adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

NOFƏL SADiQ ƏFƏNDi

20859 | 2012-09-29 00:12
Eynən Ağamalının özüdü, bu odu, gözlərim məni bu qədər aldada bilməz. İştirakçısı olduğum bu iri şənliyə görünür o da dəvət alıb. Arxası mənə tərəf oturmuşdu. Kefi kök halda onu sorğu-sual edənlərə cavab verir, həvəslə danışıb gülürdü. Arxadan yaxınlaşıb qucaqladım. Qanrılıb məni görəndə ayağa qalxıb o da məni qucaqladı. Sevincimin həddi-hüdudu yox idi. Demək deyilənlər yalan imiş. Ağamalı doğrudan da sağdır, ölməyib. Mənim sözlərimə heç kim inanmırdı, deyəndə ki, mən onu görmüşəm - deyirdilər yəqin yuxuna girib. Bax, indi gözlərimi silirəm, Ağamalının özündən də soruşuram ki, qardaş, bu yuxu deyil ki? O isə gülümsəyərək " yuxu deyil, mən həqiqətən qayıtmışam"- deyir.
   
   Ağamalının qayıtmasını eşidən qohum-əqraba, dost-tanış yığılır. Mən ayağa qalxıb, məclis üzvlərinə ötkəmliklə "İndi gördüz ki, Ağamalı sağdır? Mənə inanmaq istəmirdiniz, indi doyunca baxın, o qayıdıb"... Sonra öz-özümə "Birdən yenə də yuxu olar"- deyib gözlərimi bir də ovuşdurdum.
   
   Yuxudan oyanıb yerimin içində lal-dinməz xeyli dayandım. Anşıra bilmədim bunlar bir həqiqətdir, yoxsa yenə də yuxudu? Yuxuydu, inanmaq istəməsəm də bir şirin röyaydı bu nəql etdiklərim.
   
   Bir neçə dəfə Ağamalı Sadiq Əfəndini beləcə uzaq səfərdən qayıdan görüb, oyananda məyus olmuşam. Amma bu dəfə tamamən inanmışdım ki, o sağdır, ölməyib.
   
   Dərhal Ağamalının Türkiyədə əməliyyat olunmuş oğlu Nofəli yada saldım.
   
   " Kaş xeyrə calanaydı" deyib, anası Nabat xanıma zəng açmağı qərarlaşdırdım...
   
   İncə dərəsində ən sevilən bayramların biri də "Orucluq" bayramıdı.
   
   Həmin bayramda demək olar ki, uzaqdan-yaxından bütün İncəlilər kəndə dönər, qəbir üstə çıxıb, ölənləri üçün quran oxutdurar, qəbirləri ziyarət edər, çoxdandır bir-birini görməyən eloğlular, qohum-əqrabalar bir-biriylə görüşüb hal-əhval tutarlar. Bu bayram günü İncə qəbiristanlığı görüş yerinə bənzəyər, yollar boyu maşınlar düzülər, balaca uşaqlar əllərindəki torbalarını qalet-qanfetlə doldurar, hamı bir-birini bayram münasibəti ilə təbrik edər, küsülülər barışarlar.
   
   Nofəl də təbii ki, həmin gün - 19 avqust hamı kimi atasını, əzizlərini ziyarət etmək üçün ata yurduna getmişdi.
   
   Atama ehsan verdiyimçün o günü mən kəndə gedə bilməmişdim. Amma ürəyim, xəyalım İncə Dərəsindəydi.
   
   Qəfil çalınan telefon zəngi məni bu xəyallardan ayırdı. Nabat bacını səsindən tanıdım. Səsi titrəyir, həyəcan dolu nəfəsi əsim-əsim əsirdi:
   
   - Ay Məmməd, ağrın alım, bu bayram günündə sənə bir bəd xəbər söyləmək məcburiyyətindəyəm. Atasının məzarını ziyarət edərkən Nofəl yıxılıb, huşunu itirib. Vəziyyəti pis olduğundan təcili Qazağa gətirdik. Sağ olsun, Hətəmalı doktor ilk yardımı edib, təcili Bakıya aparmağımızı təklif etdi. İndi Bakıdayıq, qardaşoğlun heç özündə-sözündə deyil. İndi tamoqrafiya etməlidirlər. Mərkəzi klinikadayıq...
   
