adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Milli antiutopiya

15189 | 2012-10-12 00:16
Ədəbi zövqünə inandığım dəyərli dostum Kənan Hacı Şəbnəm Karslının "2087-ci il" romanını çap olunmamışdan qabaq xeyli təriflədiyi üçün, kitab çap olunar-olunmaz bu kitabı alıb oxumaq niyyətində idim. Çünki Kənan bir əsər haqqında yaxşı deyirsə, deməli həmin əsərdə mütləq yaxşı nə isə var. Onun mütaliəsinə, zövqünə bələdəm. Bilirəm ki, hansısa zəif əsəri yalandan tərifləməz. Nə isə, əsərin çapını maraqla gözləsəm də, kitabın təntənəli təqdimatına qatıla bilmədim və beləliklə də yenicə çapdan çıxmış kitabı isti-isti oxumaq imkanım olmadı.
   
   Amma kitabın çıxdığı ərəfələrdə Şəbnəmlə dostluq münasibətlərimizin təməli qoyuldu. Şəbnəm hər dəfə kitabı oxuyub-oxumadığımı soruşanda utanırdım. Neçə ay idi ki, kitabı almağa fürsətim olmamışdı. Təxminən bir ay əvvəl kitab mağazasından kitabı alıb, böyük həvəslə və ümidlə oxumağa başladım.
   
   
   
   "2087-ci il" - ciddi təəssürat yaradan roman
   
   
   
   İlk səhifələri çevirə-çevirə yazacağım yazını da beynimdə hazırlayırdım. Yazının ilkin variantı belə başlayacaqdı: "Dostum Şəbnəmin Oruelin "1984" əsərinin təsiri ilə qələmə aldığı roman..." Yaxşı ki, tələsməmişəm. Çünki bu yaxınlarda Şəbnəmlə görüşdüm və roman haqqında fikirlərimi bölüşmək imkanım oldu. Şəbnəm etiraf etdi ki, "2087-ci il" çap olunduqdan sonra Corc Oruelin "1984" romanını oxuyub. Beləliklə, yazının ilkin variantının beynimdə yazılmağa başlayan birinci hissəsi avtomatik olaraq "delet" komandası ilə yoxa çıxdı... və yeni yazı yaranmağa başladı.
   
   Müəyyən kriteriyalarına görə Şəbnəm Karslının "2087-ci il" romanını antiutopiya-roman janrına aid edə bilərik. Dünyada bu janrın ən populyar nümayəndəsi Corc Oruel olduğu üçün, mən "2087-ci il" romanını məhz Corc Oruelin "1984" romanı ilə müqayisə edirəm. Hər iki müəllifin romanında dünya üç qütbə bölünüb və hadisələr bir-birinə müəyyən qədər bənzəyir. Antiutopiya janrına Şəbnəm Karslıdan əvvəl, tanınmış nasirimiz Pərviz Cəbrayıl da "Yad dildə" romanında müraciət edib. Hətta bəzi tənqidçilər və bloggerlər Pərviz Cəbrayılın "Yad dildə" romanını "milli antiutopiya" adlandırır. Bu baxımdan Şəbnəmin də romanını "milli antiutopiya"ya aid etmək olar. Məncə romanın yazıldığı janr və müqayisə edə biləcəyimiz əsərlər olduqca ciddidir. Yəni əsərin təhlilinə keçməmişdən öncə, onun yazıldığı janr və müqayisə edə biləcəyimiz əsərlər roman haqqında kifayət qədər ciddi təəssürat yaratmağa imkan verir.
   
   
   
   "2087-ci il"
   
   antiutopiyadırmı?
   
   
   
   "2087-ci il" romanını antiutopiya-roman janrına aid əsər kimi təhlil etməzdən öncə, bu janrın əsas xüsusiyyətlərinə nəzər salaq:
   
   -Romanda xəyal gücü ilə qurulan cəmiyyətə müəllif yaşadığı cəmiyyətdə barışmadığı cəhətləri proeksiya edir.
   
