MUğAM DA QURANi-KƏRiM KiMi SiRLiDiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
42257 | 2012-10-06 00:18
"Dünya yerindədi, adamlar ayaq-baş düşüb..."
   
   Tam əminəm ki, həmsöhbətimi təqdim etməyə ehtiyac yoxdur. Çünki yalnız "Dədə" sözünü dilə gətirməklə həmsöhbətimin kim olduğunu dəyərli oxucu dərhal hiss edəcək. Çünki mənim həmsöhbətim xalqın sevimlisi, xalqın xanəndəsi, xalqın sənətkarı Dədə Süleymandır. Rəsmi olaraq onu sənədlərdə Süleyman Cümşüd oğlu Abdullayev kim yazıblar. Amma gerçəklikdə o, müsiqisevrələrin və səsinə baş əyənlərin Dədə Süleymanıdır.
   
   - Salam, Dədə. Nə var, nə yox? Yönü payıza olduğumuz bu məqamda özünüzü necə hiss edirsiniz?
   
   - Çox sağ ol. Nə hamıdan yüksəkdə deyiləm, nə də aşağıda. Elə hamının olduğu yerdəyəm. Nəticəni özün çıxardarsan. O ki, qaldı nə var, nə yoxa, hər şeydən bir az var. Payız da ki, məndən, səndən asılı deyil. Köhnə kişilər demiş, zaman heç nəyə baxmır, öz dəyirmanını işlədir.
   
   - Dədə, dünyanın bu qarmaqarışıq, baş-ayaq olduğu vaxtda adamlar da bir az nizam-intizamdan kənarlaşıb, necə deyərlər, bir növ "başlı-başını saxlasın" prinsipi ilə yaşayır. Bax, belə bir vaxtda sən necə, səsinə söykənib yaşaya bilirsənmi?
   
   - Əvvəlcə gəl baş-ayaq danışmıyax. Nə var onu deyək, özü də necə var, o cür də deyək. Dünya ayaq-baş düşüb eləmiyib. Dünya elə olduğu kimi qalıf, yəni Allah bu dünyanı necə yaradıf, o cür də var. Min il bundan qabaq da belə oluf, indi də belədir. Ayaq-baş düşən insanlardı. Dünyanı da yaxşı, pis səmtə yönəldən insanlardı. Dünya özü-özüylə müharibə eləmir ki, müharibəni eləyən də adamlardı, dünyanı pis günə qoyan da adamlardı. Baş açmaq olmur, bu adamlar niyə öz günahlarını dünyanın boynuna atır. Dünya fağırın əli yox, ayağı yox. Yetən cumur üstünə. Yazığın adı beddam çıxıf. Hələ də insanlar dərk eləmir ki, bu, yerində olan dünyanın başına oyunlar açan da, onu qınayan da özümüzük. Hər şeyin günahkarı insandı. Günahın hamısı yenə deyirəm, insanlardadı. Dünya neyləsin, oturub yerində səsini-səmirini çıxarmır. Bütün işlərin başında insanlar dayanır. Allah bütün ixtiyarı insana verib. İnsan da bir də görürsən ki, heç Allaha da bəndəlik eləmir. Dava salır, qırğın törədir...
   
   - Dədə, dava demişkən, heç dava-dalaş salmısan?
   
