adalet.az header logo
  • Bakı 20°C

SOYUQ ŞiMAL KüLƏYi...

BABƏK YUSİFOĞLU
33148 | 2012-10-03 00:32
Son vaxtlar Rusiya Ermənistana "diqqətini" əməli şəkildə daha da artırıb. Moskvanın yüksək çinli məmurlarının tez-tez Yerevan səfərləri, qarşılıqlı olaraq müxtəlif məzmunlu kütləvi tədbirlərin keçirilməsi, Ermənistana kreditlər nəzərdə tutan danışıqların təzələnməsi və s. hadisələr əslində heç də ondan xəbər vermir ki, ermənilərin problemləri rus qardaşlarını çox narahat edir. Artıq kimsəyə sirr deyil ki, Ermənistan praktik cəhətdən müstəqil dövlət deyil, o, ən yaxşı halda Rusiyanın bir for-postudur. Bunu artıq müstəqil erməni ekspertləri də açıq-aşkar bəyan edirlər.
   
   Bu günlərdə Rusiya ordu birləşmələrinin Ermənistan silahlı qüvvələri ilə birgə keçirdikləri hərbi təlimləri, ardınca isə Ermənistanda yerləşən 10 hərbi obyektin də ermənilərə peşkəş edilə biləcəyi haqqında çox danışılır. Bəzi ekspertlər belə hesab edir ki, Moskvanın ermənilərə bu "qayğısı" Rusiyanın Qəbələ "RLS"-in kirayəsi haqqında növbəti danışıqlarda Azərbaycanı güzəştə məcbur edə bilməməsinə cavabdır. Əslində bu məsələni tamam inkar etmək doğru deyil. Amma hadisələrin daha geniş kontekstdə təhlili göstərir ki, məsələnin əhatə dairəsi Qəbələ "RLS"-dən daha böyükdür.
   
   Bunlardan biri Avropaya qaz nəqlində Rusiyanın artıq Bakını özünə rəqib görməsidir. Çünki yaxın gələcəkdə Xəzər qazının Qərbə çıxacağı bir reallıq olaraq özünü göstərdi. Belə ki, təxminən bir ay öncə Azərbaycanla Türkiyə arasında TANAP enerji layihəsi üzrə beynəlxalq sazişin imzalanması Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çıxmasına şərait yaradacaq. Bu da Kreml üçün iqtisadi səmərədən çox siyasi itki deməkdir. Məlumdur ki, "Nabucco" layihəsinin reallaşması sual altına düşdükdən sonra TANAP-ın bir variantının meydana çıxması çoxları üçün gözlənilməz idi. Çünki "Nabucco" kimi nəhəng layihənin maliyyələşməsində Avropa optimal bir qərara gələ bilmirdi. Və yeni qaz kəmərinin çəkilişini Azərbaycanın cəsarətlə öz üzərinə götürməsi çox ciddi iqtisadi, həm də siyasi addım idi. Çünki ilkin mərhələdə 16, daha sonra isə 25 milyard kubmetr qazı ötürəcək kəmər Azərbaycanın özünə məxsus olacaq.
   
   Türkmənistan neftinin də həmin kəmərlə nəql olunacağı gündəmə gələndən sonra Moskvanın açıq-aşkar narazılıqları başladı. Belə ki, türkmən qazının Xəzərin dibi ilə çəkiləcək boru xəttiylə həmin kəmərə qoşulmasına Rusiya etirazını bildirməkdədir. Dəxli olmayan bəhanələr vasitəsi ilə həmin proyektə əngəllər yaratmağa cəhdlər edilir. Çünki Moskva anlayır ki, Türkmənistanın da 60 milyard kubmetr qazla layihədə iştirakı Bakınin mövqeyini dünyada daha da möhkəmləndirəcək, Avropa Rusiyanın "siyasiləşmiş qazı"ndan xilas ola biləcək. Və burada iqtisadi mənfəətləri də nəzərdən qaşırmaq olmaz.
   
