adalet.az header logo
  • Bakı 18°C

SAMURAY QILINCININ ƏFSANƏSi... KRALI...

BABƏK YUSİFOĞLU
42026 | 2012-10-09 00:18
Bəşəriyyət ümumi təkamül prosesi keçsə də dünyada mövcud olan xalqların hamısının özünəməxsus inkişaf yolu olmuş, hər biri özünə xas tarix yaşamışdır. Maraqlıdır ki, hər millətin də bu böyük zaman içərisində parlaq dövrüylə yanaşı, enişli mərhələləri də vardır. Bəlkə də tarixin bu keşməkeşləri, müxtəlifliyi olmasaydı özünün marağını, cəzbediciliyini itirərdi. Və bu bir gerçəkdir ki, hər millətin yaşadığı keçmiş bəşər tarixinin bir çalarını özündə əks etdirir. Əslində məhz bu çalarlar da bəşəri təkamülün dinamakisı sayıla bilər.
   
   İnsanlar dünənə, haradan gəlib, haraya getdiklərinə daim maraq göstəriblər. Əcdadlarının hansı həyatı yaşadıqları hər kəsi düşündürüb. Amma onu etiraf etmək lazımdır ki, elə tarixi hadisələr, elə mərhələlər, elə zamanlar, qəhrəmanlar, müharibələr... olub ki, onların hansı xalqa aidiyyəti heç bir önəm daşımayıb. Yəni onlar ümumbəşəri hadisələr, mərhələlər, proseslər... sayılıblar. Bir də ki, həmin proseslərisiz təkamül belə mümkünsüz görünür. Fironlar, İskəndər, Əmir Teymur, Osmanlı imperiyası, Fransız burjua inqilabı... ayrı-ayrı tarixi şəxsiyyətlər olmasaydı heç şübhəsiz ki, bugünkü dünya tamam fərqli şəkildə mövcud olardı... Elə yapon tarixində mühüm mərhələni təşkil edən samuraylarsız da...
   
   Ötən yazılarımın birində samuraylardan ətraflı bəhs etdiyim üçün indi yalnız ümumi, çox qısa məlumat verməklə kifayətlənəcəyəm. Amma əvəzində samurayların ən möhtəşəm, ən usta döyüşçülərindən biri, bəlkə də birincisi olan Miyamoto Musasi haqqında söz açacağam.
   
   YAPONLAR...
   
   SAMURAYLAR...
   
   Yaponlar öz vətənlərinə müqəddəs torpaq kimi baxırlar. Bu onlar üçün lap qədimdən gələn bir duyğudur. Burada Günəş okeandan boylansa da yaponlar vətənlərinə məhz Gündoğan, işığın pöhrələndiyi yer kimi baxırlar. Və bu anlayış zamanından asılı olaraq müxtəlif fotrmalarda özünü göstərib, hətta dövlət rəmzlərində öz əksini tapıb. Araşdırmalar göstərir ki, zəngin və qədim tarixə malik yaponlar həm də öz keçmişlərinə, milli ənənələrinə daha çox bağlı xalqlar sırasındadır. Bunların sübutunu göstərmək üçün çoxlu sayda faktlar sadalamaq mümkündü.
   
   Bəlkə də elə bu xüsusiyyətlərinə görədir ki, bu gün də əksər yapon evlərində, ailələrində müəyyən ənənələrdən vaz keçilmir. Əgər belə olmasaydı elə samuraylar da, samurayçılıq da yüz illər, əsrlər boyu yaşamazdı, unudulardı. Bu gün onların tarixinə nəzər salanda heyrətlənməyə bilmirsən. Eramızın 7-ci əsrlərinin əvvələrində təşəkkül tapmağa başlayan samuray döyüş ənənəsi uzun əsrlər boyu yaşayıb, onun toxunulmaz hesab olunan qanunları qorunub. Hətta müəyyən səbəblər üzündən XIX yüzillikdən sonra hakimiyyətin ondan imtina etməsi yaponlar üçün çox, özü də çox ağrılı oldu. (Əlbəttə, bu ayrıca bir söhbətin mövzusudur). Amma hər şeyə rəğmən yaponlar üçün bir milli simvola çevrilən samuraylıq onların fəxr etdikləri bir keçmişdir.
   