   - Mən uşaq vaxtları bir az davakarlıq eləmişəm. Özü də tay-tuşlarımla yox, ermənilərlə. Yəqin bilirsən də bizim Qoçəhmədli kəndi ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun ermənilər yaşayan kəndləri qonşu idilər. Özümüzün bağımız, bağçamız olmasına baxmayaraq, gedirdik ermənilərin bağına, bostanına. Bax, onda dava düşürdü, mən də qolu zorlu idim, qabağıma çıxan ermənini salırdım yumruğun altına. Ayrı heç kimlə dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu yaşıma qədər. Amma bütün kənd uşaqları kimi mən də güləşmişəm, zarafatlaşmışam, şuluq salmışam. Məni də həmişə Dadaş yıxırdı. Ümumiyyətlə, haqsız davanın əleyhinə olmuşam. Özüm də eləməmişəm, eləyəni də qınamışam. Yadımdan çıxmamış onu da deyim ki, erməni başını itirib. Erməninin başı olsaydı, bizim bu günümüzü görüf fikirləşərdi ki, əvvəlki qonşuluğu saxlasaydı, indi o da kef-damaq içində yaşayardı. Amma rusun fitvasına getdi, özünü yaman günə saldı. Əgər rus olmasa, təkcə Ağdamla Füzulinin camaatı yığışıf ermənini torpaqlarımızdan çıxara bilər. Bunu mən deyirəm. Çünki mən erməninin dabbaqda gönünə bələdəm. Yəni dediyim odur ki, Allah bizi yaradıb və bizə də bir yol göstərib birimiz o yolu ağılla, başla qana-qana gedlirik, birimiz də haramlıqla, namərdliklə, ev yıxmaqla. Ona görə də Allah özü hər şeyin qiymətini verir. Çünki ondan yuxarıda heç kim yoxdu. Görən də odur, qiymət verən də. Allahın qoyduğuna heç kim düzəliş eləyə bilməz, qulp qoya bilməz. Elə musiqidə də belədi. Bir də görürsən ki, biri əllaməçilik eləyir. Amma bir ayrısı ağılla, düşüncəylə, yerli-yerində muğama təzə əlavələr gətirir, yeni möhür vurur. Bunun ikisinə də deyirlər olmaz. Bəli, birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən qəbul edilmir. Amma ikinci niyə olmasın ki? Axı bu insan yeni boğazla, yeni ştirxlərlə musiqimizi cilalayır. Buna "sağ ol" demək lazımdır. Saa bir söz də deyim. Dünyanın, yerin, göyün nəyi varsa, nəyi görürüksə, nəyi eşidiriksə, nəyi oxuyuruqsa, bunlar hamısı müqəddəs "Qurani-Kərim"imizdə yazılıb. Ağıllı adamlar o müqəddəs kitabı oxuyub özünə ağıllı yol da seçir. Hətta ağıllı alimlər Quranı öyrənib ondan istifadə etməklə öz kəşflərini də edirlər. Çünki hər şeyin bünövrəsi Quranda yazılıb. Quran dünyanın çox böyük sirridir. Onu oxuyub başa çıxmaq, onu dərk eləmək heç kimə nəsib olmayıb. Hər dəfə oxuyanda bir sirrdən agah olursan. Muğam da onun kimidi. Hər kəs öz ifası ilə onun bir sirrini açır. Hə, yadıma düşmüşkən, saa onu da deyim də, bizdəki o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rəhmətlik İslam Rzayev yaradıb. Bəzi ağzıgöyçəklər deyiblər ki, biz yaratmışıq. Yalandı. Onu Seyidin gözəl tələbəsi İslam Rzayev yaradıb. Özü də havadan yox haa...
   
   - Dədə, üzr istəyirəm, başa düşmədim, nə demək istəyirsən?
   
   - Burda çətin nə var ki? Rəhmətlik İslam şərq ölkələrinə qastrola getmişdi. Hə, saa onu da deyim ki, farslarda da, ərəblərdə də muğam var. Amma bizim muğam hamısından bitkindi. Ərəblərin muğamı cəmi üç mərhələdi. Bax, İslam Rzayev qastrolda görüb ki, ərəblərin muğam teatrı var. Oturub qulaq asıb. Sonra bundan fikrini soruşublar, İslam da deyib ki, muğam burda bitmir. İnanmayıblar. İslam burda nə təhər oxuyubsa, məəttəl qalıblar. Günaha batmayım, bir şeyidə deyim saa. Ərəblərdə tək-tək yaxşı muğam oxuyanlar var. Amma hamısı təkcə o üç mərhələyə qədər oxuyur. Bizim muğam başqa bir şeydi. Sirrdi, vallah, sirrdi. Sirr olmasa, Xanı, Seyidi, Cabbarı, Keçəçioğlunu, Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı, Şövkəti dinləməkdən doyardıq və bir də qulaq asmazdıq. Görürsən, hər dəfə o böyük xanəndələri dinləyəndə təzə nə isə tapırsan. Ə, bir də saa bir şey deyim e, Qədiri, İslamı unutmaq olar? Mənsuriyyəni deyəndə Yaqubu yaddan çıxarmaq olar? A kişi, bu sənətkarlar Allah vergisi ilə doğulublar, Allah vergisi ilə də muğama möhür vurublar. Məni tərpədirsən, yadıma ayrı şeylər də düşür. Bəzən ağzıgöyçəklər deyir ki, "Mənsuriyyə"ni oxuyanda ora Segah əlavə eləmək olmaz. Ə, niyə olmur axı? Bu adamın qəvliyyəti var, səsi var. Başlayır Mənsuriyyədən, yavaş-yavaş keçir Segaha. Özü də elə keçir ki, ruhun da incimir. Sonra keçdiyi kimi də yavaş-yavaş qayıdır Mənsuriyyəyə. Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan? Kişinin oğlu yaradır da. Qəvliyyətin var, sən də oxu. Yoxdu, tay qadağa qoyma. Bu olar, bu olmaz!.. Sən Allah bağışla e, qatıb-qarışdırıram, amma söz gələndə gərək deyəsən. Bilmək gərəkdi ki, muğam qollu-budaqlıdı, hər tərəfə şaxələnir. Muğamda açılmayan sirlər var. Əvvəldə dediyim kimi Quranda olduğu kimi. Bax, bu möcuzədi bizim musiqimizi dünyaya sevdirən, dünyaya meydan oxuyan. Dünyanın elə bir musiqisi yoxdur ki, onun içərisində bizim musiqinin təsiri, əlamətləri olmasın. Bayaq ərəblərdən danışırdım haa, ərəblər "Şur"dan o yana gedə bilmir. Səsləri "Şur"a kimi çatır. Amma biz "Şur-Şahnaz", "Sarəc" və ondan sonraları da oxuyuruq. Yəni "Şikəsteyi-fars", "Simayi- Şəms" var...
   