   Qəhərdən boğulan Nabat bacıya təsəlli verib, getməyə tələsdim. Klinikaya çatanda ucaboylu, nur cöhrəli İlham Pirməmmədovu orada gördum və ürəyimdən xoş bir sevinc hissi keçdi. Bu xeyirxah insan özünü hamıdan tez çatdırmışdı Nabat xanımın dar gününə. Duran qohum, əqrəbaların cöhrələrindən Nofəlin durumunun nə yerdə olduğunu sezmək olurdu. Hamıdan daha çox canfəşanlıq edən İlham müəllim, "Narahat olma, sonacan sizinlə olacam" deyib, ürək-dirək verərək Nabat xanıma maddi və mənəvi dəstəyini əsirgəmədi. İlham Pirməmmədovun necə uca könül sahibi olduğunu bilənlər bilir. Onun insani keyfiyyətləri, mərdanəliyi, xeyirxahlığı və s. haqda çox danışmaq olar. Amma bu yerdəcə bir xatirəmi söyləməyim yerinə düşərdi:
   
   Günlərin birində Rəfail İncəyurd dedi ki, İlham müəllim, aşıq Qəribin sazına qulaq asmaq istəyir. Səni, Məmməd İlqari da o məclisə dəvət edib. Çox böyük məmnunluqla həmin məclisin iştirakcısı olduq. Məclisin şirin yerində aşıq Qərib Ağamalı Sadiqin sözlərindən oxumağa başladı. İlham müəllim arada Ağamalıdan söz açıb, ailəsinin, balalarının durumuyla maraqlandı. Mən qısaca olaraq, Nofəlin əsgərlikdə olmasını, qardaşı Orxanın Polis məktəbində oxumasını söyləyib, ailə durumlarının ağır olmasından söz açdım.
   
   Nə isə, məclisimiz çox maraqlı keçdı...
   
   Səhər-səhər Nabat bacı mənə zəng çalıb onlara gəlməyimi xahiş etdi. Həmin ev, həmin mənzil. Ağamalının sağlığında qonağı əskik olmayan səkkizinci mərtəbə. Qapını Nabat bacı özü açıb məni içəri dəvət etdi.
   
   - Məmməd, bu gün başıma bir iş gəlib, səni ona görə narahat etmişəm,- deyib Nabat bacı mənə oturmağı təklif etdi.
   
   - Dünəndən işığımız sönmüşdü. Zəng edib mantyor çağırmışdım. Səhər tezdən qapı döyüldü. Yəqin mantyor olacaq,- deyib qapını açdım. Qardaş, evə iki nəfər salidni adam girdi, heç birini tanımadım. Mantyor bildiyim bu adamları evə dəvət edib, qabaqlarına bir stəkan çay qoydum. Qonaqlar tanışlıq vermədən bir az hal-əhval tutaraq, çaylarını içdikdən sonra sağollaşıb çıxdılar. Bir xeyli arxalarınca baxıb, niyə kim olduqlarını soruşmadım- deyə özümü danladım. İçəri keçıb stəkanları yığışdıran zaman heyrətdən yerimdəcə donub qaldım. Nəlbəkinin altına xeyli miqdarda pul qoyub getmişdi ucaboylu, naməlum qonaq. Məmməd, çox fikirləşdim ki, gorəsən kim olar bu xeyirxah adam. Amma bir yana çıxara bilmədim. İnan, elə kasıb vaxtım idi, həm Orxanın məktəb pulunu keçirməliydim, həm də Nofəl əsgər gedəli xırdaca körpələrinin qayğıları təntitmişdi məni. Bu pullar mənim qolumdan qaldıracaq, - deyib qonaqlara çoxlu alqış eləməyə başladım.
   
   - Ay Məmməd, dərdin alım, səni ona görə çağırdım ki, bəlkə sən biləsən, bu adamlar kim ola bilər?
   
   Dərhal barmağımı dişlədim.
   
   - Bu ancaq o olacaq, - deyib dodaqaltı pıçıldadım.
   
   - Kim olacaq, kimdi o adam, mən onu niyə tanımadım? Ağamalının dostlarının demək olar hamısını tanıyıram.
   
   Mən dünənki məclisi, o məclisdə İlham Pirməmmədovun onların ailə durumuyla maraqlanmasını olduğu kimi Nabat bacıya danışıb, gələn adamın İlham müəllim olduğunu söylədim.
   
