adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Amerikalı tənqidçinin yazısına reaksiyalar gəldi

9876 | 2012-10-03 00:32
ABŞ Viskonsin-Medison Universitetinin "Müqayisəli ədəbiyyatşünaslıq" kafedrasına rəhbərlik etmiş professor Statkiyeviç Kamal Abdulla haqqında ""Yarımçıq əlyazma"ya doğru: yazı eposa qarşı" sərlövhəli yazı yazıb. Professor Maks Statkiyeviç ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya, ritorika üzrə mütəxəssisdir. Statkiyeviçin yazısı və "Yarımçıq əlyazma" romanı haqqında tənqidçilərin fikirlərini öyrəndik.
   
   Ədəbiyyatşünas Tehran Əlişanoğlu Statkiyeviçin yazısını çox yüksək qiymətləndirir: "Professor Maks Statkiyeviçin Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı haqqında yazdığı yazı çox xoşuma gəldi. Yazıda romana fundamental elmi yanaşma var. Statkiyeviçin yazısı maraqlı məqamlarla zəngindir. Xüsusilə də, roman və epos haqqında məlumatlı olan yazı müəllifi "Yarımçıq əlyazma" romanın məqsədini və qayəsini, strukturunu və vermək istədiyi mesajı hiss edib. Çox sevindirici haldır ki, dünya oxucusu bu romanı anlaya bilir. Yazı çox peşəkar şəkildə yazılıb. Təhlillər, yanaşma olduqca maraqlıdır. "Yarımçıq əlyazma"nı Azərbaycanda yeni romançılığın əsasını qoyan əsər hesab etmək olar və bu roman ölkəmizdə həm oxucuların, həm də tənqidçilərin ciddi şəkildə marağını özünə çəkməyi bacarıb. Statkiyeviçin yazısı isə deməyə əsas verir ki, "Yarımçıq əlyazma" dünya oxucusunun da diqqətini çəkir. Bildiyiniz kimi, bu əsər Nobel mükafatına təqdim edilib və əsər ətrafında bu cür ciddi yazıların yazılması onun uğuruna xidmət edəcək. Mən də "Tənqid.net" jurnalının son nömrəsini məhz bu romana və bu roman haqqında yazılan yazılara həsr etmişəm. Bildiyiniz kimi, Nəsimi Ədəbiyyat Müsabiqəsində "Yarımçıq əlyazma" son on ilin ən yaxşı romanı seçildi. Buna görə də bu roman ətrafında müzakirələrin genişlənməsi təbiidir. Mən özüm də roman haqqında fikirlərimi yazmışam. Bir daha qeyd etmək istəyirəm ki, "Yarımçıq əlyazma"nın xaricdə yayılması, oxunması və müzakirə edilməsi Azərbaycan ədəbiyyatının uğurudur".
   
   Tənqidçi düşünür ki, Kamal Abdullanın "Yarımçıq əlyazma" romanında yeni Azərbaycanın obrazı var; bu yeni olduğu qədər də köhnədən köhnə Azərbaycandır; sadəcə onu gərəyincə tanımağımız lazımdır: "Birbaşa bu günün Azərbaycanı yoxdur əsərdə; amma 1990-cı illər Azərbaycanına və ümumən də milli cəmiyyət obrazına parlaq ayna tutur roman. Əsərin postmodern estetika ilə ərsəyə gəlməsi qənaətində olanlarla tam razıyam; bu faktor onu həm də dünya oxucusu üçün aydın-maraqlı-oxunaqlı etdi. Bir yazımda "Yarımçıq əlyazma"nı mədəniyyət romanı kimi səciyyələndirirəm; yaxın tarixi, günü birbaşa gerçəklərin içindən yozmaq çətindir, xüsusən də gerçəklərin strukturca mürəkkəb, namüəyyən, hüdudsuz biçimlər aldığı hazırkı çağımızda. Postmodern estetika bəşər təcrübəsini, mədəniyyətləri görmək imkanı verən kitabxana obrazını gətirib ədəbiyyata; bu, bir qədər kənarlaşıb günün kitabını yüzillərin rəflərindən alıb-oxumaq şansı qazandırır çağdaşımıza. "Yarımçıq əlyazma"da da belədir; qəhrəmanın ardınca Əlyazmalar İnstitutuna girib, ordan milli cəmiyyət və dövlətçilik tariximizin iki mühüm dövrünə: Oğuz cəmiyyətinə - Səfəvilər xanədanınag adlayan oxucu roman boyu yazıçının ona yaşatdığı həqiqətlərdən keçib, sonda günün obrazını da hasil edir əsərdən".
   
   Tanınmış tənqidçi Əsəd Cahangir Statkiyeviçin yazısını oxumasa da, "Yarımçıq əlyazma" romanını oxuduğunu və yüksək qiymətləndirdiyini bildirdi: "Təəssüf ki, Statkiyeviçin "Yarımçıq əlyazma" romanı haqqında qələmə aldığı yazını oxuya bilməmişəm. Amma romanın özü ilə tanışam. "Yarımçıq əlyazma" ədəbiyyatımızda aydın təfəkkür işığında yazılmış ilk postmodernist romandır. Düzdür bu romana qədər İsa Hüseynovun, Çingiz Hüseynovun və digər müəlliflərin postmodernist romanları olsa da "Yarımçıq əlyazma" postmodernizm nəzəriyyəsinə əsasən qələmə alınmış ilk ciddi romandır. Müəllifin hazırlıqlı olması, hadisələrə və mövzuya yanaşması çox fərqlidir.
   
   Ə.Cahangir deyir ki, romanda dünya ədəbiyyatında çox geniş yayılmış dedektiv janrın elementləri var. Ancaq bu dedektiv Aqata Kristinin dedektiv romanlarına bənzəmir: "Romanda əsas üç qat var: tarixi, fəlsəfi, və dedektiv qatlar iç-içə və maraqlı yazıçı texnologiyası ilə işlənib. Bu baxımdan "Yarımçıq əlyazma"nı Umberto Ekonun "Qızılgülün adı" romanı ilə müqayisə edirlər. Çünki, Ekonun romanı da üç qatdan ibarətdir. Kamal Abdulla bu əsərdə həm Dədə Qorquda, həm Şah İsmayıla fərqli münasibət sərgiləyir. Yazıçı əsərdə insanın özü barədə yaratdığı mifi dağıdır. Postmodernizmə xas olan xaos və istinadsızlıq bu əsərdə duyulmur. Çünki əsərdə müəllifin çox ciddi istinad nöqtəsi var və bu yaradıcı qüvvə-Allahdır. Müəllif əsərdə sübut edir ki, heç kəs müqəddəs və toxunulmaz deyil. Əsərin məziyyətləri barədə çox danışa bilərik. Qısaca olaraq onu demək lazımdır ki, "Yarımçıq əlyazma" ədəbiyyatımızda ilk romandır ki, əyalət təfəkküründən sıyrılıb çıxıb və dünya miqyasında təqdim oluna bilir. Bu gün dünya oxucusuna "Yarımçıq əlyazma" romanını qürurla təqdim edə bilərik. Eyni zamanda "Sehirbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları da dünya oxucusuna qürurla təqdim edə biləcəyimiz romanlardır."

TƏQVİM / ARXİV