adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Avqust 2015 16:17
6600
ƏDƏBİYYAT
A- A+

Ədəbi təbliğatda Qərb ənənələri

Sivil, dünyəvi ölkələrdə ədəbiyyat həm dövlət, həm də ictimaiyyətin əsas prioritetidir. Kitab təbliğində, ədəbi inkişafda sanki yarışırmış kimi bir-birindən geri qalmayan Qərb ölkələrinin nümunələri artıq bir çox dövlətlərdə sınaqdan keçirilib və ədəbi prosesin sürətlənməsində öz töhfəsini verib. Məsələn, Türkiyədə mütaliə sayı Azərbaycandan qat-qat yüksək olmasına baxmayaraq, kəmiyyət hələ də bu sahənin öndərləri üçün az görünür. Xüsusilə, ötən il bir neçə kitabxananın qiraət yetərsizliyi və maliyyə baxımından bağlanması ədibləri narahat etdiyindən, ədəbiyyata diqqəti daha da artırmalı oldular. Bunun çarəsini isə Avropada öz təsdiqini tapmış ədəbi müsabiqələrdə gördülər. Ölkədə keçirilən ənənəvi müsabiqələrlə yanaşı, yeni müsabiqələr də təsis olundu. Məqsəd, yeni yazarların, istedadlı gənclərin üzə çıxarılması, onlara maddi dəstək olunması və bununla da ədəbiyyata marağın artırılmasıdır. Misal üçün ənənəvi "Kurşun Kalem Öykü Ödülü”,  "Ölümsüz Öykülər”, "Mihri Hatun Şiir Yarışması” və s. müsabiqələrlə yanaşı "Cevdet Kudret Edebiyat Ödülü”, "Dağlarca Şiir Ödülü”, "Haldun Taner Uluslararası Tiyatro Eseri Yarışması”, "Hayata Tutunma Öyküleri”,  "Bilimkurgu Öykü Yarışması”, "Tabip Odası Öykü Yarışması", "Ömer Asım Aksoy Roman Ödülü” və b. təşkil olunmağa başlayıb. Göründüyü kimi, ədəbi təbliğat məqsədilə Türkiyədə, az qala, hər nəşriyyat bir ədəbi müsabiqə keçirir. Bundan başqa, rəsmi ədəbi qurumlar da vaxtaşırı nəsr, şeir müsabiqələri təşkil edir. Bəs Azərbaycanda keçirilən ədəbi müsabiqələrin sayı və keyfiyyəti qənaətbəxşdirmi? Bu sualı Azərbaycanda keçirilən ədəbi müsabiqələrin təşkilində əməyi keçmiş, eləcə də iştirakçısı olmuş ədiblərimiz cavablandırdılar:


Yazıçı-jurnalist Şərif Ağayar - Təbii ki, qənaətbəxş deyil. Çoxlu saxtakarlıqlar, tərəfkeşliklər var. Azərbaycanda obyektiv müsabiqə keçirmək asan məsələ deyil. Xırda istisnalarla deyərdim ki, biz belə müsabiqələrə hələ ki hazır deyilik. Xüsusən, ədəbiyyatı idarə eləmək iddiasında olan qurum və təşkilatlar normal rəqabət ab-hyavasını pozurlar. Amma həvəsdən düşməyə dəyməz. Az da olsa, mütərəqqi qələm adamları var və onlar getdikcə daha da çoxalacaqlar. Bir gün biz də anlayacağıq ki, sənətdən yüksək heç bir dəyər yoxdur. Nə kiminsə pulu, nə kiminsə vəzifəsi, nə də başqa məsələlər... Ümidi itirmək olmaz.


Filoloq-alim Məti Osmanoğlu -  Bu cür məsələləri ictimai tələbat həll eləyir. Yəni ictimaiyyətin ədəbiyyata, sözə, sənətə marağı nə qədər yüksək və keyfiyyətli olursa, təbliğat formaları da müxtəlifləşir, rəngarəng olur. İndiki halda bizdə ən böyük problem ictimaiyyətin mədəniyyətə, o cümlədən ədəbiyyata münasibəti (və ya münasibətsizliyi) ilə bağlıdır. Bu baxımdan, düşünürəm ki, müsabiqələrin sayını artırmaqla keyfiyyət dəyişikliyinə nail olmaq çətindir. Bizdə müsabiqələr bəzən haqsız, bəzən haqlı dedi-qodu mənbəyinə də çevrilir... Ona görə də düşünürəm ki, mövcud olan müsabiqələrlə də kifayətlənmək olar. Ancaq keyfiyyət qaneedici deyil və diqqət buna yönəldilməlidir.


"Kaspi” qəzetinin ədəbiyyat əlavəsinin redaktoru Fərid Hüseyn – Azərbaycan kiçik ölkədir, ona görə də, hesab edirəm ki, müsabiqələrin sayı kifayətdir. Çox olsa, sular daha da bulanar. Sadəcə, obyektiv müsabiqələrə ehtiyac var. Belə müsabiqələrin ciddi mənada problemi həll edəcəyinə ümidliyəm.


Şair Akif Əhmədgil - Təəssüf ki bu cür ədəbi müsabiqələr festivallar bizdə az-az keçirilir. Halbuki, bu müsabiqələrin keçirilməsi xüsusən də gənc ədiblərin üzə çıxmasında, tanınmasında öz töhvəsini verə bilər. Bizdə Mədəniyyət Nazirliyinin kecirdiyi "Qızıl kəlmə” ədəbi müsabiqəsini çıxmaq şərti ilə yadda qalan başqa bir tədbir xatirlamıram. İndiyədək bir neçə müsabiqə keçirilsə də, bunlar da təsadüfi xarakter daşıyır. Onların səviyyəsindən və obyektivliyindən danışmaq olmur. Müsabiqələrin təşkilində bir ardıcıl davamlılıq yoxdur. Üstəlik, indiki acınacaqlı durumda ədiblər müsabiqələrə təkcə qələmini tanıtmaq üçün yox, həm də gəlir mənbəyi üçün qatılırlar. Hər ikisinin də yazarlar üçün əhəmiyyəti var.


Şəfiqə ŞƏFA