adalet.az header logo
  • Bakı 20°C

Oya Ergün: "Sənətçi vaxtında izığı görən insandır"

20437 | 2012-09-20 00:34
Müsahibim Türkiyənin tanınmış opera müğənnisi və musiqi araşdırmaçısı Oya Ergündür. Oya xanım hazırda Azərbaycanda yaşayır və musiqiçi kimi fəaliyyətini davam etdirir.
   
   - Oya xanım, oxucularımıza sizi necə təqdim edək?
   
   - Azərbaycana 8 ay öncə gəlmişəm. Uzun illər Hollandiyada təhsil almışam və orda yaşamışam. Həyat yoldaşımın işi ilə əlaqədar Azərbaycana köçdüm. Həyat yoldaşım təqaüdə çıxdıqdan sonra, burdan bir iş təklifi aldı və təklifi qəbul etdi. Təbii ki, Azərbaycana gəlməklə bağlı mənim də fikrimi soruşdu, gəlmək istəyib-istəmədiyimi öyrəndi. Dedim ki, Azərbaycan əsil musiqi, sənət ölkəsidir. Burda özümü rahat hiss edərəm və qərar verdim ki, Azərbaycana gəlirəm. Universitet müəllimi idim. Müəllimlikdən ayrıldım və gəldim Azərbaycana. İstanbul Barosunda solistliyimə davam edirəm və ancaq konsertlərə gedirəm. Təəssüf ki, İstanbul Barosunda operalara qatıla bilmirəm. Azərbaycanda musiqi sənəti güclü olduğu üçün, bundan sonra fəaliyyətimi burda davam etdirəcəyəm.
   
   -Buralar necədir, alışa bildinizmi?
   
   -Azərbaycan eynən Türkiyə kimidir. Daha doğrusu Azərbaycan insanı, Türkiyə insanı kimidir. Şərtlər fərqli olsa da, insanların təbiəti eynidir. İnsanları yardımsevər, qonaqpərvər, mehribandır. Bu baxımdan artıq özümü azərbaycanlı kimi hiss edirəm.
   
   -Hazırda Azərbaycanda nə işlə məşğulsunuz?
   
   -Bu yaxınlarda Xəzər radiosunda musiqi proqramı hazırlayacağam.
   
   -Adı və yönümü nə olacaq proqramın?
   
   -Proqramın adı "Oya kimi" olacaq. Türkcə pop musiqisi yayımlayacağam. Mən əslində opera müğənnisiyəm, amma proqramım pop musiqisinin gözəl və müasir nümunələrini yayımlamaqla məşğul olacaq. Yəni bundan sonra xalq və klassik mahnıların orkestr vasitəsi ilə ifası ilə məşğul olacağam.
   
   -Bakıya gəlməzdən öncə Azərbaycan musiqisi ilə tanışlığınız var idi?
   
   -Əlbəttə. Azərbaycan musiqisini çox yaxşı tanıyırdım. Ən çox tanıdığım da Rəşid Behbudov idi. Uşaq olanda atamda Rəşid Behbudovun valları vardı. 3-4 yaşımdan onun mahnılarını dinləyirdim. Uşaq yaşlarımdan onun mahnılarını öz mahnılarımız kimi bilirəm və oxuyuram. Bu yaxınlarda hazırladığım diskdə də onun mahnılarından biri yer alacaq, adı "Nazəndə sevgilim"dir. Eyni zamanda "Hardasan" adlı bir xalq mahnısı da mənim diskimdə yer alacaq. Bundan əvvəl Hollandiyada bir diskim işıq üzü görmüşdü. Azərbaycanda isə bu ilk albomum olacaq.
   
   -Bizim müasir musiqi ilə tanışlığınız varmı?
   
   -Opera musiqiçilərinizi, bəstəkarlarınızı yaxşı tanıyıram. 2005-ci ildə Hollandiyada konsert verirdim. Daha doğrusu böyük bir konsertin bağlanış mərasiminin solisti idim. Orda sizin iki böyük bəstəkarınızla tanış oldum. Bunlardan biri Firəngiz Əlizadə, digəri isə Cavanşir Quliyev idi. Tofiq Quliyevi çoxdan tanıyırdım. Oqtay Kazımini də dinləmişdim. Firəngiz xanımla münasibətimiz çox yaxşıdır. Bura gəldikdən sonra onun Bəstəkarlar İttifaqının sədri olduğunu da öyrəndim və görüşümüz də olub. Firəngiz xanım mənə iki əsərini təqdim edib və onların üzərində işləyirəm. Təəssüf ki, məşqlərdən sonra Firəngiz xanımla görüşmək imkanımız olmayıb.
   
   -Bakıda konsertiniz olacaqmı?
   
   -Əlbəttə. Bakıya ilk dəfə gələndə sizin əməkdar artist Tünzalə Ağayeva ilə konsertimiz oldu. Bu ayın 15 filarmoniyada konsertimiz olmalı idi. Yeni səfirimiz gəlmədiyinə görə bu konsertin də vaxtı dəyişdirildi. Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşu ilə bağlı Mahnı Teatrında konsertimiz olacaq. Yavaş-yavaş çalışmalarım başlayır. Buranın da musiqi həyatına yavaş-yavaş alışıram.
   
