adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

GƏLDiN...

VƏSİLƏ USUBOVA
25414 | 2012-09-22 04:57
Gələcəyini bilirdimg Bu səbəbdən də gözləmirdim. Təkcə bildiyimə, darıxmadığıma, üzülmədiyimə görə yox, şansıma bələd olduğuma görə gözləmirdim. Mən istəyənlər olmur heç vaxt. Gözlədiyim gəlmir, yatanım ayılmır, xəstəm sağalmır, yıxılanım durmur, küsənim barışmır. Yoluna göz diksəydim, indi də bu boyda Kainat düzənini poza bilərdi mənə görə...
   
   Gəldin... Heyf ki, səni yorğan-döşəkdə qarşıladım. Yatağı heç sevmədiyimi yazmışdım bir kərə. Sara Bernarın sözlərini də əlavə eləmişdim: "Yataq qədər qorxduğum heç nə yoxdu. Çünki çoxumuz o biri dünyaya yataqdan köçürük". Çox dəqiq deyib. Həm də sərt və acımasız... (Amma neyləmək olar?! Hər dəfə xəstələnəndə düşünürəm ki, necə edim, bir də yorğan-döşəyə düşməyim?! Çarəsini tapa bilmirəm...) Hə, doyunca açıq havada gəzib hələ uzaqlardan duyulan nəfəsini içimə çəkə bilmədim. Elə Günəşin sarısından, yarpaqların titrəyişindən aldım qoxunu. Bənzərsiz, təkrarsız ətrini... İki gün qabaq səhər açılanda pəncərədən duman gördüm. Seyrəldikcə elə bil ətrafdakı hər şeyin suya düşən əksi canlanırdı göz önündə. Hələ qəfildən qalxan yellərini demirəm. Elə bil yadından çıxan hansısa ən gərəkli sözü qulağına pıçıldamağa tələsir küləklər... Sevgi etiraflarını xoşlamasam da, sənə sarılıb, başımı köksünə qoymaq, sən gəlincə çəkdiklərimi sonsuza qədər qulağına pıçıldamaq... sonra da ürəyimi açmaq istəyirəm: Səni çox sevirəm... Çox... Lap çox... Hamıdan və hər şeydən çox...
   
   ***
   
   Gəldin... Mən də dünyaya səninlə gəlmişəm. Sənin qollarının üstündə. Mən o gecəni görə bilirəm, duya bilirəm. O gecədə havanın, səmanın, Ayın, ulduzların da necəliyini deyə bilərəm. Anamın sancılarını da duymuşam o gecə. O gecə mənim gecəm idi. Ağrılardan doğuluruq biz. Özümüz də çox amansızıq. Bizi özündən artıq sevənin canını yandıra-yandıra, göynədə-göynədə gəlirik dünyaya. İrəlidəki həyatını, dincliyini, rahatlığını əlindən almaqçın gəlirik. Bəzən ilk gəlişimizdə canını da alırıq analarımızın.
   
   Ömrü ömürlə dəyişir Təbiət...
   
   Həm gözəl, həm də amansız Təbiət...
   
   Bir də çox istəyirəm biləm. Həmin gecə mənim dünyaya gəlişimə ən çox kim sevinib?!
   
   Yəqin ki, ən çox canını acıtdığım o zərif məxluq... Mələk xislətli anam...
   
   Gəldin... Təkcə sənin qoynunda özümü rahat sayıram. Günəşin çox yandırmır, soyuğun çox üşütmür. Ayaqyalın gəzmək istəyirəm xəzəllərin üstüynən. Canlarını incitməməkçün.... Ağrılarını, həsrətlərini duymaqçün...
   
   Hər dəfə sən gələndə yarpaqları saralıb əsim-əsim əsən bir ağacın dibində dayanmaq, alnımı gövdəsinə söykəyib ağlamaq istəyirəm. Kimsə də ovundurmasın məni. Onsuz da bacarmırlar. Hamı dərd verməyin ustasıdı...
   
   Hər şeydən ucuzdu kədər dünyada...
   
   ***
   
   Gərək kəndə gedəydim. Səni orada qarşılayaydım. Ur olmuş bostanların, gülü sovulmuş bağçaların dərdinə şərik olaydım. Heyvası, xurması saralan, narı qızaran bağların bolluq, bərəkət sevincini duyaydım. Sərçələrin, sığırçınların oyub boşaltdığı nar qabıqlarını seyr edəydim... Suyu azalıb dibi görünən arxların başına çıxıb böyürtkən yığaydım... Uşaqlıqdakı kimi əllərim, ağzım qapqara olaydı...
   
   Gedə bilmədim...
   
   Uzun yol gəlib bir ağacın kölgəsində dincələn yolçuya bənzədirəm səni... Yayın istisindən təntiyib özünü güclə sərinliyə yetirən, dincini alandan sonra dünyanı qızılı rəngə boyamağı düşünən rəssama ondan da çox oxşayırsan...
   
   Heç kəsə qısqanmıram səni. Bilirəm ki, sevənlərin azdı. Hamı Bahar sevdalısıdı. Səni bir mən sevirəm, bir də... köksündə həzin kədər gəzdirən bir ovuc başqaları... Səni sevənləri də sevirəm. Zatən bölüşməyi, paylaşmağı xoşlayan birisi olmasam da, səni tək sevməyə gücüm yetməz mənim...
   
   
   
   ***
   
   
   
   Gəldin... Neçənci gəlişindi kimsə bilməz. Hər halda, nə ilkdi, nə son... Nə qədər ki, dünya fırlanır, ilkin, sonu bilinməyən fəsillər də gəlib-keçəcək, bizləri qoynunda fırlada-fırlada ömrümüzü tükədəcək...
   
   Qoynunda yaşamaqdan doyulmaz. Yüz-yüz ömür gərəkdi səni duymağa, anlamağa, sevib qiymətləndirməyə, qiymətləndirib sevməyə... Gözdolusu gözəlliklərini ruhuna hopdurmaqçün neçə cüt əlavə göz istəyir adam. Hələ harasıdı? İnnən belə başlanacaq tamaşalı günlərin. Küləklərin coşub divan tutacaq bağlara-bağçalara. Uzun, həzin gecələrin yazmağa, yaratmağa çağıracaq ruhu, könlü olanları. Dumanlı gecələrində yeri görə bilməyib bağrı çatlayacaq ulduzların. Aylı gecələrin görüş yerinə işıq salacaq sevənlərin. Sən beləsən. Sənsiz dadı-tamı olmazdı dünyanın...
   
   
   
   ***
   
   Hər şeydən çox sevgiyə bənzədirəm səni. Həsrəti uzun, sevinci qısa. Qısqanclığı, intizarı, səbirsizliyi, göz yaşları bol-bol... Bir bədənlik yanğı, bir ürəklik çaşqın döyüntü, bir başlıq dəli sevda... Allahım! Gəl indi yaşa. Dilə-dişə düşmədən, tənələrə tuş gəlmədən. Puç beyinlərin, boş sinələrin arasında...
   
   Nə yaxşı ki, sən gəldin... PAYIZ...

TƏQVİM / ARXİV