adalet.az header logo
  • Bakı 17°C
02 Sentyabr 2015 16:22
3408
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısı Anarın kitabı macar dilində

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Heydər Əliyev mükafatı laureatı Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında nəfis şəkildə çap olunub. Bu barədə Azərbaycanın Macarıstandakı Səfirliyindən məlumat verilib.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir Azərbaycan və dünya oxucusunun maraq və diqqətini çəkən əsərləri daxil edilib. Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına ön söz yazıb. "Əbədi dəyərlər sorağında" adlı bu ön sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs açılır.

Azərbaycanın Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət Quliyevin "Otuz il sonra, yaxud "köhnə" Anarla yeni görüş" adlı son sözündə isə ilk əsərləri macar dilinə hələ 30-35 il əvvəl çevrilən yazıçının aradan keçən illər ərzindəki yaradıcılıq yolundan, zəngin ictimai fəaliyyətindən, türk xalqlarının mədəniyyətinə verdiyi böyük töhfədən danışılır, onun əsərlərinin macarlar üçün də yaxın, anlaşıqlı edən cəhətlərinə toxunulur. Macar mətbuatının vaxtı ilə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli, habelə Anar haqqında çap etdiyi materiallar əsasında hazırlanan "Anarın portreti cizgiləri" icmalı isə məşhur sənətkar ailəsini müasir macar oxucularına daha yaxşı tanıtmağa xidmət edir.