   Mərkəzi klinikada tamoqrafiyanın cavabı hamını məyus etmişdi. Həkimlər onun başında şiş aşkarlamışdılar. Nofəl gecikmədən başından əməliyyat olunmalı idi və bu ağır əməliyyatın ancaq Türkiyədə edilə biləcəyini söyləyən həkimlər gecikməməyimizi tövsiyyə etdi. Hətta umidsizlik notları da açıq-aydın sezilməkdəydi. Nofəlin həyat yoldaşı Sevinc xanım inadkarlıqla, böyük ümidlə Türkiyəyə getməyi təkid etdi və qərarında israrlı olaraq qaldı. Amma bu o qədər də asan iş deyildi. Bu əməliyyata küllü miqdarda vəsait lazım idi. Bu iş tək dostların, qohumların hesabına əmələ gələn iş deyildi...
   
   Xeyli vaxt idi Nofəl Türkiyədə əməliyyat olunmuşdu. Telefonla bir neçə dəfə Nabat xanımla əlaqə saxlamışdım. Şükranlıqla soyləmişdi ki, Nofəlin əməliyyatı uğurlu keçib, amma hələ həkimlərin tam rəyini bilmirik. Görək, ya qismət, - deyə Allaha dualar etmişdi...
   
   Bu gecə gördüyüm yuxunu heç kimə söyləmədən "Allah xeyrə calasın" deyib Nabat xanıma zəng etdim. Telefonda Sevinc xanımın səsini eşidən zaman çox sevindim:
   
   - Sevinc, bu sənsən? Şükür, deyəsən qayıtmısız, Nofəl necədi? - deyib sualı sual dalınca yağdırmağa başladım.
   
   - Çox sağ ol, ay Məmməd əmi, şükür içində ol, qayıtmışıq. Nofəlin də vəziyyəti yaxşıdır. Mualicəsini davam etdirir.
   
   - Nə gözəl, yaxşı bir söylə görək nələr baş verdi, bu ağir əməliyyatda kimlər dəstək oldu, vəsaiti necə toplaya bildiniz?..
   
   Sonra telefon danışığına Nabat xanım, Nofəlin özü qoşuldu. Eşitdiklərim məni duyğulandırmaqla bərabər içimi fəxarət hissləriylə doldurdu. Nofəl Sabunçudakı Neyro cərrahiyə xəstəxanasında olarkən, Nabat xanım Ağamalı Sadiqi sevənlərə, dostlarına zəng etmiş, dostlar, qohumlar xəstəxanaya axın etmiş, "Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva Nabat xanımdan və xəstə Nofəldən müsahibə hazırlayaraq dərhal qəzetdə dərc etdirmişdir. Həmin yazıda Nofəlin Qarabağ müharibəsindəki döyüşlərindən söz açılmış, könüllü olaraq Vətən uğrunda igidliklə vuruşan Qazi Nofəl Sadiq Əfəndinin döyüşlərdə başından yaralanaraq kantuziya alması da vurğulanmışdı. Nabat xanım isə öz növbəsində Ölkə Prezidentinə müraciət edərək oğlunun ağır günündə ondan kömək diləmişdi.
   
   Sevic xanım:
   
   - Məmməd əmi, Allah işlərimizi elə düzəltdi, Millət vəkili Qənirə xanım Paşayeva arxamız, dayağımız oldu. Ölkənin birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev fonduna, ölkə başçımıza ölənəcən minnətdarıq. İnanın, heç nədən korluğumuz olmadı. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə, "Sokar" təşkilatına, onun Türkiyədəki təmsilçisi Seymur bəyə, Heft Şirkətinin vitse prezidenti Bədəl müəllimə nə qədər təşəkkür etsək azdır. İnanın, Nofəlin qayğısını elə çəkdilər ki, ürəyimiz qürur hissiylə dağa döndü...
   
   Nabat xanım:
   
   - Bu vəziyyətdə çox çaş-baş qalmışdım. Ağamalının dostlarına, qohum-əqrəbaya telefon açdım. Sağ olsunlar, İsa bəy, Rauf bəy xəstəxanaya jurnalist göndərdilər, məndən, Hofəldən müsahibə hazirlayib "Müsavat "qəzetində dərc elədilər. Qısa müddətdə Nofəlin xəstə olması ölkəyə yayımlandı. Mən çox ümidsiz idim. Amma dövlətimizin, eloğlanlarımızın, qohum- əqrəbanın bu səxavətini, bu xeyirxahlığını görəndə Nofəlin xəstə olmağı yadımdan çıxdı. Çox minnətdaram ölkəmizin başçısına, Mehriban xanıma, Millət vəkili Qənirə Paşayevaya. Onların dəstəyi olmasaydı mən balamı itirə bilərdim. İlham Pirməmmədovun, Fikrət Hacıyevin, Bəhmənin adlarını xüsusi vurğulamaq istəyərdim. Fikrətin köməyi ilə sanki quş qanadında balamı Türkiyənin ən yaxşı klinikasına çatdırdıq...
   