   - Dədə, mən bayaq dava sualını elə-belə vermədim e. Yəni mənim də içimdə öyrənmək istədiyim bir mətləb var idi. Onu səndən öyrənmək istəyirəm.
   
   - Kol-kos doğrama, sözün nədi onu de. Soruş görüm.
   
   - Dədə, indi oxuyanlar çoxu yaddan çıxmasın deyə dava salır, bir-birinin saçını yolur, bir-birinin paxırını açır...
   
   - Yox, bildim nə deyirsən. Bunların heç biri mənilik deyil. Ümumiyyətlə, səsi, istedadı, əxlaqı, dinləyiciyə, tamaşaçıya hörməti olan heç bir oxuyan bu yolu tutmaz. Mən belə görmüşəm. Bizi belə tərbiyələndiriblər, belə böyüdüblər. Tam səmimiyyətimlə deyirəm, vallah, ürəklə deyirəm. Dünyanın tanıdığı böyük Seyid Şuşinski mənə dərs verib. Mən ondan dava-dalaş dərsi almamışam. 1959-cu ildən, yəni Bakıya gəldiyim gündən (yəqin bilirsən də məni Seyid gətirmişdi - Ə.M.) böyük sənətkarlarla bir yerdə olmuşam. Mən İslamı görmüşəm, Zeynəb Xanlarovanı görmüşəm, Əlibaba Məmmədovu görmüşəm, Əbülfət Əliyevi görmüşəm, Şövkət xanımı görmüşəm, Qulu Əsgərovu görmüşəm, Yaqub Məmmədovu görmüşəm. Yəni elə istedadları, elə sənətkarları görmüşəm ki, mən ancaq tərbiyələnmişəm, öyrənmişəm. Rəhmətlik Seyid Zeynəb xanıma, İslama, Quluya, mənə və bir neçə digər sənətkarlarımıza bir yerdə dərs keçirdi. O həm də bizə həyatı öyrədirdi, tamaşaçıya, dinləyiciyə ehtiramı öyrədirdi. İnan Allaha ki, bu yaşıma qədər bir tar çalanla, bir kamança çalanla, ümumiyyətlə, heç bir sənət adamıyla narazılığım olmayıb. Heç kimin xətrinə dəyməmişəm. Hamıyla mehriban yola getmişəm, hörmət etmişəm, hörmət görmüşəm. İndiki oxuyanlar bir az ayrı yolu tutublar. Amma düz eləmirlər. O ki, qaldı musiqimizə...
   
   - Hə, Dədə, musiqimizdə nə baş verir?
   
