adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SADƏ VƏ TƏBii ŞEiRLƏR

VAQİF YUSİFLİ
87214 | 2012-10-06 00:07

   
   Özü kimi sadə və təbiidir şeirləri də. Bu sadəliyin və təbiiliyin içində Ələsgər Həsənlinin keçdiyi ömür yolu dayanır. O, 66 il əvvəl, Qərib Azərbaycanın Gorus rayonunün Şurnuxu kəndində anadan olmuşdur. Doqquzuncu sinfi kənddə, orta məktəbi Qubadlıda bitirmişdir. Bundan sonra onun həyatına bircə ad - bircə isim görünür: SUMQAYIT. 1964-cü ildən o, Sumqayıtda yaşayır, ta 1976-cı ilədək o, bir sıra kimya zavodlarında işləyib. 1976-cı ildən isə orta məktəblərdə kimya müəllimi işləyir. Ali təhsil alıb. Sumqayıt ədəbi mühitinin yetirməsidir. Dörd şeir kitabının müəllifidir.
   
   Görürsünüz, sadə bir tərcümeyi-hal... Özü də çox sadə insandır Ələsgər müəllim. Ömrümdə bircə kərə olsun belə üzbəüz onunla oturub bircə stəkan çay belə içməmişəm, heç nə barədəsə söhbət eləməmişəm, amma bir-iki ötəri görüşdə hiss etmişəm ki, sadə adamdır.
   
   Ələsgər Həsənlinin şeirləri mövzuca rəngarəngdir.
   
   
   
   Baş-başa yaşayır xeyir ilə şər,
   
   Təbiət ən böyük açılmamış sirr.
   
   Canlı möcüzədək yaranan bəşər,
   
   Düşünən başları tilsimləyibdir.
   
   
   
   Çəkir qılıncını belədən-belə,
   
   Dünyanın qəribə təzadları var.
   
   Yox, yox barışma gəl bu dünya ilə,
   
   Ağıla sığmayan fəsadları var.
   
   
   
   Ələsgər Həsənlinin şeirlərində də dünya və yaşadığımız mühit, cəmiyyət təzadları ilə nəzərə çarpır. Şair üçün təbii ki, ətrafında baş verən, yaxud dünyada cərəyan edən hadisələrin hər biri onun da taleyindən, düşüncələrindən keçir. "Dövran hara bizi sürüyür indi?!" rubrikasında təqdim olunan şeirlər də həmin düşüncələrdən doğur. Şair deyir ki: "Yaxındakı düşməni gör, uzaqdakı bizə bəlli, İçimizdə öz işində iblis, şeytan, qaravəlli. Millətimin ayağından tutub çəkir ikiəllli, Başbilənə, haqq deyqənə, düzə qənim zümüzük"- "Özümüzük" rədifli şeir beləcə başlayır. Beləliklə, onun şeirlərində təzadlı mənzərələr öz əksini tapır:
   
   
   
   Düşdük, iblislərin felinə düşdük,
   
   Satqınlar arada quyruq buladı.
   
   Hər ağzıgöyçəyin dilinə düşdük,
   
   Qapı-bacamızda bayquş uladı.
   
   
   
   Yenə köhnə hamam, yenə köhnə tas,
   
   Başqa bir oyundu bu oyun, dayım...
   
   
   
   Ələsgər Həsənlinin şeirləri müxtəlif əhvali-ruhiyyə doğurur.
   
   Əcər "Şuşa həsrəti"ndə adından göründüyü kimi, Şuşa dərdi şeirin Baş Duyğusuna çevrilirsə, "Qaranquş yuvası" şeirində dostunun eyvanındakı qaranquş yuvası ilə lirik qəhrəmanın duyğuları arasında bir eynilik görürsən.
   
   "Şuşa əldən getsə, son gülləmi öz başıma çaxacağam" - bu sözləri o zamankı müdafiə naziri Rəhim Qazıyev söyləmişdi. Amma Şuşa əldən getdi, Rəhim Qazıyev isə dediyinə əməl etmədi.
   
   
   
   Sən necə alındın, alınmaz qalam?
   
   Mən mat-məəttələm, daşam, ay Şuşam!
   
   Başına gülləsin çaxmayan "balan",
   
   Yaşayır, ölməyib, Şuşam, ay Şuşam!
   
   
   
   Ömrünə gör necə ömür calanmış,
   
   Toxundu yaxana kafirin əli.
   
   Sənsiz sağ qalanlar bir quru canmış,
   
   Dərdindən bəs niyə deyilik dəli?
   
   
   
   İrəvan, Təbrizçün yara bağlaram,
   
   Zəngəzur, Borçalı, Göyçə bir yana.
   
   Dərbənd qalasına çıxıb ağlaram,
   
   Şuşam, göz dağısan Azərbaycana.
   
   
   
   Əsirlik haradan düşdü baxtına?
   
   Din, xarı bülbülüm, Şuşam, ay Şuşam!
   
   Necə uçub qonum o xan taxtına?
   
   Qanadı qırılmış quşam, ay Şuşam!
   
   
   
   "Qaranquş yuvası" şeiri daha niskilli və qəmli bir not üzərində köklənib. Şair yazır ki: "Bir yaz səhəri şair dostum Sabir Yusifoğlunun eyvanında qaranquş yuvasını gördüm".
   
   Şair bu qaranquş yuvasının bir eyvana yaraşıq verməsindən söz açır. Amma sonda şair deyir ki: "Qardaş, mənə oxşarı var o quşun, Yanacaqmı yurd yerində sönən şam?" Çox təəssüf edirəm ki, bu şeirdə lirik qəhrəmanın öz pərişan halı və yurd həsrəti ilə bağlı çırpıntılarını izhar etməyə imkan olduğu halda bundan istifadə olunmayıb. Mənim diqqətimi cəlb edən şeirlərdən biri də "Qatar Mehridən keçir" oldu.
   
