Qızılı vermirlər, alırlar

ETİBAR CƏBRAYILOĞLU
44463 | 2012-09-22 04:57
XXX Yay Olimpiya Oyunlarından uğurla qayıdan idmançılarımız estafeti Paralimpiyaçılarımıza verdilər. Londonda 21 idmançı ilə təmsil olunan Azərbaycan 4-ü qızıl olmaqla 12 medal qazanaraq geri döndü. 166 ölkə arasında Azərbaycanın 27-ci yer tutması da uğurlu nəticənin göstəricisidi.
   
   Həm Pekin, həm də London Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş Milli Paralimpiya Komitəsinin icraçı direktoru, Əlillər Futbolu Federasiyasının prezidenti Şaiq Həmidovla yarışın yekunları barədə danışdıq.
   
   - Söhbətimizin əvvəlində istərdim ki, 4 il əvvələ dönək və Pekin Paralimpiya Oyunlarındakı nəticələrimizi xatırlayaq...
   
   - Əvvəla onu deyim ki, ölkəmiz Paralimpiya Oyunlarında 2000-ci ildən iştirak etməyə başlayıb. Həmin il Sidneydəki yarışlarda cəmi 1 gümüş medal qazana bildiyimizə görə ümumi hesabda 60-cı yerlə kifayətləndik. 2004-cü ildə Afinada təşkil olunan oyunlarda isə hesabımıza 2 qızıl, 1 gümüş və 1 bürünc əlavə etdik. Həmin il paralimpiyaçılarımız iştirakçı ölkələr arasında 45-ci yeri tutdu. Pekin-2008-ə gəlincə isə nəticələrimiz bir qədər də yaxşılaşdı. Çin paytaxtında Azərbaycan 10 medal qazandı. Onlardan 2-si qızıl, 3-ü gümüş, 5-i bürünc idi. Medalların sayı ümumi nəticəyə də müsbət təsir etdi və ölkəmiz 38-i yerə qədər irəliləməyi bacardı.
   
   Əgər Pekində biz 4 idman növü ilə təmsil olunurduqsa Londonda 6 idman növündə mübarizə apardıq. London Paralimpiya Oyunlarına Azərbaycan nümayəndə heyəti böyük ümidlərlə yollanmışdı. 21 idmançımızın ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil edəcəyinə inanırdıq. Çox şadam ki, idmançılarımız, ümumiyyətlə nümayəndə heyətinin bütün üzvləri öz üzərlərinə düşən məsuliyyəti yaxşı dərk etdilər və Azərbaycanı layiqincə təmsil etməyi bacardılar. Londondan Vətənə 12 medalla döndük. Cüdoçularımız Ramin İbrahimov və Afaq Sultanova, atlet Oleq Panyutin, üzgüçü Natali Pronina qızıl medal qazanmaqla London arenalarında Dövlət Himnimizi səsləndirdilər. Natali Pronina üzgüçülük yarışlarında daha 4 gümüş qazandı. Atletimiz Vladimir Zayetsin göstərdiyi nəticə də gümüş medal almağa kifayət etdi. Cüdoçu İlham Zəkiyev və Hüseyn Həsənov komandamızın hesabına bürünc medallar qazandırdılar. Bu il Böyük Britaniya paytaxtında keçirilən Paralimpiya Oyunlarında 166 ölkə iştirak edirdi. Azərbaycan bu dövlətlər arasında 27-ci yerə çıxmağı bacardı. Çox sevindirici haldır ki, Azərbaycan zəngin idman ənənələri olan Bolqarıstan, Rumıniya, Finlandiya, İsveçrə, Misir kimi ölkələri qabaqlaya bildi. Londondakı oyunlarda iştirak edən Avropa ölkələri arasında 12-ci, müsəlman dövlətləri sırasında 4-cü yerə çıxmağımız, MDB ölkələri üzrə 4-cü olmağımız uğurumuzun geniş miqyası haqqında ətraflı mənzərə yaradır.
   