   - Gəl etiraf eliyək ki, hörmətli Mehriban xanımın diqqəti sayəsində Azərbaycan muğamı ayağa qalxdı, bir daha özünü dünyaya göstərdi. Onun sayəsində müsabiqələr keçirildi və bu gün Babək, İlkin, Qoçaq, Təyyar, Elşad, Elçin, o biriləri müğamın inkişafında öz sözlərini deməyə başladılar, muğama yeni nəfəslər gətirdilər. Aydınca göründü ki, böyük sənətkarların ardınca böyük də istedadlar gəlir. Düzdü, bəzən hətta tanınmış xanəndə də nəyi isə düz oxumaya bilər, oxuyur da. Amma mən heç vaxt birbaşa kiminsə qəlbinə dəymirəm, irad tutmuram. Sadəcə onun qəlbinə dəymədən deyirəm ki, deyəsən səsin yerində deyil. O da səhvini başa düşür. Amma cavanlar belə eləmir. Birinin bir balaca səhvi oldu, aləmi qatırlar bir-birinə. Dava-dalaş da belə şeylərdən başlayır. Bilmək lazımdır ki, heç kim bu dünyanı tutub getməyəcək. Cabbar, Xan, Seyid gəlif-gedif. Onların ardınca Şövkət, Əbülfət, Qulu, Yaqub, İslam gəlif-gedif. Onların dalınca da biz gedəjiyik. Bizim dalımızca da başqaları gələjək. Yəni hər şey mərhələ-mərəhələdi. Odur ki, gərək ürək sındırmayasan, əl tutasan, yol göstərəsən. Özü də ürəklə, adam balası kimi, xətirə, şəxsiyyətə toxunmadan. Bizdən əvvəlkilər muğamı qoruyub, indi biz qoruyurux, bizdən sonra da gələnlər qoruyajax. Bu gün həmin o cavan muğam oxuyanlar məni görən kimi yığışır başıma. Soruşur, məsləhət alır, sual-cavab edirlər. Maa ləzzət verir, mən də bildiyimi öyrədirəm. Ümumiyyətlə, qəvliyyəti olan, səsi olan heç bir oxuyanı danmaq olmaz. Mən lap elə qadın oxuyanları da deyirəm. Aygünü, Nəzakət Teymurovanı, o birilərini nə təhər danmaq olar. Muğam oxuyan qadınlarımız çox mükəmməl bilir öz sənətin. Adlarını unutduqlarım məni bağışlasınnar. Mənim estradayla işim yoxdu. Ancaq onlar da muğamı bilsələr, işlərinin xeyrinə olar. Çünki estrada özü də muğam üstündədir. İstənilən musiqini səsləndir, deyim hansı muğamın üstündədi. Heç biri muğamdan kənara çıxa bilmir. Bu, Üzeyirin böyük xidmətinin nəticəsidir. Üzeyir də deyib, Seyid də deyib ki, muğama əlavələr olar, amma ağıllı əlavələr. Səndən bir şey soruşum.
   
   - Buyur, Dədə.
   
   - Yaqub "Mənsuriyyə"ni oxuyub. Pisdi? Lap elə Qədiri deyim. Qədir Rüstəmovu yaddan çıxarmaq olar?
   
   - Yox, mümkün deyil.
   
   - Ay sağ ol. Bu kişilər öz qəvliyətinə görə oxuyub, möhürünü vuruf, çıxıf - gedif. Mən Əbülfət Əliyevi, Zülfü əmini, Mütəllim Mütəllimovu nə təhər yaddan çıxarım. Mütəllimin "Segah"ını kim oxuya bilər? Bir yadına sal:
   
   Hər bağın, hər bağçanın
   
    Öz bülbülü şeydası var
   
    - bu dəqiqə də qulaqlarımda səslənir. Bu kişilər öyrənə-öyrənə, sevə-sevə oxuyublar. Biz də elə, bizdən sonra gələnlər də elə olacaq. Ələsgərin, Segah İslamın, Keçəçioğlunun valları var. Onlara saatlarla qulaq asıram. Bu yaşımda da öyrənirəm. Ayə, mənim 73 yaşım var e, amma öyrənirəm. Çünki muğam başdan-ayağa sirrdi. Öyrəndikcə öyrənirsən, bitif qurtarmır. Sağ olsun cavanları, görürəm onlar da muğamı həvəslə öyrənirlər. Bu heç də pis deyil. Əksinə, pis odur ki, oxuyanın özü özünə qiymət verə bilməsin. Niyə oxuduğunu, nədən ötrü oxuduğunu dərk eləməsin. Əgər dərk eləsə, bu sənətdən qorxmayajax. Hara qədər oxuya biləcəyini müəyyənləşdirəjək və oxuya bilməyəndə də yavaşca öz işinin ardınca gedəjək. Amma dərk eləməyənlər ömrü boyu ortalıqda qalajax. Bax, dad bu yarımçıqların əlindən. İndinin özündə də bir az yekəlik çıxmasın, camaat məni məclisinə dəvət eliyir. Çünki mən camaata da hörmət etməyi bacarıram, sənətə də qiymət verməyi bacarıram. İndiki cavanlar özündən böyüklərin yoluna baxsalar, öz yollarını vaxtında müəyyənləşdirəjəklər. Dikbaşlıq eləyənlər uzaq gedə bilməzlər. Ağıllı oxuyan həmişə öz yerini bilir. Bir də yeri olmasa da deyim. Mən açılmamışam e, heç açılmaq da istəmirəm. Çünki... (bir anlıq susur). İndi bəzi ağzıgöyçəklər deyir ki, bu yaşda bu nə addı sənə verdilər? (söhbət "Əməkdar artist" adından gedir - Ə.M) Mən də kəsəcə cavab verirəm ki, mənə hansı ad layiqdir, xalq verif. Hökumət də bu adı layiq bildi, bu adı verdi. Sağ olsunlar, görürlər ki, yaşımın çiçəkləyən vaxtıdı, səsimin açılan vaxtıdı, bir az da həvəsləndirdilər. İnşallah, o biri adları da verərlər. Mən bir şeyi bilirəm: - xanəndə Allahın ona verdiyi səsi xalqın xidmətinə yönəltməlidir. Elin-obanın məclislərində gücü çatdığı kimi iştirak etməlidi. Rəhmətlik Rüstəm Səfərəliyevi tanıyırdın?
   
