qəmi,
   
   Bir oldu fikrimiz, əməllərimiz.
   
   Bu gün, məslək dostu, könül həmdəmi,
   
   Artıq vidalaşır dost əllərimiz.
   
   
   
   Duyub ayrılığı çırpınır ürək,
   
   Axı biz ayrılmaz sirdaşlar idik.
   
   (Bir məslək yolunda birləşdirərək
   
   Sən bizi dost etdin, ey tələbəlik!)
   
   
   
   Dostum, düşünmə ki, ayrılırıq biz,
   
   Doğrudur, gün gəlib ötüşəcəkdir.
   
   Bir məna daşıyan saf əməlimiz
   
   Həyat məktəbində görüşəcəkdir.
   
   
   
   1954.
   
   
   
   BİR SƏNİN EŞQİNLƏ...
   
   Yenə varaqlandı könül kitabım
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   Düşündüm gül açır, bülbül oxuyur
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   
   
   Sinəmə bir eşqin sazını asdım,
   
   Hər könül nəğməmi o dedi, yazdım.
   
   Çox eşqin səsinə qulaq da asdım
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   
   
   Gah odsuz, alovsuz pərvanə oldum,
   
   Eşqinlə güləcək divanə oldum.
   
   Bəlkə yüz gözələ biganə oldum
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   
   
   Qəm-kədər üzünə tutanda pərdə
   
   Qəmləndi çaylar da, şəlalələr də.
   
   Sandım-doğur günəş, gülür səhər də
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   
   
   Sənsiz bir anıma dedim bir ildi,
   
   Dərdimi nə bacı, nə ana bildi...
   
   Məhəbbət önündə qəddim əyildi
   
   Bir sənin, bir sənin eşqinlə, gözəl!
   
   1956
   
   
   
   UNUDA BİLMİRƏM
   
   Terek sularını seyrə dalaraq,
   
   Öz ilk sevgilimi anıram yenə.
   
   Bu yaşıl sahildə neçə il qabaq
   
   Yandığım kimi də yanıram yenə.
   
   
   
   Od alır qəlbimdə hisslər, duyğular
   
   O son ayrılığı saldıqca yada.
   
   Deyin sevgilimi, deyin, ey sular,
   
   Ayrılıq üçünmü sevdim dünyada?!
   
   
   
   Susdu bu sahildə o qızın səsi,
   
   Güllər, çiçəklər də başını əydi.
   
   Sevgilimə deyən düşmən gülləsi
   
   Sandım ki, mənim öz qəlbimə dəydi.
   
   
   
   Bu mavi sulara son dəfə baxdı,
   
   Əbədi yumuldu o mavi gözlər
   
   Axdı ləpələr tək, süzülüb axdı
   
   O dalğın baxışlar, səmavi gözlər...
   
   
   
   Fəqət biz susmadıq, biz coşduq yenə
   
   Vətənin Lenası, Volqası kimi.
   
   Hissəmiz sahildən düşmən üstünə
   
   Axdı bir intiqam dalğası kimi.
   
   
   
   Dedim, o ölsə də qəlbində zəfər
   
   Ölmədi arzusu, eşqi, sevdası.
   
   Topların səsində Berlinə qədər
   
   Getdi onun səsi, onun sədası...
   
   
   
   Çox illər keçibdir həmin o gündən
   
   Odla nəfəs almır bu torpaq, bu su.
   
   İndi bu sahildə duymayıram mən
   
   Mərmi vıyıltısı, barıt qorxusu.
   
   
   
   Elə bil rəngini dəyişir yer də,
   
   Dava, qan görməyib sanki bu diyar.
   
   Sahil boyundakı kənddə, şəhərdə
   
   Nə sınıq pəncərə, nə uçuq ev var.
   
   
   
   Təzə ot bitirib qoynunda o vaxt
   
   Səngər qurduğumuz təpələr belə.
   
   Traktor səsiylə salamlaşaraq,
   
   Yeni nəğmə deyir ləpələr belə.
   
   
   
   Lakin mən yenə bir döyüşçü kimi
   
   Anıram o keçən illəri bir-bir.
   
