adalet.az header logo
  • Bakı 18°C

Kölndən Bakıya...

ORXAN ARAS
20366 | 2012-10-13 00:26
YOL
   
   Yağmurlu bir axşam vaxtı Kölndən ayrıldım. Hər yerə payızın gerçək üzü hakimdi. Soyuq, səssiz və cansıxıcı... İstanbulu sadəcə gözlərimlə oxşaya bildim.Vaxt az idi. İlk təyyarəylə Bakıya getməliydim. Biz nədənsə yadlar kimi Azərbaycan Türklərinin Bakı dedikləri şəhərə Bakü deyirik. Halbuki mən belə, Bakı adıyla bağlı o qədər bayatı və hekayə bilirdim ki. Bayatılardan birinin hekayəsi çox kədərlidir. Azərbaycanlılar üçün bu, bayatı bilinən bir bayatıdır, amma Türkiyə oxucuları üçün bu bayatını yazmaq istəyirəm.
   
    Bakıda özlərindən başqa kimsələri olmayan iki bacıdan biri ölür və o biri bacı onun məzarı başında belə bir bayatı oxuyur;
   
   Bakım ağlar,
   
   Şirvanım, Şəkim ağlar
   
   Sən öldün, mən ağladım
   
   Mən ölsəm bə kim ağlar?
   
   Bakı sadəcə ölən dünyalara, ölən bacılara deyil, illərlə bu şəhərdə yadların tökdüyü qanlara da ağlamış. Başı bəlalı Bakı nə zülmlər, nə soyqırımlar yaşamış. Amma şükür ki, zalımlar da, zülmlər də gəldikləri kimi yox olub getmişlər. İndi Bakı bağımsız və qürurlu bir dövlətin modern paytaxtı...
   
   Gənclik illərimdə Bakı haqqındakı fikrim "Əli və Nino" romanındakı təsvirdən ibarət idi. Yazar Qurban Səid yüz il öncəki Bakını təsvir edərkən neft qoxusu, dəniz, çöl və incə biləkli dəvələrdən bəhs edirdi. Gəlib gördükdən sonra o təsvirdən sadəcə neftin qoxusunu burada tapa bildim. Nə çöl vardı, nə də incə biləkli dəvələr... Amma şəhərin hər yerinə hopmuş qardaşlıq duyğuları İstanbulla Bakını könlümdə hər zaman yan-yana qoymuşdur. İki şəhərin ayrılmazlığı o iki şəhərin tarixini, dilini, mədəniyyətini yaxından bilənlər tərəfindən daha yaxşı anlaşılmaqdadır.
   
   FƏLSƏFƏNİN DİLİ
   
   Şəhərə çatan kimi Bakıda yeni tikilmiş ən müasir otellərdən birinə götürüldüm. Orada Türk dünyası filosoflarının toplantısı vardı. Toplantı "Tika" tərəfindən maliyyələşdirilmişdi və rəsmi adı "Mədəniyyətlər dialoqu şəraitində Türk Dünyasında fəlsəfə və mənəvi dəyərlər" idi. Toplantıda bir birindən dəyərli türkiyəli, azərbaycanlı, qazaxıstanlı elm adamları vardı. İllərdir yorulmadan, usanmadan fəlsəfənin ən önəmli problemləriylə məşğul olan və bu mövzuda minlərlə səhifə yazı yazan Prof. Dr. Səlahəddin Xəlilov bu toplantıya ev sahibliyi edirdi. Sadəcə sonuncu gün iştirak edə bildiyim və "Ortaq Türk Fəlsəfi Terminologiyası" nın müzakirə olunduğu toplantıya Qərb fəlsəfəsinin bugünkü vəziyyətindən bir neçə cümlə ilə qatıla bildim. Həm də Prof.Dr. Səlahəddin Xəlilov və toplantıda iştirak edən Türkiyənin ən önəmli alimlərindən biri olan Prof.Dr. Kənan Gürsoy qarşısında mən fəlsəfə haqqında nə deyə bilərdim ki?
   