   - Əlbəttə ki, tanıyırdım.
   
   - Bax, Rüstəm əmi mənim ana qohumum idi. Bərdədə birinci katib işləyirdi. Rəhmətlik Heydər Əliyev onun xətrini lap çox istəyirdi. 1969-cu ildə Bərdəyə konsert verməyə getmişdim. Gecə rəhmətliklə oturub söhbət eliyirdim. Maa dedi ki, istəyirsən Heydər Əliyevə deyim saa ad da versin, ev də. Mən də gəlib bunu rəhmətlik anama danışdım. Anam da savadsız arvadıydı. Özün Qoçəhmədliləri tanıyırsan dana. Maa qayıtdı ki, bala, Urustama denən Heydər Əliyevə desin ki, qoy Süleyman oxumağın oxusun. İndi Allah ölənlərin hamısına rəhmət eləsin, mən belə söhbətlərin də şahidi olmuşam. Tay ayrı nə deyim. Onda mənim qara "24"üm var idi. Rüstəm əmi deyirdi ki, katibin də "24"ü var, sənin də. Mən də "24"-ü kosmosa uçandan almışdım. Zarafatla deyirdim ki, sizə hökumət verib, maa göyə çıxan. Görünür Rüstəm əmi o söhbəti Heydər Əliyevə demişdi. Çünki Ulu Öndər hakimiyyətə qayıdandan sonra mənə Prezident təqaüdü verdi.
   
   - Dədə, yeri gəlmişkən, el-oba söhbəti elədin yadıma düşdü. Sizə bu titulu, yəni "Dədə" adını ilk dəfə kim verib? Birinci kim sizə "Dədə" deyib?
   
   - Allah Səyavuş Sərxanlıya rəhmət eləsin. Çox gözəl insan idi. Tanıyırdın onu?
   
   - Əlbəttə. Yaxın münasibətim də olub rəhmətliklə.
   
   - Dədə sözü ən çox aşıqlarda olur. Dədə Ələsgər, Dədə Şəmşir və ayrıları. Bunun da səbəbi odur ki, aşıqlar həmişə elin-obanın içində olur, kasıb toylarını pulsuz çalıb-oxuyur. Yəni camaatın dərdinə-sərinə qalır. Belə pis çıxmasın, mən də heç vaxt heç kimə "toy pulu" oxumamışam. Nə veriblər, min bərəkət demişəm. İnan Allaha, bax, sənin də, mənim də canım üçün o qədər pulsuz toylar oxumuşam ki. Hətta tar çalanım Mahmud arada zarafat eliyif ki, Dədə, bu toyda pul olajax, yoxsa yox? Demişəm puldan gözünü çək. Digər tərəfdən, xalq məni urvatlı tutur, mənə pul xarclayıb, mən də o pulu xalqa qaytarmışam. Mən ömür boyu pul yığmamışam. Evim olub, uşaqlarım dolanıb, maşınım olub, heç kimə əl açmamışam, artıq tamahlıq eləməmişəm. Qazanmağı da bacarmışam, xarclamağı da. Qohum-əqrabama doyunca əl tutmuşam. Halal xoşları olsun. 1972-ci ildə köhnə Şamxorda, indiki Şəmkirdə həmin o rəhmətlik Siyavuş Sərxanlıyla bir məclisdə idim. Gecənin bir yarısı rəhmətlik maa dedi ki, Süleyman müəllim, anam ağır yataqdadı, bu günlük, sabahlıqdı, gedək ona bir baş çəkək. Gecə yarısı durub gəldik bunların kəndinə. Sərxanlı kəndidə dərənin dibindədi. Gəldik, gördüm arvadın vəziyyəti həqiqətən ağırdı. Çıxdım həyətə ətrafa baxdım, Qoçəhmədli yadıma düşdü. Özümdən asılı olmadan bir "Segah" oxudum. Özü də bu sözlərlə:
   
