adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

iBLiSiN NÖKƏRLƏRi

BABƏK YUSİFOĞLU
29297 | 2012-09-19 00:24
Artıq neçə gündür ki, dünyanın nüfuzlu media quruluşları anti-islamçıların növbəti təxribatları, alçaqlıqları və bunun doğurduğu böyük gərginliklərdən yazırlar. Məlumdur ki, bir neçə gün əvvəl İslam dünyasını, müsəlmanların müqəddəs peyğəmbərini, ümumiyyətlə insanlığı təhqir edən bir filmin - "İslamın məsumiyyəti"nin internet vasitəsi ilə yayılması bir sıra ölkələrdə ciddi etiraz dalğalarının yaranmasına səbəb olub. Onu da qeyd edim ki, bu etiraz dalğaları müsəlman ölkələrindən başqa bir çox xristian dövlətlərində də əks-reaksiya doğurub. Yəni, bir qədər fərqli dildə desək, ağlı başında olan, ən adi əxlaqı dəyərlərə malik şəxslərin hamısı filmin sifarişçilərini, istehsalçılarını, bir sözlə bu işdə əli olanların hamısını ən azı tərbiyəsizlikdə, dinlərarası düşmənçilik toxumları səpməkdə günahlandırırlar.
   
   Niderlandın, Fransanın, Almaniyanın, Belçikanın, Rusiyanın və digər qərb dövlətlərinin ən müxtəlif şəhərlərində müsəlmanların etiraz mitinqləri keçirilməkdədir. Həmin aksiyalarda ən çox Amerika və İsrailin ünvanına şüarlar səsləndirilir. Artıq bu gərginlikdə ölüm faktları da baş verib. Amerikanın bir diplomatı ölüb. Belə görünür ki, dəfələrlə "Qurani-Kərim"in yandırılması, fasiləsiz anti-islam təbliğatın aparılması artıq etirazları qəzəbə çevirməkdədir. Və çox maraqlıdır ki, həmişə günahı haradasa, kimlərdəsə axtaran Amerika hər dəfə anti-islam aksiyalarına ciddi təpki göstərmək əvəzində sadəcə trafaret, mənasız bəyanatlar verməklə kifayətlənib.
   
   İndi dünyanın ən müxtəlif yerlərində Vaşinqtona qarşı təpkilər gücləndikcə amerikalılar məsələnin nə dərəcə ciddi olduğunun fərqinə varıblar. Çünki Gündoğandan, Günbatanadək bir çox yerlərdə Amerika səfirliklərinə hücumların baş verəcəyi ilə bağlı mesajlar Ağ Evi qeyri-ənənəvi addımlar atmağa məcbur buraxıb. Sırada onlarla ölkə var ki, Vaşinqton oralardan diplomatlarını müvəqqəti də olsa geri çağırıb. Və proseslərin nə ilə sonuclanacağı hələlik məlum deyil. Çünki onlar etirazların tezliklə səngiyəcəyini gözləsələr də bu belə olmayıb. Hadisələr hər gün yeni impulslar alır.
   
   Əslində Qərbin əndişə edəcəyi üçün çoxlu ciddi nədənlər var. Lakin təkcə iki faktora diqqət çəkməklə vəziyyətin ciddiliyini təsəvvür etmək mümkündü. Birincisi, iqtisadi-siyasi maraqların vaz keçilməzliyi, ikincisi, müsəlman əhalinin həmin ölkələrdə kifayət qədər çəkiyə malik olması.
   
   Əhalisinin önəmli bir hissəsi müsəlmanlardan ibarət olan Rusiya bu ölkələr sırasında vəziyyətə daha həssas yanaşmağa məcbur qalmışdır. Bu arada Moskvanın haqlı olaraq proseslərə operativ münasibəti də diqqət çəkir. Rusiyanın Baş prokurorluğu, "Roskomnadzor" (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə federal nəzarət xidməti) və Dövlət Dumasının əksər deputatları internetdəki bu qalmaqallı filmə girişin bağlanmasını tələb ediblər. Senator Ruslan Qattarov filmə girişin bloka alınması tələbi ilə məhkəməyə rəsmən müraciət göndərib. Baş prokurorluğun rəsmi nümayəndəsi Marina Qridnyova bəyan edib ki, Baş prokurorluq da dünən (srağagün) "İslamın məsumiyyəti"ni ekstremist film kimi dəyərləndirib və Rusiya ərazisində onun saytına girişinin qadağan olunmasını tələb edib. "Əgər məhkəmə ekspertizası da roliki ekstremist ideyalar yaydığını təsdiq edərsə prokurorluq "Google"u bu videonu bağlamağa məcbur edəcək. Yox, əgər bu baş verməsə, biz internet-provayderlərlə, operatorlarla məsələni yoluna qoymağa çalışacağıq". Verilən digər məlumatlara görə, artıq prokurorluq bir sıra internet-provayderlərə xəbərdarlıq edib.
   
   Prokurorluqdan başqa, "Roskomnadzor" Rusiya Federasiyası rabitəsi operatorlarına müraciət edib ki, məhkəmə qərarınadək öz abonentlərinin həmin filmə girişlərini bağlasın. Dövlət Dumasının ictimai birliklər və dini təşkilatlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilov da öz növbəsində Rusiyada bu anti-islam filmin nümayişinin qarşısının alınması üçün lazım olan tədbirlərin görülməsi xahişi ilə mədəniyyət naziri Vladimir Medinskiyə müraciət ünvanlayıb. "Komitə Amerikanın İnanclı insanların dini duyğularını təhqir edən filminin - "İslamın məsumluğu"nun nümayişindən narahatlığını bildirir. Rusiyada İslama ibadət edən milyonlarla vətəndaşın yaşadığını nəzərə alsaq bu filmin onlarda neqativ reaksiyalarına gətirib çıxara bilər".
   
   Heç kim üçün sirr deyil ki, bu gün Qərb, eləcə də islamı düşmən gözündə görənlər açıq-aşkar dini ayrı-seçkilik təbliğatı aparmaqdadırlar. Və "Qurani-Kərim"in yandırılması kimi mənfur aksiyalar, müqəddəs peyğəmbərimiz Həzrəti-Məhəmmədin karikaturalarının mətbuata çıxarılması, çürbəcür alçaq əsərlər, filmlər... məhz həmin kampaniyanın tərkib hissəsidir. Onlara elə gəlir ki, bu yollarla müsəlmançılığa, müqəddəs peyğəmbərimizin uca hörmətinə xələl gətirə biləcəklər. Amma yaddan çıxarırlar ki, kim olursa-olsun belə iblis əməllərlə heç nəyə nail ola bilməyəcəklər. Təkcə ona görə ki, "Qurani-Kərim" Allahın insanlara göndərdiyi Kitabdır, peyğəmbərlik də Məhəmmədə Uca Rəbbimiz tərəfindən verilib. Kimsə onu dəyişə bilməz. Yerdəki məxluqlar, canlılar belə əməlləri ilə yalnız iblisə nökərçilik etdiklərini etiraf edirlər. Və cəzalarını alacaqlar....

TƏQVİM / ARXİV