adalet.az header logo
  • Bakı 18°C

"öz izimlə məzğulam"

19751 | 2012-09-18 00:21
Müsahibimiz müğənni və yazıçı Zəka Vilayətoğludur. Əminəm ki, onun ədəbiyyatla bağlı fikirləri yəqin sizlər üçün maraqlı olacaq.
   
   - Əvvəlcə ətraflı tanış olaq ki, oxucular sizi daha yaxından tanısın. Kimdir Zəka Vilayətoğlu?
   
   - Bir az təmtəraqlı olsa da Zəka Vilayətoğlu musiqiyə və sözə könül vermiş və hər ikisiylə əhd-peyman bağlamış sadiq Tanrı qullarındandır. Biri olmasa özümdə yarımçıqlıq hiss edərəm. Bir sözlə, musiqiylə söz mənimçün qoşa qanad kimidir, ruhumun pərvazlanmasında hər ikisinin rolu var.
   
   - Uzun illərdir yazırsız. Amma nədənsə ədəbi qovğalarda, polemikalarda görünmürsünüz. Bunun xüsusi bir səbəbi varmı?
   
   - 1994-cü ildə ilk hekayəm "Ulduz" jurnalında dərc olunmuşdu. Hekayəmin çapından 97-ci ildə xəbər tutdum. Baxmayaraq ki, o illərin məlum hadisələri bir çox sahələr kimi ədəbiyyatı da diqqətdən kənar, baxımsız, qayğısız günə qoymuşdu, amma mən ruhdan düşmədən yazmaqda davam edirdim. Nəşr olunacaqmı, kimlərsə oxuyacaqmı, məni düşündürmürdü. Əsas yazmaqdan zövq almağım, mənəvi rahatlıq tapmağım, yazmaq istərkən qəlbimdə dolub-daşan ilahi hisslər, duyğular idi ki, bu günün özündə də bu duyğu mənimçün heç nəylə əvəz olunmaz.
   
   Lap əzəldən qovğalara, dedi-qodulara baş qoşmamışam. Xoşlayıram ədəbi müzakirələri, polemikaları. Əllaməçiliklə, haray-qışqırıqla, bilərəkdən diqqəti cəlb etmək istəyindən uzaq birisiyəm. Qısası, öz işimlə məşğulam. Ədəbi ictimaiyyətdən bir qədər kənarda qalmağımın, müzakirələrə, polemikalara qoşulmamağımın bir səbəbi də musiqiyə bağlıdır. Yəni bu sahədə işlərim çox və gərgin olduğundan qaynar ədəbi mühitdən uzaqlaşmalı olmuşam. Amma bunun bədii yaradıcılığıma heç bir mənfi təsiri olmayıb.
   
   - Əyalət adamının saflığını paytaxt mühiti pozur, dağıdır. Siz necə, əyalətdən gələn gəncin saflığını qoruya bilmisinizmi?
   
   - Məni saf adam kimi dəyərləndirdiyiniz üçün çox sağ olun... Amma mən elə düşünmürəm. Bir binanın təməli, özülü möhkəm qoyulubsa, onun asanlıqla uçulub-dağılması mümkün deyil. İnsan saflığı, mənəviyyatı da elədir. Yəni sənin mənəviyyatında o saflıq varsa və İlahidən verilibsə, üstəgəl, ağlın, şüurun yerindədirsə, heç bir vəchlə o saflığa ləkə düşməsinə yol verməzsən. Gərək ki, Qabriel Qarsia Markesin sözüdür, yazır ki, şəhər bizə öyrənilməsi gərək olmayan çox şeyləri öyrətdi. Bu, həqiqətdir. Həmin həqiqəti dərk etmək və ondan nəticə çıxarmaq hər kəsə müyəssər olmur. Bu mənada elə bilirəm ki, uşaqlıqdan mənimlə şəhərə və bu günə gəlib çıxan əyalət adamının xüsusiyyətləri necə vardı, indi də elədir.
   
   - Ədəbi mühitimizin indiki durumu, ədəbiyyatımızın vəziyyəti sizi bir qələm adamı kimi qane edirmi?
   
   - Bu gün ədəbi mühitdə yaxşı mənada bir arı qaynaşması müşahidə olunmaqdadır. Baxaq görək, bu qaynaşmadan sonra pətəklər balla dolacaq, yoxsa sadəcə beçə verməklə sonuclanacaq... Yaxşı nümunələr ara-sıra üzə çıxır. Təəssüf ki, hələ nəsrdə Əkrəm Əylisli dilinin şirinliyi, İsa Hüseynov təfəkkürünün dərinliyi ilə üzləşmirəm. Müğənnilərimizdə bir xüsusiyyət var, xüsusilə estrada müğənnilərində. Daim əcnəbi müğənniləri təqlid edirlər. Dinləyirsən, sözlər bizimdir, musiqinin bizim ruhumuza aidiyyəti yoxdur, amma Azərbaycan musiqisi kimi təqdim edirlər. Bu gün ədəbiyyatımızda da buna oxşar durumdur. Hələ ki, məni heyrətləndirən əsərə rast gəlməmişəm.
   