   
   
   Ya rəbb, sənə and verirəm Peyğəmbərə,
   
   Rəsulun məzarı xatirinə sən əfv et,
   
   
   
   Füzulini - mən burda Siyavuşun anasını nəzərdə tuturdum və deyirdim:
   
   
   
   Əfv et Füzulini, keç günahından,
   
   Çox günah etmiş özü bilmədən
   
   
   
   - sonra qayıtdıq otağa, gözlərimizə inanmadıq. Bayaqdan can üstə olan ana durub oturmuşdu yerin içində. Mənim sidq ürəklə Allaha üz tutmağım o ananın ömrünü 3-4 il uzatdı. Bax, həmin gecə Siyavuşun anası soruşdu ki, ay oğul, bu qonaq kimdi? Siyavuş da yarı zarafat, yarı ciddi dedi ki, dədəmdi, gəldi səni xilas elədi. Bax, dədə söhbəti ordan başladı. Onda Siyavuş mənə bir şeir də yazdı:
   
   
   
   Ya rəbb, bu nə səsdi, yandı ağız, dil,
   
   Həsrətin yolunu illərə saldı.
   
   Sökülən bir sinə, tikilən bir ev
   
   Adımı, sanımı çöllərə saldı.
   
   
   
   Arazın yolunu daşdan eylədi
   
   O tayı, bu tayı huşdan eylədi.
   
   Durna qatarını köçdən eylədi,
   
   Göylərdən endirib düzlərə saldı.
   
   
   
   Gözümü yaş boğdu, dağları duman,
   
   Ömürdən keçdi ay dad, ay aman.
   
   Laçın Siyavuşu Qartal Süleyman,
   
   Dağlardan endirib çöllərə saldı.
   
   
   
   Bax, beləcə Dədə söhbəti başladı. 40 ildi bu adla yaşayıram. Kim də deyir pul havax olajax, deyirəm torpaxlarımız qayıdanda. İndi borcumuz el-obanın toyunu şenləndirməkdi.
   
   - Dədə, sənət yoldaşlarınızdan ən çox kimə ürək qızdırmısınız, kimə sirr vermisiniz?
   
   - Ən birinci rəhmətlik İslam Rzayevə. Rəhmətlik məni 3-cü 4-cü kursda oxuyanda getdiyi toylara özüylə aparardı. Deyərdi ki, Sülü, getdik Maştağaya, getdik Nardarana. İslamdan sonra Yaqub Məmmədovnan yoldaşlıq eləmişəm. Ölənəcən qoymamışam əlini cibinə salsın, çaypulu versin. Düzdü, rəhmətlik bir az simic idi, amma onun səsindən ötrü ölürdüm. Atam da çox istiyirdi rəhmətdiyi. Kəndimizdə çox olmuşdu. Saa bir şey də deyim, qoçəhmədlilər pul xarşdıyandı. Rəhmətlik Seyid maa deyirdi ki, Qoçəhmədli toylarından çuvalnan pul gətirirəm. Bu camaat yaxşı oxuyana yaxşı da pul xarşdıyır.
   
   - Dədə, mən bilirəm ki, sənin oğlun Cümşüd də oxuyur. Onun gələcəyini nə təhər görürsən? Süleyman ola biləcək?
   
   - Yox, heç vaxt ola bilməyəjək. Çünki biz sənətə əziyyətlə gəlmişik, öyrənə-öyrənə gəlmişik. Bunların meyli özləri özlərini aldatmağadı. Gedirlər toylara, diskləri qoyurlar, Allah verir texnikaya, toyu yola verib çıxıb gəlirlər. İndiki şadlıq evləriynən, keçmiş toyxanaların arasında yernən göy qədər fərq var. İndi kimdi xanəndədən oxumaq tələb edən, mahnı sifariş verən, oxuyanın səhvini tutan? Başlı-başını saxlasındı. Azərbaycandakı şadlıq sarayları o duzsuz oxuyanları mikrafon hesabına ətə-qana doldurub. Qarmon çala bilməyən gedib oxuyur, nağara çala bilməyən gedib oxuyur, tar çala bilmir, gedib oxuyur. Əl boyda mikrafonun hesabına olur oxuyan. Onlara da qol-qanadı şadlıq evlərinin yiyələri verir. Fonoqramma oxuyanların anasını ağladır. Şadlıq evləridi də, nə istiyirsən oxu. Saa heç kim heç nə demiyəjək. Keçmiş məclislər keçmişdə qaldı. Qız oxuyanlar da ki, tay ağını çıxardıb. Bu haram puldu. Mən disk hesabına oxuyanlara pis mənada yox, ağsaqqal kimi deyirəm, özlərini aldatmasınlar. Səsləri yerində olmayanda oxumasınlar. Halallığı unutmasınlar...
   
