adalet.az header logo
  • Bakı 20°C

Bir az bizdən, bir az yəhudilərdən...

FƏRHAD ŞABANOV
30087 | 2012-09-29 00:12
Cəmiyyətlə aramızda divar var. Təəssüflər olsun ki, bu divarın hər bir daşını elə özümüz hörmüşük. Bu daşlar adət-ənənədir, toy müğənnilərdir, düşük aparıcılardır. Bizim sevgi duyduğumuz insanlarla cəmiyyətin sevdiyi insanlar çox fərqlidir. Bütün bu fərqlər daş olub düşüb başımıza, biz də götürüb divar hörmüşük cəmiyyətlə aramıza. Cəmiyyət xoşbəxtdir; öz zarafatlarında, öz əyləncəsində. Heç ruhu da incimir cəmiyyətin. Ancaq biz aramıza hördüyümüz bu divarı sökmək istəyirik, cəmiyyətlə qucaqlaşmaq, birləşmək istəyirik. Gücümüz çatdığı qədər zərbələr endiririk, divar möhkəmdir. Berlinin ortasındakı divarı yıxmaq bəlkə də daha asan idi.
   
   Bizə deyirlər ki, qınından çıxmısan qınını bəyənmirsən. Bizə deyirlər ki, gedib qıraqdan danışmaq asandır. Bəlkə də haqlıdırlar.
   
   Mən eşidəndə ki, televiziya kanallarımızda artıq toy verilişləri yoxdur, çox sevindim. Düşündüm ki, o divara çox güclü bir zərbə dəydi. Ancaq sonra eşidəndə ki, verilişlərin qadağan olunması tapşırığı yuxarıdan gəlib təəssüfləndim. Cəmiyyət özü öz qanqrenalarını kəsib atmalıdır. Dövlət isə dövlətçiliklə məşğul olmalıdır. Bizim cəmiyyət nə gündədirsə, dövlət gəlib cəmiyyətin xəstəliyinə müdaxilə edir. İnkişaf etmiş dövlətlərdə isə tərsinə olur. Biz isə dövlətimizi bəyənmirik.
   
   Hacı Nuranın xəstəliyi haqqında yəqin ki, eşitmisiniz. Və sağalması üçün lazım olan məbləğ haqqında da. Bu bizim cəmiyyət üçün çox böyük insanlıq imtahanıdır. Yazıq və yardıma möhtac olan insanlara kömək edən insan indi özü yardıma möhtacdır. Mənim özüm Bakı-Ankara təyyarəsində bir neçə dəfə şahidi olmuşam. Hacı Nuran xəstə insanları müalicə üçün Ankaraya gətirib. Hacı Nuran kimi insanlar xəstə cəmiyyətlərdə çox az olur. Ümid edirəm ki, bu insanlıq imtahanından başı dik çıxarıq... Yoxsa...
   
   ****
   
   Ağzından süd iyi gələn körpələr, dünyadan xəbəri olmayan gənclər - daha doğrusu avaraların - küyə gedərək, ordan-burdan eşitdikləri sözləri öz fikirləri kimi dilə gətirib ağıllı -ağıllı danışanda adam əsəbləşir. Ay nə bilim, massonlar belə gəldi, yəhudilər belə getdi. Axı sizin heç nədən xəbəriniz yoxdu, sizin üçün nə fərqi filan adam massondu, ya yox? Ya da filan adam massondursa, deməli həmin adam pis adamdı?! Həmin o gənclərə Soros təqaüdü təklif etsələr almayacaqlar guya? Bəlkə də heç bilmirlər Corc Sorosun yəhudi olduğunu...
   
   "Filankəs otağa daxil olur və gördükləri qarşısında:
   
   -Salam, burada nə edirsiniz?
   
   Hitler cavab verir:
   
   -Dünya Müharibəsi planlaşdırırıq.
   
   Filankəs:
   
   -Doğrudan? Nələr baş verəcək?
   
   Hitler:
   
   -14 milyon yəhudini və bir velosiped təmirçisini öldürəcəyik.
   
   Filankəs:
   
   -Bir velosiped təmirçisini?!
   
   Hitler Stalinə tərəf dönür və deyir:
   
   -Gördün, mən sənə deyirdim 14 milyon yəhudinin ölməyi heç kimin vecinə olmayacaq."
   
   Hitler tarixdə ən çox nifrət etdiyim insandır. Dünya tarixinin ən böyük müharibəsinin səbəbkarıdır. Onun səbəb olduğu İkinci Dünya Müharibəsində 50 - 70 milyon insan ölüb. Bundan başqa isə onun yəhudilərə etdiyi zülm nəticəsində yəhudilər Fələstin torpaqlarına gələrək burda məskən salmağa başlamışdır. Hal-hazırda dünyadakı ən böyük problemlərdən biri İsrail-Fələstin problemidir. Yəhudilər gəlib pul qarşılığında ərəblərin torpaqlarını alırdılar. Ərəblər bir də ayıldılar ki, torpaqların yarısından çoxunu satıblar. Başladılar hay-küy salıb müharibə etməyə. Amma nə fayda... Müharibələr nəticəsində İsrail dövlətinin ərazisi birə-beş artdı. Ərəblər öz torpaqlarında azlıq mövqeyinə düşdü.
   
   Mən şəxsən yəhudilərdə heç bir günah görmürəm. Əgər ərəblər ağıllı olsaydı, torpaqlarında İsrailin qurulmasının qarşısını vaxtında alardılar. Həm də yəhudilərə qarşı edilən zülmün nəticəsində köçüb gəldilər. İkinci Dünya müharibəsində 6 milyona yaxın yəhudi (bəzi qaynaqlara görə isə bu say daha da artmaqdadır) öldürüldü. Özü də əli silahsız. Xocalı soyqırımında isə 613 nəfər öldürülüb və bu hadisə bizə belə pis təsir edir. İndi siz fikirləşin yəhudilər Holokost soyqırımından nə dərəcədə əziyyət çəkir?!
   
   Mən hal-hazırda İsrail dövlətinin izlədiyi politika ilə razı olmasam da, yəhudilərin tamamilə haqsız olduğu düşüncəsində olanlardan da deyiləm. Bu gün Fələstin xalqı həm də öz ağılsızlığının cəzasını çəkir, buna görə yəhudiləri günahlandırmaq lazım deyil.

TƏQVİM / ARXİV