adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Sentyabr 2015 22:57
3105
İDMAN
A- A+

Futbolçu satmağa alışmalıyıq - Qurban Qurbanov

"Hazırda daha səviyyəli futbolçuların qiymətləri həddindən artıq bahadır. Əsasən də Türkiyə, Rusiya və digər ölkələrdə legioner limitindəki dəyişikliklər orta səviyyəli futbolçuların Azərbaycana gəlməsinin qarşısını aldı. Futbolçular belə ölkələrə daha çox üz tuturlar. Bu da bizə problem yaradan amillərdəndir. 

Adalet.az xəbər verir ki, bunu Qol.az saytına müsahibəsində "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib. 

Baş məşqçi həmçinin klubun əsas favoritlərindən sayılan Reynaldonun başqa kluba transfer olunacağı ilə bağlı xəbər də münasibət bildirib. Q.Qurbanovun dediklərinə görə hücumçunu hələ satmaq niyyətində deyil:

"Ehtimallar hər zaman olur. Reynaldo ilə maraqlanan klublar var. Real təkliflər də almışıq. Biz də bu təklifləri dəyərləndirməyə çalışırıq. Amma o, hələ bizə lazımdır. Çünki Avropa Liqasının qrupunda vacib oyunlarımız var. O, bu oyunlarda özünü yaxşı tərəfdən göstərsə, daha səviyyəli klublara transfer oluna bilər. Mümkündür ki, elə bir təklif olsun ki, hansısa klubla danışığa gedək. Bu, normal haldır. Bəlkə futbolçu daha səviyyəli çempionatda iştirak etmək, öz oyunçu səviyyəsini daha da inkişaf etdirmək istəyir. Buna görə də tək Reynaldo deyil, başqa futbolçulara da yaxşı təkliflər olsa, danışığa getməyə hazırıq. Biz artıq təkcə futbolçu almağa deyil, satmağa da alışmalıyıq. Belə hallara təəccüblənməməliyik. Bir futbolçu bizdən və ya başqa klubumuzdan gedib Avropanın daha səviyyəli klublarında oynasa, ölkəmizin futboluna maraq da artacaq. Bu isə kənardan bizim futbola inam yaradacaq".

Yeni transferlər barədə danışan baş məşqçi onların fəaliyyətindən söz açdı:

"Yeni futbolçularla müqavilə imzaladıq. Amma hələ yeni transferlərimizi canlı görməmişəm. Düşünürəm ki, komandamıza faydalı olacaqlar. Gəlsinlər, yaxından tanıyandan sonra daha ətraflı fikir bildirərəm. Ümumiyyətlə, yeni transferlər bəzən uğurlu olur, bəzən də uğursuz. "Qarabağ” klub olaraq hələ tam böyüməyib. Addım-addım irəli getməyə çalışırıq. Böyük klublar istədiyi futbolçunu almaq imkanına sahibdir. Biz isə hər zaman axtarışda oluruq".