adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gənclər Əsəd Cahangirə qarzı

20032 | 2012-09-27 00:11
"Ulduz" jurnalının gənc yazar Aysel Əlizadənin baş redaktorluğu ilə işıq üzü görən iyul sayı ətrafında müzakirələr və qalmaqallar səngimək bilmir. Tənqidçi Əsəd Cahangirin gəncləri "topa tutan" "Aldanmış ulduzlar" adlı yazısından sonra, "Şərq" qəzetinə açıqlama verən "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli Əsəd Cahangirin haqlı olduğunu bildirib: "Hesab edirəm ki, Əsəd Cahangir çatışmayan cəhətləri göstərib.
   
   Obyektiv yazıdır. Onun polemikalara qoşulması yaxşıdır. Cəmiyyətdə alternativ fikrə yer vermək lazımdır. Zənnimcə, Əsəd Cahangirin məqaləsi xoş niyyətdən doğan yazıdır." Jurnalın iyul sayına baş redaktorluq etmiş Aysel Əlizadə isə nə Əsəd Cahangirin, nə də Elçin Hüseynbəylinin söylədiyi fikirlərlə razı deyil: "Əsəd Cahangirin birinci yazısından sonra mən bir yazı yazdım və düşündüm ki, bu yazıdan sonra sağlam polemika başlayacaq. Ancaq gözlədiyim sağlam polemikanın əvəzinə didişmələr başladı. Çox yaxşı olardı ki, tənqidçilər "Ulduz" jurnalındakı mətnləri təhlil və tənqid edərdi. Gözlədiyimin əksinə bu baş vermədi. Sözün açığı mən Əsəd Cahangiri ciddi tənqidçi hesab edirdim. Ancaq son yazılarından sonra başa düşdüm ki, o artıq bitib. Əsəd Cahangir bizim üçün "ədəbi meyit"dir. O artıq nə etdiyini bilmir. Elçin Hüseynbəylinin Əsəd Cahangirə haqq qazandırmağı normaldır, çünki jurnalın təqdimatında özü etiraf elədi ki, Əsəd Cahangirə sizi tənqid etməyi mən tapşırmışdım. Bu cəhd isə uğurlu alınmadı. Əsəd Cahangir bizi tənqid etdikcə batır, biz isə üzə çıxırıq."
   
   Şair Qismət bu söz-söhbətə qoşulmağa həvəssiz olsa da, Əsəd Cahangirin yazısına münasibət bildirdi: "Yazıda haqlı məqamlar olsa da, yazı ümumilikdə qərəzlidir."
   
   Gənc yazar Rəbiqə Nazimqızı da Əsəd Cahangirin yazısından çox narazı qalıb: "Gənc Ədiblər Məktəbininin yazarları indiyədək 3 say hazırlayıblar. Birinici Qismət, ikincini Cavid hazırlayb. Üçüncü sayı da, məlum olduğu kimi, Aysel xanım tərtib edib. Mənə maraqlıdır ki, niyə bundan öncəki iki jurnal diqqətdən kənarda qalıb. Niyə bu yazı indi yazılıb. Və niyə bir jurnal üzərində müzakirə gedir, iki say unudulur, hərçənd o saylarda şedevr sayıla biləcək mətnlər gedib. Amma nəticə olaraq, Əsəd Cahangir də, Elçin Hüseynbəyli də yalnız sonuncu sayla bağlı iradlarına əsasən deyirlər ki, biz jurnal çıxara bilmirik. Mən hesab edirəm ki, gənc ədiblərin çıxardığı hər üç say "Ulduz"un tarixində hadisədir. Açın "Ulduz"un istənilən sayını və bu üç sayla bir-bir - mətnlərə əsasən - müqayisə edin.
   
   Digər tərəfdən, budəfəki sayda Aysel GƏM-ə dəxli olmayan müəlliflərə də yer ayırıb, bu sayı təkcə GƏM-in jurnalı hesab etmək olmaz. Fikrimcə, Ayselin buraxdığı nömrə heç də zəif deyil, təbii, qüsurlar var, olmalıdır da. Amma məsələ budur ki, tənqidçi ilk öncə üstünlükləri göstərməli idi. Qayda belədir, amma Əsəd Cahangirin yazısında heç bir ədəbi kriteriya gözlənilməyib. Müəlliflər Günel Xəzəl və Aysel Əlizadə bu və ya digər şəkildə təhqir olunub. Tənqidlərdən qərəz qoxusu gəlir. Yalnız Pərvinin ədəbi kriteriyalara görə, heç nə ilə fərqlənməyən hekayəsi təriflənib, qalanlar isə, birmənalı olaraq pislənilib. Sual yaranır niyə? Ədəbi mühitdən az-maz başı çıxan adam bilir ki, məqsəd nədir. Gəncləri vurmaq, onları bir-birinəq qarşı qoymaq, onlara irəli getməyə imkan verməmək. Amma alınmayacaq, çünki biz harada olduğumuzu, nə yazıb, nə yaza bilmədiyimizi və hara getdiyimizi bilirik.
   
   Mən demirəm, sonuncu sayı tənqid etmək olmaz, olar, amma Əsəd Cahangir bunu bacarmayıb. Ya da sadəcə olaraq, istəməyib. Məsələn, mənim jurnalda çıxan hekayələrimlə bağlı xeyli qüsur saymaq olardı. Amma qüsurlar qalıb bir yanda, Əsəd Cahangir məni "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən təsirlənməıkdə ittiham edir. Konkret ittiham irəli sürmədən. özü ilə görüşdüm və sual etdim ki, nəyə əsasən belə yazmısınız? Bircə fakt deyin. Cavabı belə oldu ki, hər iki əsərdə çimərlik səhnəsi var. Buradan belə nəticə çıxır ki, əvvəla, Əsəd hekayəni yaxşı oxumayıb. Çünki hekayədə çimərlikdən və çimməkdən heç nə yoxdu. Sadəcə, qəhrəmanlar dəniz sahilinə gəliblər. Belə çıxır ki, buna qədər və bundan sonra heç kəs dəniz sahilindən yazıbsa, hamısı Anardan təsirlənib? Qalan mətnlər barəsində də eyni cür yazıb.
   
   Mən özüm hər üç saydakı mətnlərin bircə-bircə təhlili üzərində yazı hazırlayıram və bu yaxınlarda bu yazı ilə tanış olmaq imkanı olacaq. Məcburuq ki, tənqidin nə olduğunu, necə edildiyini göstərək.
   
   Ümumiyyətlə, Əsəd Cahangiri buna qədər də ədəbi aləmdə ciddi qəbul etmirdilər. O səbatsız, qərəzli adamdır, adamlara münasibəti dəyişən kimi fikirlərini də dəyişir və bu da yazılarında özünü göstərir."
   
   Gənc şair Şəhriyar del Gerani də Əsəd Cahangirin "Ulduz" jurnalı ilə bağlı yazılarını qərəzli hesab edir: "Əsəd Cahangir muzdlu tənqidçidir. Muzd olan yerdə obyektivlik ola bilməz. Jurnalda lazımsız məsələləri acı bağırsaq kimi uzadıb."
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV