adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Avqust 2015 17:09
4642
ƏDƏBİYYAT
A- A+

Tanınmış yazıçı Britaniya kəşfiyyatına işlədiyini etiraf etdi

Böyük Britaniyanın tanınmış roman yazarı Frederik Forsayt öz tərcümeyi-halında çoxdan gözlənilən etirafı edib. Yazıçı 20 ildən artıq  Britaniya Daxili Kəşfiyyatı olan Mİ-6-da işlədiyini boynuna alıb. Adalet.az BBC-yə istinadən xəbər verir ki, onun əsərlərini oxuyanlar yazıçının təxəyyülünün təkcə tarixi hadisələr deyil, həm də xüsusi mənbəyi olduğundan çoxdandır ki, şübhələnirdilər.     

Yazıçı deyir ki, hər şey "bir xahiş”dən başlayıb. Belə ki, Britaniya kəşfiyyat xəfiyyəsi ondan bir neçə məlumat ötürməsini xahiş edib, o da razılaşıb. Bu hadisə Nigeriyanın cənub-şərqindəki tanınmamış Biafra Respublikasının müstəqilliyi uğrunda baş verən döyüşlər zamanı olub. Xəfiyyə döyüşlərdə çoxsaylı uşaqların ölüm sayı ilə maraqlanırmış. Forsayt həmin müharibə zamanı jurnalist kimi fəaliyyət göstərib. Aldığı bütün məlumatları xəfiyyəyə ötürüb. Amma buna görə, maddi gəlir əldə etməyib.

Forsayt ayrı-ayrı vaxtlarda "Reuters" agentliyinin Almaniya, Afrika, Fransa, Çexiya üzrə müxbiri olub.

Yeri gəlmişkən, Forsaytın ilk kitabı da Nigeriyadakı hadisələrə həsr olunub və "Biafranın tarixi” adlanır. Ona məşhurluğu isə "Çaqqalın günü” adlı romanı gətirib. "Çaqqalın günü” ilə yanaşı "Müharibənin itləri", İkona", "Dördüncü protokol", "Odessa dosyesi" əsərlərinə film çəkilib. 

"Allahın yumruğu” adlı əsərində isə maraqlıdır ki, "Allah” sözünü elə müsəlmansayağı, yəni tərcümə etmədən verib. Maraqlıdır ki, yazıçının ən önəmli mükafatı "Edqar Po” Dedektiv Yazarlar mükafatıdır. Edqar Po da öz əsərlərində "Allah” adını olduğu kimi yazaraq İslama rəğbəti ilə tanınırdı. 


Şəfiqə ŞƏFA