   Ölən sevgilimi, ölməz eşqimi
   
   Ürəyim unuda, unuda bilmir.
   
   
   
   1956.
   
   
   
   SEVGİ NƏĞMƏSİ
   
   Bir sevgi nəğməsi yaradım deyə,
   
   Bu axşam bulanıb, duruluram mən.
   
   Onu düşünərkən bilmirəm niyə
   
   Başqa bir nəğməyə vuruluram mən.
   
   
   
   Kiçik bir mahnını bəstələyincə
   
   Xəyalın min eli dolansın gərək.
   
   Sevən bir ürəyin səsini necə,
   
   Necə dinləməsin sevən bir ürək...
   
   
   
   Yenə dillənirsən qonşu otaqdan,
   
   "Sus" demək gəlmir dilimdən, ay qız.
   
   Dalmışam nəğmənə yenə bayaqdan,
   
   Almısan nəğməmi əlimdən, ay qız.
   
   
   
   Elə bil, deyir ki, qopan bir səda,
   
   "Divar aramızda daşdan olsa da,
   
   Gərək daş olmaya ürəklərimiz,
   
   Bir varaq eləyək iki qəlbi biz".
   
   
   
   Susuram önündə o şeriyyətin,
   
   Ürəyim dolsa da, ağ qalır kağız.
   
   Qələmsiz, kağızsız ilk məhəbbətin
   
   Yazır nəğməsini qəlbimə o qız.
   
   1957.
   
   
   
   O BAXIŞLAR...
   
   O, məni görərkən dayandı bir an,
   
   Dalğın baxışları mənə tanışdı...
   
   Eşqin mənasını duyduğum zaman
   
   Məni o baxışlar yaralamışdı...
   
   
   
   İndi o dayandı, sözü var kimi,
   
   Mən yana baxsam da, o mənə baxdı.
   
   Elə bil sıxlaşan buludlar kimi
   
   Bu saat sinəsi boşalacaqdı...
   
   
   
   Dilində üç dəfə səsləndi adım,
   
   Sanki öz adım da çıxdı yadımdan.
   
   Onu dindirmədim, danışdırmadım,
   
   Getdi, yaralanmış getdi yanımdan.
   
   
   
   O getdi, sahilə baxdım bir qədər,
   
   Mən orda açmışdım ona qəlbimi.
   
   Dayandı gözümdə dalğalı Xəzər,
   
   Mənim ilk eşqimin şahidi kimi...
   
   
   
   O çağlar xəyalda yaşadı yalnız,
   
   Aldı məhəbbəti şöhrətmi, nəmi?
   
   Başqa birisinə uyaraq o qız,
   
   Oduna yandırdı odlu sinəmi.
   
   
   
   Bəs indi qarşımda dayandı nədən,
   
   Yenəmi, ürəyi məndə qalırdı?
   
   Bəlkə bir röya tək çəkilib gedən
   
   İlk eşqi, ilk andı xəbər alırdı.
   
   
   
   Bəlkə öz işindən peşmandı, nahaq
   
   Əl verib, onunla barışmadım mən.
   
   İlk eşqi qəlbindən çıxarıb nə vaxt
   
   Necə atdığını soruşmadım mən...
   
   
   
   Bəlkə ürəyinə yol tapıb kədər,
   
   Mənimlə bölüşmək istədi bir az...
   
   (Könül, təəssüfə qapılma hədər,
   
   Axan su bir daha geri qayıtmaz...)
   
   
   
   O gündən bəridir həftələr, aylar
   
   Ömrümdən-günümdən gəlib şən keçir.
   
   Lakin düşündükcə, bulanıq çaylar
   
   Sanıram kükrəyib qəlbimdən keçir.
   
   
   
   Deyirəm özümü danlayım barı-
   
   Ürəyi ürəkdən araladım mən.
   
   Məni yaralayan o baxışları
   
   Niyə yaraladım, yaraladım mən?!
   
   
   
   1955.
   
   Redaksiyadan: 14 oktyabr Xalq şairi Məmməd Arazın doğum günüdür.

TƏQVİM / ARXİV