   Səlahəddin bəy toplantı boyu çox gözəl fəlsəfi suallarla dəvətliləri bir xeyli tərlətdi. Varlıq, yoxluq, mənlik, ədalət, ruh və bədən mövzuları filosofların diliylə izah edilə edilə hamısı gəlib eşqin varlığında həyat tapdı.Toplantının sonunda gələcəkdə ortaq bir mətn üzərində çalışma və ortaq "Türk fəlsəfi terminologiyası" mövzusunda fikirlər yürütmək qərarı verildi.Toplantıdan sonra bulvara getdik və Xəzərin rüzgarında ruhlarımızı sərinlətdik. O söhbətlərdən ürəyimdə xoş bir səda qaldı. Şair Baki demiş":Baki qalan bu qübbədə xoş bir səda imiş".
   
   SƏNƏT VƏ DOSTLUQ
   
   O toplantıdan sonra Tərcümə mərkəzinə gözəl şair Tofiq Abdin abini görməyə getmişdim. Oradakı qısa söhbət sırasında yazar Saday Budaqlı ilə tanış olmuş, eyni zamanda da şair Zakir Fəxri ilə görüşmüşdüm. Şair "Adiloğlu" nəşriyyatında yeni çıxmış "Rekviyem" isimli kitabını mənə hədiyyə etmiş və bir gün sonra kitabın keçiriləcək təqdimat mərasiminə dəvət etmişdi. Eyni gecə kitabı oxuyub bitirmişdim.Təmiz və axıcı bir dillə yazılmış kitab sanki ürəkdə bir gəzintiydi. Dərd, kədər, həsrət şair Zakir Fəxrinin diliylə birləşincə bir hüzn buludu yaratmışdı. Şair Musa Yaqub, Ramiz Rövşən, Rafiq Əliyev, Cəmil Həsənli,Qulu Məhərrəmli, Saday Budaqlı,Yaşar və digər dostlar kitab haqqında anlamlı və gözəl sözlər söylədilər. Anladım ki, sənət hər ürəyə ayrı bir həzz verməkdədir.
   
   Ertəsi gün yazının və sənətin gücü özünü bir daha göstərdi. Mən Almaniyada ikən "525-ci qəzet"in gənc yazarı Mirbəhram Əzimbəylinin bir yazısı yayınlanmışdı.Ortadoğu Texniki Universitetində oxuyan bu gənc azərbaycanlı, Məmməd Əmin Rəsulzadə haqqında gözəl bir yazı yazmış və məni çox duyğulandırmışdı. O duyğularla ona cavab mahiyyətində eyni qəzetdə bir yazı yazdım. Mən Bakıya gəldiyimdə Bakıda Mirbəhramı deyil, onun gənc, çox təmiz ürəkli və bilgili atası Seyid Camalla tanış oldum. Bir neçə saatlıq söhbət bizi bir birimizə bağladı və iki gün üst-üstə bir araya gəldik, unudulmaz söhbətlər etdik. Mirbəhramın anası Sevinc xanım və qardaşı Mirrəsulla tanış olduğumda 19 yaşlarındankı bu gəncin niyə bu qədər duyğulu, dərin və içdən yaza bilmə səbəbini də öyrənmiş oldum. Azərbaycanda yaşayan əski türk ailə tərbiyəsi və əxlaqı şükür ki, davam edir.
   
   VƏ "DOLU"
   
   Bir gün sonra dəyərli dostum və türk dünyasının müasir Övliya Çələbisi Prof. Dr.Elçin İsgəndərzadənin bir dəvəti vardı. Amma gözəl Azərbaycanımızda deyildiyi kimi: "Sən saydığını say, gör fələk nə sayır"... Ertəsi gün daha gözlərimi açar açmaz özümü Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Xaçmazda gördüm.Yazar Aqil Abbas bir yerə getməmə fürsət verməmişdi. Xaçmazda Aqil bəyin romanı əsasında "Dolu" filminin qalası varmış.
   
