adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

FANTASTiKA: YALTAQLIğI QANUNLA QADAğAN EDƏK!

OQTAY SALAMOV
21194 | 2012-10-13 00:26
Modern.az saytının təqdim etdiyi bu təklifə deputatlarımızın necə yanaşdığını öyrənməmişdən qabaq yaltaqlıq haqda müdriklərin fikirləri ilə tanış olmaq istədim. Və birdən hiss elədim ki, müxtəlif vaxtlarda yaşamış bu müdriklərin fikirlərini bu günün prizmasından şərh eləmək istəyirəm. Əvvəlcə həzrəti peyğəmbərimizin kəlamı ilə başlayım:
   
   "Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir.." (Həzrəti Muhəmməd s.a.v)...
   
   Ya peyğəmbər, indiki kişilərin vəzifəlilərinin əksəriyyəti bu hesabla ölümcül yaralanmışdır axı... Amma adamın Allahı var, bəzilərinin onsuz da təmiz olmadığını hamı bilir...
   
   Üzə tərif söyləmək yaltaqlıq əlamətidir..(Aristotel).
   
   Yenə vaxt və zaman öz işini görməkdədi, indi üzə tərif söyləmək işinin keçməsi üçün ən təsirli vasitədir.
   
   Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir..(Diogen).
   
   Ay rəhmətlik, elə belə sözləri dilinə gətirdiyin üçün ömür boyu evin də olmadı, çəlləkdə yaşamalı olmusan. Diogen qağa, yaltaq əhilləşmir axı, istəyir heyvanı olsun, istər insanı...
   
   Səmimiyyətdən çətin, yaltaqlıqdan asan heç nə yoxdur..(F. M. Dostoyevski)
   
   Fyodor müəllim, yazılarınızdan belə görünür ki, siz yaltaq olmamısınız, bəs hansı haqla yaltaqlığın asan olduğunu iddia edirsiniz? Çoxları var ki, bunu bacarmadıqları üçün qalıblar quru yurdda...
   
   Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol..(İbn Sina).
   
   Ya İbn Sina hərif olub, ya da tərcüməçi "lıqdan uzaq ol" əlavəsini özündən artırıb. Yəqin ki, İbn Sina bu gün üçün Uğur qazanmaq istəyirsənsə, yaltaq ol hikmətini söyləyərdi.
   
   Hamımız yaltaqlığı pisləyib-yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəninki dözür, hətta onlara rəğbət duyuruq... (Fransua de Laroşfuko).
   
   Ay sənin qadanı alım, bu nə ad-soyaddı qəbul eləmisən- Fransua de Laroşfuko? A kişi, sən sırf azərbaycanlısan ki... Mən ölüm, əl ver, lotusan...
   
   Sevdiyin və Hörmət etdiyin adama heç vaxt yaltaqlanma..(Jan Batist Molyer)
   
   Əsl köhnə fransızlar kimi düşünürmüş. Adam elə bilirdi ki, doğrudan da sevdiyin, hörmət elədiyin adama yaltaqlıq eləmək olmaz. Olar, Jan, nəinki olar, elə belə də olur...
   
   Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir..(İtalyan atalar sözü)
   
   Ya-zad yoxdur, elə aldadır...
   
   Yaltağın sözü zəhər qatılmış bal kimidir..(Latın atalar sözü).
   
   Yazıq latınlar, nə qədər yaltaqlarınız olub ki, belə baldan yeyib qırılmısınız- diliniz var, millətiniz yox...
   
   Dünyada üç şey təhlükəlidir:uşaq əlində bıçaq,axmaq əlində hakimiyyət,yaltaq dilində tərif. (Monqol atalar sözü)
   
   Monqol ki, monqol. Üçü də praktikada uğurla işlədilir. Ən azından bizdə...
   
   Olmasaydı cahanda sarsaqlar,
   
   Ac qalardı, yəqin ki, yaltaqlar... (M. Ə. Sabir).
   
   Ruhuna əyan olsun, Mirzə, yaltaqlar yağ-bal içərisində üzürlər. Yəni...
   
   İstəyirsizsə, "Google"də "yaltaqlıq" sözü yazın və ən azı iki gün oxumalı materiallar bolluğuna düşün.
   
   Keçirəm deputatların "YALTAQLIĞI QANUNLA QADAĞAN EDƏK!" fikirlərinə necə münasibət bəsləməsinə. Nə qədər istəsəm də yazı müəllifi Nihadə Eyyubovanın girişindən yaxşı yaza bilməyəcəyəm. Həmkarım yazır:
   
   "Azərbaycan cəmiyyətində xoşagəlməz bir ənənə formalaşıb, yaltaqlıq ənənəsi...
   
   Yaltaqlığı insani keyfiyyət adlandırsalar da, müasir dövrdə bu, xarakterlikdən çıxaraq, stabil bir metoda çevrilib. Bəzilərinin fikrincə, indiki zəmanədə yaltaqlanmasan, işin keçmir. Hətta "mən yaltaqlığı bacarmıram, yaltaqlıq mənlik deyil" deyənlər də işlərinin xatirinə bu taktikaya əl atmağa məcbur olurlar".
   