   Samuray qanunlarına görə, bu döyüşçülərin sırasına yalnız hərbi qəhrəmanlığa can atan, cəsur, comərd və ədalətli döyüşçülər daxil edilə bilərdilər ki, onlar da əsasən zadəganlardan, kiçik mülkədarlardan, imkanlı şəxslərdən və onların ailə, tayfa üzvlərindən ibarət olurdular. Amma bununla belə, onların sırasında sadə kəndlilərə, sənətkarlara da rast gəlmək mümkün idi. Qayda isə hamı üçün bərabər idi: hər bir kəs mütləq öz cəsurluğunu sübuta yetirməliydi.
   
   Bu artıq o səviyyəyə çatdı ki, 645-ci ildə taxta çıxan imperator Kotokuya saray çəkişmələrini neytrallaşdırmaq, nəzarətində olan ərazilərdə hakimiyyətini dərinləşdirmək, yerlərdəki güclü, dikbaş tayfaları susdurmaq, itaətdə saxlamaq üçün samuray-döyüşçülər yaratdı. Və beləliklə, ilkin samuraylar meydana gəldi. Sonra isə onun əfsanələri yarandı...
   
   BİR ƏFSANƏ ANADAN OLDU
   
   Mübaliğəsiz Musasini öz dövrünün ən məşhur qılnc oynadanı, ən cəsur samurayı hesab etmək olar. O, qılınc döyüşünün elə bir ustası olmuşdur ki, hələ sağlığındaykən haqqında əfsanələr yaranmış, nağıllar söylənmişdi. Hətta bu sonralar elə bir səviyyəyə çatdı ki, bunların hansının həqiqət, hansının insanların yaradıcılığının məhsulu olduğunu ayırmaq belə çətinləşmidi. Amma çox sonralar tarixçilər bu kenseyin, qeyri-adi qılınc ustasının kimliyini, hansı həyat yaşadığını əlləri çatan səviyyədə öyrənməyə nail oldular. Amma heç bunlar da asan başa gəlmədi. Çünki əksəriyyət tərəfindən qılıncın əfsanəsi, kralı sayılan Musasi ən azı 5 əsr əvvəl yaşamışdı.
   
   Təhqiqatçılar belə hesab edirlər ki, kensey Musasi 1584-cü ildə indiki Hyoqo əyalətində bir kənddə dünyaya gəlmişdir. Əsl adı Sinmen Musasi-no-kami Fudzivara-no-Qensin idi. Maraqlıdır, onun adı və soyadındakı elementlərdən "ni-kami" xeyirxah mənasını verir. "Fudziva-ra" adı isə min il əvvəl Yaponiyanın tarixində vacib rol oynamış əsilzadə bir sülaləyə aiddi. Atası Sinmen Mu-nisayın da təcrübəli qılınc və dzitte (küt ucluqlu dəmir zopa) ustası idi. Deyilənə görə, Ben-no-suke (Musasini uşaqlıqda belə adlandırırdılar) - Miyamota ilk dərsini də atasından almışdı. Təhqiqatçıların bəziləri Miyamotonun 7 yaşı olarkən atasının ailəni tərk edərək getdiyini yazırlar, digərləri isə bildirirlər ki, Sinmen Mu-nisay öldürülüb.
   
   Amma Musasi ailəsinin faciəsi heç də bununla bitmədi. Ailə atasız qaldıqdan bir qədər sonra ana da vəfat etdi. Kimsəsiz Ben-ne-sukeni buddist kilsəsində monarx olan dayısı himayəsinə götürdü. Maraqlıdır, uşağın dayısı da, eləcə Yaponiyada bu cür din xadimlərinin böyük əksəriyyəti də qılıncoynatma sənətini gözəl bilirdilər. Və belə ehtimal edilir ki, o, dayısından da mükəmməl dərs alıb. Özü də Musasinin bioqrafları yazırlar ki, o, həmin dövrlərdə aqressiv və inadkar xarakteri ilə seçilirmiş. Və qeyd edirlər ki, Miyamota fiziki gücünə görə, həmyaşıdlarını çox üstələyirmiş. Əlbəttə, belə bir yeniyetməyə döyüşməyi öyrətmək elə də cətin olmayacaqdı.
   
