adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Müharibə və Sülh!

FƏRHAD ŞABANOV
45026 | 2012-10-06 00:07
Müharibədəki ilk itki gerçəklikdir. Əgər bomba düşdüyü yerdə insanları öldürürsə, gerçəklik ölür deməli. Bombanın düşdüyü ölkənin silahlı qüvvələri qarşı tərəfə daha ağır bombalarla cavab verirsə, insanlıq ölür deməli. Və dünyanın başqa yerində yaşayan insanlar bütün bu olub bitənləri sadəcə olaraq izləyirsə, ruhlarımız ölür deməli.
   
   İnsanlar məqsədlərinə doğru addımlamağa başlayır. Özünü o məqsədə aparan yolda tapır. Bütün çətinliklərə sinə gərərək məqsədinə çatmağa çalışır. Bir müddətdən sonra məqsəd yaddan çıxır və yolun ortasında dala-qabağa vurnuxmağa başlayır insan. Ən qorxulusu da məqsədə gedən yolda məqsədi unutmaqdır. İnsanın həyasızlığı da elə həmin anda başlayır. Dəyərlər dəyərsizləşir... Elə bir an gəlir ki, insan özünü unudur, ruhunu unudur.
   
   Heynrix Heyne deyirdi ki, insanın düzgün bir tərcümeyi-hal yazması mümkün deyil. Çünki insan özü haqqında danışmağa başlayanda bir çox yalanlar səsləndirir. Bunu isə insan qüruru ilə əlaqələndirir.
   
   Suriyada terroristlər hakimiyyətə gəlmək istəyir, Suriyanın dövlət başçısı Əsəd onlarla mübarizə aparır. Türkiyə terrordan ən çox başı ağrıyan ölkələrdən biridir. Buna baxmayaraq Suriyadakı terrorçuları dəstəkləyir. Hətta Suriyalı terrorçular öz rəsmi internet səhifələrində əsas hərbi bazanın yerini "Hatay, Türkiyə" olaraq yazmışdı.
   
   Türkiyə Suriyada baş verənlərə səssiz qalmır. Türkiyənin Qərbli abiləri nə deyirsə Türkiyə nöqtəbənöqtə yerinə yetirir. Ərdoğan hər dəfə xalq qarşısında danışanda "şunu yaptık, onu ettik, bunu da yapacağız" deyəndə Heynenin sözləri yadıma düşür. Tərcümeyi-hala ehtiyac yoxdu, ağzı ilə deyir nə lazımdı.
   
   Və Ərdoğan kimi siyasətçilər üzündən insanlar ölür. Türkiyənin Akçakale kəndinə Suriyadan atılmış bir bomba düşdü. Beş nəfər öldü. Bunlardan üçü uşaqdı. Bu bombanı bilinmir kim atıb. Çünki Suriyada bu saat it yeyəsini tanımır. Bəlkə Suriyadakı terrorçular atıb ki, Türkiyə Suriya ilə müharibə etsin və Əsədin gücü zəifləsin. Beləcə terrorçular da hakimiyyəti rahatlıqla ələ keçirtsin. Ya da... Əsədin ordusu bilərək Ərdoğanın Suriya siyasətini cəzalandırmaq üçün Türk xalqını qırır - necə ki Türk təyyarəsini vurub salmışdı Əsədin əsgərləri. Və ordusu ilə çox öyünən Türkiyə şəhid olmuş 2 pilotun cənazəsini tapmaq üçün bir ay əlləşdi. İstər bombanı Əsəd atsın, istər terrorçular hər iki halda itirən Türk xalqıdır.
   
   Cavab olaraq Türkiyə Akçakaleyə bomba düşən gecə Suriyanı bombaladı. Əsədin əsgərlərindən 34 nəfər öldü. Bunu rahatlıqla deyə bilərəm ki, ölənlər arasında nə Əsədin qohumları var, nə Ərdoğanın. Onların heç vecinə də deyil insan həyatı. Əgər veclərinə olsaydı siyasətçi olmazdılar, ya da "belə" siyasətçi olmazdılar.
   
   Türkiyə Böyük Millət Məclisi Türk hökumətinə müharibə etmək hüququnu verdi. Yaxın günlərdə müharibə başlaya bilər. Amerika Suriyadakı nefti öz istədiyi kimi istismar edə bilsin deyə Suriya və Türkiyə müharibə edəcək. Şəhərlər dağılacaq, insanlar öləcək. İki ölkənin iqtisadiyyatına ciddi ziyan dəyəcək. Özlərinə gəlmək üçün uzun zamana ehtiyacları olacaq. Ölkənin gəlirləri, istifadəni qarşılaya bilməyəcək və yenə hər şeyin qiyməti qalxacaq. Vətəndaşlar bezəcək! Bunlar müharibənin qaçınılmaz nəticələridir. Ya da ki, ağıllarını başlarına yığıb oturub insan kimi müzakirə edəcəklər və qərara gələcəklər ki, biz ümumiyyətlə niyə müharibə edirik ki? İndiyə kimi çox yaxşı qonşuluq münasibətlərimiz varıydı. Nə oldu ki, bu pozuldu?!
   
   Ötən həftə Ərdoğan bizim universitetin təhsil ilinin açılışına qatıldı. Konfrans zalına ancaq siyahı ilə müəyyənləşdirilmiş tələbələr alındı. Ərdoğanın siyasətini bəyənməyən, onunla eyni düşüncədə olmayan tələbələr universitetin həyətində mitinq keçirtdi. Ərdoğan içəridə demokratiyadan, inkişafdan və insan haqqlarından dəm vuranda, Ərdoğanın polisləri çöldə mitinq keçirdən tələbələrdən 12 nəfəri tutub basdılar içəri.
   
   Edirnedə Türkiyə Xarici İşlər Naziri Davudoğlunu protest edən 3 tələbəyə 18 ay həbs cəzası verildi. AK Parti iqtidarının demokratiya və insan haqqları anlayışında çox ciddi tutarsızlıqlar meydana gəlib. Hakimiyyətdə çox qaldıqca AK Partidə sahiblənmə duyğusu hər şeyin önünə keçib. Onlar nə edirsə, düz edirlər. Onların bütün qərarları düzgündür, etiraz qəbul olunmur.
   
   Bəzən düşünürəm ki, insanları heyvanlardan ayıran yeganə xüsusiyyət pislik edə bilmələridir. İnsanlar pislik edir. Mühəndislər silah düzəltməsə, siyasətçilər müharibə başlatmasa, varlıların gözü doysa... Dünya necə də gözəl olardı...

TƏQVİM / ARXİV