adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XƏYANƏTKAR MENTALiTET...

BABƏK YUSİFOĞLU
31334 | 2012-09-29 00:12
Amerika Birləşmiş Ştatlarının Koliforniyadan olan senatoru Barbara Bokser bəzi üzdəniraq həmkarlarını yamsılayaraq daha eybəcər, daha anormal erməni sevgisinin növbəti nümunəsi ortalığa qoyub. Bəlkə də Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilən rayonlarından ikisinin adını ardıcıl çəkə bilməyən bu üzdəniraq xanım senator münaqişə fonunda müraciət yayıb. Azərbaycana qarşı tələblər irəli sürüb.
   
   Ermənistan xəbər agentlikləri də təbii ki, bu üfunət qoxulu müraciəti həvəslə yaymaqdadırlar. Barbara Bokser Macarıstanda cəza çəkən Ramil Səfərovun bu yaxınlarda Azərbaycana ekstradisiyasına və onun ölkə başçısı tərəfindən əfv edilməsinə çox aqressiv reaksiya bildirib. Barbara Bokser Azərbaycan prezidentindən tələb edir ki, Ramil Səfərovu yenidən türməyə qaytarsın.
   
   Erməni yaltağı Bokser guya Qafqazdakı qeyri-stabil vəziyyətdən narahatlıq keçirir. Senatorun sözlərinə görə, o, Səfərovun azad olunmasını Qafqazda dayanıqlı sülhün təhlükə altına salan təxribat hesab edir. "Səfərovun azad edilməsi qanunun aliliyinə olan hörmətə kölgə salır. Və Əliyevdən tələb edirəm ki, beynəlxalq qanunlara riayət edərək Səfərovu türməyə qaytarsın..."
   
   Məncə belə bir müraciət ünvanlayan bir senatorun hər şeydən əvvəl psixoloji problemləri vardır. Çünki normal düşüncə sahibi olan hər bir kəs, hətta siyasətçi olmayanlar belə istənilən hərəkətinin nəyə əsaslandığını qabaqcadan mütləq bilməlidir. Əgər Barbara Bokser siyasət adamıdırsa, senatordursa, beynəlxalq hüququn qızğın müdafiəçisidirsə, sülh tərəfdarıdırsa onda əvvəlcə Ermənistanın Azərbaycan torpaqlarının işğal edildiyinə, bir miylon azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə məcbur qaldığına, minlərlə günahsız insanların, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə, Azərbaycanın yaşayış məntəqələrinin vandalcasına xarabazara çevirilməsinə... görə tələblər irəli sürməliydi. Daha yaxşı olardı ki, Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirənlərdən biri olduğunu özü də etiraf edən Serj Sərkisyandan həmin dəhşətli qətliamdan necə zövq aldığını soruşaydı. Yoxsa yalan, uydurma faktlarla boşuna müraciət ünvanlamağa nə var ki...
   
   Heç olmasa Ramil Səfərovun hansı şəraitdə, hansı səbəbdən belə bir addım atdığını öyrənəydi və anlayaydı ki, Ramil Səfərov zorla bu işə təhrik edilib. Özü də azərbaycanlı zabit erməni lobbisinin təzyiqi ilə şişirdilmiş cəza müddətinin böyük bir hissəsini nümunəvi şəkildə çəkmişdir.
   
   Barbara Bokser, əmin olun, sizin Prezidentin əfv fərmanına olan yalançı təpkiləriniz, Ramil Səfərovu yenidən türməyə qaytarmaq tələbiniz isə ömrünüzdə etdiyiniz ən axmaq hərəkətdir. Çünki yuxarıda qeyd etdiyim kimi, belə bir iddada bulunmaq üçün normal düşüncədən uzaq olmaq lazımdır.
   
   İstər Barbara Bokserlər, istərsə Azərbaycanı düşmən gözündə görən digərləri yaxşı olar ki, bir məsələni həmişə diqqətdə saxlasınlar. Ermənilər türklərə qarşı o qədər yalan, iftira, böhtan atıblar, elə xəyanətlər törədiblər ki, indi bu cür alçaq iddialar irəli sürəndə kimsə təzə heç nə söyləmir. Sadəcə bu onların xislətidir. Qərbdə ona mentalitet də deyirlər...

TƏQVİM / ARXİV