   İLK DÖYÜŞLƏR
   
   Elə inanılmaz bacarığına görə idi ki, 13 yaşlı Ben-no-Suke təcrübəli samuray Arima Kixeemə qarşı xüsusi çomaqla çıxdığı təkbətək döyüşü qələbə ilə başa vurdu. Məhz bu bacarığından sonra kənddə, yaşıdları arasında adı xüsusi hörmətlə çəkilməyə başladı. Lakin hər şey heç də bununla bitmədi. Əksinə, onun samuray həyatı təzə çiçəklənəməkdəydi. 16 yaşda ikən daha sərt, daha bacarıqlı döyüşçü ilə təkbətək vuruşmağa çıxaraq onu da məğlub etdi. Bundan sonra Musasi kəndlərində qalmaq istəmirdi. Və günlərin birində Yaponiyanı dolaşmaq üçün yola çıxdı və bir-bir əyalətləri dolaşmağa başladı. Bununla da səyyah-döyüşçü oldu.
   
   Tarixdən də məlumdur ki, həmin dövrlərdə Yaponiyanın bir sıra əyalətlərində ciddi qarışıqlıqlar hökm sürürdü. Hətta bu toqquşmalar vətəndaş müharibəsi həddinə qədər gəlib çatırdı. Məhz o zaman məşhur Asikaqa tayfası özünü syequn elan edən İeyasunun ordusuna qarşı döyüşürdü. Kimlər tərəfindənsə bu qarşıdurmaya cəlb olunan Miyamoto Sekiqaxara vuruşmasına Asikaqa tərəfindən qatıldı. Həmin tarixi araşdıranların yazdığına görə, bu amansız toqquşmada 70 mindən çox adam öldürüldü. Onda İeyasunun ordusu rəqibi darmadağın etməyi bacardı. Musasi isə ətrafını saran çoxlu sayda düşmənə qarşı vuruşmalı oldu və bu amansız döyüşdən xoşbəxt təsadüf nəticəsində sağ qurtula bildi. Həmin döyüşdə Musasi ilə nələrin baş verdiyini kimsə dəqiq bilməyib, çünki Miyamoto heç vaxt bu döyüşü xatırlamaq belə istəməmişdi.
   
   Bundan sonra Tokiyoya gəlib çıxan Miyamoto burada təsadüfən atasının düşmənlərindən olan Yesioka ailəsi ilə qarşılaşdı. O dövrün ənənələri düşmənlə qarşılaşarkən bitməmiş mübahisəni tamamlamağı tələb edirdi. Və toqquşma qaçılmaz idi. Musasi bilirdi ki, özü bunu etməsə də qarşı tərəf qisas üçün belə addım atacaq. Onu da anlayırdı ki, özündən fərqli olaraq qarşı tərəf say üstünlüyünə malikdir. Çünki bütün Yesiokaların hamısı şəhərdə idi. Amma özünə arxayın olan Miyamoto Musasini heç nə qorxutmurdu. Əslində Yesiokalar da onun bacarığından xəbərsiz deyildilər.
   
   ƏSKİ DÜŞMƏNLƏRLƏ DUELLƏR
   
   O, gözləyirdi və qısa zaman sonra çağırışı aldı. Düşmənlərin hiyləgərlik edəcəklərini bilsə də Miyamoto qərarını dəyişməmişdi. Belə ki, əvvəlcədən razılaşdıqları kimi Yesioka Seydzironun döyüşə çomaqla deyil, qılıncla gəldiyini bilsə də Miyamota dueldən imtina etmədi. Maraqlı idi. Bir tərəfdə yalın samuray qılıncı, digər tərəfdə yalnız döyüş çomağı... Yəqin ki, elə buna görə də qarşı tərəfdən müşahidəçi kimi gələnlər əslində Seydzironun qalib gələcəyinə əmin idilər. Belə vəziyyətdə buna şübhə etmək əslində gülünc idi.
   