   - Dədə, mənə konkret cavab ver. Oğlun Cümşüd bu yolu axıra kimi gedəcək, yoxsa yox?
   
   - Maa elə gəlir ki, yox. O, bu oyunlara dözə bilməyəjək. O, bu meydanın adamı döyül. Mən ona həmişə sözümü deyirəm.
   
   - Dədə, toylardan söz düşmüşkən, deyə bilərəsən indiki toylarımızın dadı-duzu niyə qaçıb?
   
   - Ona görə ki, hər şey reklamdı, bəhsəbəhsdi, hamısı bir-birinə oxşuyur. Oxuyanlar da, açılan süfrələr də tay adamın canını boğazına yığıbdı. Heç kim toydan ləzzət almır. Nə bilim vallah, adam baxıb mat-məəttəl qalır. Toylarımız az qala şouya dönüb. Hərə bir hoqqabazlıq eliyir. Nə isə.... Allah hamının toyunu mübarək eləsin. Amma belə çox getmiyəjək. Bir də mən şadlıq evlərinin sahiblərindən daha çox xalqımı qınıyıram. Bu xalq heç kimin xətrinə dəymək istəmir. Bu xalq hamıya əl çalır, hamının konsertinə gedir, hamıya gül göndərir, boğazından kəsib bilet alır. Üzü utanır dana. Amma nə oxuyanlar utanmır, nə də şadlıq evlərində camaatın evinə girənlər. Xalq sözünü deməlidi. Deməlidi ki, mənim toyuma gəlmisən, adam balası kimi mahnı oxu. Maa disk lazım olsa, evimdə qoyub qulaq asaram. Heç kim demir. Onlar da bundan istifadə edir. Yenə deyirəm, taxsır camaatdadı, taxsır bizdədi.
   
   - Dədə, indi bir yerdə işləyib eləyirsən, yoxsa?..
   
   - Yox. Haqq üçünə çox dəvət eliyiflər. Amma mən getməmişəm. Asəf Zeynallının direktoru da, müavini də dəfələrlə ağız açdı, amma mən konsertlərə, ora-bura, yəni camaatımızın xeyir-şərinə çox gedirəm deyin, razı olmadım ki, xalxın uşaxları maa umud oluf ortalıqda qalsın. Mən heç kimi aldada bilmərəm. Bayaq yadımdan çıxdı, muğamdan danışanda demədim. İndi qəfildən yadıma düşdü, qoy deyim sən də yadında saxlıyıf yeri gələndə deyərsən. Sözlə musiqi bir-birini tamamlayan iki qanatdı. Bir-birindən heç vaxt ayrı ola bilməz. Söz, qəzəl musiqini tamamlayır, musiqi də sözü, qəzəli. Düzdü, tarı, kamançanı lap o biri alətləri də tək çalmaq olar. Amma o solo ifada barmaqlar danışır. Çaldığın mahnını barmaqlar deyir. Sözü eşitməsən də barmaqların səsi musiqidən sənə hər şeyi çatdırır. Biryolluq bilmək lazımdı ki, sözlə musiqi bir candı. Sözlə musiqi anayla baladı, onları bir-birindən ayırmaq olmaz. Sən fikir ver də, Möhlət tarda çalır və yaxud Elçin çalır, Feyruz çalır, eləcə də o biriləri. Musiqi ilə bir yerdə barmaqlar Möhlətin demək istədiklərini bir-bir saa deyir. Sənnən Möhlətin barmaqları danışır. Bunları bir-birindən ayırmaq qeyri-mümkündü.
   
   - Dədə, arada sənnən telefonla danışanda dedin Aqil Abbasa bir ismarıcım olacaq. O nə məsələdi?
   