   - İdmanda uğur qazanmağın əsas şərtlərindən biri də yaxşı hazırlıq prosesi keçməkdi. Paralimpiyaçılarımızın Londondakı nəticələrindən belə aydın olur ki, bu mərhələ yaxşı təşkil edilib...
   
   - Ölkəmizdə son illər idmana, idmançılara göstərilən diqqət və qayğı göz qabağındadı. Dövlətimizin bu sahənin inkişafına yönəlik addımları ilbəil artır. Dünya standartlarına cavab verən arenalar inşa olunur, şəhər və rayonlarda, qəsəbələrdə olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bütün bu görülən işlər idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr qazanmasına kömək edən amillərdən biridi.
   
   Fiziki qüsurlu idmançılar da yaradılan bu şəraitdən faydalanırlar. Ölkə başçısının göstərişinə əsasən, fiziki qüsurlu idmançılar stadionlarda, olimpiya komplekslərində pulsuz məşğul ola bilərlər. Bundan əlavə, Paralimpiyaçılarımız üçün Sumqayıtda hər cür şəraitə malik kompleks inşa olunub. Londona getməzdən əvvəl həmin kompleksdə güclü hazırlıq prosesi keçdik. Bu da qazandığımız nəticələrdə özünü göstərdi.
   
   - Londondakı təşkilatçılığın səviyyəsi sizi qane etdimi?
   
   - Təşkilatçılıq yüksək səviyyədə idi. Yarışlara böyük marağın olduğunu qeyd etməliyəm. Nümayəndə heyətimiz hər cür diqqət və qayğı ilə əhatə olunmuşdu. Azərbaycanın İngiltərədəki fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov elə ilk gündən bu məsələdə bizə yardımçı oldu. Cənab səfirin özü, diplomatik korpusun əməkdaşları Londona ayaq basdığımız andan daim yanımızda oldular, mənəvi dəstəklərini əsirgəmədilər.
   
   - Paralimpiyaçılarımız uğurlu nəticə ilə Bakıya qayıdan kimi mükafat yağışına düşdülər. İdmançılarla görüşən ölkə başçısı onları orden və medallarla təltif etdi...
   
   - Londondan Vətənə döndükdən cəmi iki gün sonra dövlət başçısı İlham Əliyev bizi qəbul etdi. Elə qəbul zamanı öyrəndik ki, 21 nəfərlik nümayəndə heyətimizin 10 üzvü "Şöhrət" ordeni, 6 nəfəri "Tərəqqi" medalı ilə təltif olunub, 3 nəfərə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib. Görüş zamanı prezident İlham Əliyev cənabları fəaliyyətimizdən razı qaldığını bildirdi, nəticələrlə fəxr etdiyini vurğuladı və gələcək yarışlarda uyğurlar arzuladı. Doğrudan da bu, əməyimizə verilən böyük qiymətdi. Bütün bu diqqət və qayğı bizi fərəhləndirməklə yanaşı, məsuliyyətimizi bir qədər də artırır. Çalışacağıq ki, növbəti yarışlarda da ölkəmizi layiqincə təmsil edək, Azərbaycan bayrağını daha uca zirvələrdə dalğalandıraq.
   
   - Bəzi deputatlar Paralimpiyaçılara verilən pul mükafatlarının artırılmasını təklif edir. Bu təklifə münasibət bildirməniz maraqlı olardı...
   
   - Bayaq dediyim kimi yüksək nəticə qazanan idmançılarımız, o cümlədən paralimpiyaçılar dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Səslənən təklifdə də müəyyən həqiqət var. Yəqin ki, növbəti Paralimpiya Oyunlarında bu məsələ nəzərə alınacaq. Həqiqətən də paralimpiyaçılar diqqət və qayğıya layiq insanlardı. Yadımdadı, Ümummilli lider Heydər Əliyev paralimpiyaçılarla görüşəndə dedi ki, sizin idman yarışlarında iştirak üçün Yeni Zelandiyaya, Sidneyə getməyinizin özü elə qəhrəmanlıqdı.
   