   -Antiutopik cəmiyyət təcrid edilmiş təsvir olunur.
   
   -Antiutopik cəmiyyətə xas olan neqativ cizgilər elə təsvir olunur ki, oxucuda dəhşət hissi yaratsın.
   
   "2087-ci il" romanında müəllif Çin Xalq İmperiyasının tərkibindəki parçalanmış Azərbaycan cəmiyyətinə müasir Azərbaycan cəmiyyətində barışmadığı, qəbul etmədiyi detalları açıq-aşkar proyeksiya edib. Çin Xalq İmperiyasının tərkibindəki Azərbaycan bugünkü Azərbaycan cəmiyyətinə çox bənzər, bəzi hallarda oxşardır. Eyniyyətlər və paralellər olduqca diqqətçəkəndir. Günümüzün Azərbaycanın problemləri "2087-ci il"dəki Azərbaycana çox bənzəyir. Cəmiyyətimizin müxtəlif dünyagörüşünə məxsus partiyaları, QHT-ləri, yazar birlikləri ilə Osmanlı İslam İmperiyası ilə, Çin Xalq İmperiyası arasında bölünmüş Azərbaycan arasında çox böyük bənzərlik var. Deməli, əsərə antiutopik-roman demək üçün əlimizdə bir əsasımız var. 200 ildən artıqdır ki, parçalanmış Azərbaycan, "2087-ci il" romanında da parçalanmış durumdadır. 200 il öncə Rusiya imperiyası ilə İran arasında bölünən Azərbaycan bu romanda da iki böyük imperiya arasında bölünür. Bu dəfə tərəflər daha böyük ərazilərə malik, xəyali də olsa dünyanı bölüşdürmüş imperiyalardır. Nədənsə bu detal mənə olduqca həqiqi bir bölgü təsiri bağışlayır.
   
   Hadisələr Çin Xalq İmperiyasının Gəncə şəhərində baş verir. Mirasın və babasının gündəliklərindən bəlli olur ki, əsərin əsas qəhrəmanı Mirasın yaşadığı Çin Xalq İmperiyası, eləcə də digər imperiyalar və onların tərkibindəki cəmiyyətlər təcrid olunub və biri digəri haqqında yanlış məlumatlara malikdir. Mirasın sevgilisi, Amerika Demokratik imperiyasından Gəncəyə araşdırma aparmaq üçün gəlmiş Eleni kifayət qədər açıq fikirləri ilə günümüzün amerikapərəst intellektuallarını xatırladır. Miras və Elenin söhbətlərindən aydın olur ki, indiyə qədər təcrid olunmuş cəmiyyətlərdə yaşayan ziyalılar qonşuları olan imperiyalar haqqında olduqca yanlış məlumatlara sahibdirlər. Maraqlı detallardan biri də, Eleninin mühacirətə getmiş amerikapərəst ziyalılardan birinin övladı olmasıdır. Bu baxımdan Mirasın rusiyapərəst valideynləri də diqqətimizi çəkir. Romanda haqqında bəhs oluna Böyük Xaos Dövrü və bu dövrdə parçalanan Azərbaycan məsələsi, Azərbaycanda illərdir gedən proseslərin məntiqi sonucu kimi oxucuya olduqca inandırıcı görünür.
   
   "2087-ci il" romanında təsvir olunan imperiyaların vəziyyəti istər-istəməz oxucuda dəhşət hissi yaradır. Üçüncü Dünya müharibəsi bitdikdən sonra bağlanan "Kiyev sülh müqaviləsi", eləcə də Mirasın və babasının gündəlikləri oxucuda dəhşət hissi yaradır. Eyni zamanda Mirasın babasının gündəliklərində bəhs olunan hadisələri saf-çürük etdikdə dəhşətə gəlməyə bilmirsən. Deməli, "2087-ci il" romanı antiutopik-roman janrı üçün əsas xüsusiyyətləri özündə birləşdirə bilib.
   
