"BiZiM DüNYA"

ƏBÜLFƏT MƏDƏTOĞLU
34859 | 2012-10-13 00:26
Bu günlərdə köhnə kişilərlə diz-dizə oturmuşdum. Onlar danışırdı, mən də dinləyirdim. Əslində ortalığa mövzunu mən atmışdım, məqsədim də ahıl yaşlarında olan bu müdriklərin həyatla, dünyayla bağlı fikirlərini öyrənmək idi. Təbii ki, onlar mənim məqsədimi bilmədən eləcə öz fəlsəfələriylə, öz baxışlarıyla bu dünya barəsində, hətta bir az da irəli gedib, o biri dünya haqqında da ürəklərindən keçəni, gördüklərini, gəldikləri nəticələri açıqladılar. Bütün bu söhbətin yekunu olaraq, mən bir qənaətə gəldim:
   
   - Sən demə, dünya elə hamı üçün dünyadıg Dünya elə hamı üçün həm köhnədi, həm təzədig Və bir də bu dünya hamı üçün bir pəncərədig
   
   Baxıb getdiyimiz bu pəncərədən hərəmiz bir səmtə, bir istiqamətə boylanırıq. Baxanda da işıq da görənimiz olur, gözəllik də, eybəcərlik də, hətta it-pişik də. Çünki bu dünyada hər şey var. Sadəcə, hər şeyi olan bu dünyada görünmək qabiliyətləri, görmək qabiliyətləri, düşünmək qabiliyətləri müxtəlif olan bəşər övladları yaşayır. Həmin bəşər övladları da baxdıqları pəncərənin öz prizmalarına, öz baxışlarına uyğunlaşdırırlar və bu baxdıqları dünyada duyğusallar, ürək, əqidə sahibləri, sevməyi, sevilməyi bacaranlar öz dünyalarını da qururlarg Və beləcə, dünyanın içində hərənin öz dünyası yaranır, formalaşır, yaşayır, yaşadır, ya da ki, zamana, onun oyunlarına, onun sitəmlərinə dözməyib, uçub dağılır. Bir şeyə sevinmək lazımdır ki, bu dağıntının altında da bir sahib izi, bir yaradıcı izi, bir sevgi izi qalırg
   
   Neçə gündür ki, yazı masamın üstündə bir kitab var. Kitabın adı bu dünyanın qoynunda yaradılmış, qurulmuş "Bizim dünya"dı! Açığını deyim ki, "Bizim dünya" çox anlamlı, çox şaxəli bir ifadədi, bir təqdimatdı. Yəni istənilən səmtdən bu dünyaya yanaşmaq mümkündür. Lap dəqiqləşdirsəm, "Bizim dünya"ya iki yerdən, iki pəncərədən baxmaq olar. Biri hamının və bizim olan dünya, biri də yalnız bizim olan dünya. İndi bu iki yanaşamanın arasında bir yolçuluq etmək istəyirəm. Yəni, nağıllarda deyildiyi kimi, ayağıma dəmir çarıq, əlimə dəmir əsa götürüb bu iki dünyanın arasında dərvişlik etmək, mizan -tərəzi qurmaq, görüb-götürdüklərimi, anladıqlarımı saf-çürük etmək istəyirəm. Özü də bu istəyim təkcə təbii bir duyğu deyil, bu istəyimin arxasında başqa bir istək də, yəni mənə son dərəcə munis olan anlayışlı, ağayana və həm də bir yaradıcı aurası olan əziz insanın qarşısındakı borcum dayanır.
   
   Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabının redaktoru Aynur Bəşirli, rəssamı Ədalət Həsənlidi. Nəfis şəkildə, müəyyən fotoların təqdimi ilə işıq üzü görmüş kitabın üz qabığındakı rəssam işi dərhal diqqəti çəkir. Çünki məhz pəncərələrdən görünən bu dünya özünün reallığı ilə sözsüz, dilsiz oxucuya nələrisə xatırladır. Neçə gündü baş-başa qaldığım bu kitabda Azərbaycan jurnalistikasında kifayət qədər tanınan, imzası imzalar içində boy verən bir jurnalist ailəsinin Dilarə Vəkilova, Əlövsət və Aynur Bəşirlilərin həzin, ilıq, həm də adamla birbaşa danışmağı bacaran yaradıcılıq yolu, xüsusilə özlərinə aid dünyanın pıçıltıları mənim də könlümə yol tapıb.
   
