(Kəmalə Nəsrinin şeirləri haqqında)
Onu təkcə bir şeirinə görə tanımışdım: "Gəmilər gəlməz Naxçıvana". Bu sadə məntiq arxasında poetik düşüncənin mənasını qavradım. Doğrudan da, Naxçıvanda dəniz yoxdu və təbii ki, ora gəmilər yol ala bilməz. Çünki qədim odlar diyarı Naxçıvan şeirdə deyildiyi kimi dağlardan, qayalardan, boz torpaqlardan ibarətdir. Şeirin müəllifi Kəmalə Nəsrin də elə öncə bunu bəyan edir ki:
Gəmilər gəlməz Naxçıvana,
Gələ bilməzlər;
Burda dəniz yoxdu ki.
Amma poeziya - sözə ehya verən, yoxdan sözü var eləyən bu sehrli qüvvə bizim real təsəvvürlərimizi bir andaca dəyişə bilər və gözlərimizin qarşısında poeziyanın yaratdığı bir dəniz canlanar:
Dağlar dalğa-dalğa dənizə bənzər,
dağların başında buludlar gəzər-
bəyaz yelkənlərə bənzər.
İlanlar sürünər
boz torpaqlarında
balıqlar kimi,
Duzlağın tamı var
Dənizin şor sularında.
Bu şeirə assosiativ şeir də demək olar, çünki dəniz və dağ, dəniz və torpaq bir-birilə reallıq baxımından uzaq anlayışlardır. Amma poeziya onları "birləşdirir". Sənətin mahiyyəti obrazlı təfəkkürlə bağlıdır, assosiativ təfəkkür elə obrazlı təfəkkürdən doğur, ancaq obrazlı təfəkkürdən fərqli olaraq burada mürəkkəb ümumiləşdirmələr diqqəti cəlb edir, bir-birilə əlaqəsi olmayan, ya zəif olan məfhumları xüsusi intiutsiya ilə "birləşdirə" biləsən.
Mən dənizləri xəyal etdim,
dağlara verdim qəlbimi.
Dağları sevdim,
çooox sevdim
Yaxın olduqları üçün göyə,
Dənizləri də sevdim
Dağlara bənzəyir deyə.
Beləliklə, poetik təfəkkür iki obrazı- Dəniz və Dağ obrazlarını bir-birinə qovuşdurdu. Şeirin sonrakı misraları Dəniz-Dağ obrazının (artıq iki məfhumun "qovuşmasından" yaranan bir obrazın) tarixi və müasir qatlarını açıqlayır: Tarixi planda: bir Nuh nağılı var: daşlaşan bir Gəmi-Qaya həsrət qalıb göy sulara və abidəyə dönüb. Müasir yönümdə: Dağları dənizə bağlar, qırılmayan gümüş bağ var. Dağların köksündən axar, Araz Kürdən axar tutub Xəzərə yol alar. Bu birlikdən Vətən yaranar.
Kəmalə Nəsrinin cəmi iki kitabı ("Aynalayın" və "Gözləyirəm gün doğanı") ilə tanışam və ümumiyyətlə bu xanım yazarın bəzi həmkarları kimi mətbuatda gen-bol, fasiləsiz çıxışlarının şahidi olmamışam. Amma bu iki kitabda toplanan şeirləri ondan istedadlı bir şairə kimi söz açmağa imkan və fürsət verir. Onun şeirləri barədə mən də daxil olmaqla hansı tənqidçininsə ciddi bir fikir söylədiyinin də şahidi olmamışam. Kitablarına daxil etdiyi lap kiçik müqəddimələrin birisi ilə tam razıyam ki: "Bir xanım əfəndinin, bir Azərbaycan türk qadınının ruhunda cərəyan edən əzəmətli milli kədər və yaddaş duyğusu, yəni Kəmalə Nəsrinin şeirlərinin alt yapısı mənə çox-çox qiymətli göründü və bu yazılardakı ruhun müqəddəsliyinə inandım" (Azər Turan). Mən də inandım.
Kəmalə Nəsrinin kitablarında bircə sevgi şeirinə də rast gəlmədim. Amma bunun səbəbi var. Görün nə deyir:
Mən daha yazmıram
sevgi haqqında.
Ən böyük sevdiyim
Vətəndi mənim.
Vətən geyməyincə
toy paltarını
Yediyim zəhərdi,
Geydiyim qumaş
nə atlas, nə ipək-
kəfəndi mənim.
Şeirlərin əksəriyyəti türkçülük, turançılıq, azərbaycançılıq, milli birlik ideyaları ilə nəfəs alır. Yəni onun sevgisi daha böyük, daha ülvi mahiyyət daşıyır. O, böyük, vahid Türk birliyini arzulayır, Türkün vaxtilə parçalanan, ora-bura səpələnən ərazilərini bir yurdda görmək istəyir. Vaxtilə türk övladlarının, türk başçılarının bir-birlərinə qənim kəsildiklərini də ürək ağrısı ilə bəyan edir:
Nə vətən var idi,
nə türklük orda,
Var idi "mənəm"lik,
"böyük"lük orda,
Niyə qana döndü,
daşa dönmədi?
Qardaş qardaşına
əl qaldıranda-
Çaldıranda!