   
   
   Bəzi başqa detallar
   
   
   
   Əsərdəki sevgi xətti kifayət qədər canlı təsvir edilməyib. Şəxsən müəllif məni, Miras və Eleninin sevgisinə inandıra bilmir. Mən bunu çatışmayan detal kimi, müəllifin diqqətinə çatdırmaq istərdim. Məhz bu detal oxucu kimi mənə imkan verdi ki, əsərin sonluğunu təxmini də olsa beynimdə canlandıra bilim.
   
   Əsərdə insan faktoru olduqca diqqət çəkicidir. Hətta yazıçının təxəyyülünün məhsulu olan antiutopiyada da, insan informasiyanın əsiridir. İllər keçir və insanın informasiya uğrunda apardığı savaş səngimək bilmir, bütün dəhşəti ilə davam edir. Yenə də casusluq, xəbər əldə etmək üçün savaş davam edir. Elə məhz bu detal, Mirasın məhvini sürətləndirir.
   
   Əsərdə çinli Jianyinq obrazı mənim əsas qəhrəmanlardan daha çox diqqətimi çəkdi. Bircə bu obrazla müəllif dünyanı təhdid edən Çin təhlükəsinə diqqəti yönəldə bilib.
   
   Jianyinqin atası müharibə vaxtı mühüm xidmət göstərmiş çinlidir. Lakin bir gün əzilən, haqq səsi boğulan uyğurlar tərəfindən öldürülərək cəsədi evlərinin qapısına tullanılır. Bu hadisə Jianyinqin həyatını kabusa çevrilir.
   
   Bu travmadan Jianyinq qatı bir türk düşməninə çevrilir və əlinə düşən hər imkanda türkləri baltalayaraq öldürməyə başlayır. Jianyinqin növbəti qurban kimi Elenini seçsə də istəyinə çata bilmir.
   
   Müəllifi bu obrazı çox canlı yaradıb.
   
   Əsərdə diqqətimi çəkən bir məqam da, müəllifin İslama olan münasibətidir. Açıq-aşkar hiss olunur ki, müəllifin islama böyük simpatiyası var. Məncə bu detal gələcəkdə də tənqidçilərin və oxucuların diqqətini çəkəcək.
   
   Əsər antiutopiya-roman janrının tələblərinə nəzəri cəhətdən tam olaraq cavab versə də, müəllifin tələskənliyi və təcrübəsizliyi istər-istəməz özünü göstərir. Roman bitkin əsər təsiri bağışlamır. Xüsusilə sevgi xətti olduqca xaotikdir. Mənə elə gəlir ki, Eleninin ərinə, Mirasın Eleniyə yazdığı məktublar müəllifin sevgiyə xaotik münasibətinin göstəricisidir.
   
   Bütün uğurları və qüsurları ilə birlikdə Şəbnəmin ilk roman cəhdi təqdirəlayiqdir. Məncə bu əsər gələcəyin böyük romanlarının müjdəçisi ola bilər. Etiraf edək ki, son dövrlər gənc həmkarlarımız tərəfindən qələmə alınan saysız-hesabsız romanlar içində dostumuzun bu romanı fərqlidir. Ən azından janr və üslub, təhkiyə forması, yanaşma və dünyagörüşü müəllifin bazasının güclü olduğunun göstəricisidir. Mən bir oxucu kimi, bu romanın ardının yazılmasını arzu edirəm. Çünki belə bir mövzunun "bədxərclik"lə istifadəsi məni qane etmir. Hər halda Şəbnəmin də bir qələm adamı kimi gələcəklə bağlı düşüncələri və planları olmamış deyil. Ümid edirəm ki, sevimli dostum növbəti əsərlərində daha böyük uğurlar qazanacaq.
   
   

TƏQVİM / ARXİV