   - Ədəbiyyatımızda "roman bumu"nun yaşandığını tez-tez dilə gətirirlər. Bir nasir kimi, son vaxtlar qələmə alınan romanlar haqqında nə düşünürsünüz?
   
   - Mənə elə gəlir, bu ədəbi dəbin hoqqalarıdır. Bəlkə, "roman" adı daha böyük və ciddi səsləndiyindəndir, bəlkə də, gənc yazarlarımız böyük görsənmək istəyindədirlər. Bu, gəncliyə xas təbii bir hissdir: böyük yazıçı olmaq, dahilik istəyi...
   
   Hər halda yazmaq, ciddi rəqabət, istedad yarışı, döyüşü, bunlar məqbuldur. Amma ortaya kim necə əsər qoyur, bax, budu əsas məsələ. Bir də roman yazmaq üçün mütləq böyük həyat təcrübəsi, dünyagörüşü, mükəmməl, ciddi mütaliə vacibdir, hamımızın bildiyi kimi. Mən də roman yazmışdım, belə demək olarsa. "Şah ölüm" adında roman. Üç ilə yazmışdım. 2000-ci ildə kitabda nəşr olundu. Çox tez satıldı. Müəyyən dairələrdə rezonans doğurdu, əl-əl gəzdi. 500 sayla çıxan kitab oxucuların hamısına yetmədi. Bir kitabı on-on beş nəfər oxumuşdu. Hamı tərifləyirdi.
   
   Amma sonralar əsərdəki təcrübəsizliyi, çatışmazlıqları çox yaxşı gördüm. Bu yaxınlarda oxucuların arzusuyla həmin kitab yenidən işlənmiş və demək olar, roman halına gətirilmiş vəziyyətdə bir daha nəşr olundu, böyük bir hissəsi uğurla satıldı.
   
   - Mütaliəniz haqqında danışaq. Hansı xarici və yerli müəllifləri bəyənirsiniz?
   
   - Son günlər Akutaqava Rinöskenin "Burun" hekayəsini, "Cəhənnəm iztirabları" novellasını oxumuşam. Hazırda Folknerin "Avqust işığı" romanını oxuyuram. Heminqueyin "Əcəl zəngini" təkrar oxudum. Sevimli yazıçım Cəlil Məmmədquluzadəni təkrar mütaliə edirəm. Hər oxuduqca zövq alıram. Xarici müəlliflərdən Çingiz Aytmatov, Markes, Şoloxov, Qoqol, Dostoyevski, Cek London, Rinöske yaradıcılığını, yerli yazıçılardan Əkrəm Əylisli, İsa Hüseynov, Anar, Aslan Quliyev, İsi Məlikzadə, Mirzə Cəlil, şairlərimizdən Ramiz Rövşən, Aqşinin bir sıra şeirlərini, qardaşım olmasına baxmayaraq, Ayaz Arabaçı, Məmməd Araz... adların sırasını bir az da genişləndirmək mümkündür.
   
   - Yaradıcılığınızda hansı yeniliklər var? Yeni kitab, yeni əsər varmı?
   
   - Ötən il iki kitabım nəşr olundu: "Şah ölüm"ün təkrar nəşri və "Güllələnmiş qaranlıqlar". Yaxın günlərdə "Bağışlayın, cənab" adlı daha bir kitabım işıq üzü görəcək, qismət olsa. Bir sıra yeni hekayələr yazmışam. Son beş ildə, bəlkə də, on ildə ən məhsuldar işlədiyim il 2012-ci ildir. Hələ builki kimi ciddi-cəhdlə yazdığım olmamışdı. "Dirilərin qəbir yeri" adında povest yazmışam, üzərində hələ düzəlişlər edirəm...g
   
   - Müğənniliklə ədəbiyyat bir arada yola gedirmi? Məsələn, "Toylar kralı"nda özünüzü necə hiss edirdiniz?
   
   - "Toylar kralı" yarışmasında çox sıxıntı keçirdim-mənəvi sıxıntı. Şair Qabilin sözləri tez-tez qulaqlarımda səslənirdi: "Səhv düşəndə yerimiz..." Bu cür yarışmalar, məncə, insan mənəviyyatına zərbədir. Təsəvvür edin, müğənni dil töküb yalvarır ki, ay filankəs, mənə səs göndər. Hətta bu cür təlqin və təhriklərdən yaxa qurtarmaq üçün sadəcə deyirdim ki, mən filankəslərə salamlarımı göndərirəm və məndən sonra bütün iştirakçılar salam göndərməyə başladılar, salam göndərmələr isə proyektin rəhbərlərinə sərf etmirdi və mən də məcburən kimlərəsə "sms dilənçiliyi"etməli olurdum. Az-çox ədəbiyyat adamı olan kəs üçün bunun nə demək olduğunu sizlər yaxşı bilərsiniz!
   
   Və yaxud müğənni efirdə oxumaq, istedadını göstərmək üçün mütləq yaxasına önlük taxıb əvvəlcə mətbəxdə xörək hazırlamalıdır, çox acınacaqlıdır. Vay o gündən ki, müğənni həm də ədəbiyyat adamı ola...

TƏQVİM / ARXİV