Kəmalə xanımın şeirlərində qədim türk oğuz folklorundan, "Dədə Qorqud" boylarından, bu boylardakı igidlərdən, xanım-xatın gözəllərdən gələn bir meh əsir. "Könlü qopuz, Qolu topuz, Sözü güclü, Düşməni suçlu Qalın Oğuz" qılıncını şimşəklərlə itilədir. Xan Beyrəyə, Xan Turala üz tutulur, onları səsləyir ki, türk ellərinin birliyi yaransın, bədöy atlar kişnəsin, savaş meydanı zəfən səslərinə bürünsün. Çünki "Dəmin qapı Dərbəndin dəvələri əsir düşüb, Göyçə gölün sonaları qaraqıyma qovurma tək qırçın-qırçın suda bişib. O yerlər ki, bizim idi. İndi daha bizim deyil".
Kəmalə xanımın Türkün böyük ustadlarına məhəbbətini onun bir çox şeirlərində izləyirik. Məsələn, Hüseyn Cavidə aid bir neçə şeiri var və bu şeirlərdə Cavid təkcə böyük sənətkar kimi deyil, həm də Türkün qürur mənbəyi, ideya-fikir mütəfəkkiri kimi canlanır: "Qalxan elədin sinəni, Unutmadı xalq dünəni. Başının üstündə səni, Bayraq edib gəzdi belə". Başqa bir şeirdə isə 41-in dekabrı və 82-nin noyabrı xatırlanır, biri Cavidin ölümü, biri isə onun nəşinin Vətən torpağına gətirilməsi. "41-in dekabrı Günəş ay kimi solğun. Bir dağ uçdu üzü qibləyə Silkələndi Yenisey-Orhun". "82-nin noyabrı; Göylər mas-mavi, Günəş sac kürəsi, alov-alov, Çəmənlər yaşıl yanar". Şeirdə hər iki günün obrazı canlandırılır: Solğun Günəş - Sac kürəsi, alov-alov. Ümumiyyətlə, Kəmalə xanımın bədii təsvir vasitələrinə müraciəti çox zaman uğurlu alınır. Məsələn, o, "Vətən köynəyim" şeirində deyir ki, hər bir adamın toya, ya vaya getməyə paltarı olur, təzə gəlinin, təzə bəyin də öz paltarı var, fəsillərə görə paltar dəyişmələri olur. Amma: "Vətən köynəyimdi ürəyim mənim. Tanrı pay veribdi tikib vətənim". Vətən sevgisini ifadə etmək üçün ürəyi Vətən köynəyinə bənzətmək yerinə düşür. Hətta bir şeir- "Ağrı dağım" bütünlüklə təşbeh və epitetlərdən ibarətdir:
Böyük Tkfandan
İlk sən çıxartdın başını-
Yerin papağı kimi.
Uzatdın göyərçinə
zeytun əlini-
həyat budağı kimi.
Qutlu Dağım!
Bizim dağların ucası
Ağsaqqalı, qocası.
Ağrı dağım, ağ yaylağım!
Ərlər, ərənlər yurdum,
Dastanlar oylağım.
Düşmən gözünə batan
cüt barmağım.
Kəmalə Nəsrinin şeirlərini mövzuca bölgülərə ayırmaq istəməzdik. Vətənpərvərlik, azərbaycançılıq, türkçülük onun şeirlərinin sayca üstünlüyünü təşkil edir. Amma o, bu mövzulara qapanıb qalmır. Real həyatın, gerçəkliyin müxtəlif səmtlərinə də üz tutur, təbiətin gözəlliklərinə də biganə qalmır, doğulduğu Naxçıvan torpağının məxsusi cizgilərini canlandırmağa səy göstərir, ustad şairlərə də şeir həsr edir. Deyə bilmərik ki, o, hər şeirində nəyəsə nail olur, amma hər şeirində təlqin etdiyi fikirləri səmimi şəkildə bildirməyə çalışır. Dili də rəvandır, mücərrəd ifadələr işlətməyi sevmir. Ustad şair Rəsul Rzaya bir neçə şeir həsr edib. Onların hamısı uğurludur desək, yanlış olar, çünki bu şeirlərdə bəzən heyranlıq və məftunluq ön plana keçir, şairin mükəmməl obrazının canlanmasına mane olur. Amma "Rəsul Rzaya" şeiri mükəmməldir:
Dirsəyi dizində,
Əli üzündə
Dünyanın kədəri,
qəmi gözündə.
Gözləri dənizə
bənzəyən şair,
Dənizin balığı,
gəmisi olur.
Sənin gözlərində
Qəm izi qalıb.
Gedibsən göylərə -
Burda, Vətəndə,
Bir Rəsul Rza
Dənizi qalıb.
Əsasən sərbət şeirə meyl edən, fikir və düşüncələrini də bu axara yönəldən Kəmalə Nəsrin yaradıcılığa heca şeirləri ilə başlayıb. O şeirlər fikrimizcə, poetik sanbalı etibarilə daha uğurlu idi. Sonralar da hecada şeirlər yazdı. Bu, təbii ki, yaradıcılıq prosesidir, enişi də, yoxuşu da olur. Hansı vəzndə, hansı formada yazılması şərt deyil, təki ortada ŞEİR olsun. Və Kəmalə Nəsrinin şeirləri haqda bu söhbəti bəyəndiyimiz sufiyanə bir şeirlə tamamlayaq:
Mən Tanrının kor cocuğu,
Aç gözümü, öyrət məni.
Göydən düşdüm sənə dünya,
Göyərt, nolur, göyərt məni.
Öyrətmə günah etməyi,
Səsim tanrıya yetməyir,
Ruhum diləyir getməyi,
Al əynimi, çıxart məni.
Qabığım bom-boş qalacam,
Başına bir iş olacam,
Qəbir kənddə daş olacam,
İndi di gəl, qopart məni.