   - Növbəti yarışlar barədə soruşmaq hələ tezdi, yoxsa...
   
   - Tez deyil, əslində biz Londondan qayıdanda elə təyyarədə Milli Paralimpiya Komitəsinin Baş katib Afiq Süleymanovla bu məsələni müzakirə etdik. Yaxın günlərdə hazırlıq planlarımızı tamamlayıb rəhbərliyə təqdim edə biləcəyik. İdmançılarımız da bərpa prosesi keçdikdən sonra hazırlığa cəlb olunacaqlar. Çünki gələn ildən lisenziya uğrunda yarışlar başlayacaq.
   
   Təbii ki, problemlərimiz də var. Rayonlarda işimizi istənilən səviyyədə qura bilmirik.
   
   - Mane olan səbəblər hansılardı?
   
   - Bu gün ölkədə 400 minə yaxın fiziki qüsurlu insan yaşayır. Yaşlıları və qocaları nəzərə almasaq, təxminən 300 min fiziki qüsurlu insan arasında idmanla məşğul olan çox azdı. Rayonlarda bu işi təşkil etmək problemdi. Milli mentalitetimiz elədir ki, heç bir valideyn öz fiziki qüsurlu övladının, xüsusi ilə də qız uşağının idmanla məşğul olmasına şərait yaratmaq istəmir. Yalnız müəyyən istisnalar var ki, onları qeyd etmək yerinə düşər. Şəmkir rayonunda yaşayan Ziynət Vəliyeva idmanın kamandan oxatma növü üzrə məşğul olur. O, London Paralimpiya Oyunlarına da vəsiqə qazandı və iştirak etdi. Mədinət Abdullayevanı nümunə göstərmək olar. Mədinət xanım milliyyətcə çeçendi və uzun müddətdir ki, ölkəmizdə yaşayır. Azərbaycanlı həyat yoldaşının təklifi ilə idmanla məşğul olur. O, atletikanın nüvəitələmə və diskatma növü üzrə lisenziya qazandı. Bu iki idmançı xanımın London Paralimpiya Oyunlarında iştirak etməsi özü mühüm hadisədi. Yeri gəlmişkən, onu da deyim ki, Pekin Paralimpiya Oyunlarında cəmi 1 qadın idmançı ilə təmsil olunmuşduqsa Londonda yarışlara 5 qadın idmançı ilə qatıldıq. Sevindirici haldır ki, onlardan ikisi qızıl medalla Azərbaycana qayıtdı.
   
   Digər bir problemimiz isə komanda idman növləri ilə bağlıdı. Təəssüf ki, Londonda komanda idman növləri ilə təmsil oluna bilmədik.
   
   - Digər idmançılardan fərqli olaraq, paralimpiyaçılarla xarici səfərlərə getməyin, yarışlarda iştirak etməyin özünəməxsus çətinlikləri var. Missiyanın rəhbəri kimi bu çətinliyi necə aradan qaldırırsınız?
   
   - Bu, bizim gündəlik işimiz olduğundan ona çətinlik kimi baxmırıq. Vəzifəsindən asılı olmayaraq nümayəndə heyətinin üzvləri əl-ələ verib birlikdə qarşıya çıxan problemləri həll edirdik. Münasibətlərimiz elə səviyyədə qurulmuşdu ki, özümüzü təkcə bir komanda kimi deyil, həm də bir ailə kimi hiss edirdik. Belə münasibətin qurulmasında Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimovun xüsusi əməyi var. İlqar müəllim Azərbaycanda Paralimpiya hərəkatının yaradıcılarından biridi və bu sahənin inkişafı üçün böyük işlər görür. Çəkilən əziyyət də bəhrəsini verməkdədi. İnanıram ki, qarşıdakı yarışlarda daha böyük uğurlar qazanacağıq.

TƏQVİM / ARXİV