   Məlumdur ki, Avropanın qaz ehtiyaclarının 42 faizini Rusiya ödəyir. Və bu, əslində Rusiya üçün həyati-əhəmiyyətli bir məsələdir. Elə iqtisadi baxımdan da. Çünki əsas alıcıları Qərbdə olan Rusiya qazını öz yaxın qonşularının əksəriyyətinə satmaq imkanlarına malik deyil. Gürcüstanla düşmən münasibətdədirlər. Orta Asiya respublikalarının özünün qazı var. Ukrayna və Belorusdan başqa digər qonşularının tələbatı isə Rusiya qaz istehsalının həcminin yanında çox cüzidir.
   
   Məhz Azərbaycan Avropaya enerji dəhlizini daha da genişləndirəndən sonra dolayısı təzyiqləri bir kənara buraxan Moskva Azərbaycanın ən ağrılı yeri olan Qarabağ kartından istifadə etməyə girişib. Yazının əvvəlində bəhs etdiyim məsələlər - Ermənistanda erməni ordu bölmələri ilə birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan-Dağıstan sərhədi yaxınlığına yeni hərbi kontingentin yerləşdirilməsi, Xankəndində yeni aeroportu açmaq cəhdlərinin intensivləşməsi... Kremlin ölkəmizə qarşı təzyiq siyasətinin tərkib hissəsidir.
   
   Amma bütün bunların nə qədər effektli olacağını qabaqcadan demək mümkün deyil. Çünki hər şeydən əvvəl Rusiyanın özünün iqtisadi cəhətdən geriləməsi Kremli daha ağır faktlar qarşısında qoya bilər. Belə ki, iqtisadçıların proqnozlarına görə, rubl dollara nisbətən ucuzlaşır və bu tendensiyanın ilin sonunadək davam etməsi gözlənilir. Belə olan təqdirdə ölkədəki inflyasiya daha da yüksələcək. Bir tərəfdən də rus oliqarxlarının son dövrlər öz vəsaitlərini xaricə çıxarma prosesi intensivləşib. Hiss olunur ki, çoxları bizneslərini Rusiyada təhlükəsiz hesab etmirlər. Putinin müəyyən irəliləyiş əldə etmək üçün göstərdiyi çabaları şərhçilər yetərli saymırlar. Bundan başqa, çox böyük maliyyə oliqarxları var ki, onlar indiki hakimiyyəti birmənalı olaraq qəbul etmirlər və hər vasitə ilə ona mane olmağa çalışırlar.
   
   Çox maraqlıdır, Rusiyanın bəhs etdiyim son "jestlər"i Ermənistanda elə də əks-səda doğurmadı. Hər dəfə Moskva ilə Azərbaycana hədə-qorxu gələn ermənilər bu dəfə reklamdan qacdılar. Əslində bu gün Ermənistana 10 hərbi obyektin vəd verilməsindən, birgə hərbi təlimlərin keçirilməsindən daha çox iqtisadi yardımların göstərilməsi lazımdı. Bu isə yoxdu. Çünki Moskva Ermənistandakı iqtisadi problemləri çözmək gücündə deyil. Əvəzində Moskva hərbi təlimlər, aeroportun açılışı, hərbi obyektlərin vədi ilə Ermənistandakı böhranlı vəziyyəti kompensasiya etməyə çalışır. Ekspertlərə görə, bunun da bir səmərəsi olmayacaq. Çünki sadalananların heç birinin iqtisadiyyata dəxli yoxdu. Demək ermənilərin vəziyyəti daha da mürəkkəbləşəcək.
   
   Əslində Rusiya unudur ki, belə siyasət yürütməklə inkişafda olan, zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanla münasibətlərini korlamaq yolunu tutub ki, bu da ona xeyir gətirməyəcək. Ölkəmiz isə Şimalın soyuq "küləkləri"ni adladacaq...

TƏQVİM / ARXİV