   -Bizim mahnıları bəyənirsinizmi?
   
   -Azərbaycanın musiqi ənənəsi çox gözəldir. Hər kəsin musiqidən anlayışı var və demək olar ki, hamı gözəl musiqi dinləmək istəyir. Hər kəs peşəkar musiqi duyumuna sahibdir. Bu da Azərbaycanın musiqi sənətini zənginləşdirir. Mən Azərbaycanın bəstəkarlarını Avropada tanımışam və şahidəm ki, böyük orkestrlər bu bəstəkarların əsərlərinin arxasınca qaçır. Mən Firəngiz Əlizadəyə, Tofiq Quliyevə heyranam. Cavanşir Quliyevi çox sevirəm.
   
   -Türkiyədə daha çox tanınan musiqiçilərimiz kimlərdir?
   
   -Əzizə Mustafazadəni Türkiyədə hər kəs tanıyır. Mənim bütün dostlarımın evində onun diskləri, albomları var. Dünyada da, Əzizə Mustafazadə çox tanınan bir bəstəkardır.
   
   -Şöhrətin sənəti öldürdüyü bir dövrdə yaşayırıq. Musiqini necə, şöhrət öldürə bilirmi?
   
   -Hər sənətkarın öz tutumu, öz dünyagörüşü var. Şöhrətə çatdıqdan sonra bəzi sənətkarlar öz tutumlarından artıq şöhrət qazandırları üçün başlarını itirirlər. Bəzən sənətçidən başqa şeylər tələb olunur. Bu isə enerji bütünlüyünü pozur. Ancaq şöhrətin zirvəsində olduğu halda, sənətçi kimliyini qoruyan sənətkarlar da var. Məsələn, klassik musiqidə belə insanlar çoxdur. Bethoven, Motsart kimi insanlar özlərini bütünlüklə musiqiyə həsr etdikləri üçün, şöhrət onları maraqlandırmır. Bir çox musiqiçilər var ki, onlara şöhrət mane olmur. Amma populyar musiqidə belə şeylər olur. Bizdə Sertab Erenerin hər albomunda hökmən bir neçə əsil sənətə aid musiqi olur.
   
   -Başqa kimlər var?
   
   -Bu çox çətin sualdır. Bizdə Timur Selçuk adlı sənətçi var ki, əsil sənətlə məşğuldur. O möhtəşəm sənətkardır. Həm pop musiqi ilə, həm də klassik musiqi ilə məşğul olur. Sertap Erenerin həm səsi, həm də onun üçün bəstələnən musiqilər çox gözəldir. Amma elə musiqilər var ki, bu gün dinlənilir, diskotekalarda səsləndirilir, amma gələcəyə qala bilməyəcəklər.
   
   -Gələcəyə qalmayacaq musiqiyə ehtiyac varmı?
   
   -Bu artıq çətin məsələdir. Bizdə bir oranjimançı vardı, Onno Tunc. O qəzetlərin birinə verdiyi müsahibədə demişdi ki, "Bizim gördüyümüz iş artıq sənət deyil, ticarətdir." Bu pop musiqinin içindən çıxan birinin dediyi sözdür. Çox möhtəşəm fikirdir. İnsanları əyləndirən musiqi, əsil sənət deyil. Burda əsas məqsəd çox satıb, pul qazanmaqdır.
   
   -Sənətçini həm də ziyalı, örnək şəxsiyyət olmalıdır. Müasir musiqiçilərin ziyalılığı, örnək olmaq imkanı varmı?
   
   -Sənətçi vaxtında işığı görən insandır. Sənətçi əlli il sonra üçün yaşayan insandır. İndi bir çox şeylər tabudur, amma 50 il sonra tabu olmaya bilər. Sənətçi bunu görən insandır. Sənətçi qorxusuz yaşamalıdır. Sənətçinin ziyalı şəxsiyyəti olmalıdır. Amma cəmiyyət də sənətçiyə sahib çıxmalıdır.
   
   -Bizdə cəmiyyətin örnək alacağı musiqiçilər varmı?
   
   -Mənim tanıdığım bütün musiqiçiləriniz cəmiyyətin örnək ala biləcəyi şəxsiyyətlərdir. Məsələn, Firəngiz Əlizadə, Cavanşir Quliyev çox örnək insanlardır. Tünzalə Ağayeva çox gözəl və mədəni xanımdır. İndi çox populyar olan musiqiçilərinizi tanımıram, amma əminəm ki, örnək alınacaq insanlardır.
   
   - Son olaraq, Azərbaycanda nə qədər qalmağı düşünürsünüz?
   
   -Həyat yoldaşımın Azərbaycanda 4 illik müqaviləsi var. 3 il dəqiqdir, amma 5 ildə ola bilər. Nə qədər qalsam, burdan narazı deyiləm.
   
   Hazırda albom üzərində çalışıram və gələcəkdə də sizin xalq mahnılarınızla bağlı araşdırmalarım olacaq. Burda çox böyük və geniş işlər görmək istəyirəm. Radioda da türk pop musiqisini təbliğ edəcəm. Türkiyədə, Hollandiyada necə çalışqan musiqiçi olmuşamsa, burda da bacardıqca fəaliyyətimi davam etdirəcəm.

TƏQVİM / ARXİV