   Nofəl bəy:
   
   - Şükür, Məmməd əmi, artıq sağ-salamat qayıtdım balalarımın, ailəmin içinə. Mən bu ağır günümdə ölkə başçımızın qayğısını hiss edib başa düşdüm ki, mənim Prezidentim, mənim Xalqım hər an öz vətəndaşının sahibidir. Hər kəsin problemi onların problemi, hər fərdin sevinci onların sevincidir. Əgər başda Prezidentimiz olmaqla Heydər Əliyev fondunun, Mehriban xanımın, Qənirə xanım Paşayevanın, Dövlət Neft Şirkətinin, "Sokar " təşkilatının dəstəyi olmasaydı bu ağır əməliyyata təbii ki, bizim imkanımız, vəsaitimiz çatmazdı.
   
   Əmim oğlu Fikrətə dərin minnətdarlığımı bildirirəm. Onun sayəsində məni demək olar ki, Türkiyənin ən güclü beyin cərrahı Emin bəy Özyurd əməliyyat etdi. Qeyd edim ki, həmin cərrah Türkiyənin tanınmış ulduzları Ebru Gündeşi və İbrahim Tatlısəsi əməliyyat etmişdi.
   
   Mən başımdan zədəni Qarabağ döyüşlərində, millət, dövlət yolunda savaşlarda almışdım. Bu ağır günümdə də xalqımdan, dövlətimdən dəstək alıb, böyük məmnunluq hissi kecirərək fəxr və qürur duydum. Bir vətən əsgəri kimi yenə də Ali Baş Komandanımızın əmrinə sadiq olaraq istənilən vaxt torpaqlarımızın azad olması üçün döyüşə hazıram...
   
   Ağamalı Sadiq yuxuma gəldi. Yox bu deyəsən həqiqətən də yuxu deyildi. Doğrudan da Ağamalı Sadiq ölməz insanlardandı. O şair kimi də, vətəndaş kimi də, dost, ata kimi də bütün varlığı və amalıyla Vətənə, torpağa, millətə sevdalı bir fədai idi. Onun yaradıcılığına nəzər salanda heyrətlənməyə bilmirsən. Nə qədər xoşbəxt idi Azərbaycan müstəqil olanda, nə mutluydu üç rəngli bayrağımız yenidən ucalanda.
   
   O vətən uğrunda, millət yolunda vuruşub, hətta şəhid olmalarına hazır olan iki övlad böyütdü.
   
   Nofəl hələ uşaq ikən ona şəhidlik arzulayaraq yazırdı:
   
   
   
   Qolumun sağı,
   
   Arxamın dağı,
   
   Gözümün qarası-ağı oğul, ayıl, vaxtdır
   
   Əslini-nəslini tanı;
   
   Dostunu, düşmanını seç!
   
   Torpaqçün başdan keçmək şərəfdi,
   
    Mənə nəsib olmadı
   
   Nəsibin olsa, əsirgəmə, keç!
   
   Arazdan olmasa, Məmməd Arazdan,
   
   Məhəmməd Hadidən iç,
   
   İç, ürəyin yansın.
   
   Məzlumları fələk də bağışlamır,
   
    taleyinlə barışma,
   
   Barışsan məndən deyilsən,
   
   Mən yatan torpağa qarışma!
   
   Qurd oğluyuq biz oğul,
   
   Qurddan qurda yol qalar,
   
   Yolların ömrü uzun,
   
   Yolların ömrü gödək.
   
   Məndən sənə qurd ürəyi,
   
   Qurd yolu qalacaq, çək.
   
   Atamdan mənə qalmışdı, sənə qədər
   
    çəkmişəm, çək.
   
   Oğluna, uşağına,
   
   Nəvənə, nəticənə qədər çək!...
   
   
   
   Yerin behiştlik, xocam, əfəndim. Aramızdan tez köçüb, o karvanlara vaxtından çox tez qoşulsan belə, sən hər an yaşayırsan, amalların, arzuların yaşayır. Bu gün millət də, xalq da, ölkə də, onun başçısı da, dostlar, qohumlar da səni, sənin ailəni tək qoymadılar. Sənə, sənin amallarına, oğuluna, uşağına arxa dayaq oldular.

TƏQVİM / ARXİV