Yunis Hüseynovun papağı

ETİBAR CƏBRAYILOĞLU
34635 | 2012-10-06 00:07
Mirzə Səfərdən ibrət dərsi almağın yolları
   
   Bizim futbol azarkeşlərinin baş qaşımağa vaxtları yoxdu. Nə qədər oyun olar? Elə bil oyuna düşmüşük. Neçə gündü stadionlarımız boş qalmır, top yerə düşmür. Guya futbolu ingilislərlə şərikinə yaratmışıq, Braziliya yığması hər dəfə çempion olanda heyətin tən yarısını azərbaycanlı futbolçular təşkil edib.
   
   Ronaldonun da oynadığı Portuqaliya millisi bizim qapıdan top keçirənəcən gedib o dünyanı görüb gəldi. İtaliyanın "İnter" klubunun əvəzedici heyətini Bakıda canlı gördük. "İnter"li futbolçular "Neftçi"nin oyunçularını o qədər ora-bura qaçırdılar ki, azarkeşlərimiz də təngnəfəs oldular. Böyükağa Hacıyev oyundan öncə İtaliyanın tarixindən dərs keçmək eşqinə düşdü. Matç bitincə isə Hindistandakı fillərin istismar müddəti barədə danışdı.
   
   Bütün bunlar yetməzmiş kimi dünyada 17 yaşında nə qədər futbol oynayan qız varsa hamısı tökülüb gəlib bizim məmləkətə. Dünya çempionatında qızların oyununa baxmaq üçün növbədi. Bizim camaat gedib yalvarır ki, nə olar bizə də bilet verin. Eşitdiyimə görə, basabas düşməsin deyə stadionların qapılarını arxadan bağlayırlar. Cenifer Lopezin bahalı qulağı bu məsələni alınca mikrofonunu da götürüb gəldi Bakıya. Futbolçu qızlarımız Ceylonun səhnədəki oyununa o qədər aludə oldular ki, bir də gördülər qapılarından bir KAMAZ top buraxıblar.
   
   Mən Ramin Musayevi ikiəlli dəstəkləyirəm. Peşəkar Futbol Liqasının prezidenti düz deyir də, futbolu kişilər oynasa yaxşıdı. Başıpapaqlılar futbol oynamağı zərif cinsin nümayəndələrinə güzəştə getsələr, heç nə. Gül kimi idman növü zay olub gedəcək.
   
   Papaq demişkən, buralarda Mirça Rednik adında bir rumın məşqçi vardı. Baş məşqçisi olduğu "Xəzər Lənkəran" "Neftçi"ni Bakıda məğlub etdiyinə görə biriləri onu 5 oyun cəzalandırdı. Ad da qoyuldu ki, oyun zamanı başındakı papağı yerə çırpıb. Bir müddət sonra başqa oyun quruldu. Klub rəhbərliyinin xəyanət etdiyini görən Mirça Rednik papağını da götürüb Azərbaycandan getdi. Təyyarəyə minəndə dedi ki, mən gedirəm, amma futbolla oyun oynamaq sizi qıracaq.
   
   Rednik papağını götürüb gedəndən sonra "Xəzər Lənkəran" rəhbərliyi asudə nəfəs aldı. Papaqlarını qabaqlarına qoyub fikirləşdilər və tanınmış rumın məşqçinin postuna Türkiyədə N saylı peşə məktəbində bədən tərbiyə müəlliminin köməkçisi işləmiş Cüneyt Biçəri gətirdilər. Biçər də papağını başına qoymamış işdən azad olundu. İndi qalıb Türkiyədə. Əli aşından da olub, Vəli bozbaşından da. N saylı peşə məktəbindəki işinə də qayıda bilmir.
   
   Bu arada Yunis Hüseynovun bəxti gətirdi. İşsiz qaldığı illərdə "Azərbaycan xalq nağılları" antologiyasını üç dəfə oxuyub başa vuran ötənlərin istedadlı futbolçusu "Xəzər Lənkəran"a baş məşqçi təyin olundu. Onun çalışdırdığı klubda o qədər problem var ki, hamısını yazan olsa, 5 cildlik "Qorxulu nağıllar" antologiyasına sığmaz.
   
   Komanda hər dəfə uduzanda Yunis Hüseynov papağını götürüb getmək istəyir, amma klub rəhbərliyi baş məşqçinin istefasına qarşı çıxır. Üstəlik də ondan komandanı düşdüyü vəziyyətdən çıxarmağı tələb edirlər. Məni bir məsələ düşündürür. Öz papağını götürüb istefa verməyə gücü çatmayan Yunis bəy klubu indiki bərbad durumdan çıxarmağa gücü hardan tapacaq?
   
   Yunis Hüseynov dünya futbolunda yeganə baş məşqçidir ki, rəhbərlik onun gətirdiyi köməkçiləri istefaya göndərəndə etiraz etməyə gücü çatmır, onları qorumağa cəsarət etmir. Sadəcə, ağzına su alıb susur. Necə deyərlər, nasistlər kommunistləri həbs edəndə, dinmədim, axı mən kommunist deyiləm. Onlar sosial-demokratları tutanda susmağa üstünlük verdim, axı mən heç vaxt sosial-demokrat olmamışam. Faşistlər həmkarlar ittifaqının fəallarını tutanda, etiraz etmədim, axı mən həmkarların üzvü deyiləm. Onlar yəhudilərə divan tutanda, susdum, çünki yəhudi deyiləm. Axırda onlar gəlib məni həbs etdilər. Ətrafımda bu həbsə etiraz səsi ucaldan adam qalmamışdı...
   
   Yunis Hüseynov "Xəzər Lənkəran"ın sükanı arxasına keçən birinci adam olmadığı kimi, heç sonuncu da olmayacaq. Yəqin nə vaxtsa onu da gəmidən qovacaqlar. Yunis bəy, sizdən bir ricam var. Vaxt var ikən Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Səfərindən nümunə götürün. İşdən qovulanda papağınızı da götürüb gedin...

TƏQVİM / ARXİV