   Öncədən onu da xatırladım ki, bu kitabda toplanmış yazıların yəni - oçerklərin, məqalələrin, xatirələrin, müsahibələrin və hekayələrin bir qismini dövrü mətbuatda oxumuşam. Yəni baş-başa qaldığım bu kitabla müəyyən qədər ilk tanışlığım olub. Təbii ki, toplu halında həmin yazıları oxumaq özü-özlüyündə Dilarə xanımla Əlövsət müəllimin dünyasına birbaşa qonaq olmaq imkanı verir. Mən bu qonaqlıqda özümü çox rahat hiss edirəm. Çünki peşəkar qələm, qətiyyətli mövqe, xüsusilə sözdən söz yaratmaq qabiliyyəti məni, yəni oxucunu darıxmağa qoymur. Digər tərəfdən də bu kitabdakı obrazların bir qismi mənim də tanıdığım, qarşılaşdığım, barələrində az-çox məlumatım olan insanlardı. Hecə deyərlər, tanış üzlər, tanış izlər və bu tanışlığa isti bir baxış, isti bir yanaşma oxucu kimi məni öz aurasından kənara buraxmır.
   
   Kitaba ön söz yazmış Əməkdar jurnalist Ələkbər Abbasov - Şəhrili vurğulayır ki, Əlövsət və Dilarənin - "onların bu kitabdakı hekayələri, oçerkləri və xatirələri - dünyamızın səsi, dünyamızın nəfəsi, dünyamızın sevinci, ağrısı, acısıdır və bunların hamısı Əlövsətlə Dilarənin narahat dünyasıdır".
   
   Mən məhz dastansayağı yazılmış bu ön sözün son cümləsindəki yanaşmadakı münasibəti qabartmaq istəyirəm. Çünki doğrudan da bir dam altda, eyni ürəklə, eyni düşüncəylə, eyni sevgiylə böyük dünyada öz dünyasını qurmaq hər adama nəsib olmur. Əlövsət müəllim və Dilarə xanım təkcə fiziki anlamda, yaşam anlamında bir ev tikməyiblər, onlar həm də söz məkanında, söz arenasında həmin evin işığını yandıra biliblər. Və bu işıq da onların adi anlamdakı evlərini o qədər nurlandırıb ki, bu ev əslində həm söz dünyasında, həm də bizim sakini olduğumuz dünyada bütövləşib, tamlaşıb. Həm ev yaranıb, həm də ev öz içində daha böyük bir evə çevrilib.
   
   Əlövsət müəllimdə həmişə müşahidə etdiyim centilmenliyi kitabın tərtibində də duydum. Mənə elə gəlir ki, bu işdə Aynur və Pakizə Bəşirlilərin də xidmətləri var.
   
   Çünki Dilarə xanımın yaradıcılıq nümunələrindən sonra Əlövsət müəllimin meydanı açılır. Amma arada o qədər ruh, düşüncə, həm də mövzu doğmalığı var ki, Dilarə xanımın yazılarından Əlövsət müəllimin yazılarına keçəndə ortada boşluq qalmır. Ən naşı oxucu da bu yazıların eyni ürəyin çırpıntısı olduğunu dərhal hiss edər. Çünki bu yazılar hamısı gerçəklikdəndi, hamısı həyatdandı. Burada uydurma heç nə yoxdu. Müəlliflər gördüklərini, duyduqlarını, yaşadıqlarını qələmə alıblar.
   
   Mən kitabdakı yazıların demək olar ki, hamısından oxucuya sitat təqdim edə bilərəm. Ancaq kitabı oxumaq işini oxucunun ixtiyarına verib bu günün ən vacib bir mövzusu ilə bağlı məqamı diqqətə çatdırıram. Çünki bugünkü mətbuatımız, jurnalistikamız bir az xəstəhal, bir az şikəst kimidi. Yəni, əli qələm tutan, tutmayan, ürəyi, duyğusu olub-olmayan bir axın üz tutub jurnalistikaya. Amma zamanında qələmə hər adam yaxın düşə bilmirdi. Çünki onlar oturuşmuş, böyük ürək sahibi olan redaktorların, imzası oxucu üçün sevinc gətirən, ümid verən yazarların sınağına, zəhminə, tələbinə dözüb, duruş gətirə bilmirdilər. Jurnalistikada dözümü, istedadı və bir də böyük arentasiyası olan, gələcəyi görə bilən insanlar duruş gətirə bilirdilər, imza sevdirirdilər, oxucu qazandırırdılar. Təəssüf ki, bu gün bax elə bu yazdıqlarım adamın ürəyindən ağrı kimi gəlib keçir. Həsrət hissi yaradır.
   
   Dilarə Vəkilova və Əlövsət Bəşirlinin "Bizim dünya" kitabı mənə görə dünəni, bu günü və sabahı olan insanlar barəsindədi. Və ona görə də bu kitab mübaliğəsiz öz oxucusunu tapacaq. Başqa cür də ola bilməz. Çünki bu kitabın sətirləri arasında iki imzanın, iki insanın, iki ürəyin və qoşa qanadın nəfəsi, pıçıltısı, ayaq səsi və bir az da xeyir-duası hakimi-mütləqdi. Mən şəxsən bu anlar həmin hakimin hökmü altındayam.

TƏQVİM / ARXİV