adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Gənclər Əkrəm Əylislini yıxıb sürüdülər

10465 | 2012-10-02 00:12
Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərə dünyanın müxtəlif ölkələrindən, o cümlədən, İrandan tanınmış simalar dəvət olunub. Lakin İran dəvətə hələ də müsbət cavab verməyib. İranın Nizamiyə olan münasibəti bəlli olsa da, tədbirlərdə iştirak etməməsi Azərbaycanın bir sıra yazıçı və tənqidçiləri tərəfindən birmənalı qarşılanmayıb. Ədəbiyyat adamları bu məsələdə İranı tənqid etsə də, Xalq yazıçısı Əkrəm Əylisli məsələyə çox fərqli və qıcıq doğuracaq reaksiya verib:
   
   "Biz demirik ki, Nizami Azərbaycan şairidir. Biz, sadəcə, onun böyük şair olduğunu deyir, dünya şöhrətli şairin yubileyini keçiririk. İranlılar isə onu fars şairi kimi təqdim edirlər. Amma düşünürəm ki, bu məsələdə mübahisəyə ehtiyac yoxdur. Dünya ədəbiyyatında bu cür yazarlar çox olub, məsələn, əslən yəhudi olan rusca yazan şairlər heç vaxt yəhudi şairi kimi təqdim olunmur. Şairin hansı dildə yazması onun milliyətinin göstəricisidirsə, o zaman Nizami fars şairidir. İranın da onu bu cür təqdim etməsi ciddi problem deyil. Nizami İran ədəbiyyatının intibah dövrünün böyük şəxsiyyətlərindəndir".
   
   Xalq yazıçısının fikirlərindən belə nəticəyə gəlmək olar ki, Nizami fars şairidir. Əkrəm Əylislinin mövqeyi ilə bağlı gənc qələm adamlarının fikirlərini öyrəndik.
   
   Gənc yazar Xuraman Hüseynzadənin fikrincə xalq yazıçısının bu mövqeyi anlaşılmazdır: "Nizami Gəncəvi Gəncədə doğulub, orda yaşayıb-yaradıb, orda da vəfat edib. Fars, ərəb dillərini mükəmməl bilib, yunan dilini də bilirmiş. Hətta yunanların tarixi, mədəniyyəti ilə bağlı daha yaxından tanış imiş, nəinki farsların. Əkrəm Əylisli fərqli düşüncəyə malik ziyalılarımızdandı. Onun bu haqda bilgisinin mənbəyi haqda bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, biz elə bu cür edə-edə getsək, bir də baxacayıq ki, Xəzərdə boğuluruq... Gələcək nəsillərə izimiz-tozumuz da qalmayacaq. Ermənilərdən, farslardan dərs almalıyıq."
   
   Gənc yazar Zaur Qəriboğlu da xalq yazıçısının yanaşmasını yanlış hesab edir: "Həmin dövrü nəzərə alsaq, əksəriyyət yazarlarımız fars və ərəb dillərində yazıblar. Onda gərək, hamısından əl götürək, deyək ki, heç biri bizə məxsus deyil. Ümumiyyətlə, məhz, bu kimi fikirlərə görədir ki, əsrlərlə itirə-itirə gedirik. Bu gün də bir çox istedadlı yazarlarımız var ki, rus dilində yazırlar. Onda, onları da deyək ki, rus yazarlarıdı?! Bu cür yanaşma doğru deyil."
   
   Gənc yazar Şəbnəm Karslı Əkrəm Əylislinin münasibətlərinə birmənalı yanaşmasa da, Nizaminin milli mənsubiyyətini müzakirə etməyi yersiz hesab edir : Ədəbiyyat və dil məsələsi aktuallığını heç vaxt itirməyəcək.
   
   Yazıldığı dilə görə mədəniyyət nümunəsinin milliyətini təyin etmək çətindir. "Sarı gəlin" müsiqisi ilə Nizami yaradıcılığının toqquşduğu yer də məhz bu nöqtədir. İki örnəklə məsələnin mahiyyətinə varmaq olar. Əgər biz, dilin millətə bir aidiyyatı olmadığını iddia edərsək o zaman "Sarı gəlin" melodiyasının da erməni mədəniyyətinin nümunəsi olma ehtimalını nəzərə almağa məcburuq. Yox əgər iddia etsək ki, yazıldığı dil ədəbi nümunənin milliyətini müəyyənləşdirir, o zaman Nizami Gəncəvinin Azərbaycan şairi olmasından imtina etməmiz gərəkir. Beləcə, iddialar müstəvisində məğlub oluruq. Nizami Gəncəvi yaradıcılığının araşdırılması məişət, həyat tərzi, siyasi proseslərə yanaşmadan Nizami şəxsiyyətinin milliyətini aydınlaşdırmaq mümkündür. Amma şəxsən mənim üçün Nizaminin kimliyi, haralı olması bir o qədər əhəmiyyətli deyil. Bu tip yersiz mübahisələrin ortaya atılması ciddi inkişafa mane olur. Nizami haqqında bu qədər danışmaqdansa yaradıcılığı ilə daha yaxından tanış olmağa üstünlük verirəm."
   
   

TƏQVİM / ARXİV