   
   
   Qatı zülmət bir gecə,
   
   Yağır fişəng yağışı.
   
   Düşür pəncərələrə
   
   Güllələrin naxışı.
   
   
   
   Qatar atəş altında
   
   Gah gedir, gah dayanır.
   
   Böyük-kiçik yuxudan,
   
   Səksəkəylə oyanır.
   
   
   
   Kimi döşəmə üstə,
   
   Kimi gizlin yer seçir.
   
   Hamı təlaş içində,
   
   Qatar Mehridən keçir.
   
   
   
   Şeirdə deyilir ki, bələdçi qorxu və səksəkə içində söyləyir ki: "Azğın, quldur dığalar yenə kəsib qabağı". Qatarda rus əsgərləri də var və guya onlar bizləri qoruyurlar.
   
   "Sən işə bax, gücə bax, Dünyanın dinc çağında yol gedə bilməyəsən özün öz torpağında".
   
   Bu şeir mənə tanınmış nasir və gözəl şair-publisist Azər Abdullanın "Qəmərlidən keçən qatar" hekayəsini xatırlatdı. Bu hekayədə Ağəli müəllim öz qoca atasını, arvadını və uşaqlarını Mığrıya aparır. Amma qatarda erməni dığaları onlara sataşır, onun qoca atasını və özünü təhqir edirlər. Hər an öldürüləcəklərini düşünən Ağali müəllim Ordubadda düşür, oradan maşın tutub Mığrıya yollanırlar. Bu hadisə təxminən səksəninci illərin ortalarında baş verir.
   
   Ələsgər Həsənli də Sumqayıtda yaşayan bir çox şair dostları kimi xalq şeiri ənənələrinə bağlı şairdir.
   
   Qoşmada, gəraylıda, çoxlu şeir nümunələri var. Sərbəstə nadir hallarda müraciət edir. Əlbəttə, deyə bilmərəm onun qoşma formasında yazdığı şeirlərin hamısı əliyyül-əladır. Təbii ki, belə deyil, zəifləri və ortababları da az deyil. Təxminən qırx il öncə yazdığı "Göründü" rədifli şeirinə diqqət yetirək:
   
   
   
   Yanağında bir damla yaş,
   
   Dağ çiçəyi qaldırdı baş.
   
   Dağdan qopub yelləndi daş,
   
   Gədiklərdə sar göründü.
   
   
   
   Buzlu dərə döndü neyə,
   
   Qaldım üşüyə-üşüyə.
   
   Heyrət etdim bənövşəyə,
   
   Ətrafında qar göründü.
   
   
   
   Tənha, ahlı-amanlıydım,
   
   Dağlar kimi dumanlıydım.
   
   Həsrətliydim, gümanlıydım,
   
   Bulaq üstə yar göründü.
   
   
   
   Könül istər şərqi deyə,
   
   Valeh oldum gözəlliyə,
   
   Sığışmadım yerə, göyə,
   
   Dünya mənə dar göründü.
   
   
   
   Bu şeir təmiz gəraylıdır, özü də müasir səpkili gəraylı. Yeri gəlmişkən, qeyd edim ki, kitabda ("Tanımaq istəsən", Bakı, "Bilik", 2012) "Oyanan xatirələr" silsiləsindən olan şeirlər (bu şeirlər əsasən otuz-qırx il öncə yazılmışdır) mənə daha çox xoş gəldi. O şeirlər öz təbiiliyi və xoş səmimiyyəti ilə seçilir. O ki qaldı sevgi şeirlərin... deyə bilərəm ki, burada da sözün yaxşı mənasında sevgi duyğulu, eşq hərarətli şeirlər olduğu kimi ortabab şeirlər də diqqətdən yayınmır. Qeyd edim ki, bu zamanada-XXI əsrin başlanğıcında gözəl sevgi şeirlərinin sayı getdikcə azalır. Hanı Əli Kərimin "İki sevgi", "Həsrətin araya atdı dağ-dərə", Qabilin "Küləkli havalarda, yağışlı havalarda", "Mən səni görməyə adət etmişəm..." və s. gözəl şeirlər? Təbii ki, Ələsgərin hətta ən gözəl sevgi şeirləri də adını çəkdiyim o sevgi şeirlərinin yerini verməz. Amma bununla bərabər, Ələsgərdər yaxşı mənada iki misal gətirəcəyəm:
   
   
   
   Nə vecinə həsrətini çəkən var,
   
   Ürəyimi yenə üzüb gedirsən.
   
   Yollarına gözlərini dikən var,
   
   Ayrılığa necə dözüb gedirsən?
   
   
   
   İnsafa gəl, həyalıdan həyalım,
   
   Rəvamıdır de təklənim, tək qalım?
   
   Söylə mənə qəsdin nədi, a zalım,
   
   Yanıq verib, şəstlə süzüb gedirsən?
   
   
   
   Alıb dincliyimi əlimdən alıb,
   
   Anımdan əzizdir ilk məhəbbətim.
   
   Səsimi, nitqimi dilimdən alıb,
   
   Dilsizdir, səssizdir ilk məhəbbətim.
   
   
   
   Dönmərəm mən ondan lap dara çəkdir,
   
   Bəxtimin yazında açan çiçəkdir.
   
   Məni tufanında qərq edəcəkdir,
   
   Dalğalı dənizdir ilk məhəbbətim.
   
   
   
   Ələsgər Həsənliyə yeni yaradıcılıq uğurları arzulayaq, poetik addımları daha cəsarətli olsun...

TƏQVİM / ARXİV