   - Belədi də. Özün bilirsən ki, mən Aqili lap çox istiyirəm. Bilirəm ki, o da məni çox istiyir. Televizorda Aqilin bir verilişi varıydı. Ağdamda çəkmişdilər. Sərhəddi keçib dedi ki, Dədə Süleyman deyir ki, Qarabağın ayaqqabısı yoxdu ayağına geyinib gəlsin dalımızca. Mən də Dədəyə deyirəm ki, mən getdim Ağdama, o da durub gəlsin. Bəzi ağzıgöyçəklər bu verilişdən sonra maa dedilər ki, guya Aqil maa ayrı cür işarə vuruf. Amma onlar başa düşmədi ki, Aqil də, mən də demişəm ki, Qarabağ bizim dalımızca gələn döyül, biz ora getməliyik. Özü də sən hamıdan yaxşı bilirsən ki, mən Murova qədər, döyüş gedən hər yerdə əsgərlərimizin yanında olmuşam. Gecə ay işığında da oxumuşam, onlarla bir səngərdə onların arzularını yerinə yetirmişəm. Mənim üçün dünyada ən böyük nisgil, ən böyük ağrı ermənilərin indi yiyə çıxdıqları torpaxlarımızdı. Ona görə də deyirəm ki, biz ora qayıtmıyınca, rahatlıq tapan döyülük. Hələ Füzuli alınmamışdı, orda müdafiə dəstəsinin rəhbəri varıydı Bəylər müəllim, o, ratsiyaynan ermənilərlə danışanda aldım ratsiyanı onun əlinnən alıf oxudum:
   
   
   
   Bilsin bütün aləm, sonsuz asiman,
   
   Ay Qarabağın hər nöqtəsi bizimdir...
   
   
   
    - erməni o biri tərəfdən dedi ki, ara, başına pırlanım, nə qədər istiyirsən oxu, gözəl oxuyursan. Amma Qarabağ bizim olajax... Mən o bombanını altında, el-obanın yanında olanda çoxları bilmirdi müharibə nədi. Hətta Yuxarı Yağlıvənddə bir qohumumun həyətindəydik, bir də gördüm ki, qavalımı alt otağa düşürüb gizlədir. Soruşdum ki, niyə belə eliyirsən? Dedi ki, bu köpəyuşaxları top atırlar. Allah eləməmiş, qavalın zədələnər. Nə isə... Bax, dediyim odu ku, adamlar gərək hər şeyi öz mənasında, paxıllıq, rişxənd eləmədən başa düşsünlər, anlasınlar. Yoxsa sözə qulf qoymax, nə bilim ürək qırmax nəyə lazımdı ki? Adını çəkməyəjəm. Bir eloğlum gecəyarısı maa zəng vuruf ku, ə, bu yaşda bu nə addı saa verdilər? Tay buna nə deyəsən? Eləcə dedim ki, mən yaşımın çiçəklənən dövrünü yaşıyıram, nə də məsləhətdi onu da veriflər. Allah canlarını sağ eləsin. Hələ qavaxda o qədər illərim var kı. Sözüm deyəsən ona çatdı, o saat telefonu qoydu üstünə. Yəqin sən də bildin də nə dedim. Saa da bir məsləhətim var. Heş vaxt heş kimin ürəyinə dəymə. Allahdan böyük kimsə yoxdu. Allahın ətəyini əlindən buraxma. Dünyaynan-zadnan da işin olmasın. Məqaləni yaz, şerini yaz, arada dosta-tanışa, lap elə maa zəng vur çay içək, söhbət eliyək. Allah haqqı bu gün əməlli-başlı istirahət elədim. Evdə qavağıma bir tikə çörək qoyurlar boğazımnan keşmir. Amma indi çörək də yedik, çay da işdik. İstiyirsən saa arax da gətirsin. Arxayın ol e, pulum var. Bir də bu "Ləvəngi"də hamı məni tanıyır. Məsləhət olmuyan şeyi süfrəyə gətirməzlər. Sən Allah düzünü de, ləvəngi xoşuna gəldi?
   
   - Sağ ol, Dədə, ləvəngi də əlaydı, söhbətimiz də. Allah saa ömür versin. Allah qismət eləsin, ürəyimizdəki o Qarabağ nisgili tezliklə öz şəfasını tapsın. Bayaq danışdıqca necə kövrəldiyini yaxşı görürdüm. Sağ ol, Dədə! Sən hələ Füzulidə də oxuyacaqsan, inşallah. 80 illiyin orada toy-bayram olacaq.
   
   Bəli, Dədə Süleymanla dost kimi, qardaş kimi, eloğlu kimi, onun səsinin dəlisi kimi söhbətləşdik. Bir də onda baxdım ki, şər qarışıb, saatlar keçib. Düzünü deyim, Dədənin nə söhbətindən, nə də zümzüməsindən doymurdum, ayrılmaq istəmirdim. Amma bütün görüşlərində bir zaman çərçivəsi var. Bizim bu söhbətimizin çərçivəsi olduğu kimi.

TƏQVİM / ARXİV