   Azərbaycanın Gürcüstan və Ermənistan sərhədlərinə qədər uzanan bölgələrini ziyarət etmişdim, oraları bilirdim. Amma Quba tərəfinə ilk dəfə gedirdim. Maşınımız Bakıdan uzaqlaşdıqca dağlar və yaşıllıqlar başlayırdı. Meyvə və səbzəsi bol olan Xaçmaz xalqından bəziləri məhsullarını eynən Anadoluda olduğu kimi yolda qurduğu dəzgahlarda satırdılar.
   
   Saat 13-ə doğru Xaçmaza girdik.Yol boyu ortaq dərdlərimizdən danışmışdıq. Xaçmaza girər girməz hamımız susqunluğa gömülüb ətrafı seyrə başladıq.Yollar və ətrafdakı parklar sanki tarixdən qopub günümüzə gəlmişdi. Heykəllər, fəvvarələr, dincəlmə və gəzinti parkları diqqəti cəlb edirdi. Bəlkə də dünyanın ən böyük samovar heykəli buradaydı. Gözəl küçələrdən keçərək icra hakimiyyətinin binasına girdik. Bizləri Xaçmazın icra başçısı Şəmsəddin bəy qarşıladı. Mənimlə tanış olduqdan sonra İqdırdan və İqdırda keçirdiyi dostluq dolu günlərindən danışdı. Filmin qalası saat 15 də Mədəniyyət Sarayında olacaqdı. İcra hakimiyyətində çox oturmadan Şəhidlər Xiyabanına getdik. Bu kiçik şəhərin tam 247 şəhidi varmış. Şəhidlər Xiyabanının girişində ucaldılmış böyük ana heykəli sanki qollarını açmış, o gəncəcik yaşlarında vətən üçün canlarından keçən 247 şəhidi qucaqlamışdı. Şəhidlər Xiyabanına qərənfillər düzüb Mədəniyyət Sarayına geri döndük. Mədəniyyət Sarayının salonu tamaşaçıyla dolu idi. Azərbaycanda Qarabağ savaşı üzərinə çəkilmiş ən son və iddialı filmlərdən biri olan "Dolu" filminin rejissoru, Azərbaycanın tanınmış rejissorlarından Elxan Cəfərov, prodüsseri Nadir Mehdiyevdir. Baş rollarda isə Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov, Rza Rzayev kimi aktyorlar rol almışlar.
   
   Yaxşı çəkilmiş savaş səhnələri, duyğulu dialoqlar və süjet xətti, salonu dolduran seyrçilərin filmi bir neçə dəfə alqışlamasına səbəb oldu. Bəzi səhnələrdə hamımızın gözləri yaşardı.Savaşdakı qarışıqlıq, silahsızlıq, ermənilər qarşısındakı qadın və uşaqların pərişan halları, insanların bu uğursuzluqlara rəğmən vətənlərini ən son qanlarına qədər müdafiə etmələri çox diqqətlə seçilmiş mesajlarla izləyicini yormadan ustaca filmə köçürülmüşdü. Özəlliklə bir səhnə məni çox duyğulandırdı. Otağının divarları Ənvər və Nuru Paşanın şəkilləri ilə bəzədilmiş qarabağlı gənc əsgərin anasının ona: "Oğlum, türklər hələ gəlmədimi?" sualı ürəyimi yerindən oynatdı. Qardaşın qardaşdan umacağı ancaq bu qədər gözəl ifadə oluna bilərdi.
   
   Filmin ssenarisini yazan Aqil Abbas bəyə bu filmin mütləq Türkiyədə də göstərilməsinin gərəkliyini söylədim. İnşallah Türkiyəli izləyicilər də bu filmi izləyərək Qarabağda nələr olub-bitdiyini yaxından görərlər.
   
   Gecə yarısı Bakıya doğru yola düşdük. Söhbətin mövzusu yenə ölkə, millət və gələcəyimizdi. Gec saatda Bakıya qayıtdıq. Olduqca yorulmuşduq. Amma Bakının səmasında dalğalanan üç rəngli bayraq ümidlərimizə ümid qatırdı. Ümidli və işıqlı gələcəyə yolçuluq davam edirdi.

TƏQVİM / ARXİV