adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Sevgidən xatirə...

1695 | 2012-09-22 04:57
Yazıçı Ejen İonesko Prustun "Madlen piroqları" haqqında yazdıqlarını oxuyarkən aldığı təssüratları gördüyü bir mənzərə ilə əlaqələndirirdi: "Prust, mənim sözə çevirə bilmədiyim hissləri yazırdı. Məsələn, bir dəfə hansısa evin yanından ötürdüm, mətbəxin pəncərəsi açıq idi. Pəncərədən ətrafa yağlı çörək ətri yayılırdı.Çörəyin ətri mənə nəyisə xatırlatdı, ardınca isə yaddaşımda başqa xatirələr canlandı. Mənə elə gəlirdi ki, o an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil."
   
   
   
   ***
   
   
   
   Hansısa məkan, musiqi, kitab, hədiyyə,film insana nəyisə xatırladır. O yer ilk görüş yeriniz də ola bilər, o musiqi sevdiyiniz insanla birlikdə olduğunuz anların hiti, yaxud çox dinlədiyiniz musiqisi... O kitab sevgi romanınıza bənzəyə bilər, yaxud sevgilinizin sizə hədiyyəsi olar... O hədiyyəni qucaqlayar, öpər, ona baxar, kövrələr... xatırlayarsınz... Məsələn, mən Fausto Papettinin "Emmanuel"ini dinləyəndə ilk sevgimi xatırlayıram... O an hələ bir də yağış yağarsa... Sevgini də, ayrılığı da eyni fəsildə, eyni məkanda yaşayanlar ikiqat əzab çəkərlər...İllər keçər, saçlarınıza dən düşər, amma siz hər dəfə o parka gedəndə yeniyetmə, yaxud gənc olarsınız. Yəni xəyalən... Skamyaları axtarar gözləriniz. Xatirələr sizi uzağa aparar, hər şey dəyişər gözlərinizdə, yarpaqlar belə ağacdan qopub düşəndə dəyişib xəzəl olar. Xatırlayarsınız, kövrələrsiniz, "axı niyə" kimi çətin suallara cavab axtararsınız. Amma tapa bilməzsiniz. Sual çətindisə, özünüzü yormayın... Xatırlamaq üçün problem də bəhanə deyil. Xatirələr şeir kimidi, harda olsa sizi tapacaq. Kim deyə bilər ki, sevgi boş şeydi? Bizim bütün xatirələrimiz sevginin mirasıdı. İnsana sevgidən ya uşaq qalır, ya da xatirə... Hər ikisi əzizimzidi, hər ikisini göz bəbəyi kimi qoruyuruq, kimsə ilə paylaşmırıq. Uşaqlar getdikcə böyüyür, xatirələr isə uzaqlaşır, uzaqlaşır, zaman adlı tunelin sonunda zərrəbinlə seziləcək işığa çevrilir-fərq budu... Uzaqlıq və yaxınlıq fərqinə baxmayın, onlar sevgimizi yaşadır...
   
   
   
   ***
   
   
   
   Şəhər gün-gündən dəyişir, gözəlləşir. Gözəl... Asfalt döşənən yollarda iki cüt ayaq izi qoşa qarıyır. Kəsilən çinar şahid kimi qətlə yetirilir. Ekzotik ağaclar sevginizə doğma çinarınız, söyüdünüz, tutunuz kimi şahidlik edə bilməz-yabançı nə qədər olmaya... Hissi, duyğusu nə gəzir? Yıxılan evlərdə xatirələriniz yıxılar- o balkondan sevgilinizə nə qədər baxmışdız? Şəhər gözəlləşər, göydələnlər ucalar hər yerdə. Ucaldıqca xatirələriniz də göylərə çəkilər. Şəhər can üstə olan xəyallarımızın, xatirələrimizin qanı hesabına gözəlləşər. Olsun. Bu, həmişə belə olacaq. Gələn nəsillər üçün insanlar daha modern xatirə qətliamı fikirləşəcək. Təki şəhər gözəlləşsin. Bəlkə gözəlliklər sevgini xatirələrin caynağından alıb xoşbəxtliyə doğru apardı. Bu da həqiqətdir ki, xoşbəxtlik anlarla, xatirələr illərlə ölçülür. Təki gözəllikləri xatırlayaq...

TƏQVİM / ARXİV