adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Sovetlərdə dissident, Qərbdə zovinist olan Soljenitsın

10534 | 2012-09-25 00:13
Ordudan qazamata
   
   Aleksandr Soljenitsın rus xalqının yetişdirdiyi böyük yazıçı, ictimai və siyasi xadimdir. Həm şəxsiyyəti, həm də yaradıcılığı olduqca maraqlı olan Soljenitsın "Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində qeyd etmiş əxlaqi gücünə görə" 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına sahib çıxıb.
   
   Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayələrindən biridir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarxal ənənələrə üstünlük verən rus ailəsində doğulub. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəxt hadisə nəticəsində həlak olub. Anasının və nənəsinin himayəsində böyüyən yazıçı, Rostov universitetinin riyaziyyat fakültəsində 1936-1941-ci illərdə Moskva fəlsəfə, ədəbiyyat və tarix institutunu qiyabi bitirib. Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A. Soljenitsın də səfərbərliyə alınmışdı. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirib, Qafqazdan Almaniyaya qədər döyüş yolu keçib, kapitan rütbəsinə qədər yüksəlmiş, iki ordenlə də təltif edilmişdi. Lakin yazıçı 1945-ci ilin fevralında ordunun xüsusi xidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsxanasına gətirilir. Səbəb hərbi senzuranın əlinə düşmüş şəxsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baxımından qəbuledilməz ifadələr işlədirdi.
   
   Ölümün bir addımlığında
   
   O, üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilir, bir müddət Moskvada saxlandıqdan sonra "şaraşkaya" - məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülür. Riyaziyyatçı diplomu həyatını xilas edir. Cəzasının qalan hissəsini Qazaxıstanda, Ekibastuz duz mədənlərində çəkməyə göndərilir. Stalinin vəfatı günü azadlığa çıxan Soljenitsın həbsxanada dəhşətli xəstəliyə - mədə xərçənginə tutulur. Tezliklə öləcəyini gözləyən yazıçı, hamının təəccübünə rəğmən Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalır. Müəllif həyatının bu dövrünü "Xərçəng gövdəsi" romanında təsvir edib.
   
   1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşayıb. Kommunist partiyasının XX qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət alıb və Mərkəzi Rusiyaya, Ryazana köçür. Hələ müharibədən əvvəl Rusiya tarixi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olub. Baş redaktor V.Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görür. Onun çapına isə əlyazmasını şəxsən oxuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S.Xruşşov icazə verir. 1962-ci ildə keçmiş məhbus A.Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilir. Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirir. Əsər hətta 1963-cü ildə ədəbiyyat və incəsənət sahəsində Lenin mükafatına təqdim olunur. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilmir. 60-cı illərin əvvəllərində o, "Novıy mir"də daha bir neçə hekayə dərc etdirir. Xruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaxın buraxmamışdılar.
   
   "Nobel"i 4 il sonra alır...
   
   Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olur. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilmiş "Xərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən xəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırır. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirir.
   
   1969-cu ildə Soljenitsının adı "Nobel" nominantları sırasına düşsə də, mükafat ala bilmir. 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" "Nobel"ə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olub.
   
   Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırır. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraxılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçir. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmir. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bilir.
   
   Ölkədən qovulan dissident
   
   Yazıçı mühüm əsərlərindən birini - "QULAQ arxipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırmışdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini - E.Voronyanskayanı dindirmiş və nəticədə "QULAQ arxipelaqı"nın nüsxələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asır. Həmin vaxta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin xaricdə çapına rəsmən razılıq verir. Bu bütün sovet rejiminə meydan oxumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilir, sovet vətəndaşlığından çıxarılır, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunur. İkinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilir. İki il Sürixdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-ın Vermont ştatına köçür və burada məskunlaşır.
   
   "Velikorus" şovinist
   
   1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsınə münasibətin dəyişməsinə, onun millətçilikdə və "velikorus" şovinizmində ittiham olunmasına əsas verdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. "Velikorus" millətçiliyi qoxusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çox qısa müddətdə əsl simasını üzə çıxardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıxış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandırırdılar.
   
   Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsınə münasibət də kökündən dəyişdi. 1990-cı ildə vətəndaşlığı bərpa olunmuş, "QULAQ arxipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 1992-ci ildə ABŞ-da rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınlə görüşərək Rusiyanın tarixi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparıb. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunur. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsınə geniş torpaq sahəsi ayırır.
   
   Rusiyadakı şöhrət
   
   1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka yollanır. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıdır. Bundan sonra Rusiyada Soljenitsın kultu başlanmışdı. 1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçilmiş, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medal ilə mükafatlandırılmışdı. Yazıçının ölkənin ali mükafatı - Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmamışdı. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olmuşdu. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis etmişdi.
   
   Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.
   
   Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurmuş, Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytarmışdır".
   
   Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat etmişdir.

TƏQVİM / ARXİV