   Amma oradakıların gözləri qarşısında Miyamoto möcüzəsi baş verdi. Onun əlindəki döyüş çomağı inanılmaz məharətlə, özü də çox sürətlə işə düşdü. Belə zərbələrin qarşısında qılıncla da duruş gətirmək mümkün deyildi.
   
   Qısa zamanda Musasi düşmənini elə bir hala saldı ki, bəlkə də onu öldürsəydi daha şərəfli olardı. Ölümcül halda döyülən Seydzironu xidmətçiləri adyala bürüyüb evə apardılar və bundan az sonra o, saçlarını kəsərək samuray adından imtina etdi. Musasi isə intiqam üçün gələn digər iki qardaşı da məğlub edərək önündən çəkdi.
   
   Belə ki, Miyamoto ortancıl qardaşı da oxşar vəziyyətdə, yəni möhkəm döyüb yola saldıqdan sonra kiçik qardaş Xansitiro onun axırına çıxmaq üçün fərqli yol seçməyə qərar vermişdi. O, duelin keçiriləcəyi yerə mükəmməl silahlanmış dəstə ilə gəlmişdi. Məqsəd necə olursa-olsun, hətta samuray qaydalarının təhqiri hesabına olsa belə Musasini öldürmək istəyirdi. Amma Xansitiro unudurdu ki, duelə təkbaşına gələn kensey (qılınc döyüşünün ustası) Miyamotonu hətta belə yolla da öldürmək asan məsələ deyil.
   
   Döyüş yerinə çatan samuray vəziyyəti anladı. Vaxt itirmədən hücum üçün münasib məqamı seçən Musasi bir əlində gödək, digərində isə uzun samuray qılıncı ilə meydana atıldı. Kenseyin qılıncı qılncdan çox ildırıma bənzəyirdi. Ona yaxın durmaq ölümə sarı əl uzatmaq kimi bir şey idi. Çox çəkmədi ki, o, gənci parcaladı və köməyinə gələnlərin bir neçəsini torpağa sərdi. Digərləri isə oradan zorla qaçıb canlarını qurtara bildilər.
   
   Bəziləri söyləyir ki, həmin adamları Miyamoto qəsdən sağ buraxmışdı ki, baş verənlər haqqında ətrafda danışsınlar. Bu iddianın nə qədər gerçək olduğunu deyə bilməsəm də onu söyləyə bilərəm ki, üç qardaşla bağlı məhz bu hadısələrdən sonra samuray Miyamoto Musasi haqqında danışılacaq əfsanələrin əsası qoyuldu. Əslində o, həqiqətən də qılıncın kralı, gerçək əfsanısi idi.
   
   Bioqrafların məlumatlarından aydın olur Miyamoto təkcə 29 yaşınadək 60-dan çox təkbətək döyüşə çıxaraq onların hamısını qalib başa vurub.
   
   Özü də döyüşə çıxdıqlarının çox böyük əksəriyyəti məşhur samuraylar, usta döyüşçülərlə olmuşdu və hər biri Musasi ilə bağlı hansısa əfsanənin yaranması üçün kifayət edirdi...
   
   Əslində çətin duellərdə, qeyri-bərabər döyüşlərdə, müharibələrdə iki qılncla döyüş üslubunun əsasının məhz Miyamoto Musasi tərəfindən qoyulduğu söylənir. O çox böyük ustalıqla hər iki samuray qılıncını hərəkət etdirərək düşmən üçün inanılmaz bir təhlükə yaradırdı. Qarşı tərəfdəki döyüşçü üçün təhlükənin həmin qılınclardan hansı biri tərəfindən gələcəyini bilmək çox çətin idi. Özü də ikinci qılıncın qısa olması məsələni bir az da sirli edirdi. Çünki əsasən normal uzunluqda olan qılıncın hücumlarından özünü qorumağa məcbur qalan düşmən gözləmədiyi halda qeyri-adi hərəkət edən qısa qılncın zərbəsinə məruz qalırdı. (Miyamoto Musasi təkbətək döyüşlərdə bu üsuldan çox nadir hallada istifadə edib). (Ardı qəzetin 16 oktyabr sayında)

TƏQVİM / ARXİV