   Bu mövzu ilə əlaqədar olaraq cəmi iki nəfər deputatın fikirləri soruşulub. Ya yazı müəllifinin qalanlardan soruşmağa vaxtı olmayıb, ya da qalan deputatlar fikir bildirmək istəməyiblər. Nə isə, lənət yoxa!..
   
   Deputat Vahid Əhmədov deyir ki, hər cəmiyyətdə, hər dövrdə yaltaq insanlar çox olub. Burada Azərbaycan da istisna deyil:
   
   "Amma təəssüf ki, bu gün yaltaqların sayı get-gedə artır. Müəyyən qədər öz işlərini, öz şəxsi maraqlarını həyata keçirmək üçün yaltaqlıq edirlər, dırnaqrası hörmətdən istifadə edirlər ki, öz çirkin əməllərini istifadə etsinlər".
   
   Vahid müəllim çox maraqlı bir məqama toxunur:
   
   "İnsan var ki, yaltaqlığı sevir, ondan həzz alır, insan da var ki, ümumiyyətlə yaltaqlığı qəbul etmir".
   
   Deməli, yaltaqlıq üçün kifayət qədər zəmin var. Təbii ki, bundan istifadə edənlər çoxalacaq...
   
   Yazıda bu fikrin hansısa deputata məxsus olması, ya müəllifin gəldiyi nəticə olduğu bilinmir. Amma yaltaqlıqla qanun çərçivəsində mübarizə etmək, onu qanuna salmaq mümkün deyil konkretliyi alınır:
   
   "Bu, insanın özünün şəxsi keyfiyyətindən irəli gələn bir məsələdir. Bunu yasaqlamaq çətindir".
   
   Deputat Məlahət İbrahimqızı da hesab edir ki, yaltaqlığı aradan qaldırmaq üçün heç bir model yoxdur, bununla bağlı qanunvericilikdə nəsə etməyə ehtiyac yoxdur: "Yaltaq insan şəxsiyyətsizdir. Bunu aradan qaldırmaq üçün heç bir düstur yoxdur. Özünə hörmət edən insan heç vaxt yaltaqlanmaz".
   
   Nə deyirsiniz, yaltaqlığı məktəb dərsiklərinə salmağı təklif edəkmi? Dərs kimi keçilsin, yoxsa dərnək səviyyəsində kifayətdi?..
   
    P.S . Amma yazıya qoyulan karikatura çox gözəl işlənib, müəllifinə bərəkallah!..
   
   P.P.S. Yazıya şəkil axtaranda " Nizami Cəfərov: Yaltaqlıq insanın təbiətidir..." başlıqlı yazıya rast gəldim. Sən demə, başqa vaxtlarda başqa deputatlar da yaltaqlıq haqda fikirlərini bölüşüblərmiş. Bir neçə sitatı təqdim edirəm:
   
   Yaltaqlıq və rüşvətxorluğun himn, bayraq və gerb kimi Azərbaycanın atributu olduğunu deyən Fazil Mustafanın sözlərinə görə, bu ikisindən hansısa birini sıradan çıxartsaq dövlətimiz üçün ciddi zərbə ola bilər: "İnsanlar bir-birindən asılı olduğundan yaltaqlanmağa məcbur olurlar. Təsəvvür edin ki, yaltaqlanmayan bir məmurun günü səviyyəsiz müdir qarşısında qaradır".
   
   Millət vəkili İlyas İsmayılov yaltaqlığı Azərbaycan cəmiyyəti üçün böyük bəla sayır: "Bunu heç cür qadağan etmək olmaz. Sadəcə burada tərbiyəvi işlər aparmaq lazımdır. İnsanlar məmura yaltaqlanmasınlar, cəsarətli olsunlar".
   
   Nizami Cəfərov: "sovet dövründə yaltaqlıq var idi. Amma yenə yaltaqlıq olsaydı, yaxşı olardı: "Halbuki bu gün cəmiyyətdə elə aqressiv münasibətlər var ki, heç kim heç kimi tanımır. Hər halda bu ümumbəşəri hadisədir. Saymazyanalıq da var, yaltaqlıq da var. Bunlar bir birilərini tamamlayır"...
   
   İqbal Ağazadə artıq bunun Azərbaycanda yaşam tərzinə çevrildiyini söylədi. Onun fikrincə, yaltaqlığı aradan qaldırmaq üçün ilk növbədə yaşam tərzi dəyişməli, hakimiyyətin münasibətləri dəyişməlidir. Yalnız bundan sonra bu söz aradan qalxacaq: "Bunu heç bir qanunla, qadağa ilə aradan qaldırmaq olmaz. Axı yaltaqlananda heç kim demir ki, yaltaqlanıram. Hamı deyir ki, onun haqqında həqiqəti deyirəm".

TƏQVİM / ARXİV